Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12282/2021 16.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Bayramova Fidan Rafiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(005)-3377/2021 saylı qətnaməsindən qətnamə ilə maraqlarına toxunulan şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 18 fevral 2016-cı il təvəllüdlü X5, 20 noyabr 2017-ci il təvəllüdlü X4 və 20 noyabr 2017-ci il təvəllüdlü X7 adlı övladları ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış evində yaşamasına və həmin ünvanda yerləşən yaşayış evinə bitişik qarajdan istifadə edilməsinə maneələr yaradılmasının cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(005)- 3377/2021 saylı qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddiaçının 18 fevral 2016-cı il təvəllüdlü X5, 20 noyabr 2017-ci il təvəllüdlü X4 və 20 noyabr 2017-ci il təvəllüdlü X7 adlı övladları ilə birlikdə ünvan 2 ünvanında yerləşən yaşayış evində yaşamasına və həmin ünvanda yerləşən yaşayış evinə bitişik qarajdan istifadə edilməsinə maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Həmin qətnamədən cavabdeh və qətnamə ilə maraqlarına toxunulan şəxs kimi X2 10 sentyabr 2021-ci il tarixdə ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(103)-10015/2021 saylı qərardadı ilə qətnamə ilə maraqlarına toxunulan şəxsin apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilərək, şikayət qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 25 noyabr 2021-ci il tarixli, 2(005)-3377 saylı qərardadı ilə qaytarılmışdır. Qətnamə ilə maraqlarına toxunulan şəxsin 06 dekabr 2021-ci il tarixdə yenidən təqdim etdiyi apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası, şikayəti nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli qətnaməsinin surətinin qətnamə ilə maraqlarına toxunulan şəxs X2 tərəfindən hansı tarixdə alınması ilə bağlı dəqiq məlumat olmasa da, işdən görünür ki, X2 həmin qətnamədən apellyasiya şikayətini 10 sentabr 2021-ci il tarixdə (birinci dəfə) rabitə orqanına təqdim etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti imzalanmaması səbəbilə geri qaytarılmış, apellyator tərəfindən bu qüsur aradan qaldırıldıqdan sonra 06 dekabr 2021-ci il tarixdə növbəti dəfə apellyasiya şikayəti rayon məhkəməsinə təqdim olunmuşdur. Göründüyü kimi, X2 tərəfindən qətnamədən ikinci dəfə apellyasiya şikayəti verilərkən qanunla müəyyən edilmiş bir aylıq müddət ötürülmüş, lakin həmin müddətin bərpasına dair ərizə təqdim olunmamışdır. Kolllegiya, vurğulayır ki, məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş 1 aylıq prosesual müddətin axımı həmin qətnamədən verilmiş şikayətin hər hansı səbəbdən (müddət istisna olmaqla) geri qaytarıldığı halda da davam edir. Başqa sözlə, 1 aylıq prosessual müddət mülki prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərə tam şəkildə cavab verən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuşdur. Ona görə də, iddiaçı tərəfindən apellyasiya şikayəti qanunvericilikdə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və ötürülmüş müddətin bərpası məsələsi həll edilmədiyindən, şikayət üzrə apellyasiya mümkün sayıla bilməz. MPM-in 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci inatansiya məhkəməsi tərəfindən qayatrılır. Bundan başqa, MPM-in apellyasiya şikayətinin verildiyi vaxt qüvvədə olan 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. MPM-in 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin maddəyə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qətnamə ilə maraqlarına toxunulan şəxs kimi X2 isə 02.12.2021-ci il tarixdə rabitə orqanına təqdim etdiyi və məhkəməyə 06.12.2021-ci il tarixdə daxil olmuş apellyasiya şikayətini qanunla müəyyən edilmiş forma (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) və qaydaya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) riayət etmədən vermişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi, yuxarıda qeyd edilən hallara diqqət yetirməmiş, apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamışdır. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda Azərbaycan Respublikası MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, apellyasiya şikayəti üzrə qeyri-mümkün hesab edilməli, mülki iş həmin şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(005)-3377/2021 saylı qətnaməsindən qətnamə ilə maraqlarına toxunulan şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-12282/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12282/2021
16.12.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver