Məhkəmə qərarları › İş №2(103)-12186/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12186/2021

21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12186/2021 21.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5883/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və "xxxx" MMC-yə qarşı Cavabdeh1 mənzilin alınmasına görə ödənilmiş 38.000 manat, təmirə çəkilmiş 25257 manat xərcin, 11894 manat dəymiş ziyanın və 3800 manat əldən çıxmış faydanın, ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin cavabdeh "xxxx" MMCdən 220 manat vəsaitin alınaraq İddiaçı ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı - ilkin iddia tələbində ondan tələb olunan “mənzilin alınmasına görə ödənilmiş 38000 manatın, təmirə çəkilmiş xərcə görə 25257 manatın, 118 manat dəymiş ziyanın, 3800 manat əldən çıxmış faydanın, 30 manat dövlət rüsumu”-nun cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-dən alınaraq ilkin İddiaçı və ya ona təqdim olunması üçün Cavabdeh1 ödənilməsi barədə iddia ərizəsini təqdim etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5883/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 cavabdehlər "xxxx" MMC və "xxxx" MMC- yə qarşı - ilkin iddia tələbində ondan tələb olunan “mənzilin alınmasına görə ödənilmiş 38000 manatın, təmirə çəkilmiş xərcə görə 25257 manatın, 118 manat dəymiş ziyanın, 3800 manat əldən çıxmış faydanın, 30 manat dövlət rüsumu”-nun cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-dən alınaraq ilkin İddiaçı və ya ona təqdim olunması üçün Cavabdeh1 ödənilməsi barədə iddia ərizəsi geri qaytarılması qərara alınmışdır. Qeyd olunan qərardaddan narazı qalan cavabdeh şikayət edərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının ondan mənzilə görə tələb etdiyi pul məbləğini o, da “Ələsgəroğlu K-MMC”-yə ödəməklə mənzili almışdır. Həmin ərizədə də o, ilkin iddiaçı İbrahim Abullayevin iddiasının qismən əsaslı hesab edərək, qismən qəbul etmiş və mübahisənin tez, obyektiv həlli üçün hazırki iddianı qaldırmışdır. Hesab edir ki, mübahisə predmeti eyni olduğuna görə tələb qanuni və əsaslıdır. Məhkəmənin mövqeyindən belə çıxır ki, o, hazırki iddianı ayrıca icraatda verməli, bundan sonra isə İddiaçı iddiasının dayandırılmasını tələb etməlidir. Belə olan halda düşünür ki, iddiaçının iddiasının təmin olunmasında süründürməçiliyə yol veriləcəkdir. Ona görə də iddia ərizəsi icraata götürülməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5883/2021 saylı, 17 noyabr 2021-ci il tarixli qərardadına əsasən, şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğuna görə təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddia mübahisə predmeti barədə yönəldilmiş müstəqil tələb kriteriyasına uyğun olsa da, mülki işdə tərəf olmayan şəxslərə qarşı yönəldilmişdir. Odur ki, Cavabdeh1 iddia ərizəsi mülki iş üzrə tərəf olmayan "xxxx" MMC və "xxxx" MMC-yə qarşı yönəldiyindən hazırkı mülki işin icraatı çərçivəsində baxıla bilmədiyindən də geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşaraq, qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsinivə ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Kollegiya, qeyd edir ki, Cavabdeh1 iddia ərizəsində iddia tələbi "xxxx" MMC və "xxxx" MMCyə qarşı yönəlsə də, həmin şəxslər ilkin iddia üzrə tərəf kimi göstərilməmişdirlər. Bundan başqa kollegiya qeyd edir ki, cavabdeh müstəqil tələb irəli sürən üçüncü şəxs qismində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, o, hazırkı iş üzrə cavabdehdir və məhkəmə qarşılıqlı iddia ərizəsi ilə iddiaçı qismində müraciət etməli idi. Bundan başqa, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin məcəllənin 154.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Belə olan halda, cavabdeh prosessual qanunvericilikdə qarşılıqlı iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətləri də, ötürmüşdür. Göründüyü kimi, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44, 263- 264, 365 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5883/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanısın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar