Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1226/2023 19.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyal Sarıyev və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi Aydın Hacıyevin iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi və işə bərpa barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: İddiaçı cavabdeh təşkilatda (təşkilatın Beyləqan mebel fililında) satış məsləhətçisi vəzifəsində işləyib. Onunla bağlanmış əmək müqaviləsi cavabdeh təşkilatın direktorunun xx.xx.2022-ci il tarixli, 360/K nömrəli əmri ilə ləğv edilib. Buna əsas kimi iddiaçının heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi göstərilib. Hüquqi əsas kimi Əmək Məcəlləsini 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəyə istinad olunub. Həmin maddələrə görə, işçinin heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud çəkildə pozulası hesab olunur, bu hal əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, işəgötürənin əmri ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, 2018-ci ildən cavabdeh təşkilatda işləyir, həmişə işə vaxtında gəlib, intizam qaydalarını pozmayıb, iş yoldaşları ilə münasibətləri normal olub. İş yeri üzrə inzibatçı ondan narazıdır, onunla işləmək istmir. Narazılıq isə bu səbəbdən yaranıb ki, inzibatçı ona qarşı kobudluq edirdi, o isə buna etirazını bildirirdi, buna görə də münasibətləri pozuldu. Üzrlü səbəb olmdan işə gəlməməsi barədə məlimat həqiqi deyil. Baş ofisin Pərakəndə satış şöbəsinin müdiri Azər Əliyev öncədən onun iş yerinin (Beyləqan Mebel filialının) inzibatçısına zəng edərək bildirib ki, iddiaçı xx.xx.2022-ci il tarixdən işə gəlməməlidir. O, bunun səbəbini soruşduqda ona demişlər ki, İnsan resursları departamentindən ona bu barədə məlumat veriləcək. Bir müddət gözləməsinə baxmayaraq bu barədə məlumat verilməmişdir. Ona görə də xx.xx.2022-ci il tarixdə özü Azər Əliyevə zəng edərək hansı səbəbdən işə gəlməməli olduğunu soruşmuşdur. Azər Əliyev isə bunu İnsan resursları departamentində Süleyman Şahverdiyev tərəfindən verilən qərar ilə əsaslandırmış və həmin şəxslə əlaqə saxlamalı olduğunu bildirmişdir. Bundan sonra dəfələrlə Süleyman Şahverdiyevə zəng etsə də həmin şəxs danışmaqdan yayınmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Aydın Hacıyev bildirdi ki, iddiaçı xx.xx.2022-xx.xx.2022 və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində heç bir üzrlü səbəb olmadan işə gəlməyib, iddiaçının özü də izahat yazaraq bu halı etiraf edib. Ona görə də apellyasiya şikayəti əsassızdır. Bundan sonra iddiaçı bildirdi ki, həmin izahatı (iş v. 64) ona görə yazmışdır ki, cavabdeh tərəf ona söz vermişdi ki, belə izahat yazsa onu başqa şöbəyə keçirəcəklər. İzahat yazsa da cavabdeh tərəf vədinə əməl etməmiş, əmək müqaviləsini ləğv etmişdir. Qətnamənin yoxlanılması: Qeyd olunduğu kimi, cavabdeh tərəf iddiaçının xx.xx.2022-xx.xx.2022 və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində heç bir üzrlü səbəb olmadan işə gəlmədiyini bildirir. İddiaçı isə buna etiraz edir. İddiaçının etirazında istinad ediyi hallar sübut olunur. Bu barədə 2 sübut var: 1) səs yazısı; 2) işə davamiyyətin qeydiyyat jurnalı. Səs yazısı iddia ərizəsinin qoşmasında (CD diskdə) birinci instansiya məhkəməsinə təqdim edilib (iş v. 17-nin axasında). Səs yazısı apellyasiya icraatı zamanı dinlənildi. Onun məzmunu aşağıdakı kimidir: “- İddiaçı: Salam, Azər bəy. - Azər Əliyev: Salam. - İddiaçı: Danışan Aygündür, “Beyləqan Mebel”dən. Dünən inzibatçıya zəng vurub demisiniz ki, Aygün sabahdan işə gəlməsin. - Azər Əliyev: Bəli, Süleyman bəy dedi ki, işə gəlməsin, özümüz xəbər edəcəyik. - İddiaçı: Əmrimi verin ki, məndə bilim neçə günə çıxacam. Yəni neçə gün qaldığını... - Azər Əliyev: Süleyman bəyin nömrəsi var: 999-11-99. Yığın özü ilə danışın. - İddiaçı: Yəni bilim ki, nə vaxt çıxacam, bildiriş göndərin ... - Azər Əliyev: Elə onu deyirəm, 11-99-la danışın. - İddiaçı: Oldu, sağ olun”. Bundan başqa, işə davamiyyətin qeydiyyatı jurnalından görünür ki, xx.xx.2022ci il tarixdən etibarən iddiaçının adının qarşısında işçinin imzası üçün nəzərdə tutulan yerdə “işə gəlməməsi tapşırıldı” yazılıb (iş v. 7). Bu səbəbdən də iddiaçının həmin jurnalı imzalaması mümkünsüz olub. Beləliklə, iddiaçı heç bir üzrlü səbəb olmadan işə gəlməməkdə təqsirləndirilə bilməz. Göründüyü kimi, əmək müqaviləsinin ləğv edilməsi üçün Əmək Məcəlləsini 70-ci maddəsinin “ç” bəndində və 72-ci maddənin “a” bəndində göstərilmiş əsas yoxdur. Ona görə də məhkəmə Əmək Məcəlləsinin 300-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, qətnamə ləğv edilməli və iddia təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia təmin olunsun. Cavabdeh MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli, 360/K nömrəli əmri ləğv edilsin, İddiaçı Cavabdeh MMC-də əvvəlki vəzifəsinə bərpa olunsun və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1226/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1226/2023
19.01.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver