Məhkəmə qərarları › İş №2(103)-12197/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12197/2021

24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12197/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7560/2021 saylı, 26.11.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 manat məbləğində pulun alınıb ona verilməsi və ödənilmiş 40 manat dövlət rüsumunun cavabdehə aid edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7560/2021 saylı, 26.11.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsini və ona əlavə olunmuş sənədlərinin geri qaytarılması qərara alınmışdır (sədrlik edən: Günel Əkbərli). İddiaçı məhkəmənin qeyd edilən qərardadından şikayət verərək Yasamal Rayon Məhkəməsinin 2(004)-7560/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qərardadının ləğv olunmasını və işin məhkəmədə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7560/2021 saylı, 02.12.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Birinci instansiya məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, iddiaçı onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi və ya onun müharibə veteranı olmasına dair iddia ərizəsinə hər hansı sübut əlavə etməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan medal vəsiqələrinin surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin 24.12.2020-ci il tarixli, 2358 nömrəli Sərəncamı ilə Cəbrayılın, 29.12.2020-ci il tarixli 2369 nömrəli Sərəncamı ilə Qubadlının, 29.12.2020-ci il tarixli, 2373 nömrəli Sərəncamı ilə isə Laçının azad olunmasına görə medallarl ilə təltif edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, Cəbrayılın, Qubadlının və Laçının azad olunmasına görə təltif edilmiş medallar iddiaçının döyüş əməliyyatlarında iştirak etməsini təsdiq etdiyindən, dolayısı ilə müharibədə iştirak etmə işin mübahisəsiz halı olduğundan iddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasinin Qanununun 9.1.20-ci maddəsinə əsasən dövlət rüsumundan azad edilməlidir. Odur ki, iddia ərizəsi Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş tələblərə cavab verdiyindən icraata qəbul edilməlidir. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7560/2021 saylı, 26.11.2021-ci il tarixli qərardadı ləğv edilsin. Mülki iş icraata götürülüb baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar