Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-12312/2021 29.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Babayev Fuad Fikrət oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində "xxxx" ASC cəlb edilməklə) Cavabdeh qarşı cavabdehin mənzildən əşyaları ilə birlikdə çıxarılması tələbinə dair iddiası, Cavabdeh (3-cü şəxs qismində "xxxx" ASC və 14 saylı Notariat kontoru cəlb edilməklə) cavabdeh İddiaçı qarşı ilkin alğı-satqı müqaviləsinin ləğv edilməsi, maddi və mənəvi ziyanın tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1940/2021 saylı, 14 oktybr 2021-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh F.Mehdiyeva tərəfindən verilən apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində «Bank Avrasiya ASC cəlb edilməklə) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müracəit edərək, Cavabdeh qanunsuz olaraq zəbt etdiyi və ona məxsus olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin boşaldılması və cavabdehin ona məxsus əşyalarla birlikdə həmin yaşayış sahəsində çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 07 fevral 2019-cu il tarixli alğı-satqı və ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini 2N00 manat məbləğində ilkin ödəniş ödənilməklə, qalan vəsaiti isə "xxxx" ASC ilə onun arasında imzalanmış 06.02.2019-cu il tarixli İBO/167 saylı kredit müqaviləsinə əsasən illik 7% hesablanmaqla, N0 ay müddətinə qaytarılmaqla ona ayrılmış 88000 manat məbləğindəki kredit vəsaiti hesabına olmaqla ümumilikdə 111000 manat məbləğində vəsait ödəməklə X1 almışdır. Əmlakın mülkiyyət hüququ əsasında ona məxsus olması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11.02.2019-cu il tarixli Daşınmaz əmlak, alğı-satqı və ipoteka müqaviləsinə əsasən əldə edildiyindən hazırda həmin əmlak 06.02.2019-cu il tarixli İBO/167 saylı Kredit müqaviləsin təminatı olaraq "Bank Avrasiya” ASC-də ipoteka ilə yüklüdür. ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi mülkiyyət hüququ ilə ona məxsus olsa da, faktiki olaraq həmin əmlak Cavabdeh qanunsuz istifadəsindədir. Belə ki, onunla Cavabdeh arasında həmin yaşayış sahəsinin idarəçiliyi və istifadəsinə dair hər hansı razılaşma olmasa da, onun iradəsinə zidd olaraq cavabdeh həmin əmlakın faktiki idarəçiliyini həyata keçirməklə bərabər, həmin yaşayış sahəsindən istifadə hüququnu həyata keçirir və bununla da mülkiyyətçi olaraq mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Mülkiyyətinin qanunsuz olaraq zəbt edilməsindən müharibə bitdikdən və "Bank” tərəfindən Bakı şəhər Səbail rayon Məhkəməsində qaldırılmış iddia üzrə məhkəmənin qəbul etdiyi 05.10.2020-ci il tarixli 2(009)-1426/2020 saylı qətnaməsini aldıqdan sonra məlumatlı olmuşdur. O, İİ Qarabağ müharibəsi başlamazdan əvvəl təlimlərdə olmuş, müharibə başlayandan sonra isə müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarından işğal olunmuş torpaqlarının azadlığı uğrunda döyüşlərdə iştirak etmiş və döyüşlərdə ağır yaralanmışdır. Ağır xəsarət aldığı üçün xəstəxanada müalicə almağa başlamışdır. Təlimlər, davamında müharibədə iştirak ediyindən, sonradan isə xəstəxanada müalicə aldığından, ona mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində, habelə hərbi hissədə olmadığından evin faktiki olaraq Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edildiyindən məlumatlı olmamışdur. Məlumatlı olmamağının səbəbi keçən müddət ərzində həmin mənzildə yaşamamağı ilə əlaqədardır. Onun xəstəxanada müalicə almağı ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanası” X16 tərəfindən təqdim edilmiş 26.10.2020ci il tarixli, 31/65 saylı arayış təqdim edilmişdir. Həmin arayışda göstərilmişdir ki, xəstə İddiaçı 04.10.2020-ci il tarixindən Ortopediya şöbəsində "Odlu silah yaralanması, sağ baldırın yumşaq toxuma yarası, sağ qalmış sümüyünün çox qəlpəli yerdəyişmiş sınığı” diaqnozu ilə stasionar müalicədədir. Hazırki günə qədər də stasionar müalicə davam etdirilir. Müharibədə ağır yaralandığı və travma almağı barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən verilmiş N.01.2021-ci il tarixli N №-li Travma haqqında arayış mövcuddur. Həmin arayışdan da bəlli olur ki, o, İddiaçı 28.09.2020-ci il tarixində Azərbaycan Respublikasının işğal olunmuş torpaqların azad olunması uğrunda gedən döyüşlər zamanı düşmən tərəfindən atılmış güllə yaralanması nəticəsində "Odlu silah yaralanmasından, sağ baldır sümüklərin açıq qəlpəli yerdəyişmiş sınığı, yumşaq toxuma defektinə görə aparılmış Q.A.İlizarov üsulu ilə osteosintezi cərrahi əməliyyatdan sonraki vəziyyət” xəsarətini almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliknikası tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, müharibə zamanı aldığı xəsarət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli 269№-li qərarı ilə təsdiq edilmiş "Ağır, az ağır və yüngül xəsarət Siyahısı”na əsasən ağır xəsarətdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliknikasını tərəfindən verilmiş 01.05.2021 -ci il tarixli 7335 saylı arayışdan müəyyən olunur ki, 01.05.2021-ci il tarixindən etibarən xəstəliyi ilə əlaqədar ona N gün müddətində məzuniyyət verilmişdir. Müharibədə ağır yaralandığından və daimi qulluğa ehtiyacı olduğundan, habelə cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş və ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən başqa yaşayış yeri olmadığından hazırda həmin yaşayış sahəsində deyil, valideyinlərinin yaşayış yeri olan Goranboy rayonu, Balakürd kəndində yaşayır. Müalicə ilə əlaqədar mütəmadi olaraq Bakı şəhərinə gəlməli olsa da, həmin mənzildə yaşamaq hüququ Cavabdeh tərəfindən məhdudlaşdırıldığından onun üçün çoxlu maneələr, habelə əlavə xərclərin mövcudluğu yaranmışdır. Cavabdeh tərəfindən mülkiyyətində olan yaşayış sahəsindən məhrum olmaqla bərabər, həmin şəxs onun əlavə xərclərdə (yol xərci, qonaqlama xərci və.s) iştirak etməyinə də səbəb olmuşdur. Xəsarəti ağır olduğundan onun mütəmadi olaraq müalicəyə ehtiyacı var. Müalicəsinin həyata keçirilməsi rayon xəstəxanasında mümkün deyildir və tərəfindən hər dəfə Bakı şəhərinə gəlməyi zərurəti vardır. Bakı şəhərində özünəməxsus yaşayış sahəsi olmasına baxmayaraq, həmin yaşayış sahəsinin cavabdeh tərəfindən zəbt olunması səbəbindən ona daha çox zərər vurur. Mülkiyyət hüququ əsassız şəkildə pozulduğundan və cavabdeh tərəfindən həmin əmlak könüllü sürətdə ona təhvil verilmədiyindən cavabdehin həmin mənzildən məcburi qaydada çıxarılması zərurəti vardır. Cavabdeh 3-cü şəxs qismində "xxxx" ASC və 14 saylı Notariat kontoru cəlb edilməklə cavabdeh İddiaçı qarşı ilkin alğı-satqı müqaviləsinin ləğv edilməsi, maddi və mənəvi ziyanın tutulması tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı mənzilə görə ödədiyi 18800 manat, kirayədə qaldığı müddət 6750 manat, 660 manat, 400 manat, ödədiyi N manat və 15 ay müddətində ona vurduğu mənəvi zərərə görə 20000 manat, cəmi 46740 manat məbləğində pul vəsaitinin ödənilməsinə, 22.09.2019-cu ildə 14 saylı notariat kontorunda aralarında bağlanmış ilkin alğı-satqı müqaviləsinin ləğv edilməsi, qətnamənin icrasının ona dəymiş maddi və mənəvi zərər ödənilməklə 22.09.2019-cu ildə 14 saylı notariat kontorunda aralarında bağlanmış ilkin alğı-satqı müqaviləsinin ləğv edilməklə eyni vaxtda icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı 2019-cu ildə ona bildirdi ki, ona məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 63.9 kv.m olan 18 nömrəli mənzilini satır. Həmin dövrdə o da öz mənzilini sataraq qızıl biznesi ilə gəlir əldə etməli olduğundan, onun mənzilini də "xxxx" ASC-də girovda olduğundan və həmin mənzilə ilkin ödəniş etməklə əldə edə və qalan pulunu isə kreditlə ödəyərək həm yenidən mənzil almış olacağını, həm də qızıl biznesini inkişaf etdirəcəyini düşünərək cavabdehə həmin mənzili ala biləcəyini bildirdi. Belə ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, ev 1 ünvanında yerləşən, ümumi sahəsi 63,9 kv.m.olan 18 nömrəli mənzil cavabdehin xüsusi mülkiyyətində və Bank Avrasiya ASC-nin girovunda idi. Həmin mənzil 105012 manata qiymətləndirməklə 21.09.2019-cu ildə 14 saylı notarit kontorunda ilkin alğı-satqı müqaviləsi bağladılar. Həmin ilkin alğı-satqı müqaviləsinin 2.2-ci bəndində də göstərildiyi kimi nəzərdə tutulan qiymətin 16660 manatını satıcının notariusun bankla olan depozit hesabına ödəmişdir. Qalan pul məbləğini isə "xxxx" ASC- nin 06.02.2019-cu il tarixli İBO/167 saylı kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən 01.10.2019-cu il tarixdən başlayaraq cavabdehin əvəzinə cədvələ uyğun ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndindən də göründüyü kimi, cavabdeh müqavilə bağlandığı andan mənzili 10 gün müddətinə ona təhvil verməyi və əsas alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsini öz öhdəsinə götürmüşdü. Müqavilənin 4.1-ci bəndinə əsasən tərəflərdən hər biri öz öhdəliyini yerinə yetirməzsə digər tərəfin müqaviləni dəyişdirmək və çəkilmiş xərclərin ödənilməsini tələb etmək hüququ var. Cavabdehlə razılaşmamaları səbəbindən o, həm mənzil əldə edərək, qalıq pulunu hissə-hissə ödəyəcəkdi, həm də qızıl biznesini inkişaf etdirəcəkdi. Mənzilə dair ilkin alğı-satqı müqaviləsi bağlamaqlarına və həmin müqavilənin bağlandığı 21.09.2019-cu il tarixdən l0 gün sonra mənzil ona təhvil verilməli olsa da, artıq 1 ildir ki, o nə mənzili cavabdehdən ala bilmir, nə də ona ödədiyi pulu, çəkdiyi xərcləri, nə də vurduğu zərəri. Notariat kontoru isə həmin alğı-satqının ləğv edilməsini və ona ödədiyi pulu, çəkdiyi xərcləri və vurduğu zərəri qaytarmasını məhkəmədən xahiş edir. Belə ki, o, mənzili satdığından və həmin mənzili alaraq ora köçüb yaşamalı idi və qızıl biznesini davam etdirməli idi, cavabdeh 10 günə ona mənzili təhvil vermədiyindən, o, məcbur olaraq kirayədə qalmalı oldu və bunun üçün hər ay 400 manat pul ödəyir. Artıq 11 aydır ki, 400 manatdan hesablamaqla 4400 manat kirayə pulu ödəmişdir, həmçinin həm kirayə, həm kredit ödənişlərini etməkdə çətinlik çəkdiyindən artıq bir neçə aydır ki, kreditləri də ödəyə bilmir ki, bütün zərərlər də məhz cavabdehin hərəkətləri nəticəsində ona dəymişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1940/2021 saylı, 14 oktybr 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 1 saylı evin 18 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması, qarşılıqlı iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı 18.796,54 (on səkkiz min yeddi yüz doxsan altı manat əlli dörd qəpik) manat tutularaq iddiaçı Cavabdeh ödənilməsi, qarşılıqlı iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin məhkəmə qərəzlilik nümayiş etdirib, qabaqcadan iddiaçının iştirak etmədiyi ekspertiza və komissiyanın verdiyi rəyi əsas götürüb. Məhkəmə hər iki iddia tələbini eyni vaxtda təmin etməli olduğu halda bunu aydınlaşdırmamışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasına iştirak edən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə şikayəti qəbul etməyərək, rədd edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən, nümayəndələrinin iştiraklarını təmin etmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların və nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının qarşılıqlı iddia tələbinin təmin edilməmiş hissədə yoxlanılması təşkil edir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Beləliklə məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, 07 fevral 2019-cu il tarixli alğı-satqı və ipoteka müqaviləsindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini 2N00 manat məbləğində ilkin ödəniş ödənilməklə, qalan vəsaiti isə "xxxx" ASC ilə onun arasında imzalanmış 06.02.2019-cu il tarixli İBO/167 saylı kredit müqaviləsinə əsasən illik 7% hesablanmaqla, N0 ay müddətinə qaytarılmaqla ona ayrılmış 88.000 manat məbləğindəki kredit vəsaiti hesabına olmaqla ümumilikdə 111.000 manat məbləğində vəsait ödəməklə X1 almışdır. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 06.02.2019-cu il tarixli İBO/167 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 88.000 manat məbləğində illik 7 faiz dərəcəsi ilə N0 ay müddətinə ipoteka krediti verilmişdir. 26 oktyabr 2020-ci il tarixli 31/65 saylı arayışdan görünür ki, İddiaçı 1994-cü il təvəllüdlü 04.10.2020-ci il tarixdən xəstəxananın Ortopediya şöbəsində» Odlu silah yaralanması. Sağ baldırın yumşaq toxuma yarası, sağ qamış sümüyünün çox qəlpəli yerdəyişmiş sınığı» diaqnozu ilə stasionar müalicədədir. Hazırda xəstə stasionarda müalicəsini davam etdirir. N.01.2021-ci il tarixli N №-li N saylı hərbi hissənin travma arayışından görünür ki, İddiaçı 28.09.2020-ci il tarixində Azərbaycan Respublikasının işğal olunmuş torpaqların azad olunması uğrunda gedən döyüşlər zamanı düşmən tərəfindən atılmış güllə yaralanması nəticəsində «Odlu silah yaralanmasından (28.09.2020) sağ baldır sümüklərinin açıq qəlpəli yerdəyişmiş sınığı, yumşaq toxuma defektinə görə aparılmış Q.A.İlizarov üsulu ilə osteosintezi cərrahi əməliyyatından sonrakı vəziyyət» xəsarətini almışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1426/2020 saylı, 05.10.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı X17 Səhmdar Cəmiyyətinin xeyrinə 87112,96 manat əsas borc, 3906,39 manat faiz borcu, iddia ərizəsinin verilməsi üçün ödənilmiş N manat dövlət rüsumu və bildirişin qeydiyyatı üçün dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş N manat məbləğində pulun tutulması, tutmanın cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 1 saylı evin 18 saylı mənzilinə yönəldilməsi, mənzil açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına Bank Avrasiya ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, "xxxx" ASC-nin xeyrinə tutulan borc və məhkəmə xərcləri ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh İddiaçı qaytarılması, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 1 saylı evin 18 saylı mənzili hərracdan satıldıqdan sonra mənzildə qeydiyyatda olan və yaşayan cavabdehlər X8, X5, X10 və X7 ən geci 1 (bir) ay ərzində mənzildən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1237/2021 saylı, 16.06.2021-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 1426/2o20 saylı, 05.10.20202-ci il tarixli qətnaməsinin ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, ev 1, 18 saylı mənzilin likvid dəyərinin 120.000 manat müəyyən edilməsi qət edilmişdir. 14 saylı notariat ofisində 21.09.2019-cu il tarixdə təsdiq edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış İlkin alğı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 1 saylı evin 18 saylı mənzilinin qiyməti 105.012 manat məbləğində müəyyən olunmuşdur. "Alıcı” mənzilin qiymətinin 16.660 manatını "Satıcı”ya notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödədi. "Alıcı” qalan pul məbləğini isə "Bank Avrasiya” ASC-nin 06.02.2019-cu il tarixli İBO/167 saylı kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən 01.10.2019-cu il tarixdən başlayaraq İddiaçı əvəzinə cədvələ uyğun ödəməyi öz öhdəsinə götürür. "Muğanbank” ASC-nin 21.09.2019-cu il tarixli xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh tərəfindən notarius X4 bankda açılan depozit hesabı vasitəsi ilə 16660,0 manat ödəniş etmişdir. Birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsi ilə bağlı mövqeyinə görə, kirayə qaldığı müddət üzrə çəkilən xərclərə və mənəvi sarsıntı keçirməsinə dair sübutlar təqdim edilmədiyindən həmin hissədə iddia tələbi rədd edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, Cavabdeh kirayə qaldığı müddət üçün 6750 manat pul tələb edir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, apellyator birinci instansiya məhkəməsinə 01.09.2019-cu il tarixli yaşayış sahəsinin kirayəsi haqqında müqaviləni təqdim etmişdir. Həmin müqavilədə göstərilir ki, kirayə predmeti ünvan 3 ünvanında yerləşir və ümumi sahəsi 71.86 kv.m təşkil edir. Kirayəçi hər ay 400 manat məbləğində kirayə haqqı ödənilməsini öhdəsinə götürür. Müqavilənin müddəti 1 il təşkil edir. Təqdim edilmiş müqavilə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, həmin müqavilə notarial qaydada təstiq edilməmiş və dövlət qeydiyyatına alınmamışdır. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bundan başqa cavabdeh kirayədə qaldığı müddət ərzində həmin müqavilə üzrə hər ay 400 manat olmaqla, ümumilikdə 6750 manat məbləğində pul vəsaiti ödəməsini qeyd etsə də, bununla bağlı ödəniş qəbzləri və ya digər sübutları məhkəməyə təqdim etməmişdir. Qarşılıqlı iddianın təmin edilməyən hissəsinin 600 manat və 400 manat pulun ödənilməsi ilə bağlı, ümumiyyətlə həmin məbləğlərin təyinatına dair məhkəmə hər-hansı sübut təqdim edilmədiyinə görə, birinci instansiya məhkəməsi həmin hissədə iddianı rədd etməklə də düzgün nəticəyə gəlmişdir. Bundan başqa “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması, həmçinin onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi hallarında özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfındən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X6 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Kollegiya qeyd edir ki, cavabdeh iddiaçının qanunsuz hərəkətləri nəticəsində sarsıntı və iztirab keçirməsini bildirsə də, həmin hallar sübuta yetirilməmişdir. Bundan başqa, apellyator şikayətində hər iki iddia tələbinin eyni vaxtda icra edilməsini xahiş etsə də, kollegiya bununla bağlı qeyd edir ki, ilkin iddia tələbi ilə qarşılıqlı iddia tələbi arasında qarşılıqlı əlaqə olsa da, həmin tələblər üzrə icra hərəkətlərinin eyni zamanda həyata keçirilməsi qanunla tənzimlənmir. Belə olan halda, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini həmin hissədə rədd edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün nədbiq tədbiq edilmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə hər-hansı əsas müəyyən edilmir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, cavabdeh tərəfin dəlilləri əsaslı sayıla bilməz. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1940/2021 saylı, 14 oktybr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-12312/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-12312/2021
29.12.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver