Məhkəmə qərarları › İş №2(103)-1231/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1231/2023

28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1231/2023 28.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: "müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi") Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-419/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 42,9 kv.m təmirli mənzilin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir).

2. Nəsimi Rayon Məhkəməsinin 2(006)-419/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia təmin edilmiş, Cavabdehndən 42,9 kv.m təmirli mənzil alınaraq İddiaçı verilməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:

3. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi göstərmişdir ki, məhkəmə qanunu düzgün təfsir etməyib və sübutlara düzgün hüquq qiymət vermədən subyektiv mülahizə əsasında qanunsuz və əsassız nəticəyə gəlib. Belə ki, iş materiallarında cəmiyyətin inşa etdirdiyi çoxmənzilli yaşayış binasının layihə sənədləri yoxdur. Məhkəmə bununla bağlı heç bir araşdırma aparmayıb. Dəfələrlə məhkəmə prosessində iddiaçının tələbinin qeyri-mümkünlüyü ilə bağlı tərəfimizdən izahlar verilsə də, məhkəmə əsassız olaraq iddianı təmin etmişdir. Belə ki, ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayıb binasında 42,9 kv.m sahəli mənzil yoxdur və olmayıb. Belə bir mənzil layihədə də yoxdur. İddia əsaslı olsa belə, gələcəkdə bu iddianın təmin olunması qeyri-mümkündür. İddianın əsassızlığı ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı məhkəməyə heç bir sübut (pretenziya, fotoşəkil, ölçülərin düz gəlməməsi ilə bağlı tərtib edilmiş sənədlər) təqdim etməyib. Birbaşa iddia ərizəsi tərtib edərək ona verilməli olan sahənin az olmasını bildirib və elə birinci məhkəmə iclasında ekspertiza təyin edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edib. Məhkəmənin növbəti qərəzli mövqeyi isə ondan ibarətdir ki, yuxarıda sadalanan hər hansı sübutlardan biri olmadan dərhal məhkəmə tikinti-texniki ekspertizası təyin edib.Məhkəmə yalnız ekspert rəyinə istinad edib. Cavabdeh tərəfindən isə heç bir sübut məhkəməyə təqdim olunmayıb. Bu səbəbdən, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

4. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi, həmçinin bildirdi ki, verilən mənzil sahəsinin az olması ilə razılaşsalar belə, hazırda cavabdehin inşa etdiyi binada 42,9 kv.m sahəli mənzil olmadığından məhkəmə icrası mümkün olmayan qətnamə çıxarmışdır.

5. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə2 ayrılıqda apellyasiya şikayəti ilə razılaşmayaraq, apellyasiya şikayətinin açıq aşkar yubatma xarakterli olduğunu, bu səbəbdən də təmin edilməməsini xahiş etdi. Həmçinin qeyd etdilər ki, onlar mənzilin dəyərini yox, həmin sahəli mənzil verilməsini istəyir, cavabdeh 42,9 kv.m sahəsi olan mənzil olmadığına istinad edərək bəhanə gətirir, amma hazırda binanın tikintisi gedir, uyğunlaşdırıb 42,9 kv.m sahəli mənzil verə bilərlər, bu mümkün deyilsə icra qaydasında sahəsi bir qədər artıq mənzil versələr, qalan sahənin pulunu ödəyə bilərlər, yaxud 42,9 kv.m sahənin real bazar dəyərini ödəsələr razılaşmaq mümkün ola bilər. Sübutların tədqiqi:

6. Mülki iş materiallarında olan:

7. 13 aprel 2019-cu il tarixli əvəzləşmə müqavilələrinə əsasən, İddiaçı ilə Cavabdeh MMC arasında əvəzləşmə müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən, Cavabdeh MMC Bakı şəhəri, Səbail rayonu, X1 küçəsi, ev 44 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan ona məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirəcək, bu binada söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 4 otaqlı, 17,55 kv.m və 4 otaqlı, 65,7 kv.m mənzilin dövlət reyestrdən çıxarışda göstərilmiş təmirli 3 otaqlı, 100 kv.m və 3 otaqlı, 95 kv.m mənzilləri sahibinə verməyi öhdəsinə götürmüşdür.

8. 28 aprel 2022-ci il tarixli, 10/507 №-li Ekspert rəyinə əsasən, Cavabdeh MMC tərəfindən İddiaçı təklif edilmiş Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən təqdim olunmuş mənzilin ümumi sahəsinin 72,3 kv.metr, həmin binada 5-ci mərtəbədə yerləşən təqdim olunmuş mənzilin ümumi sahəsinin 71,25 kv.metr təşkil etdiyi müəyyən olunmuşdur. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış müqavilələrdə qeyd olunan sahələr ilə (195 kv.metr) baxış zamanı təqdim olunmuş mənzillərin ümumi sahəsi (143,55 kv.metr) arasında 51,45 kv.metr, həmin mənzillərin faktiki sahəsi (152,1 kv.metr) arasında 42,9 kv.metr fərq olduğu müəyyən edilmişdir.

9. 12 sentyabr 2022-ci il tarixli, 10/4180 №-li Ekspert rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasında təqdim olunmuş mənzillərin sahəsi çöldən-çölə, yəni mənzildə yerləşən tikililərin sahəsi, çöl və arakəsmə divarlarının, eləcə də şaquli boşluqların yerləşdiyi sahə daxil olmaqla hesablandıqda 4-cü mərtəbədə yerləşən mənzilin sahəsinin 96,8 kv.metr, 5-ci mərtəbədə yerləşən mənzilin sahəsinin 94,3 kv.metr təşkil etdiyi müəyyən edilmişdir.

10. AR ƏMDK DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən RX seriyalı, ******* №-li Çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, X1 küçəsi, ev 44, mənzil 16/17 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə 1204 nömrəli reyestr kitabının 109451 nömrəli vərəqində qeydiyyata alınmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası

11. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

12. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

13. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

14. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

15. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Maddə 405. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.

19. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

22. Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin, hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı).

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (“Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007ci il 10 may tarixli Qərar).

24. Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; “Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

29. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

30. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

31. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

32. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

35. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

37. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

38. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

39. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır.

40. Kollegiya Cavabdehin apellyasiya şikayətinin iddiaçının tələb etdiyi həcmdə mənzil olmaması barədə dəlili ilə bağlı bildirir ki, iddiaçı tərəf izahatında həmin ölçüdə mənzil verilə bilməsə, icra qaydasında həmin ölçüdən artıq sahəli mənzilin verilməsinin onların da artıq sahə üçün ödəniş edə bilməsinin mümkünlüyünü, yaxud həmin sahənin real dəyərinin ödənilməsi ilə razılaşa biləcəyini qeyd etmişdir.

41. Kollegiya apellyasiya şikayətinin idiaçının iddia tələbi ilə bağlı sübut təqdim etməməsi, məhkəmənin yalnız ekspert rəyinə əaslanması barədə dəlili üzrə qeyd edir ki, tərəflər arasında əvəzləşmə müqaviləsi bağlanmış, həmin müqavilələrə əsasən, Cavabdeh MMC İddiaçı öz mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasının 4-cü və 5-ci mərtəbələrində yerləşən mənzillərin əvəzinə iki ədəd 3 otaqlı sahələri 95 kv.metr və 100 kv.metr olan mənzilləri İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Məhkəmə Ekspertiza Mərkəzinin 8 aprel 2022-ci il tarixli, 10/507 №-li Ekspert rəyinə əsasən, müqavilə ilə cavabdehin iddiaçıya təqdim etməli olduğu ümumilikdə 195 kv.metr sahəli mənzil ilə təqdim olunmuş mənzillərin faktiki sahəsi (152,1 kv.metr) arasında 42,9 kv.metr fərq olduğu müəyyən edilmişdir.

42. Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə ilə iddiaçıya ümumlikdə 195 kv.m sahəsi olan mənzil verilməsi barədə cavabdeh üzərinə öhdəlik götürmüş, yuxarıda qeyd edilən ekspert rəyi ilə də cavabdehin iddiaçıya verməli olduğu ümumilikdə 195 kv.metr sahəli mənzil ilə təqdim olunmuş mənzillərin faktiki sahəsi (152,1 kv.metr) arasında 42,9 kv.metr fərq olduğu müəyyən edildiyindən, rayon məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz. Apellyasiya Məhkəməsinin mövqeyi:

43. Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Nəticə:

44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

45. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

46. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-419/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar