Məhkəmə qərarları › İş №2(103)-1224/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1224/2022

17.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1224/2022 17.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “əmlakın qaytarılması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehla arasında ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının ona faktiki olaraq satılması barədə razılaşmaya əsasən tərəfindən adı çəkilən şəxsə 20 000 ABŞ dolları verildiyini, bu məbləğin 15 000 ABŞ dolları hissəsinin birbaşa cavabdehin özünə, qalan hissəsinin isə cavabdehin kürəkəni olan X1 ona olan borcunun silinməsi yoluyla ödənildiyini, həmin dövrdə qeyd edilən daşınmaz əmlak bankın ipotekasında olduğundan razılaşmanın rəsmiləşdirilməsinin mümkün olmadığını, buna görə də daşınmaz əmlakla bağlı ona mülki etibarnamə verildiyini, razılaşmaya görə Cavabdeh bankla olan probleminin həll edilməsi ilə bağlı da xərclərin (məhkəmə və digər xərclər) tərəfindən çəkildiyini, ümumilikdə həmin daşınmaz əmlakın əldə edilməsi üçün 48 000 manat vəsait xərclədiyini, lakin Cavabdeh onu aldadaraq etibarnaməni ləğv etdirdiyini və yenidən pul istədiyini, daha sonra əmlakı başqasına satdığını bildirdiyini, aldadıldığını anlayaraq Eldardan 48 000 manat vəsaitini tələb etsə də, onun bundan imtina etdiyini, polis orqanına etdiyi müraciət əsasında aparılan araşdırma zamanı Eldar Abbsovun ondan 20 000 manat, həmçinin mülki etibarnaməni bilə-bilə bir neçə dəfə ləğv edərək hissə-hissə 13 000 və 15 000 manat aldığını etiraf etdiyini irəli sürmüş, buna görə də Cavabdeh 48 000 manatın alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, ona məxsus Xətai rayonu, Zakir Yusifov küçəsi 16 ünvanında yerləşən və ümumi sahəsi 26 kv.metr olan qeyri-yaşayış sahəsinin açarlarının İddiaçı alınaraq ona qaytarılması, qeyri-yaşayış sahəsinin əşyalarla birlikdə boşaldılaraq İddiaçı oradan məcburi şəkildə çıxarılması, qeyriyaşayış sahəsindən 2016-cı ildən istifadə etdiyinə görə, aldığı aylıq gəlirlər 300 manat məbləğində müəyyən olunmaqla 16 500 manatın İddiaçı alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələblərini belə əsaslandırmışdır ki, bir neçə il öncə İddiaçı 21 633 ABŞ dolları borc almış, Xətai Rayon Məhkəməsinin 2(011)-7065/2016 saylı qətnaməsi ilə sözü gedən məbləğin ondan tutulub İddiaçı ödənilməsi qət edilmiş, qətnamənin icrası qaydasında həmin məbləğin 21 474 dollarını ödəmiş, münasibətləri qaydasında olduğundan İddiaçı yenidən 8000 manat borc almış, bu borcun ödənilməsi üçün özünə məxsus qeyri-yaşayış sahəsini müvəqqəti kommersiya fəaliyyəti ilə məşğul olması üçün ona təhvil vermiş, obyektin istifadə edilməsi ilə gəlir əldə edərək borclu olduğu pul vəsaitini bu yolla qaytarmağa çalışmışdır. İddiaçı zun müddətdir ona məxsus olan qeyri-yaşayış sahəsindən istifadə edir və 8000 manat borcu əmlakdan istifadə nəticəsində aldığı gəlirlər hesabına İddiaçı tam şəkildə ödənilmişdir. Qeyri-yaşayış sahəsinin qaytarılmasını tələb etsə də, İddiaçı tələbinə məhəl qoymur, buna görə də iddia qaldırmaq məcburiyyətində qalmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilərək Cavabdeh məxsus Xətai rayonu, Zakir Yusifov küçəsi 16 ünvanında yerləşən və ümumi sahəsi 26 kv.metr olan qeyri-yaşayış sahəsinin açarları ilə birlikdə İddiaçı alınaraq Cavabdeh qaytarılması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən İddiaçı nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini ilkin iddia ərizəsində sadalanan hallara istinadən belə əsaslandırmışdır ki, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, Cavabdeh isə qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verməklə şikayətin əsassız olduğunu bildirmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin qarşılıqlı iddianın qismən təmin və ilkin iddianın rədd olunması ilə bağlı hissələrinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq qarşılıqlı iddiaçı qətnamədən şikayət verməmiş, İddiaçı nümayəndəsi isə faktiki olaraq qətnamənin qeyd olunan hissələrini mübahisələndirmişdir. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş tələbin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?. Bu mənada kollegiyanın qənaətinə görə, ilkin iddia üzrə iddiaçının tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin öhdəlik (müqavilə) münasibətləri, habelə əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; həmin Məcəllənin 1091-ci maddəsinə görə isə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, hər iki halda sübutetmə yükü bilavasitə ilkin iddia üzrə iddiaçının üzərinə düşür və məhz o, iddia etdiyi pul məbləğini Cavabdeh verdiyini, beləliklə də həmin şəxsin əsassız varlandığını, yaxud icra olunmamış öhdəliyin mövcudluğunu sübuta yetirməlidirlər. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar. İşin ilkin iddia üzrə iddiaçının bilavasitə özünün bildirdikləri ilə müəyyən olunan hallarına görə, onunla Cavabdeh arasında sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının ona satılması ilə əlaqədar razılaşma olmuş, həmin razılaşma çərçivəsində Cavabdeh 20 000 ABŞ dolları vermiş və eyni zamanda əmlakın ipoteka yüklülüyündən azad olunması üçün pul məbləğləri xərcləmiş, Cavabdeh əmlakı ona təhvil versə də, sonradan əmlakla bağlı verdiyi etibarnaməni ləğv etdirmiş, ümumilikdə ona verdiyi 48 000 manatı isə qaytarmamışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, İddiaçı eyni faktiki hallara istinadən Cavabdeh qarşı irəli sürdüyü iddia tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19.07.2016-cı il tarixli qətnaməsi ilə qismən təmin olunaraq Cavabdeh onun xeyrinə 21 633 ABŞ dollarının və məhkəmə xərclərinə görə 530 manatın tutulması qət edilmiş, 04 iyun 2019-cu il tarixdə yazdığı qəbzdə Elşad Abbasov, həmin qətnamənin icrası qaydasında 21 474 ABŞ dollarının Cavabdeh tərəfindən ona ödənildiyini bildirmiş, məhz bu səbəblə sonuncunun barəsində qətnamənin icra olunmaması ilə əlaqədar Ədliyyə Nazirliyinin İstintaq İdarəsində istintaq edilən cinayət işinin icraatına xitam verilmişdir. Qeyd olunan qətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən 26 m2 ölçülü qeyri-yaşayış sahəsini İddiaçı 07.05.2015-ci il tarixli etibarnamə əsasında verərək ondan 20 000 ABŞ dolları almış, 13.08.2015-ci il tarixdə həmin etibarnaməni ləğv etdirmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhz bu prinsipi əsas götürərək kollegiya hesab edir ki, yuxarıda qeyd olunan məhkəmə aktı ilə ilkin iddiaçının iddiasını əsaslandırdığı faktiki hala və Cavabdeh qeyriyaşayış sahəsinə görə ondan aldığı pulun məbləğinə müəyyənlik gətirilmişdir; məhkəmə aktı ilə müəyyən edilən hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halın əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Kollegiya onu da qeyd edir ki, Cavabdeh İddiaçı 8000 manat borc almış olması barədə bildirdikləri hazırkı mübahisənin həlli baxımından əhəmiyyət kəsb etmir; çünkü İddiaçı iddia tələbi həmin hala istinadən irəli sürülməmişdir və buna görə də onların arasında borc münasibətlərinin mövcudluğu, Elşad Abbasova müvafiq faktiki hala əsaslanmaqla yeni iddia qaldırmaq hüququ verir. Kollegiya, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbi üzrə gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, Xətai rayonu, Zakir Yusifov küçəsi 16 ünvanında yerləşən və ümumi sahəsi 26 kv.metr olan qeyri-yaşayış sahəsinin qanuni əsas olmadan İddiaçı sahibliyində olduğu müəyyən edilmişdir – qarşılıqlı iddianın müvafiq hissəsinin qanuni əsası olan Mülki Məcəllənin 157.2-ci maddəsinə görə isə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas deyildir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı nümayəndəsinin apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3797/2021 saylı iş üzrə qəbul etdiyi 08 sentyabr 2021-ci il tarixli qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar İddiaçı oğlu tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər Elnur Həsənov Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar