Məhkəmə qərarları › İş №2(103)-122/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-122/2023

14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-122/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Dadaşova (Əliyeva) Günay Həmdulla qızına və Cavabdeh4 qarşı mülki iş (Açar sözlər: «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 və Cavabdeh4 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-759/2021 saylı, 15 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. 2014-cü il 18 iyul tarixli 11-G-1- 0-406-14 nömrəli kredit müqaviləsinə əsasən Nikoyl İKB ASCnin 4 saylı filialı tərəfindən Cavabdeh4 60 ay müddətinə illik 25 faiz ilə ödəmək şərti ilə 14400 manat məbləğində kredit verilmişdir.

2. 2014-cü il 18 iyul tarixli 11-G-1-0-406-14 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh4(alıcı və ipoteka qoyan) kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə onun mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən, 1 otaqlı, 34.94 kv.m ümumi, 16.59 kv.m yaşayış, 18.35 kv.m yardımçı sahədən ibarət 13 nömrəli evin 111 nömrəli mənzili 2014-cü il 18 iyul tarixli ipoteka müqaviləsi ilə yüklü etmişdir.

3. Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən, 1 otaqlı, 34.94 kv.m ümumi, 16.59 kv.m yaşayış, 18.35 kv.m yardımçı sahədən ibarət 13 nömrəli evin 111 nömrəli mənzilin üzərində tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyatı (Nikoyl İKB ASC-nin 4 saylı filialının xeyrinə yüklü edildiyi) daşınmaz əmlakın dövlət reyestrində aparılmışdır.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Dadaşova (Əliyeva) Günay Həmdulla qızına və Cavabdeh4 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 İddiaçıASC-nin xeyrinə 18 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 12166.74 manat əsas, 9267.86 manat faiz, 1531.85 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən, xx.xx.2021 -ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 916 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 23882.45 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh4 mülkiyyətindəki Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən, 1 otaqlı, 34.94 kv.m ümumi, 16.59 kv.m yaşayış, 18.35 kv.m yardımçı sahədən ibarət 13 nömrəli evin 111 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən, 1 otaqlı, 34.94 kv.m ümumi, 16.59 kv.m yaşayış, 18.35 kv.m yardımçı sahədən ibarət 13 nömrəli evin 111 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçıASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh4 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən, 1 otaqlı, 34.94 kv.m ümumi, 16.59 kv.m yaşayış, 18.35 kv.m yardımçı sahədən ibarət 13 nömrəli evin 111 nömrəli mənzilinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh1, Dadaşova (Əliyeva) Günay Həmdulla qızının və Cavabdeh2 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən, 1 otaqlı, 34.94 kv.m ümumi, 16.59 kv.m yaşayış, 18.35 kv.m yardımçı sahədən ibarət 13 nömrəli evin 111 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh4, Cavabdeh1, Dadaşova (Əliyeva) Günay Həmdulla qızının və Cavabdeh2 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Tələbdə göstərilir ki, xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh4 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir.

6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-759/2021 saylı, 15 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Günay Həşimova) iddianın qismən təmin edilərək cavabdehlər Cavabdeh4 "xxxx" ASC-nin xeyrinə xx.xx.2014-ci il tarixli kredit müqaviləsi üzrə 12.166 (on iki min bir yüz altmış altı) manat 74 (yetmiş dörd) qəpik əsas, 9.267 (doqquz min iki yüz altmış yeddi) manat 86 (səksən altı) qəpik faiz, 150 (yüz əlli) manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən, xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 916 (doqquz yüz on altı) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 22.500 (iyirmi iki min beş yüz) manat 60 (altmış) qəpik məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması; tələb üzrə tutmanın Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən, 1 otaqlı, 34.94 kv.m ümumi, 16.59 kv.m yaşayış, 18.35 kv.m yardımçı sahədən ibarət 13 nömrəli evin 111 nömrəli mənzilinə yönəldilməsi; həmin evin açıq hərracdan satılması; evin ilkin satış qiymətinin 40.000 (qırx min) manat həddində müəyyən edilməsi; açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin "xxxx" ASC-yə ödənilməsi; bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh4 qaytarılması; evin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin Cavabdeh4 tutularaq "xxxx" ASC-yə ödənilməsi; açıq hərrac keçirildikdən ən geci 1 (bir) ay sonra evin boşaldılması; iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2,Əliyeva (Dadaşova) Günay Həmdulla qızından və Cavabdeh4 tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, bağlanmış 2014-cü il 18 iyul tarixli 11-G-1-0-406-14 nömrəli kredit müqaviləsinə əsasən Nikoylbank ASC tərəfindən Cavabdeh4 60 ay müddətinə illik 25 faiz ödəmək şərti ilə 14400 manat məbləğində kredit verilmiş, 2014-cü il 18 iyul tarixdə bağlanmış müqaviləyə əlavədən görünür ki, Cavabdeh4 iddiaçıya 60 ay müddətinə hər ay 422,66 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi 2014-cü il 18 iyul tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh4 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, onun mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən, 1 otaqlı, 34.94 kv.m ümumi, 16.59 kv.m yaşayış, 18.35 kv.m yardımçı sahədən ibarət 13 nömrəli evin 111 nömrəli mənzili kredit verən "xxxx" ASC-nin(Nikoyl İKB ASC) xeyrinə yüklü etmişdir. Cavabdeh4 kredit müqaviləsi şərtlərini pozaraq və ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin və faizlərin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə kredit alanın banka borcu yaranmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh4 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərir ki, bank tərəfindən tələb olunan və məhkəmə tərəfindən tutulmuş əsas, faiz və cərimə məbləğləri düzgün hesablanmamışdır. Məhkəməmühasibatlıq ekspertizası təyin edilsəydi, borc məbləğinin düzgün hesablanmadığı öz təsdiqini tapardı. Onsuz da maddi sıxıntı içindədir. Məhkəmə ondan dəbbə pulu və əlavə 5% tutmamalı idi. O, həmçinin, borc məbləğinin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il tarixli Fərmanı əsasında restruktrizasiya olunaraq kompensasiya olunması üçün müvafiq müraciətlər edib, lakin hələ ki, araşdırma aparılır. Bank bunu bilə-bilə ondan çox məbləğdə pul tələb edir. İş üzrə mənzilin qiymətləndirilməsi ilə bağlı keçirilmiş ekspert rəyi ilə də razı deyil. Mənzilin qiyməti düzgün müəyyən edilməmişdir. Məhkəmə isə işin hallarına kifayət qədər qiymət verməmiş, düzgün olmayan qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı. c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

10. Məhkəmə iclasında Cavabdeh4 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər.

11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

12. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Dadaşova (Əliyeva) Günay Həmdulla qızı məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

14. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 34.1, 34.1.1 və 34.1.3. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aid edilmişdir. Maddə 39.3 və 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Maddə 47.4. Bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Maddə 59.3.1. Yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin qismən ləğv edilməsi və ləğv edildiyi hissədə iddianın təmin edilməməsi üçün əsasdır.

17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

19. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

20. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

21. Əvvəla iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə faiz, cərimə və illik 5%-lə tələb edilən məbləğin təmin edildiyi hissədə düzgün olmamışdır.

22. Belə ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları maddi hüquq normalarının dispozisiya şərtləri ilə qismən uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə qismən aradan qalxdığı üçün faiz, cərimə və illik 5%-lə tələb edilən məbləğ hissəsində iddia haqlı sayılmırdı.

23. İşdən görünür ki, 18 iyul 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 25 faizlə 14400 manat borcalana kredit verilmiş, bu müddət ərzində borcalan cəmi 10959,44 manat faiz borcu olmaqla, əsas borcla birlikdə 25359.44 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əlavəyə əsasən yeni ödəniş cədvəli üzrə borcalan 12550.34 manat əsas, 7185.22 manat faiz borcu olmaqla, cəmi 19733.86 manat ödəməyi öhdəsinə götürmüşdür.

24. Ancaq iddiaçının təqdim etdiyi xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən, borcalan tərəfindən 2353.93 manat əsas borc, 5486.07 manat faiz borcu ödənilməsinə baxmayaraq iddiaçı 12166.74 manat əsas, kredit müqaviləsinin müddətinin bitdiyi vaxta 9267.86 manat faiz borcu tələb etmişdir.

25. Göründüyü kimi, müqavilə müddəti ərzində cavabdehin birinci cədvəl üzrə cəmi 10959.44 manat, ikinci cədvəl üzrə 7185.52 manat faiz borcu ödəməli olmasına baxmayaraq, iddiaçının hansı əsasla 5486.07 manat faiz borcu ödədiyi halda, kredit müqaviləsinin müddətinin bitdiyi vaxta 9267.86 manat faiz borcu tələb etməsi aydın deyildi. Çünki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizdən faiz ödənilməsi yolverilməzdir.

26. Bundan əlavə, "xxxx" MMC-nin 25 oktyabr 2021-ci il tarixli 11 nömrəli rəyi ilə, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən, 1 otaqlı, 34.94 kv.m ümumi, 16.59 kv.m yaşayış, 18.35 kv.m yardımçı sahədən ibarət 13 nömrəli evin 111 nömrəli mənzilinin real bazar qiyməti təqribən 43000 manat, likvid dəyəri isə 40000 manat təşkil etdiyi müəyyən edilir.

27. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ipoteka predmetinin bazar və likvid dəyərinin müəyyən edilməsi üçün müstəqil qiymətləndiricinin rəyi alınmalıdır. Çünki, ipoteka predmetinin bazar və likvid dəyərinin müəyyən edilməməsi sonrakı prosessual hərəkətləri etməyə və iş üzrə həqiqətin müəyyən edilməsinə imkan vermir.

28. Bununla əlaqədar, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 1498/2022 saylı, 14 fevral 2022-ci il tarixli qərardadı ilə kompleks məhkəmə-mühasibatlıq və tikinti-texniki ekspertizası təyin edilmiş və məhkəmə mühasibatlıq ekspertizasının 9/1553 saylı, xx.xx.2022-ci il tarixli rəyində (məhkəmə-mühasibatlıq ekspertizası üzrə) qeyd edilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 18 iyul 2014-cü il tarixli, 11-G-1 -0-406-14 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh4 "xxxx" ASC olan borcu:18 iyul 2019-cu il tarixə (müqavilənin bitdiyi tarixə) əsas borc üzrə 12.216.79 manat, faiz borcu üzrə 10.029.56 manat; 21 yanvar 2021-ci il tarixə (sual üzrə tarixə) əsas borc üzrə 12.216.79 manat, faiz borcu üzrə 10.950.91 manat, 5% hesablamaqla olan borcu 921.35 manat müəyyən edilir. Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəliəsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh ediiməsinə dair" 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, "habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikasu Mülki Məcəlləsinin 445-ci maddəsinə görə kreditor gecikdiriimiş vaxt üçün illik 5 (beş) faiz ödənilməsini tələb etmək hüququna malikdir. Qeyd edilmişdir ki, 18 iyul 2014-cü il tarixli, 11-G-1-0-406-14 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh4 cərimə borcu hesablanmadı.

29. Məhkəmə tikinti-texniki ekspertizasının 10/5524-9/6070 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyində (məhkəmə tikinti-texniki ekspertizası üzrə) qeyd edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən, 13 saylı evin 111 saylı mənzilinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 46000,0 manat (1060 x 43,6), 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən 41500,0 manat (46000-10%) məbləğində müəyyən edilir.

30. Apellyasiya baxışı zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri dairəsinə düşdüyündən Cavabdeh4 iddiaçı banka müddəti keçmiş əsas kredit borcu 12166.74 manat olmuş, Ləğv prosesində olan "xxxx" KB QSC-yə 1218.21 manat, cəmi 13384.95 manat müəyyən edilmişdir. Demək cavabdehiniddiaçı banka əsas kredit borcu cəmi 12166.74 manat qalmışdır.

31. İddiaçı cavabdehlə olan kredit müqaviləsi üzrə “Azərbaycan Respublikasındanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Prezidentin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri çərçivəsində cavabdehə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etməsinə və sonuncunun bundan imtina etməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Çünki, bu halı sübut etmək yükü onun üzərinə düşür.

32. Cavabdehin restrukturizasiya ilə bağlı banka müraciət etməməsi də iddiaçının keçmiş kredit borcuna görə ondan qalıq borcla yanaşı cərimə və faiz tələb etməsinə əsas vermir. Çünki, restrukturizasiya olunması təklif olunan kreditlrə dair Mərkəzi Bankın məlumatından da görünür ki, qeyd olunan kredit müqaviləsi Fərmanın təsiri dairəsinə düşmüş və cavabdehin 12166.74 manat əsas kredit borcunun restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Lakin iddiaçı bank həm həmin məbləği, həmdə hesabladığı cərimə və faiz məbləğlərini cavabdehdən tələb edir ki, bu da Fərmanın və onun çərçivəsində qəbul edilən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə görə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının (Qayda)tələblərinə ziddir.

33. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti hissəsində də qətnamə ləğv edilə və ya dəyişdirilə bilməz. Çünki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi likvid qiymət ilə, apellyasiya baxışı zamanı ekspertiza rəyi ilə müəyyən edilmiş likvid qiymətin arasında cəmi 1500 manat fərq yaranmışdır. Bununla yanaşı, birinci instansiya məhkəməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən etdiyi tarix 25 oktyabr 2021-ci il olmuş, apellyasiya baxışı zamanı isə ilkin satış qiyməti 13 yanvar 2023-cü il tarixə müəyyən edilmişdir.Deməli, bu bu müddət ərzində ipoteka predmetinin ilkin satış-likvid qiyməti arasında təxminən 1500 manat fərqin yaranması mövcud mənzil bazarında olan dəyişikliklərlə əlaqədər olmuşdur. Bu hal isə şikayətin bu hissədə əsaslı olduğunu təkzib edir.

34. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh4 apellyasiya şikayəti qismən təmin edilməli, mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-759/2021 saylı, 15 noyabr 2021-ci il tarixli qətnaməsi qismən, yəni cavabdehlər Cavabdeh4 "xxxx" ASC-nin xeyrinə xx.xx.2014-ci il tarixli kredit müqaviləsi üzrə 9267 (doqquz min iki yüz altmış yeddi) manat 86 (səksən altı) qəpik faiz borcunun, 150 (yüz əlli) manat cərimənin və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən, xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 916 (doqquz yüz on altı) manat məbləğində əldən çıxmış faydanın təmin edildiyi hissədə ləğv edilməli və həmin hissədə iddia təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 386, 387, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh4 apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-759/2021 saylı, 15 noyabr 2021-ci il tarixli qətnaməsi qismən, yəni cavabdehlər Cavabdeh4 "xxxx" ASC-nin xeyrinə xx.xx.2014-ci il tarixli kredit müqaviləsi üzrə 9267 (doqquz min iki yüz altmış yeddi) manat 86 (səksən altı) qəpik faiz borcunun, 150 (yüz əlli) manat cərimənin və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən, xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 916 (doqquz yüz on altı) manat məbləğində əldən çıxmış faydanın təmin edildiyi hissədə ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri - cəmi 250 (iki yüz əlli) manat Cavabdeh4 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar