Məhkəmə qərarları › İş №2(103)-12201/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12201/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12201/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il saylı qərardadından iddiaçı BOKT "xxxx" QSC tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı BOKT "xxxx" QSC Cavabdeh qarşı “cavabdehin üzərinə vəzifə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BOKT "xxxx" QSC ilə Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi 148 ünvandakı binanın birinci mərtəbəsində 105,3 kv.m sahənin icarəsinə dair 03 mart 2020-ci ildə notariat qaydasında təsdiqlənmiş icarə müqaviləsilə eyni şərtlərlə icarə müqaviləsi bağlamaq vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda, iddiaçı BOKT "xxxx" QSC iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı işə mahiyyəti üzrə baxılıb qurtaranadək, ünvan 2 ünvanındakı binanın birinci mərtəbəsindəki 105,3 kv.m sahədə icarəçi BOKT "xxxx" QSCnin fəliyyətinə mane olmaq və həmin sahənin kommunal təchizatını, o cümlədən elektrik enerjisi ilə təchizatını dayandırmağın qadağan edilməsinə dair qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 2(004)- 5354/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, hazırkı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, ünvan 3 ünvanındakı binanın birinci mərtəbəsindəki 105,3 kv.m sahədə icarəçi BOKT "xxxx" QSC-nin fəliyyətinə mane olmaq və həmin sahənin kommunal təchizatı, o cümlədən elektrik enerjisi ilə təchizatının dayandırılması Cavabdeh qadağan edilmişdir. Həmin qərardaddan Cavabdeh şikayət vermiş və şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16.08.2021-ci il tarixli qərardadının ləğv edilməsini və ərizənin rədd olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11101/2021 saylı 10 noyabr 2021-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 16.08.2021-ci il tarixli qərardadı ləğv olunmuş və iddiaçı BOKT "xxxx" QSC-nin iddianın təmin tədbiri barədə ərizəsi təmin edilməmişdir. İşdən həmçinin görünür ki, 10 sentyabr 2021-ci il tarixdə iddiaçı BOKT "xxxx" QSC də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli qərardadından şikayət verərək həmin qərardadın dəyişdirilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçı BOKT "xxxx" QSC tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. İddiaçı BOKT "xxxx" QSC 29.10.2021-ci il tarixdə Yasamal Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qərardadından şikayət vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək 08 oktyabr 2021-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılmış və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət aşağıdakı əsaslara görə qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Yasamal Rayon Məhkəməsi hazırkı iş üzrə 08 oktyabr 2021-ci il tarixli qərardaddan verilən şikayətə baxmaqla səhvə yol vermişdir. Belə ki, həmin qərardadla Yasamal Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli qərardadından verilmiş şikayət geri qaytarılmışdır ki, bu qərardad da apellyasiya qaydasında ləğv olunduğundan artıq mövcud deyildir və mövcud olmayan qərardaddan şikayət vermə müddətinin ötürülüb-ötürülməməsi məsələsinə baxıla bilməz. Beləliklə, birinci instansiya məhkəməsi 03 dekabr 2021-ci il tarixdə artıq mövcud olmayan qərardaddan verilmiş şikayətin geri qaytarılması ilə bağlı məsələyə baxmış və bununla da prosessual qanunvericiliyin, o cümlədən MPM-nin 267, 395-ci maddələrinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, verilmiş şikayət qeyri-mümkün hesab edilməli və qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il saylı qərardadından iddiaçı BOKT "xxxx" QSC tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar