Məhkəmə qərarları › İş №2(103)-12307/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12307/2021

29.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12307/2021 29.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh X1rşı “istifadə və sahiblik hüququnun bərpa edilməsi və ərazidən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qərardadından maraqlarına toxunulan şəxs qismində X5 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (məhkəmə) 10 noyabr 2021-ci il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh X1rşı “istifadə və sahiblik hüququnun bərpa edilməsi və ərazidən çıxarılma” tələbinə dair mülki işin icraatı, iddiaçının 20.08.2021-ci il tarixdə vəfat etmiş olması əsas göstərilməklə onun hüquq varisi müəyyən edilənədək dayandırılmış, həmin qərardaddan iddiaçının prosessual hüquq varisi kimi tanınmasını tələb edən Samir Rzayevin verdiyi şikayət isə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, İddiaçı vəfat etməsi ilə bağlı vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyənləşdirilmiş, məhz Samir Rzayev mərhumun vərəsəsi kimi tanınmış, məhkəmə isə yalnız vərəsəlik şəhadətnaməsinin alınmadığını əsas gətirməklə işin icraatını qanunsuz olaraq dayandırmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq məhkəmənin mübahisələndirilən qərardadı ləğv edilməli və mülki iş, icraatın təzələnərək işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, qanunverici məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından birinin təsbit olunduğu Mülki Prosessual Məcəllənin 254.1.1-ci maddəsinə görə, işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə, hakim iş üzrə icraatı dayandırmalıdır. Həmin Məcəllənin 256.0.1-ci maddəsinə görə isə, bu Məcəllənin 254.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraat, çıxmış şəxsin hüquq varisi müəyyən edilənə və ya fəaliyyət qabiliyyəti olmayan şəxs üçün nümayəndə təyin edilənədək dayandırılır. İş materiallarından aydın olur ki, İddiaçı 20.08.2021-ci il tarixdə vəfat etmiş, onun ölümündən sonra X4 ərizəsi əsasında Bakı şəhəri 35 saylı notariat ofisində vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyənləşdirilmiş və digər vərəsələr öz miras paylarından Samir Rzayevin xeyrinə imtina etmiş, notariat ofisinin məhkəməyə ünvanladığı arayışda məhz Samir Mirzəyevin mərhumun qanun üzrə vərəsəsi olduğu bildirilmişdir. Kollegiya hesab edir ki, məhkəmə mülki qanunvericiliyin vərəsəliklə bağlı müddəalarını nəzərə almamış, beləliklə də iddiaçının məhkəmə müdafiəsi hüququnun xələl görməsinə yol açmışdır. Belə ki, Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Qanunvericiliyin müddəalarından göründüyü kimi, birinci instansiya məhkəməsi vəfat etmiş iddiaçının vərəsəsi kimi tanınmış və onun prosessual hüquq varisi kimi prosesə daxil olmaq istəyini bəyan edən Samir Rzayevin vərəsəlik şəhadətnaməsi almadığına əsaslanmaqla icraatın dayandırılmalı olması qənaətinə gəlməkdə haqlı olmamışdır. Mülki Məcəllənin 257-ci maddəsinə əsasən, işin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya məhkəmənin təşəbbüsü ilə iş üzrə icraat təzələnir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-141/2021 saylı iş üzrə 10 noyabr 2021-ci il tarixli qərardadı ləğv olunsun və mülki iş, icraatın təzələnərək işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar