Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1223/2025 04.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər:mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu, (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X7 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə və cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, ünvan 5al Rayon Məhkəməsinin 2(004)-1844/24 saylı iş üzrə 23 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 04 fevral 2025ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri 19 saylı Notariat X3 (Cavabdeh mərhum anası) ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 3M-619 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsinə əsasən ünvan 5al rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 64 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 09 nömrəli arayışa əsasən X8 qeydiyyatda olduğu və istifadəsində olan ünvan 1 ünvanda yerləşən sahəsi 22.0 kv.m olan fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, əmlakın yüklülüyünə dair dövlət reyestrindən arayışın onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən alınaraq, evin İddiaçı satılmasını, alqı-satqı müqaviləsinin bağlanmasını, evin İddiaçı mülkiyyətinə verilməsini öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il il tarixli qəbzə əsasən İddiaçı tərəfindən Bakı şəhəri 19 saylı Notariat Ofisinin depozit hesabına 30.000 manat ödənilmişdir. xx.xx.2020-ci il il tarixli 168 reyestr nömrəli kassa məxaric çekindən müəyyən edilir ki, 30.000 manat Bakı şəhəri 19 saylı Notariat Ofisinin "xxxx" ASC-də olan AZ82MUGA**********041AZM28 nömrəli depozit hesabından X6 ödənilmişdir. Cavabdeh Bakı şəhəri 19 saylı Notariat Ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 8İ-2059 reyestr nömrəsi ilə qeydə alınmış ərizəsindən müəyyən edilir ki, Cavabdeh qeydiyyatda olduğu ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin satılmasına etiraz etməmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri 19 saylı Notariat X3 (Cavabdeh anası) ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 3M-619 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsinə əsasən sahibliyinə verilmiş və yaşayış yeri üzrə daimi qeydiyyatda olduğu ünvan 1 ünvanda yerləşən sahəsi 22 kv.m olan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, aldığı evə köçmüş və qeydiyyata alınmış, bir müddət həmin evdə yaşamışdır. Sonradan həmin evə yaxın ərazidə başqa bir ev də almış və oraya köçmüşdür. İddiaçı ailəsi ilə birlikdə başqa ünvana köçsə də mübahisəli fərdi yaşayış evində onun və ailəsinin məişət əşyaları qalmışdır. Cavabdeh ilə iddiaçı və ailəsi arasında əvvəllər də qonşuluq münasibətləri olmuşdur. Birbirini uzun müddətdir ki, tanıyırlar və qonşu kimi münasibətləri normal olmuşdur. Aralarında hər-hansı bir düşmənçilik ədavəti və qərəzli münasibətlər mövcud olmamışdır. Qeyd olunan ünvan, yəni Bakı şəhəri, Yasamal rayonu, 9-cu keçid ev 14 ümumi həyətdən ibarətdir. X2, iddiaçıya satdığı evin qonşuluğunda, yəni eyni həyətdə qızı ilə birlikdə başqa otaqlarda yaşayırdı. X8 öldükdən sonra da qızı anasına məxsus evdə yaşamağa davam etmişdir və hal-hazırda da həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. O, ailəsi ilə birlikdə başqa ünvana köçdükdən sonra tez-tez evinə baş çəkmiş və evində olan məişət əşyalarından lazım olduqca istifadə etmişdir. İddiaçı başqa ünvana köçdükdən sonra mərhum X8 öz evinə giriş-çıxışı rahatlaşdırmaq üçün iddiaçıya satdığı evin giriş-çıxış qapısının qarşısında taxta pilləkən qoymuş, iddiaçının evə giriş-çıxışını məhdudlaşdırmışdır. İddiaçı mərhum X1 ona dəfələrlə evin giriş-çıxışının məhdudlaşdırılmasının aradan qaldırılması ilə bağlı xəbərdarlıqlar etmiş, bu barədə söhbətlər aparmış və qonşuluq münasibətlərini nəzərə almağını xahiş etmişdir. Mərhum hal-hazırda pilləkəni söküb yenidən tikdirmək üçün maddi imkanının olmağını bəhanə gətirmiş, ona müəyyən vaxt verməsini xahiş etmişdir. İddiaçı qonşuluq münasibətlərini nəzərə alaraq mərhuma pilləkənin sökülməsi üçün müəyyən vaxt vermişdir. Buna baxmayaraq mərhum pilləkəni sökməmiş, yaranmış məhdudiyyəti aradan qaldırmamışdır. X8 öldükdən sonra onun evində qızı yaşamağa davam etmişdir. Hazırda da Cavabdeh həmin evdə yaşayır. Cavabdeh ilə evinin giriş qapısındakı pilləkən maneənin aradan qaldırılması ilə bağlı danışıqlar aparmağa çalışsa da, bu mümkün olmamışdır. Mərhum öldükdən sonra qızının (cavabdehin) iddiaçıya və onun ailəsinə qarşı münasibəti pisləşmişdir. Cavabdeh iddiaçıya öz evindən istifadəyə maneələr yaradır, iddiaçını və onun ailəsini öz evlərinə buraxmır və nalayiq ifadələrlə iddiaçını və onun ailəsini təhqir və təhdid edərək onları həmin ünvandan qovur.
4. ünvan 5al Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-1844/2024 saylı iş üzrə 23 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim V.Hacıyev) iddia təmin edilmişdir.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı mübahisəli evin sahibi olduğundan və onun tələbi sahibliyin pozulmasının aradan qaldırılması ilə bağlı olduğundan, iddia tələbi təmin edilməlidir
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1, 27.3, 158.4, 159, 160, 163.1, 164.1, 165.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçı ilə mərhum arasında bağlanmış ilkin müqaviləni daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının yaranması üçün əsas hesab etməklə ədalətsiz qətnamə çıxarmış, maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. İlkin alqı-satqı müqaviləsi hədə-qorxu altında bağlanmışdır. Belə ki, cavabdehin qardaşı Abdullayev Anar ruhi xəstəlikdən əziyyət çəkir və hal-hazırda 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə almaqdadır. Müqavilə bağlanmazdan əvvəl cavabdehin qardaşı mərhumla bir mənzildə yaşayırdı. Qarşı tərəf əvvəlcə mərhumla ilkin alqı-satqı müqaviləsinin bağlanması barədə danışıq aparmış, nəticə əldə etmədikdə isə cavabdehin qardaşı, Abdullayev Anarın psixoloji durumundan, ruhi xəstəlikdən əziyyət çəkməsindən istifadə etmişdir. Belə ki, iddiaçı tərəf cavabdehin qardaşına hədə-qorxu gəlmiş, onu mənzilin satılmayacağı təqdirdə tutdurmaqla qorxutmuşdur. Qardaşı da bu hədə-qorxulardan sonra öz növbəsində bir mənzildə yaşadığı anasına təzyiq etmiş, anasını dərhal kağıza imza etməyə məcbur buraxmışdır. Bu barədə cavabdehin yaşadığı mənzildə uzun müddət münaqişələr olmuş, mərhum ciddi qorxu və həyəcan keçirmişdir. Övladının anlaqsız olması və hər an şüursuz bir davranış göstərə bilməsi mərhumun qorxu və həyəcanını daha da artırmış, nəticədə məcbur qalaraq mahiyyətini bilmədiyi sənədə imza çəkmişdir. X11 hər hansı ödəniş edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində iş üzrə materiallardan aydın olur ki, 30 min manat məbləğində vəsaitin notariusun depozit hesabına köçürülməsi ilə bağlı qəbz mövcud olsa da, həmin vəsaitin məxaric edildikdən sonra mərhum X5 ödənməsi barədə hər hansı sübut yoxdur. Tərəflər arasında İlkin Müqavilənin bağlanmasından bir il müddətində Əsas Müqavilə bağlanmadığından xx.xx.2020-ci il tarixli müqavilə qüvvədən düşmüş hesab edilməli idi. Yəni, həmin Müqavilənin artıq 2021-ci ilin 6 May tarixi etibarilə, ümumiyyətlə, hər hansı hüquqi qüvvəsi yox idi.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etiraz iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. İddiaçının nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Maddə 27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 160. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
Apellyasiya baxışının hədləri
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
14. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddia təmin edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
16. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir.
17. Kollegiya ilk növbədə nəzərə alır ki, mübahisəli fərdi yaşayış evi özbaşına tikilidir. Bu faktı tərəflərin heç biri mübahisələndirməmişdir. Bu baxımdan real alqı-satqı müqaviləsinin bağlanması istisna edilir. Lakin bu hal ilkin alqı-satqı müqaviləsinin bağlanmasına maneə deyildir. İlkin alqı-satqı müqaviləsinin məzmunundan, həmçinin alıcının müqavilə ilə razılaşdırılmış alqı-satqı məbləğini satıcıya ödəməsinə də dair sübutlardan müəyyən olunur ki, tərəflər ilkin alqı-satqı müqaviləsi fonunda əslində real alqı-satqı etmiş, satıcı fərdi yaşayış evini alıcının sahibliyinə vermiş, iddiaçı vasitəsiz sahib statusunu əldə etmişdir.
18. Mülki Məcəllənin 160-cı maddəsinə əsasən əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir.
19. Həmin Məcəllənin 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir.
20. Digər tərəfdən, cavabdeh mübahisəli fərdi yaşayış evinin satılmasına etiraz etmədiyinə dair notarial qaydada təsdiq olunmuş ərizə vermişdir.
21. Apellyasiya şikayətinin digər dəlilləri, yəni cavabdehin anasının hədəqorxunun təsiri altında müqaviləni imzalaması, habelə müqavilə ilə razılaşdırılmış məbləği almaması barədə dəlilləri hər hansı sübutlarla əsaslandırılmamışdır.
22. Məhkəmə kollegiyası mübahisəli mənzildə iddiaçıya məxsus əşyaların olmaması barədə dəlili də əsassız sayır və qeyd edir ki, apellyasiya baxışı zamanı iş materiallarına əlavə olunmuş video diskə baxış keçirilərkən müəyyən olundu ki, Xavər Abdullayeva hələ sağlığında iddiaçı ilə söhbət edərkən mübahisəli mənzilin iddiaçıya məxsusluğunu, orada iddiaçıya məxsus əmlakların saxlanıldığını etiraf etmiş və həmin əmlaklara heç kimin toxunmayacağına söz vermişdir.
23. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
24. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.
25. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır.
26. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Məhkəmə kollegiyasının qənaətinə görə hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir.
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
30. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402- 403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. ünvan 5al Rayon Məhkəməsinin iş üzrə 23 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.