Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1223/2023 23.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və X3 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs2, Maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi “mirasın qəbul edilməsi” faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-2478/2021 saylı qətnaməsindən maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi “mirasın qəbul edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun atası X6 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə 598 saylı akt qeydi ilə rəsmiləşdirilmiş AZ-İ 193590 saylı müvafiq ölüm haqqında şəhadətnamə verilmişdir. X1 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Mirzəyev küçəsi (Orta) küçəsi ev 42 miras olaraq qalmışdır. Atası vəfat etdikdən sonra miras qalan ev onun vəfatından sonra onun tərəfindən miras kimi qəbul edilmişdir. Artıq on ildir ki, miras əmlaka sahiblik etməyə başlamışdır. Bununla da miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Qeyd edilənlərə əsasən atası X5 ölümündən sonra ondan miras qalmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Mirzəyev küçəsi (Orta) küçəsi 42 saylı evin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-2478/2021 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir. Hazırda Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)- 2478/2021 saylı qətnaməsindən maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və Ərizəçi ərizəsinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ərizəçi guya onun tərəfindən faktiki qəbul edilməsinin müəyyən olunmasını tələb etdiyi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ceyhun Mirzəyev küçəsi 42 saylı fərdi yaşayış evi onların ata evidir. X2 1940-cı ildə Kəlbəcər rayonunda doğulmuş, xx.xx.2006-cı ildə Bakı şəhərində vəfat etmişdir. Ataları ilə anaları xx.xx.1974-cü ildə rəsmi nikaha daxil olmuşlar. Bu nikahdan xx.xx.1974-cü ildə Maraqlı şəxs2, xx.xx.1977-cü ildə Maraqlı şəxs3 doğulmuşdur. Anaları 2003-cü ildə, ataları xx.xx.2006-cı ildə ağır xəstəlikdən vəfat etmişdir. Atalarının bu nikahdan əvvəl və sonra nikahlarından övladları olsa da, lakin maraqlı şəxslər doğulduqları gündən ataları vəfat edənədək onunla birgə yaşayıb birgə təsərrüfat aparmışlar. Ataları vəfat etdiyi gündən də ondan miras qalmış Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi Ceyhun Mirzəyev küçəsində yerləşən 42 saylı fərdi yaşayış evinə (torpaq sahəsi ilə birgə) (bundan sonra miras əmlakı) sahib çıxaraq onu idarə etməklə miras əmlakını faktiki qəbul etmişlər. Atalarının vəfatından sonra heç bir övladı, o cümlədən Ərizəçi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində bir gün də yaşamamış, həmin evə heç vaxt gəlib-getməmiş, miras əmlaka sahib çıxmamışdır. Ərizəçi həmin evdən 1991-ci ildən qeydiyyatdan çıxaraq atalarının ona bağışladığı 2 otaqlı mənzilə ailə quraraq köçmüşdür. Ərizəçi məhkəməyə tamamilə yalan məlumat vermişdir. Belə ki, valideynlərinin həm həyatda olan zaman həm ağır xəstəlikləri dövründə daima qulluqlarında durmuş, bütün müalicələri, baxımları, vəfat etdikdən sonra isə dəfn, yas mərasimləri, ümumiyyətlə isə bir övladın valideyni üçün edə biləcəkləri iş üzrə maraqlı şəxslər tərəfindən olmuşdur. Ataları vəfat etməzdən əvvəl (xüsusən xəstəlik zamanlarında) və vəfat etdikdən sonra evlərinin bütün təsərrüfat işləri, idarə olunması, saxlanması, yaxşılaşdırılması, təmiri, evin kommunal ödənişləri tərəflərindən həyata keçirilib. Atalarının xəstə olduğu, xəstəxanada yatdığı, ölüm ayağında olduğu zaman onu yada salmayan, yas mərasiminə yad adam kimi gəlib çıxıb gedən, bundan sonra bir dəfə də olsun, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlməyən, nə onlarla, nə evlə maraqlanmayan, ümumiyyətlə bu evlə heç bir əlaqəsi olmayan ərizəçinin onların Azərbaycanda olmadıqlarından istifadə edib belə bir ərizə ilə məhkəməyə müraciət etməsi qanunsuz olmaqla bərabər, həm də ədalətsizdir. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 nümayəndəsi və vəkili Nümayəndə Xəzər rayon məhkəməsində Ərizəçi adına Bakı şəhəri, 31 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, 2 V-152 sayla reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqda şəhadətnamənin etibarsız hesab edilməsi və s. tələblərlə bağlı iddia qaldırıldığını, yəni hüquqla bağlı mübahisə olduğunu bildirdi, qətnamənin ləğv edilərək ərizənin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir: Hüquqi faktların müəyyən edilməsi ilə bağlı müddəalar Azərbaycan Respublikası MPM-nin ikinci yarımbölməsinə müvafiq olaraq xüsusi iddia icraatı adlanan hissəsinin 31ci fəsilində qeyd olunmuşdur. Belə ki, AR Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 10.1-ci bəndinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına, mirasın qəbul edilməsi üçün müddətin uzadılması içkanlarının itirilib-itirilməməsinə və s. aydınlıq gətirməlidir. Kollegiya qeyd edir ki, xüsusi icraat qaydasında baxılan işlərdə hüquqla bağlı mübahisə dedikdə, ərizəçinin məhkəmə qaydasında müəyyən edilməsini istədiyi hüquqa digər şəxslərin də iddia etməsi başa düşülür. Hazırkı işin hallarından və apellyasiya şikayətinin dəlillərindən aydın olur ki, ərizəçinin məhkəmə qaydasında müəyən edilməsini istədiyi hüquqa özünü vərəsə hesab edən maraqlı şəxslər də iddia edir. Göründüyü kimi, məhkəmə qarşısında qaldırılan məsələyə baxılarkən hüquq haqqında mübahisə olduğu müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 259.0.10-cü maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-2478/2021 saylı qətnaməsi ləğv edilməli və ərizə baxılmamış saxlanılmalı, tərəflərə onların ümumi əsaslarla iddia vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.10, 306.4, 307.1, 307.2.5, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-2478/2021 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi “mirasın qəbul edilməsi” faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə hazırkı məsələ ilə bağlı ümumi əsaslarla iddia vermək hüququ izah edilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1223/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1223/2023
23.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver