Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-12289/2019 19.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Əliyev Zaur Əli oğlu vəTalışinski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Yaqubova Könül Rafiq qızının, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma, mənzilə köçürülmə» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-5577/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma, mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlərə 5600 manat məbləğində kompensasiya ödənilməklə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 23, 46 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi və həmin mənzildən çıxarılmaları, özünün həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət reyestrindən ******* saylı, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerlən 23 saylı evin 46 saylı mənzilinin tam mülkiyyətçisidir. Sözügedən mənzil mülkiyyətinə vərəsəlik şəhadətnaməsi əsasında keçmişdir. 1983-cü ildən sonra uzun müddət öz ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə yaşamışdır. Cavabdehlə oğlu təxminən 2003-cü ildə ailə qurmuş, mübahisəli mənzilə gəlin köçmüşdür. Cavabdehlə oğlu hal-hazırda birlikdə yaşamır. Onların arasında ailə münasibətləri faktiki olaraq bir neçə ildir ki, mövcud deyildir. Cavabdehlə münasibətləri gərgin olsa da, əvvəllər bir yerdə yaşamaq mümkün idi. Bir müddət bundan əvvəl öz ailə üzvləri ilə birlikdə doğulduğu Şamaxı rayonuna bir neçə həftəlik istirahət etmək üçün getmiş, istirahətdən sonra öz evinə geri qayıdarkən qapının bağlı, qapı açarının isə dəyişilmiş olduğunu görmüşdür. Uzun müddət qapıda gözlədikdən sonra mənzilin Cavabdeh1 tərəfindən zəbt olunduğu məlum olmuşdur. Aparılmış uzun müddətli söhbətlərə baxmayaraq, onu mübahisəli mənzilə buraxmağa razılıq verməmişdir. Əri bu barədə ərazi üzrə xidmət göstərən Polis bölməsinə şifahi müraciət edib Cavabdeh1 sözügedən mənzildən çıxarılmasını xahiş etsə də, oradan hazırki mübahisənin qanunvericiliklə polis səlahiyyətlərinə aid olmadığı bildirilmişdirdir. Hazırda cavabdehin onun mülkiyyətində olan mənzildə yaşaması, onu və mənzildə qeydiyyatda olan digər ailə üzvlərini həmin mənzilə buraxmaması bir mülkiyyətçi kimi onun, bir istifadəçi kimi digər ailə üzvlərinin hüquqlarını pozur, qanunla ona məxsus əmlaka dair istifadə və sahiblik hüquqlarını məhdudlaşdırır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)- 5577/2019 saylı qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddia təmin edilərək, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumilikdə 12000 (on iki min) manat məbləğində kompensasiya ödənilməklə onların iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 23, 46 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin həmin mənzildən çıxarılması və İddiaçı həmin mənzilə köçürülməsi, kompensasiyanın ödənilməsi ilə cavabdehlərin istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılmalarının eyni zamanda icra edilməsi qət olunmuşdur. Cavabdeh1 birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, işin obyektiv araşdırılmaması, təklif olunan kompensasiya məbləğinin az olması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, mübahisəli mənzil onun və azyaşlı övladının yeganə yaşayış yeridir. Hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi 12000 manat kompensasiya real olmamaqla, kifayət qədər az məbləğdir. O, həmin pul vəsaitinə digər yerdə özünün yaşayış təminatını həyata keçirə bilməz. Apellyasiya baxışı zamanı iddiaçının təklif etdiyi 20000 manat kompensasiya məbləği ilə razıdır və hesab edir ki, həmin miqdarda pul vəsaiti ona ödənilərsə, istifadə hüququna xitam verilərək övladı ilə birlikdə mənzildən çıxmağa razı ola bilər. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi hazırki vəziyyətdə cavabdeh tərəfə 20000 manat kompensasiya təklif etdiklərini, cavabdehin həmin məbləğlə razı olmasını, bu halın nəzərə alınmaqla iddianın təmin olunmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundansonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İlkin olaraq qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 23, 46 saylı mənzilə köçürülməsi hissəsində əsaslıdır. Çünki, işdə olan sübutlarla iddiaçının həmin mənzilin mülkiyyətçisi (çıxarış – qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019) olması müəyyən olunur. Mülkiyyətçinin isə öz əmlakından maneəsiz istifadə etmək, ona sahiblik etmək və üzərində sərəncam vermək hüququ tanınmaqla, qanunla qorunur (Konstitusiyanın 13, 29cu maddələri, Mülki Məcəllənin 152.1-cimaddəsi və s.). Məhkəmə kollegiyası, eyni zamanda cavabdeh tərəfin iddiaçının mülkiyyətində olan mənzildən kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma barədə tələbə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2013-cü il tarixli Qərarı). Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini əmlak itkilərinə aid etmək olar. Çünki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməli, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli qərarı). Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləğinin yetərli olub-olmamasını tam və ətraflı yoxlamamış, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməmiş, işdə olan sübutları düzgün qiymətləndirməmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin normalarını nəzərə alaraq hesab edir ki, təklif olunmuş 12000 manat kompensasiya cavabdehə və onun azyaşlı övladına davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Konstitusiya Məhkəməsi qeyd edilən qərarında, həmçinin göstərmişdir ki, kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. İddiaçı apellyasiya icraatı zamanı kompensasiyanın məbləğini dəyişərək, 20000 manat təklif etmişdir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır («R.Ağalarovun şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarı). Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Qeyd edilməlidir ki, təklif olunan kompensasiyanın məbləğinin uyğunluğu yoxlanılarkən ilk növbədə digər tərəfin (istifadə hüququ olan şəxsin) həmin məbləğə münasibəti (razılığı) nəzərə alınmalıdır. Apellyasiya icraatı zamanı cavabdeh təklif olunan 20000 manat kompensasiya məbləği ilə razılaşdığını bildirmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası da işdə olan digər sübutlara əsasən kompensasiyanın qeyd edilən məbləğini hazırkı mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edir. Çünki, kompensasiya cavabdehin həmin ərazidə uzun müddət mübahisəli mənzilə oxşar şəraitdə yaşamasına imkan verir. Məhkəmə kollegiyası, işin faktiki hallarını, qanunvericiliyin qeyd edilən normalarını, işdə olan sübutları, həmçinin təklif olunan kompensasiya məbləğinə digər tərəfin razılığını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qeyd edilən hissədə dəyişdirilməli, kompensasiyanın məbləği 20000 manat həddində müəyyən edilməlidir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MPM-in 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi kompensasiyanın məbləği hissədə dəyişdirilməli, kompensasiyanın məbləği 20000 (iyirmi min) manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma, mənzilə köçürülmə» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-5577/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəriXətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)- 5577/2019 saylı qətnaməsi kompensasiyanın məbləği hissədə dəyişdirilsin, cavabdeh tərəfə ödənilməli olan kompensasiyanın məbləği 20000 (iyirmi min) manat müəyyən edilsin. Qətnamə apellyasiya şikayətinə əsasən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-12289/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-12289/2019
19.11.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver