Məhkəmə qərarları › İş №2(103)-12311/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12311/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12311/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (məhkəmə) 19 noyabr 2021-ci il tarixli qərardadı ilə "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə qərar verilmiş, həmin qərardaddan Cavabdeh1 verdiyi şikayət məhkəmənin 19 noyabr 2021-ci il tarixli qərardadı ilə geri qaytarılmış, adı çəkilən şəxsin bu qərardaddan verdiyi şikayət isə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və iş, sonrakı zəruri prosessual hərəkətlərin həyata keçirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 402.3-cü maddəsinə görə, birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli Qərarında məhkəmələrin diqqətinə çatdırılmışdır ki, MPM-ə əlavə edilmiş 403-1-ci maddənin tətbiqi kassasiya instansiyası ilə yanaşı birinci instansiya məhkəmələrinin üzərinə də müəyyən prosessual vəzifələr qoymaqla, onlar tərəfindən məhkəmə aidiyyəti ilə bağlı yaranan fikir ayrılıqlarına dair qərardadların qəbulundan fərqli olaraq, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan işdə iştirak edən şəxslər tərəfindən şikayətin verilməsi zamanı bir sıra zəruri prosessual hərəkətlərin yerinə yetirilməsini tələb edir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, bu qərardadlardan verilən şikayətlərin birinci instansiya məhkəməsinə verilməsinə baxmayaraq, şikayətlər hər bir halda vəkil tərəfindən tərtib edilməli, habelə müvafiq order əlavə edilməlidir. Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə bu şikayətlər vəkil tərəfindən tərtib edilmədikdə və ona vəkilin orderi əlavə olunmadıqda, MPM-in 403-1.4-cü maddəsindən çıxış edilməklə, həmin Məcəllənin apelyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmiş 408.1.3-cü maddəsinin müddəaları tətbiq edilib, şikayət geri qaytarılmalıdır. Nəzərə alınmalıdır ki, MPM-in 403-1.4-cü maddəsinə əsasən şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair bu qərardaddan kassasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Bununla yanaşı, digər qərardadlardan fərqli olaraq qanunvericiliyə edilən sözügedən dəyişikliklərə uyğun olaraq birinci instansiya məhkəməsi MPM-in 269-cu maddəsi əsasında şikayətə baxarkən öz qərardadının ləğv edilməməsi barədə qənaətə gəldikdən sonrakı 7 gün ərzində MPM-in 403-1.5-ci maddəsində nəzərdə tutulmuş qaydada şikayəti xəbərnaməli bildirişlə işdə iştirak edən şəxslərə göndərməli, habelə hər birinə şikayəti aldıqdan sonra 5 gün müddətində kassasiya instansiyası məhkəməsinə etiraz və yaxud izahatlarını göndərmək hüquqlarını izah etməlidir. Yalnız bundan sonra iş kassasiya instansiyası məhkəməsinə göndərilməlidir ki, sonuncunun işə məhkəmə iclası keçirmədən qısaldılmış 10 günlük müddətdə baxma imkanı olsun. Göründüyü kimi, MPM-ə edilmiş əlavə və dəyişikliklərə əsasən 2020-ci il yanvarın 1-dən məhkəmə aidiyyəti ilə bağlı birinci instansiya məhkəmələrinin qərardadlarından verilmiş şikayətlərə apelyasiya instansiyası məhkəməsi deyil, birbaşa olaraq kassasiya instansiyası məhkəməsi tərəfindən baxılması nəzərdə tutulmuş, birinci instansiya məhkəməsi isə bu halı nəzərə almayaraq 19 noyabr 2021-ci il tarixli qərardadından verilən şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4029/2021 saylı iş üzrə 19 noyabr 2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və iş, sonrakı zəruri prosessual hərəkətlərin həyata keçirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar