Məhkəmə qərarları › İş №2(103)-12192/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12192/2021

23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12192/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(004)-6931/2021 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən İddiaçı1 xeyrinə 19.000 manat və İddiaçı2 xeyrinə 6200 manat olmaqla, ümumilikdə 25.200 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə istinad etməklə geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayət Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onlar iddia ərizəsini AR MPM-in 149-cu maddəsində (İddia ərizəsinin forması və məzmunu) müəyyən olunmuş forma və məzmununa riayət edərək tərtib etmişlər. Belə ki, iddia ərizəsində iddianın predmeti - pul tələbi və qiyməti – 25.200 AZN öz əksini tapmışdır. Burada diqqət yetirilməli olan əsas məqam ondan ibarətdir ki, cavabdehə münasibətdə iddiaçı qismində 2 nəfər fiziki şəxs çıxış etdiyi üçün iddia ərizəsində iddia qiyməti ümumilikdə 25.200 AZN (İddiaçı1 19.000 AZN və İddiaçı2 6.200 AZN) hesablanmışdır. Eyni zamanda iddia ərizəsində tələbin əsası kimi iddiaçıların istinad etmiş olduğu faktlar və hallar - cavabdehin iddiaçılardan pul almasını etiraf etməsi, tələbin əsası kimi istinad etdiyi faktlar və halları təsdiq edən sübutların siyahısı - iddiaçının Yasamala RPİ-nin 29-cu PB-nə verdiyi izahatlar, Mülki Məcəllənin əsassız varlanmaya dair 1091 və 1092-ci maddələrinə istinad da öz əksini tapmışdır. Göründüyü kimi, iddia ərizəsi tərtib olunarkən AR Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində müəyyən olunmuş forma və məzmuna riayət olunmuşdur. İkinci xüsusatla bağlı isə bildirirlər ki, AR Mülki Prosessual Məcəlləsinə əsasən müxtəlif iddia tələbləri eyni icraatda birləşdirilə bilər. Belə ki, həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Göründüyü kimi müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə iş bir icraatda birləşdirilə bilər. Hesab edirlər ki, yuxarıda sadalanan səbəblərə görə iddia icraata qəbul olunmalı və baxılmalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması düzgün olmuşdur. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçıların hər biri ayrı-ayrı vaxtlarda və şəraitdə eyni şəxsə – cavabdehə müəyyən pul məbləğləri vermişlər. Hazırda isə onlar birlikdə həmin pul tələbi ilə bağlı cavabdehə qarşı iddia qaldırmışlar. Göründüyü kimi, həmin tələblər eyni şəxsə qarşı irəli sürülsə də, mahiyyət etibarı ilə bu tələblər bir-biri ilə əlaqəli deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçılar şikayətdə Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsinə istinad etmişlər. Həmin maddədə göstərilir ki, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Göründüyü kimi, bu maddənin dispozisiyasında artıq məhkəmənin icraatında olan işlərin bir icraatda birləşdirilməsindən söhbət gedir. Bundan başqa, həmin maddəyə görə, işlərin bir icraatda birləşdirilməsi məhkəmənin vəzifəsi deyil, hüququ kimi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən məsələ üzrə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri məhkəmənin qərarının ləğv edilməsi üçün əsas deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, 398.0.3-cü maddəsinə əsasən isə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(004)- 6931/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar