Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-12199/2019 20.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), X3 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4, nümayəndəsi və vəkili X2, Cavabdeh Xoşbəxt oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Xoşbəxt oğluna qarşı “əmlak və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh Xoşbəxt oğlunun Abşeron rayonu, Masazır kəndi, Şıxəli Qurbanov küçəsi, 68F ünvanındakı fərdi yaşayış evində yerləşən, iddia ərizəsində adları qeyd olunan cehiz əmlakın götürülməsini, təmir işləri üçün 11.400 ABŞ dolları, qızıl-zinət əşyaları üçün 2.500 AZN, həmçinin xarici pasportunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkməsinin qeyd edilən qətnaməsi ilə Cavabdeh Xoşbəxt oğlundan 90 adda cehiz əşyasının, 2.500 manat dəyərində yataq, 350 manat dəyərində divan, 500 manat dəyərində qonaq otağı mebeli (qorka), 290 manat dəyərində dəhliz mebelinin, 140 manat dəyərində mətbəx mebeli; ümumilikdə dəyəri 2.500 manat təşkil edən qızıl-zinət əşyalarının (1 boyunbağı, 1 qızıl üzük, 1 bilərzik, 1 cüt sırğa) alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə isə rədd edilməsi qət edilmişdir. İddiaçı, həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, təmir xərci kimi tələb edilən pulla bağlı hissədə məhkəmə, şahid ifadələrinə düzgün hüquqi qiymət verməmiş, iş materiallarını obyektiv araşdırmamışdır. İddiaçının atası tərəfindən evin təmiri üçün verilmiş pulun məqsədi tərəflərin xoşbəxtliyi naminə olmuşdur. Cavabdeh da, apellyasiya şikayəti verərək, cehiz əşyaları olaraq tələb olunan, “böyük” adlandırılan, qiymətinin 1.200 manat olduğu bildirilən soyuducu və LG markalı, qiymətinin 1.250 manat olduğu bildirilən televizor, eləcə də ümumi dəyərlərinin 2.500 manat olduğu bildirilən qızlı-zinət əşyaları tələbinin rədd edilməsini, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, qeyd edilən soyuducu və televizor ümumiyyətlə olmayıb. Kiçik bir otaqda iki televizor, iki soyuducu yerləşdirmək absurddur. Bundan əlavə, iddiaçı evdən gedərkən özünə məxsus geyim əşyalarını və bəzək aksessuarlarını, o cümlədən qızıl-zinət əşyalarını özü ilə aparıb. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili, öz apellyasiya şikayətlərinə uyğun izahat verərək onun təmin, cavabdehin şikayətinin isə rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh, öz apellyasiya şikayətinə uyğun izahat verərək onun təmin, iddiaçının apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etdi. Məhkəmə kollegiyası, qətnaməni apellyatorların mübahisələndirdiyi hissələrdə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətlərin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, tərəfləri dinləyib, apellyasiya şikayətlərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin olunmamalı, qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, tərəflər xx.xx.2014-cü ildə nikaha daxil olmuşlar. İddiaçı, cavabdehin Abşeron rayonu, Masazır kəndi, Şıxəli Qurbanov küçəsi, 68F ünvanındakı fərdi yaşayış evinə gəlin köçmüş, iddia ərizəsində göstərilən cehiz və qızılzinət əşyalarını həmin evə aparmışdır. Tələbdə qeyd olunan qızıl-zinət əşyaları iddiaçıya hədiyyə edilmişdir. Tərəflərin nikahı xx.xx.2017-ci il tarixdə pozulmuş, buna baxmayaraq iddiaçı, cavabdehin sahibliyində qalan və mübahisə predmeti olan əşyalarını geri götürə bilməmişdir. İdiaçı, ərizəsində sadaladığı əşyaların, habelə təmir işləri üçün sərf edildiyi iddia olunan 11.400 ABŞ dollarının və xarici pasportun Cavabdeh alınaraq ona verilməsi tələbini irəli sürmüşdür. Cavabdeh isə, cehiz əşyalarının böyük hissəsinin və qızıl-zinət əşyalarının mövcudluğunu mübahisələndirmədən, şikayətində “böyük” adlandırılan, qiymətinin 1.200 manat olduğu bildirilən soyuducu və LG markalı, qiymətinin 1.250 manat olduğu bildirilən televizorun ümumiyyətlə mövcud olmadığını və qızıl-zinət əşyalarını iddiaçının özü ilə apardığını bildirir. Eyni zamanda təmir işləri üçün sərf edildiyi iddia olunan 11.400 ABŞ dolları tələbinə etiraz edir. Birinci instansiya məhkəməsi iddiaçının təmir xərclərinə dair tələbini rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, qeyd olunan məsələyə tərəflər arasındakı əvvəlki mübahisəyə baxan məhkəmə tərəfindən qiymət verilmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(105)-1372/2018 saylı qətnaməsi ilə bu məsələ müfəssəl şəkildə araşdırılmış və hüquqi qiymət verilmişdir. Qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)- 7071/2018 saylı qərarı ilə qüvvədə saxlanılmışdır və hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd olunan məsələyə dair (təmir xərci kimi tələb edilən pulla bağlı) hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Digər tərəfdən, şahidlər ifadələrində pulu iddiaçıdan deyil, iddiaçının atasından aldıqlarını bildirmişlər. İddiaçının həmin pul məbləğini tələb etmək üçün subyektiv hüququ yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı saymır. İddiaçının tələb etdiyi xarici pasport isə ona məxsus olmaqla, iqtisadi dəyəri olan əşya sayılmadığı üçün, habelə həmin sənədin yenisinin alınması müvafiq qanunvericiliklə tənzimləndiyinə görə tələbin həmin hissədə təmin edilməməsi əsaslı olmuşdur. Məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, iddiaçı Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, cehiz və qızıl-zinət əşyalarının cavabdehdən alınaraq ona verilməsini tələb etməkdə haqlıdır. MM-in 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, cavabdehin əşyanın sahibi olması, cavabdehin əşyaya sahiblik hüququnun olmaması. Baxılan işdə cavabdehdən alınması qət edilən cehiz və qızıl əşyalarının toy ərəfəsində iddiaçıya hədiyyə edilməklə onun fərdi mülkiyyətində olması işin mübahisəsiz halıdır. Belə ki, Mülki Məcəllənin 225.2-ci maddəsinə görə, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Sözügedən əşyaların cavabdehin sahibliyində olması da sübuta yetir. Belə ki, cavabdeh, birinci instansiya məhkəməsində və apellyasiya baxışında verdiyi izahatlarda cehiz əşyalarının böyük hissəsinin (“böyük” adlandırılan, qiymətinin 1.200 manat olduğu bildirilən soyuducu və LG markalı, qiymətinin 1.250 manat olduğu bildirilən televizor istisna olmaqla) onun evində olduğunu etiraf etmiş və iddiaçının həmin əşyaları istədiyi vaxt götürə biləcəyini bildirmişdir. Başqa sözlə, iddiaçının evdən çıxarkən əşyalarını götürmədiyi təsdiqlənir. Bundan əlavə, cavabdehin mübahisələndirdiyi böyük” adlandırılan, qiymətinin 1.200 manat olduğu bildirilən soyuducu və LG markalı, qiymətinin 1.250 manat olduğu bildirilən televizorun isə cavabdehin evində aşkar olunması faktı isə iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli aktı ilə təsdiq olunmuş və tərəflər bu aktı mübahisələndirilməmişlər. Cavabdehin apellyasiya şikayətinin qızıl-zinət əşyaları ilə bağlı hissəsinə münasibətdə Kollegiya bildirir ki, tərəflərin birlikdə yaşadıqları dövrdə həmin əşyaların mövcudluğu və cavabdehin sahiblik etdiyi evdə olması mübahisəsizdir. Belə olan halda, İddiaçı evi tərk edərkən həmin əşyaları özü ilə apardığını Cavabdeh iddia etdiyi üçün sübutetmə yükü baxımından həmin halı sübuta yetirmək vəzifəsi onun üzərinə düşür. Hazırkı işdə isə cavabdeh, qızıl-zinət əşyalarını iddiaçının apardığını təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, İddiaçı mülkiyyətində olan və tələb etdiyi əşyalar üzərində Cavabdeh sahibliyi hər hansı qanuni əsasa söykənmədiyi üçün həmin əşyaların cavabdehdən alınaraq iddiaçıya verilməsi əsaslı olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və Cavabdeh Xoşbəxt oğlunun apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2719/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Hakim Zaur Əliyev
Məhkəmə qərarları › İş №2(103)-12199/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-12199/2019
20.11.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver