Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1217/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: kredit öhdəliyinə və ipotekaya xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X5 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «kredit öhdəliyinə xitam verilməsi» tələbinə (üçüncü şəxs qismində X4, X10 və X9 cəlb edilməklə) dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-316/2022 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Beynəlxalq Bankının Nərimanov filialı ilə İddiaçı arasında bağlanmış 131 №-li, 28 sentyabr 2005-ci il tarixli Kredit müqaviləsinə əsasən borcalana mənzilin təmiri məqsədilə 120.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq həmin tarixli ipoteka müqaviləsinə əsasən X3 məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr., 520-ci məhəllə, ev-19 ünvanında yerləşən dördmərtəbəli binanın birinci mərtəbəsindəki 38,6 kv.m qeyri yaşayış sahəsi və H.Cavid pr.19 saylı evin 47,0 kv.m yaşayış sahəsindən ibarət 3 (üç) otaqlı 16 saylı mənzil, X8 məxus H.Cavid pr.19 m-15 saylı mənzillər girov qoyulmuşdur.
2. Azərbaycan Beynəlxalq Bankı Nərimanov filialı ilə İddiaçı arasında bağlanmış 172 №-li, 01 dekabr 2005-ci il tarixli Kredit müqaviləsinə əsasən borcalana mənzilin təmiri məqsədilə 50.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq həmin tarixli İpoteka müqaviləsinə əsasən İddiaçı məxsus Bakı şəhəri, 520 məhəllə H.Cavid pr., 19 saylı evin 49,0 kv.m yaşayış sahəsinbdən ibarət 3 otaqlı 20 saylı mənzil və X7 məxsus S.Mehmandarov küçəsi 19 №-li yaşayış evi 6 saylı mənzil girov qoyulmuşdur.
3. Azərbaycan Beynəlxalq Bankı Nərimanov filialı ilə İddiaçı arasında bağlanmış 75 №-li, 21 iyun 2006-cı il tarixli Kredit müqaviləsinə əsasən borcalana mənzilin təmiri məqsədilə 60.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq həmin tarixli İpoteka müqaviləsinə əsasən X3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Oradil kəndində yerləşən 1 və 2 mərtəbəli 9 otaqlı 602 nömrəli bağ evi ipotekaya qoyulmuşdur.
4. İddiaçı "xxxx" ASC-nin Nərimanov filialına ərizə ünvanlayaraq, ipoteka qoyulmuş əmlakların bir hissəsini, yəni ünvan 3 ünvanda yerləşən 15 saylı mənzilin və Bakı şəhəri Binəqədi rayonu Goradil bağlarında yerləşən 602 nömrəli bağ sahəsinin hələ də ipotekadan çıxarılmadığını bildirmiş, həmin əmlakların ipotekadan çıxarılması üçün zəruri sənədlərin verilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-nin Nərimanov filialına qarşı iddia ərizəsi və MPM-nin 53-cü maddəsinə əsasən tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, öhdəliyin müddətinin keçməsi ilə əlaqədar onunla "xxxx" ASC arasında bağlanmış 28 sentyabr 2005-ci il, 01 dekabr 2005-ci il və 21 iyun 2006-cı il tarixli kredit müqavilələri üzrə İddiaçı kredit öhdəliyinə xitam verilməsi, X4 və X10 ilə "xxxx" ASC arasında bağlanmış 28 sentyabr 2005-ci il, X9 ilə "xxxx" ASC arasında bağlanmış 01 dekabr 2005-ci il və X4 ilə "xxxx" ASC arasında bağlanmış 21 iyun 2006-cı il tarixli ipoteka öhdəliklərinə xitam verilməsi və ipoteka ilə yüklü edilmiş X6 mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən 15 saylı mənzil və X1 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Goradil kəndində yerləşən 1 və 2 mərtəbəli 9 otaqlı 602 nömrəli bağ evinin ipotekasına xitam verilməsinə dair Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müvafiq arayışın verilməsi vəzifəsinin "xxxx" ASC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, "xxxx" ASC-nin Nərimanov filialından 2005-ci il tarixdə ümumilikdə 220.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kreditin təminatı olaraq onlar tərəfindən 3 mənzil, bağ və qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Bu barədə bankla aralarında 28 sentyabr 2005-ci il tarixli 131 saylı kredit müqaviləsi və 28 sentyabr 2005-ci il tarixli 102 saylı ipoteka müqavilələri bağlanmışdır. O, götürdüyü krediti tam ödəmişdir və onun banka hazırda heç bir borcu yoxdur. Lakin bank əmlaklarının bir qismini ipotekadan azad etməkdən imtina edir. Bankın imtinasının səbəbi ona hələ də bəlli deyildir. X2 məxsus olan ünvan 5 ünvanda yerləşən 15 saylı mənzil və anası X1 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Goradil bağlarında yerləşən 602 nömrəli bağ evi hələ də ipoteka ilə yüklüdür. Banka dəfələrlə yazılı xəbərdarlıqlar etmişdir, lakin bu xəbərdarlıqların heç bir əhəmiyyəti olmamışdır. Bankın hərəkətlərini qanuna zidd hesab etdiklərindən hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-316/2022 saylı qətnaməsi ilə (hakim S.Cəfərov) iddia tələbi təmin edilmişdir.
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə öhdəliklərin icrası tarixi müvafiq olaraq 29 iyul 2006-cı ildə, 01 dekabr 2006-cı ildə və 21 iyun 2007-ci il tarixdə bitmiş və Mülki Məcəllənin 552.1-ci maddəsinə əsasən öhdəliyə xitam verilməsi müddətinin axımı müvafiq olaraq 30 iyul 2006-cı il, 02 dekabr 2006-cı il və 22 iyun 2007-ci il tarixlərdən hesablanmaqla, Mülki Məcəllənin 551-ci maddəsində nəzərdə tutulmuş müddət müvafiq olaraq 30 iyul 2016-cı il, 02 dekabr 2016-cı il və 22 iyun 2017-ci il tarixlərdə tamamlanmışdır. İddiaçı isə hazırki iddia ilə 23 iyul 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyə müddətin keçməsi ilə xitam verilməli, əsas öhdəliyə xitam verildiyindən Mülki Məcəllənin 554.3-cü və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinə əsasən əlavə öhdəlik olan "xxxx" ASC ilə X4 və X10 arasında bağlanmış ipoteka öhdəliklərinə də xitam verilməli və qeyd olunan Qanunun 48.2-ci maddəsinə əsasən ipoteka saxlayan üzərinə ipotekaya xitam verilməsi barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə verilməsi vəzifəsi qoyulmalıdır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 527.1, 550, 551.1, 552.1, 554.1, 554.3-cü maddələrinə, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.2, 48.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayəti verərək Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-316/2022 saylı qətnaməsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunverici borc müqaviləsi üzrə iddia müddətinin keçməsini ipotekaya xitam verən hallar sırasına daxil etməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Qərarında bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. Məhkəmə düzgün araşdırma aparmadan, səhv nəticəyə gələrək, tərəflərindən təqdim edilmiş sübutları ümumiyyətlə tədqiq etməmiş, qətnamə qəbul edilərkən yalnız iddiaçının iddia ərizəsinə əsaslanmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
14. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilminə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər, işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
18. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
19. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.
21. 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.
22. 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir.
23. 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır.
24. 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır.
25. 554.3-cü maddəsinə əsasən əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun:
26. 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir.
27. 48.2-ci maddəsinə əsasən bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
30. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
31. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən hesab etmişdir ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyə müddətin keçməsi ilə xitam verilməli; əsas öhdəliyə xitam verildiyindən Mülki Məcəllənin 554.3-cü və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinə əsasən əlavə öhdəlik olan "xxxx" ASC ilə X4 və X10 arasında bağlanmış ipoteka öhdəliklərinə də xitam verilməli və qeyd olunan Qanunun 48.2-ci maddəsinə əsasən ipoteka saxlayan üzərinə ipotekaya xitam verilməsi barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə verilməsi vəzifəsi qoyulmalıdır.
32. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur.
33. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir:
34. Cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Qərarında göstərilir ki, həmin qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur.
35. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında bəhs edilən həmin müddət Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulmuş müddət deyil, həmin Məcəllənin 375.2-ci maddəsi ilə nəzərdə tutulmuş iddia müddətidir.
36. Bu müddətlər hüquqi təbiətinə görə fərqli olmaqla, onların ötürülməsi də fərqli hüquqi nəticələrə səbəb olur.
37. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsi ilə nəzərdə tutulan iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, bu müddətin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır.
38. Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da qeyd edilmişdir ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur.
39. Bundan fərqli olaraq, Mülki Məcəllənin 551-ci maddəsində nəzərdə tutulmuş müddətlərin keçməsi tələb hüququnun özünün xitamına səbəb olur.
40. Belə ki, həmin Məcəllənin 550-ci maddəsinə görə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.
41. Qeyd edilən müddəalar Mülki Məcəllənin “Öhdəliklərə xitam verilməsi” adlı fəslinə aid olmaqla, öhdəliklərə xitam verilməsinin mülki qanunvericiliklə müəyyən edilmiş bir neçə əsaslarından birini – müddətin keçməsinə görə öhdəliklərin xitamını nəzərdə tutur.
42. Bu mənada, MM-nin 551-ci maddəsi ilə nəzərdə tutulmuş müddətlərin keçməsi öhdəliklərə xitam verilməsinin müstəqil əsaslarından birini təşkil edir.
43. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 554.1-ci maddəsinə görə, müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Həmin maddənin məzmunundan görünür ki, bu hüquq hər hansı bir şərtdən, o cümlədən bu imtinanın yalnız qarşı tərəf öhdəliyin icrasına dair tələb irəli sürdüyü zaman edilə biləcəyindən asılı edilməmişdir.
44. Başqa sözlə, öhdəlik üzrə tələb hüququnun ötürülməsi borcluya bu əsasla öhdəliyə xitam verilməsini tələb etmək hüququ verir və bu hüquq müstəqil təbiətə malik olmaqla, onu həyata keçirmək üçün kreditorun öhdəliyin icrasını tələb etməsinə ehtiyac yoxdur.
45. Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, tərəflər arasında bağlanmış və hazırkı iddianın predmeti olan hər 3 müqavilə üzrə Mülki Məcəllənin 551.1-ci maddəsi ilə nəzərdə tutulmuş tələb etmək hüququ 2016 və 2017-ci illərdə başa çatdığından, həmin müqavilələr üzrə öhdəliklərə də xitam verilmişdir.
46. Belə olan halda, birinci instansiya məhkəməsinin həmin kredit müqavilələrinin təminatı olaraq bağlanmış ipoteka müqavilələrinə də xitam verilməli olması ilə bağlı gəldiyi nəticə də düzgün olmuşdur.
47. Qeyd edilən qənaət həm Mülki Məcəllənin 554.3-cü, həm də “İpoteka Haqqında” Qanunun 48.1.2-ci maddəsindən irəli gəlir.
48. Göstərilənlərə əsasən kollegiya cavabdehin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Qərarına istinad etməsini və həmin qərardan doğan hüquqi nəticələrin hazırkı işə tətbiq edilməli olmasına dair apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.
49. Kollegiya həmçinin qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə iddiaçının borcunun olması da iş materialları ilə sübuta yetmir.
50. Bununla bağlı qeyd edilməlidir ki, cavabdeh borcun olmasına dair yalnız maliyyə arayışları təqdim etmişdir. Həmin maliyyə arayışlarından görünür ki, iddiaçının cavabdeh Bankdan götürdüyü kreditlərə görə, xx.xx.2005-ci il tarixli müqavilə üzrə 200 ABŞ dolları əsas borcu, 33.428,29 ABŞ dolları faiz borcu, xx.xx.2005-ci il tarixli müqavilə üzrə 200 ABŞ dolları əsas, 18.490,23 ABŞ dolları faiz borcu, xx.xx.2006-cı il tarixli müqavilə üzrə 200 ABŞ dolları, 21.038 ABŞ dolları faiz borcunun olduğu göstərilmişdir.
51. İddiaçı isə onun banka borcunun olmadığını, bütün borcunu artıqlaması ilə qaytardığını, buna dair maliyyə sənədlərini isə onun yaşadığı mənzildə yanğın baş verməsi səbəbi ilə məhv olduğundan məhkəməyə təqdim edə bilmədiyini göstərmişdir (iddiaçının mənzilində yanğın baş verməsinə dair arayış təqdim edilmişdir).
52. Birinci instansiya məhkəməsi tərəfindən borcun olub olmadığını müəyyən etmək üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilsə də, zəruri maliyyə sənədlərinin (kassa mədaxil məxaric orderləri, cari, faiz, cərimə hesablarından çıxarışlar və s.) təqdim edilməsinə dair ekspertin vəsatəti təmin edilmədiyindən ekspertizanın aparılmasından imtina edilmişdir.
53. Ekspertizanın aparılmasından imtina edilməsi barədə məlumatın məzmunundan bu nəticəyə gəlmək olur ki, qeyd edilən kredit müqavilələri üzrə iddiaçının borcunun olması yalnız göstərilən maliyyə sənədlərinin əsasında müəyyən edilə bilər.
54. Kollegiya hesab edir ki, tərəflər arasında yaranmış münasibətlərin xarakterinə görə (maliyyə sənədlərinin bank tərəfindən tərtib edilməsi, aparılmış ödənişlərdən borc üzrə silinmələrin aparılması və s.) həmin sənədlərin təqdim edilməsi öhdəliyi cavabdeh bankın üzərinə düşür. Lakin cavabdeh bank həmin sənədləri məhkəməyə təqdim edə bilməmiş, yalnız heç bir ciddi maliyyə sənədi ilə təsdiq olunmayan borc məbləğinə dair rəqəmlərin əks olunduğu maliyyə arayışlarını tərtib etməklə kifayətlənmişdir.
55. Bu səbəbdən iddiaçının göstərilən məbləğdə borcunun hansı səbəbdən və hansı əsasla yarandığının yaranmasını müəyyən etmək mümkün olmamışdır.
56. Yuxarıda qeyd edilənlərdən belə qənaətə gəlmək olur ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi :
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-316/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.