Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1218/2021 26.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli qətnamədən cavabdeh ASC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdeh ASC-nin nümayəndəsi X1 və iddiaçının iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Sığorta Şirkəti tərəfindən sığortalanmış və hazırki iş üzrə tərəf olmayan X2 xx.xx.2019-cu il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində ona (iddiaçıya) dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə sığorta ödənişi olaraq 2.688 manat, sığorta ödənişin verilməsinin 240 gün ərzində gecikdirilməsinə görə (hər gün üçün 8 manat olmaqla) 1.920 manat, nəqliyyat vasitəsiz qaldığı günlər üçün çəkdiyi xərclərə və avtomobilinin amortizasiyasına görə 1.500 manat, çəkdiyi mənəvi zərərin əvəzi olaraq isə 1.000 manat məbləğində pulun cavabdeh Sığorta Şirkətindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə tərəf olmayan Hüseyn Eyvazlı sahibliyində olan “VAZ-21063” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2019-cu il tarixdə Tərtər rayonun ərazisində hərəkətdə olarkən yol-hərəkət qaydalarını pozmuş və nəticədə onun idarə etdiyi avtomobil iddiaçının idarə etdiyi “VAZ- 2104” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və nəticədə iddiaçının avtomobili əzilərək istismara yarasız vəziyyətə düşmüşdür. Bundan sonra iddiaçıya məlum olmuşdur ki, H.Eyvazlı ilə cavabdeh Sığorta Şirkəti arasında PGU seriyalı, ********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında müqavilə” bağlanmışdır. Bu səbəbdən də iddiaçının avtomobilinə cavabdeh Sığorta Şirkətinin əməkdaşları baxış keçirərək dəymiş zərəri hesablamış və müvafiq akt tərtib edilmişdir. Həmin aktda qeyd edilmişdir ki, iddiaçıya dəymiş maddi zərər 500 manat məbləğindədir. İddiaçı həmin məbləğ ilə razılaşmamışdır. Çünki zərərin məbləği real məbləğdən qat-qat az göstərilmişdir. Bu səbəbdən də iddiaçı, cavabdeh Sığorta Şirkətinin razılığı ilə müstəqil qiymətləndirici şirkətə - “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etmiş, həmin MMC tərəfindən iddiaçıya məxsus avtomobilə dəymiş zərər qiymətləndirilmiş və bu barədə xx.xx.2019-cu il tarixli rəy verilmişdir. Rəydə qeyd edilir ki, iddiaçıya dəymiş maddi zərər 2.688 manat məbləğindədir. Cavabdeh Sığorta Şirkəti isə həmin rəy ilə razılaşmadığından həmin məbləği iddiaçıya ödəməkdən imtina etmişdir. Odur ki, iddiaçı qeyd edilən məbləğin Sığorta Şirkətindən onun xeyrinə tutulması üçün hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sığorta Şirkəti sığorta məbləğini iddiaçıya ödəməkdən qanunsuz olaraq imtina etdiyi üçün iddiaçı özünə məxsus avtomobili təmir etdirə bilmir. İddiaçı, nəqliyyat vasitəsiz qaldığı günlər ərzində və onun avtomobili amortizasiyaya uğradığına görə iddiaçı 1.500 manat məbləğində maddi zərər çəkmişdir. Bundan əlavə cavabdeh Sığorta Şirkətinin qanunsuz hərəkəti nəticəsində iddiaçı əsəb, stress keçirmiş, ona mənəvi ziyan dəymişdir. İddiaçı hesab edir ki, ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə Sığorta Şirkətindən onun xeyrinə 1.000 manat məbləğində pul tutulmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, Sığorta Şirkəti sığorta ödənişini vaxtında ödəmədiyi üçün hər gecikmiş 240 gün üçün iddiaçıya (hər günü 8 manatdan olmaqla) 1.920 manat məbləğində dəbbə pulu ödəməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh Sığorta Şirkətindən iddiaçının xeyrinə sığorta hadisəsi ilə əlaqədar vurulmuş ziyanın əvəzi olaraq 2.253 manat sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutulmasını, dövlət nəfinə isə iş üzrə keçirilmiş ekspertiza xərci olaraq 120 manat məbləğində pulun tutulmasını, qalan hissədə iddianın rədd edilməsini qət etmişdir. Cavabdeh Sığorta Şirkəti həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və zərərin məbləğini Şirkətinin əməkdaşları tərəfindən verilmiş “ziyan aktına” əsasən iddiaçıya təklif edilmiş məbləğdə müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin istinad etdiyi və “xxxx” MMC tərəfindən verilmiş rəy əsassızdır, iddiaçıya dəymiş ziyanın məbləği rəydə şişirdilmişdir. Cavabdeh Sığorta Şirkətinin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edən apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı isə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. Məhkəmə hazırki apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbinin bir hissəsini təmin etməsə də iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh Sığorta Şirkəti qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan müəyyən olunur ki, Sığorta Şirkəti onun tərəfindən iddiaçıya sığorta ödənişin verilməsini qəbul edir və o, yalnız ödənilməli olan sığorta ödənişin məbləği ilə razılaşmır. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, qeyd edilənlərdən çıxış edən Məhkəmə qətnamənin əsaslılığını yalnız mübahisələndirilən həcmdə yoxlayır. Apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, “VAZ-2104” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırki iş üzrə İddiaçı, “VAZ-21063” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil isə hazırki iş üzrə tərəf olmayan X3 məxsusdur. H.Eyvazlı ilə cavabdeh Sığorta Şirkəti arasında PGU seriyalı, ********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında müqavilə” bağlanmışdır. H.Eyvazlı sahibliyində olan “VAZ-21063” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2019-cu il tarixdə Tərtər rayonun ərazisində hərəkətdə olarkən yolhərəkət qaydalarını pozmuş və nəticədə onun idarə etdiyi avtomobil iddiaçının idarə etdiyi “VAZ-2104” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və nəticədə iddiaçının avtomobili əzilərək istismara yarasız vəziyyətə düşmüşdür. Cavabdeh Sığorta Şirkətinin əməkdaşları iddiaçının avtomobilinə baxış keçirərək müəyyən etmişlər ki, iddiaçıya dəymiş zərər 500 manat məbləğindədir. “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəydən isə görünür ki, iddiaçıya dəymiş maddi zərər 2.688 manat məbləğindədir. Sığorta Şirkəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, 07/ŞÖ-1857 saylı məktubda göstərilmişdir ki, Sığorta Şirkəti, onun tərəfindən H.Eyvazlıya verilmiş PGU seriyalı, ********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsi” əsasında iddiaçıya 500 manat məbləğində sığorta ödənişini ödəməyə hazırdır. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 883.1-ci maddəsinə görə, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Məcəllənin 884.3-cü maddəsinə görə, sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Məcəllənin 925.1-ci maddəsinə görə, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Məcəllənin 925.2-ci maddəsinə görə, sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Məcəllənin 925.3-cü maddəsinə görə, sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Rayon Məhkəməsi yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş zərərin həcminin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin təqdim etdiyi xx.xx.2020-ci il tarixli 9/2472 saylı rəyinə əsasən müəyyən edilir ki, nəzəri hesablama yolu ilə cavabdeh Sığorta Şirkətinin xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla iddiaçıya məxsus avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 990,0 manat müəyyən edilmişdir. Nəzəri hesablama yolu ilə “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla iddiaçıya məxsus “VAZ-2104” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2.253,0 manat müəyyən edilmişdir. Məhkəmə cavabdeh Sığorta Şirkəti tərəfindən təqdim edilmiş “Dəymiş ziyanın hesablanmasına dair” xx.xx.2019-cu il tarixli aktı və “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəyi müqayisəli şəkildə təhlil edərək, hesab edir ki, dəyən zərərin məbləği “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli rəyindəki məlumatlara əsasən 2.253 manat müəyyən edilməlidir. Çünki Məhkəmə hesab edir ki, “xxxx” MMC tərəfindən verilmiş rəy dəymiş zərərin həcmi ilə bağlı konkret nəticəyə gəlməyə imkan verir. Belə ki, cavabdeh Sığorta Şirkətindən fərqli olaraq “xxxx” MMC iş üzrə maraqlı şəxs olmayan müstəqil qiymətləndirici şirkətdir. Bundan başqa, “xxxx” MMC-nin rəyindən görünür ki, avtonəqliyyat vasitəsi barədə ümumi məlumatlar, qiymətləndirmənin hansı metodologiyalar əsasında aparılması, qiymətləndirmənin mərhəlləri ətraflı şəkildə qeyd olunmuş, zədələrin təsnifatı aparılmış, həmçinin müqayisəli təhlil aparılaraq yekun nəticəyə gəlinmişdir. Lakin cavabdeh Sığorta Şirkətinin rəyində qiymətləndirmə metodologiyası barədə heç bir məlumat göstərilməmişdir. Bundan başqa, cavabdeh Sığorta Şirkəti tərəfindən təqdim olunmuş aktda bəzi zədələr qeyd olunmamışdır ki, bu hallar həmin aktın düzgünlüyünə əsaslı şübhələr yaradır. Göstərilənlərə əsasən, Məhkəmə apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi, apellyasiya baxışının predmeti olan hissədə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi, apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Sığorta Şirkəti tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1218/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1218/2021
26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver