Məhkəmə qərarları › İş №2(103)-1225/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1225/2023

27.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1225/2023 27.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: ("cavabdehin torpaq sahəsindən çıxarılması") hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı və cavabdehin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "cavabdehin torpaq sahəsindən çıxarılması" tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1815/2022 saylı işi üzrə 31 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən qanunsuz istifadə etdiyi torpağına görə 10 (on) min manat vurduğu maddi ziyanın, 30 manat dövlət rüsumunun alınıb ona verilməsi və zəbt edilmiş Bakı şəhəri Türkan bağlar sahəsində 217 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsində olan 861”A”/2 nömrəli bağ sahəsindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Xəzər Rayon Məhkəməsinin 2(003)-1815/2022 saylı işi üzrə 31 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı cavabdehdən qanunsuz istifadə etdiyi torpağına görə 10000 manat vurduğu maddi ziyanın, 30 manat dövlət rüsumunun alınıb ona verilməsi və zəbt edilmiş Bakı şəhəri Türkan bağlar sahəsində 217 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsində olan 861a/2 nömrəli bağ sahəsindən Cavabdeh çıxarılması barədə iddiasının rədd edilməsi qət edilmişdir. Qətnamədə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. iddiaçılar mübahisə predmetinə aid olan torpaq sahəsinin onlara aid olduğu iddia etsələrdə, buna dair sübut, dəlil məhkəməyə təqdim etməmişdirlər. Məhkəmə həmçinin iş materiallarına əlavə edilmiş İddiaçı torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri XDS xx.xx.1991-ci il tarixli 3/75 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İcraiyyə Komitəsinin Türkan bağlar sahəsindəki 217 nömrəli kooperativinin 5 nömrəli orderinə əsasən 0,12 ha torpaq sahəsi olan 861a/2 nömrəli bağ ayrılmış olsa da, Bakı şəhəri XDS xx.xx.1991-ci il tarixli 3/75 nömrəli qərarı ilə ayrılmış torpaq sahələrinə dair təqdim edilmiş sxemlərdə miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafə göstərilməmiş və müvafiq orqanda qeydə alınmamışdır. Məhkəmə iddianın dəlillərini və iş materiallarını bu kontekstdə də araşdıraraq hesab edir ki, iddia əsassızdır.

3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Azərbaycan Respublikasinin Milli Arxiv İdarəsinin Bakı filalı tərəfindən verilmiş Bakı şəhəri XDS xx.xx.1991-ci il tarixli 3/75 nömrəli qərarına əsasən İddiaçı torpaq sahəsi ayrılmışdır; - Azərbaycan Respublikası İcraiyyə Komitəsinin Türkan bağlar sahəsindəki 217 nömrəli kooperativinin 5 nömrəli orderinə əsasən 0,12 ha torpaq sahəsi olan 861a/2 nömrəli bağ ayrılmışdır; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-1815/2022 nömrəli qərardadı ilə iş üzrə tikinti-texniki ekspertiza təyin edilmiş, ekspertiza tədqiatının nəticəsi olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********57 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhər XDS İcraiyə Komitəsinin xx.xx.1991-ci il tarixli 3/75 nömrəli qərarına əsasən Türkan qəsəbəsində İddiaçı ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə mövqeyini əks etdirən sxemin təqdim edilməməsi səbəbindən xx.xx.2022-ci il tarixli 2(003)-1815/2022 nömrəli qərardadda qoyulmuş sualların cavablandırılması mümkün olmamış, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı) həmin torpaq sahəsinin ayrılmasına qərar qəbul etmiş təşkilat tərəfindən tərtib olunur (iş səh.11, 12, 30,40, 45). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli 2(003)-1815/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, yeni qərar qəbul edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 77.1, 357, 372, Mülki Məcəllənin 176-cı maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 2 saylı 14 fevral 2003-cü il tarixli qərarına istinadən qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 2 saylı 14 fevral 2003-cü il tarixli qərarında qeyd olunub ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilmədən buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. Lakin, birinci instansiya məhkəməsi iddianın mahiyyəti üzrə rədd edilməsi qənaətinə gələrkən onun iddia tələbinin hüquqi əsası kimi nəyə istinad etdiyinə düzgün qiymət verməyərək tələsik iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən əkspertiza təyin etməlidir. Həmçinin müvafiq orqanlara ona ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə mövqeyini əks etdirən sxemin təqdim edilməsi üçün sorğular göndərməlidir. Sorğuda faktiki onun tərəfindən göstərilən torpaq sahəsinin müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı və s.) tələb etməlidir. Lakin bu zaman mütləq nəzərə almaq lazımdir ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir.Birinci instansiya məhkəməsi qətnamənin təsviri hissəsində qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçıya aid olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qanunvericiliyinin tələblərinə əsasən bağ sahəsinin vətəndaşlara ayrılması barədə səlahiyyətli orqanların verilmiş order, qəbul edimiş sərəncamlar və yaxud çıxarışın əsasında əldə edilir və bu sənədlər əsasında vətandaşların hüquqları dövlət tərəfindən tanınır. Mübahisəli bağ sahəsinin ona ayrılması barədə birinci instansiya məhkəməsinə verilmiş orderin və orderə əsas olmuş müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi sərəncam təqdim edilmişdir. Müvafiq sxem, planın olmamasından, 1990-cı ildə elektron kadastr məlumatlar qeydə alınması həmin vaxt olmaması onun nə günahı var? Birinci instansiya məhkəməsi cavabdehin iştirakı olmadan işə baxmışdır. Halbuki, məhkəmə cavabdehin iştirakını təmin etməli və cavabdehin nə əsaslarla mübahisəli bağ sahəsindən istifadə edilməsi müəyyənləşdirilməliydi. Cavabdehin iştirakı olmadan onun subyektiv hüququ mövcudluğu müəyyən edilmədən məhkəmə qanunsuz qətnamə qəbul etmiş bununla da onun hüquqlarımı kobud şəkildə pozmuşdur. İşin yuxarıda qeyd olunan hallarının nəzərə alaraq, onun tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul edilmiş 21 oktyabr 2022-ci il tarixli qətnamə ləğv edilməli və bu iş üzrə yeni qətnamə qəbul edərək iddia tələbi təmin edilməlidir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında iştirak edən İddiaçı 1991-ci ildə 10 nəfərə torpaq sahəsi verildiyini, burada bacısının, qardaşının da torpaq sahələrinin olduğunu, 10 il ərzində yoldaşının işi ilə əlaqədar xaricdə yaşadıqlarını, qayıtdıqdan sonra 2001-ci ildə torpağın zəbt olunduğunu gördüyünü, cavabdehin həmin torpağa sənədinin olmadığını, lakin onun torpaq sahəsi də daxil olmaqla, 10 nəfərin də ərazisini zəbt etdiyini, 12 sotu onlara geri qaytarmadığını, onlara qarşı təhqiredici sözlərdən istifadə etdiyini, həyətə buraxmadığını, Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Xidmətinə çıxarış almaq üçün iki dəfə müraciət etdiklərini, birinci dəfə qarşı tərəf ərazini hasarladığı üçün, ikinci dəfə isə sxem olmadığı üçün qeydiyyat apara bilmədiklərini, qeydiyyat aparıla bilmədiyi üçün də çıxarış verilmədiyini bildirmiş, bunu əks etdirən cavab məktublarının olduğunu qeyd etmişdir.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh torpağın onun dədə-baba yurdu olduğunu, iddiaçının öz torpağının yerini belə bilmədiyini, onu tanımadıqlarını qeyd etmiş, torpağın iddiaçı tərəfə aid olduğunu sübut edəcəkləri halda həmin ərazini tərk edəcəyini bildirmişdir.

7. İddiaçı tərəfindən Daşınmaz Əmlakın dövlət Reyestri Xidmətinin 1 saylı Bakı İdarəsinə edilmiş müraciətlər Daşınmaz Əmlakın dövlət Reyestri Xidmətinin 1 saylı Bakı İdarəsi tərəfindən verilmiş xx.xx.2021 tarixli **********46; xx.xx.2021-ci il tarixli **********18, xx.xx.2021 tarixli **********41 nömrəli məktublara əsasən nəticəsiz qalmışdır. Apellyasiya baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Mülki qanunvericiliyin (Məcəllənin) tələblərinə əsasən: 136.3. Yalnız dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və ya dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyalar (mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar) qanunla müəyyənləşdirilmiş qaydada təyin edilir. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. 146.5. Daşınmaz əmlakı və ya ona dair hüquqları əldə edən şəxs məhkəmə qərarına və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərara istinad edirsə, bu halda ərizəyə həmin qərarın notariat qaydasında təsdiqlənmiş surəti və daşınmaz əmlakın texniki göstəricilərini əks etdirən sənədlər qoşulur. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.

10. Məcəllənin 139-1.1-ci maddəsinin aidiyyəti müddəalarına əsasən: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.5. 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

11. Diqqətə çatdırılmalıdır ki, cavabdehin əmlakının qeydiyyatının qeyri-dəqiqliyi qeydiyyatı aparan orqanın məsuliyyətinə aiddir. Belə ki, inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli 4-№-li qərarına əsasən diqqətə çatdırılmalıdır ki: “İnzibati icraat haqqında” Qanunda inzibati orqanların hüquqazidd qərarlarının yoxlanılması, onların ləğv edilməsi və ya onlara dəyişiklik edilməsi məqsədi ilə maraqlı şəxslər üçün hüquqi müdafiə imkanları müəyyən edilmişdir. Həmin Qanunun 72-ci maddəsinin müddəalarına əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır.

12. Hazırki mübahisə üzrə diqqətə çatdırılmalıdır ki, tərəflərin sübyektiv hüquq və vəzifələri baxımından iddia edilən pozuntunun ehtimal edilən məzmunu ilə bağlı tərəflər inzibati orqanın aktından, hərəkətlərindən və ya hərəkətsizliyindən müvafiq səlahiyyətlərə malik inzibati orqanlara inzibati icraat qaydasında (və ya nəticəsindən asılı olaraq inzibati prosessual qaydada inzibati məhkəmələrə) müraciət etmək hüquqları vardır. Belə ki, Azərbaycan Respublikasının İnzibati İcraat haqqında qanununun 81.3-cü maddəsinə əsasən: İnzibati orqan inzibati aktın icrası ilə bağlı şəxsin hansı hərəkətləri etməli olduğunu dəqiq müəyyənləşdirməyə borcludur. 13.Bundan əlavə, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 7.2. “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə Təsdiq Edilmiş Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaİarına (1 nömrəli əlavəyə) əsasən: 4.1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir.4.2. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur.8.1. Ərazi idarələri hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərin dövlət reyestrində düzəlişlərin edilməsi barədə ərizəsi (11 nömrəli əlavə) alındığı tarixdən 3 (üç) gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına qeydiyyat şöbəsi tərəfindən 48 saat ərzində səhvlərin aradan qaldırılması barədə bildiriş (12 nömrəli əlavə) verilməlidir. 8.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağını və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır.

15. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə araşdıran məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 139-180, 385-388, 560; Mülki Prosessual Məcəllənin 76, 77, 80-82, 106.2, 217.4, 385-390-cı maddələrinə istinadən hesab edir ki, müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətləri (cavabdehliyi) üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti rədd edilməlidir. Diqqətə çatdırılmalıdır ki, qanunvericiliyə müvafiq faktiki hallara dair ziddiyyətli dəlillər müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid məsələlərdir. Belə ki, mərzçəkmə və texniki inventarlaşdırılma işlərinin aparılması buna hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir. Mülki icraat üzrə münasibətlərin inzibati səciyyəsi barədə hüquqlar izah edilsə də, iddiaçı işin mahiyyəti üzrə baxılmasında israrlı olduğundan, habelə tərəflərin subyektiv tərkibi və biləvasitə tələbləri mülki icraat həddində baxılmasına yönəldiyindən, kollegiya işin mahiyyəti üzrə müəyyən edilən tələblər həddində araşdırmaq məcburiyyətində olmuşdur. İşin mahiyyəti üzrə isə tələb ekspert rəyləri ilə, habelə digər mötəbər sübutlarla (torpağın yerləşdiyi yer) müəyyən edilmədiyindən apellyasiya şikayətinin təmin edilməsinə də əsaslar yaranmır. İzah edilməlidir ki, müvafiq qeydiyyatlara cavabdehlik daşıyan səlahiyyətli icra hakimiyyəti orqanlarına müraciət edilərək verilmiş sənədlər üzrə araşdırma aparılması məhz onların vəzifələrini əhatə edir, hazırki iş üzrə isə bu qeydiyyatlar və onlardan irəli gələn hərəkətlər müvafiq prosedur çərçivəsində mübahisələndirilmədiyindən, mülki mühakimə səlahiyyətlərinə aid olmayan mülkiyyət, sahiblik və istifadə hüquqlarına əsassız müdaxilə hüquqlardan sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Nəzərə alınmalıdır ki, iddaçının mülkiyyət hüququ üzrə gözləntiləri müəyyən edən order müvafiq olaraq mülkiyyət hüquqlarının və ondan irəli gələrək mərzlənmənin həyata keçirilməsi üçün əsas olaraq məhz müvafiq icra hakimiyyətinin səlahiyyətlərini əhatə edir.

16. Diqqətə çatdırılmalıdır ki, iddiaçının istinad edə bilmədiyi və mövcud olmayan maddi hüquq normalarının münasibətlərə təfsiri baxımından hüququn anoloğiyası üzrə belə tətbiqi suiistifadəyə və məhkəmə səlahiyyətlərindən kənar olan qanunsuzluğa şərait yaradan hal olaraq mülki hüququn fələsəfəsinə ziddir.

17. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətlərinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1815/2022 saylı işi üzrə 31 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar