Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12182/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və həmin QSC-nin “Grante Trading” filialına qarşı “əmrin ləğv edilməsi, işə bərpa və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 oktyabr 2021-ci il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xətai Rayon Məhkəməsi iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü “əmrin ləğv edilməsi, işə bərpa və sair tələbləri barədə” iddiasına dair mülki işə baxarkən iş üzrə qəbul etdiyi 27.10.2021-ci il tarixli qərardad ilə mülki işin baxılması üçün aidiyyəti üzrə Göyçay Rayon Məhkəməsinə göndərilməsini qərara almışdır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. İddiaçının həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 26.11.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) şikayəti və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddia ərizənin icraata qəbul edilib baxılması üçün iş Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Rayon Məhkəməsi mülki işin baxılması üçün aidiyyəti üzrə Göyçay Rayon Məhkəməsinə göndərilməsi barədə mövqeyini onunla əsaslandırmışdır ki, hüquqi şəxsə və onun törəmə müəssisəsinə qarşı yönəldilən iddialar aidiyyəti üzrə hüquqi şəxsin olduğu yer üzrə məhkəməyə verilməlidir. Cavabdeh "xxxx" QSC-nin hüquqi ünvanı ünvan 1razisinə aid olsa da, o, hüquqi şəxs deyil, QSC-nin filialıdır. İddiaçı tərəfindən qərardaddan verilmiş şikayət isə onunla əsaslandırılmışdır ki, cavabdehlərdən biri olan Filialın hüquqi ünvanı Xətai rayonunun ərazisinə aiddir və buna görə də, işə Xətai Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Qeyd edilənləri nəzərə alan Məhkəmə müzakirə edilən məsələnin həlli ilə bağlı qeyd edir ki, iddia ərizəsindən görünür ki, iddiaçı cavabdeh kimi həm QSC-ni, həm də, onun Filialını göstərmişdir. QSC-nin hüquqi ünvanı Göyçay rayonunun ərazisinə, Filialın hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonunun ərazisinə aiddir. İş materiallarından həmçinin görünür ki, Rayon Məhkəməsi, iş onun icraatında olduğu müddətdə iddiaçıya münasibətdə işəgötürənin QSC və ya Filialın olmasını müəyyən etmək məqsədi ilə müvafiq araşdırma aparmamış, zəruri sənələri əldə etməmişdir (işdə “Əmək müqaviləsi” və “Əmək müqaviləsinə xitam verilməsi barədə” əmr yoxdur). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 50.3-cü maddəsinə görə, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab edilirlər. Bu baxımdan hesab edilməlidir ki, hazırki mərhələdə hazırki işdə, iddiaçıya münasibətdə hər birinin işəgötürən olması ehtimal edilən 2 cavabdeh (həm QSC, həm QSC-nin Filialı) var. İddia tələbinin iddiaçıya münasibətdə hər birinin işəgötürən olması ehtimal edilən 2 cavabdehə qarşı yönəlməsini nəzərə alan Məhkəmə bildirir ki, MPM-də, iddianın, iddiaya cavab verməli olmayan şəxsə qarşı yönəlməsi, həmin şəxsin cavabdehlər sırasından çıxarılması barədə qayda və göstəriş nəzərdə tutulmamışdır. Belə hal mövcud olduqda, iddia tələbi, həmin şəxsə münasibətdə qeyd edilən əsasla rədd edilə bilər. MPM-nin 36.2-ci maddəsinə görə, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. MPM-nin 36.13-cü maddəsinin mənasına görə, MPM-nin 36.2-ci maddəsində nəzərdə tutulmuş hal mövcud olarsa işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Odur ki, göstərilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsi iddia ərizəsini yuxarıda qeyd edilən əsaslar qaytarmaqla iş üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə, apellyasiyanın nəticələrinə və MPM-nin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərardad ləğv edilməli və iddia ərizəsinə baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsaslanan və Azərbaycan Respublikası MPM-nin 398, 400 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 oktyabr 2021-ci il tarixli qərardad ləğv edilsin. İddiaçı cavabdehlər Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və həmin QSC-nin “Grante Trading” filialına qarşı “əmrin ləğv edilməsi, işə bərpa və sair tələbləri barədə” iddiasına dair mülki işə mahiyyəti üzrə baxılması üçün iş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-12182/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12182/2021
24.12.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver