Məhkəmə qərarları › İş №2(103)-1232/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1232/2020

29.01.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1232/2020 29.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Xəlilov İsmayıl Kamil oğlundan və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndələri X6 və X3, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin Cavabdeh qarşı (“Üfüq” İstehsalat Birliyi “xxxxxxxxxxxxxxx” Zavodu MMC, Maraqlı şəxs3, Bakı Şəhər İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “orderin etibarsız hesab edilməsi və yaşayış sahəsinə hüququn itirilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin qəbul etdiyi 2(011)-6556/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnamədən Cavabdehtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri, Xətai rayonu, Məhsəti küçəsi 3A saylı yataqxana binasının 55 saylı mənzilinə dair cavabdehin əldə etdiyi 0107 saylı xx.xx.2004-cü il tarixli orderin etibarsız hesab edilməsi, faktiki yaşamadığı yaşayış yeri üzrə qeydiyyatın ləğv edilməsi, həmin tikiliyə dair qanunsuz hərəkətlərin qarşısının alınması (zəbt olunmuş mənzilin 133 saylı MKİS-ə təhvil verilməsi) barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı, iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh tərəfindən qanunvericiliyin tələbinə zidd olaraq əldə edilmiş 0 0107 saylı xx.xx.2004-cü il tarixli orderin etibarsız hesab edilməsi, istifadə hüququnun itirilməsi, qanunsuz hərəkətlərin qarşısının alınaraq dövlət mənzil fonduna aid yaşayış sahəsindən başqa mənzil verilmədən çıxarılması və dövlət mənzil fonduna aid mənzilin (tikilinin) başqasının qeyri-qanuni sahibliyindən götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-6556/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən yataqxanada, 3-cü giriş, 4-cü mərtəbə, 5 otaqlı, 78 kv.m-dən ibarət 55 nömrəli mənzilə dair Cavabdeh verilmiş 0107 saylı xx.xx.2004-cü il tarixli orderin etibarsız hesab edilməsi və Cavabdeh başqa yaşayış sahəsi verilmədən mənzildən çıxarılmaqla onun həmin yaşayış sahəsinə istifadə hüququnun itirilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdehapellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən mübahisəli mənzilin yerləşdiyi yataqxana xx.xx.2013-cü ildə balansa qəbul edilmiş, 2019-cu ildə (6 il sonra) iddiaçı orderin etibarsız olub-olmamasını araşdırmaq üçün məhkəməyə müraciət etmişdir. İddia müddətinin ötürülməsini onunla izah etmişdir ki, cavabdeh mübahisəli mənzilə dair orderin mövcüd olduğundan məlumatı olmuşdur. Belə ki, Bakı şəhər Xətai rayon Məhkəməsində xx.xx.2016-ci il tarixdə 2(001)-3682/2016 saylı iş baxılarkən iddiaçının nümayəndəsi məhkəmə prosesində iştirak edərək X1 adına verilmiş orderin etibarlı olmasını təsdiq etmişdir. Qəbul edilmiş qətnamə xx.xx.2017-ci il tarixdə Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılmış, iddiaçının xx.xx.2018- il tarixli sərəncamı əsasında Abdullayev Dilavarə RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Qeyd olunan işdə orderin verilməsi əsasları eyni olmaqla iddianın predimeti orderin əsassız olub-olmaması olmuşdur. İddiaçının məcburi köçkünlər yaşadığı mənzillərə 2004-2006-cı illərdə orderlərin verilməsi haqqında “məlumatının olmaması” həqiqəti əks etdirmir. Qanunvericilik müəyyən edir ki, iddia müddətinin keçməsi həmin tələb üzrə hüququn məhkəmə müdafiəsi imkanının itirilməsi demək deyil. Belə ki, qanunvericiliyin tələblərinə uyğun olaraq hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız müdafiə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin iddia müddətinin keçməsinin tətbiq edilməsi baradə ərizə verməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin axımı yuxarıda qeyd edilənlərə əsasən, orderin verildiyi gündən hesablanmalı olması qanunvericilik baxımından mübahisəsizdir. İşdə olan şahid ifadəsi işin digər halı olan mənzil ödənişlərinin cavabdeh tərəfindən aparılması nəzərə alınsa iddiaçı həmin orderlərdən məlumatlı olmalı idi və olmuşdur. İddia müddətinin ötürülməsinə dair verilmiş ərizəyə münasibət bildirən məhkəmə belə qənaətə gəlmişdir ki, iddianın predmeti dövlət mülkiyyətinə aid olan mənzillə bağlı qanunsuz verilmiş orderin etibarsız hesab edilməsi olduğundan hazırki iddiaya müddət şamil edilmir. Məhkəmə orderin etibarsız hesab edilməsi üçün tələbləri köhnə Mənzil Məcəlləsi ilə müəyyən edir. Yəni, orderin verilmə qaydalarının pozulması onunla əsaslandırılmışdı ki, order verilərkən o zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin tələbləri pozulmuşdur. Təbii ki, belə yanaşma kökündən səhvdir. Çünki istənilən münasibəti tənzimləyən norma vardırsa, həmin münasibətlə bağlı da sahəvi qanunvericilik tətbiq edilməlidir. Yəni, məhkəmə sanki belə bir təəssürat yaratmışdır ki, iddia müddətinin tətbiq edilməsi məsələsi maddi hüqüq norması ilə deyil, prosessual norma ilə tənzimlənir. Halbuki iddia müdətinin müəyyən edilməsi və tətbiqi qaydası birmənalı olaraq maddi hüquq norması ilə müəyyən edilir. Çünki hər iki norma maddi hüquq normasında öz əksini tapmışdır. Məhkəmə qətnaməsində həm köhnə Mülki Məcəlləyə, həm də yeni Məcəlləyə istinad edilmişdir. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış 3-cü şəxslər “Üfüq” İstehsalat Birliyi “xxxxxxxxxxxxxxx” Zavodu MMC, Bakı Şəhər İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Digər 3-cü şəxs Bakı şəhəri Maraqlı şəxs3 tərəfindən məhkəməyə daxil olmuş məktubla məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. İşdə iştirak edən şəxslər işə 3-cü şəxslər Üfüq” İstehsalat Birliyi “xxxxxxxxxxxxxxx” Zavodu MMCnin, Bakı Şəhər İcra Hakimiyyətinin, Xətai Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin və Bakı şəhəri Maraqlı şəxs3 nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə həmin 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndələri X9 və X7 apellyasiya şikayətini qəbul etməyərək izahatlarında məcburi köçkün yaşayan evə order verilmədiyini, cavabdehin 1992-ci ildən işdən çıxdığını, evin isə 2004-cü ildə verildiyini və heç bir sənədin olmadığını, orderlərin heç birində möhürün olmadığını və onların verildiyi gündən etibarsız sayıldığını bildirmişlər. Bununıla bağlı iddiaçının nümayəndələri apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki işdə apellyasiya şikayəti cavabdeh tərəfindən verildiyi üçün məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı iddianın ona qarşı təmin olunmuş hissəsində yoxlanılır. Belə ki, məhkəmə qətnaməsi digər hissələrdə mübahisələndirilməmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdu ki, cavabdeh xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “xxxxxxxxxxxxxxx Zavodu” MMC-də müxtəlif vəzifələrdə işləmiş, xx.xx.1993-cü il tarix də öz xahişi ilə işdən çıxmışdır. Cavabdeh hazırda Xətai rayonu, Məhsəti küçəsi 3A saylı yataqxana binasının 55 saylı mənzilində yaşayır. Bakı “xxxxxxxxxxxxxxx” İB-nin HİK-nin müdiriyyətinin əmək kollektivi şurasının və MM-nin birgə növbəti iclasının xx.xx.2004-cü il tarixli 41 saylı protokolu əsasında birliyə məxsus Məhsəti küçəsi 3A ünvanında yerləşən yataqxananın 3-cü giriş, 4-cü mərtəbəsində, sol seksiyada 2 otaqlı, 36 kv.m sahəsi olan 55 №-li mənzilin HİK-nin qərarı ilə order əsasında cavabdehə verilməsi qərara alınmışdır. Həmçinin, Bakı “xxxxxxxxxxxxxxx” İB-nin HİK-nin müdiriyyətinin əmək kollektivi şurasının və MM-nin birgə növbəti iclasının xx.xx.2004-cü il tarixli 55 saylı protokolu əsasında Birliyin fəhlə və qulluqçularının direktora və HİK-nə daxil olmuş ərizə və şikayətləri nəzərə alınmaqla, mənzil növbəsində olub mənzil ala bilməyən fəhlə və qulluqçulara Birliyə məxsus S.Ə.ünvan 2 ünvanlarında yerləşən yataqxana binalarında hazırda yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, həmin şəxslərə orderlər verilməsi və orderdə göstərilən mənzil nömrələri əsasında pasport qeydiyyatına alınması, onlara məcburi köçkünlər tərəfindən zəbt olunmuş mənzillərin təklif edilməsi və razılığı əsasında sənədləşdirilməsi (HİK-nin qərarı və Order), Birlikdə işləyib uzun illər mənzil və yataqxana növbəsində olan və yataqxanada yaşayan fəhlə və qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin verilməsi, Birliyə məxsus yuxarıda qeyd edilən ünvanlarında yerləşən yataqxanalardakı qaçqın və məcburi köçkün ailələri torpaqlar alınarkən və ya onlara mənzil verilərkən yataqxanalarda boşalacaq mənzillərin qeyd-şərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. Cavabdehə 6 nəfərdən ibarət ailə üzvü olmaqla Xətai rayonu, Məhsəti küçəsində yerləşən 3A saylı binanın, 3-cü giriş, 4-cü mərtəbəsində, 78 kv.m-dən ibarət, 5 otaqlı 55 №-li mənzili tutmaq hüququ barədə xx.xx.2004-cü il tarixli, 0107 saylı order verilmişdir. Orderdə onun verilməsinin əsası kimi “xxxxxxxxxxxxxxx” İB-nin müdriyyəti və HİK-nin 41 saylı, xx.xx.2004-cü il tarixli birgə qərarının olması göstərilmişdir. X5 Birliyinin tabeliyində olan müəssisələrin sosial obyektlərinin verilməsi barədə xx.xx.2007ci il tarixli Akt əsasında “xxxxxxxxxxxxxxx” İM üzrə Məhsəti küçəsi 4 ünvanında yerləşən 394 yerlik subaylar üçün yataqxana Azərbaycan Respublikası Müdaifiə Sənayesi Nazirliyinin xxxxxxxxxxxxxxxxxxxxxxxxnə təhvil verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxxxxxxxxxxxxxxxxxxxxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər ona aid əmlakla birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Mədəniyyət və Turzim, Gənclər və İdman Nazirliyinin, habelə Bakı, Gəncə, Şirvan və Tərtər Rayon İcra Hakimiyyətlərinin balansına verilmişdir. Həmin sərəncamla Xətai rayonu, Məhsəti küçəsi, 3A saylı ünvanda yerləşən yataqxana binası Bakı Şəhər İcra Hakimiyyətinin balansına, Bakı ŞİH-nin xx.xx.2013-cü il tarixli, 293A saylı sərənamı ilə iddiaçının balansına, daha sonra Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin xxxxxxxxxxxxxxxxxxxxxxxxnin rəisi ilə iddiaçının Baş mühəndisi arasında tərtib edilmiş xx.xx.2014-cü il tarixli Təhvil-qəbul aktı əsasında iddiaçının 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X11 bildirmişdi ki, o, 2014-cü ildən bu günə qədər mübahisəli mənzilin yerləşdiyi yataqxanaya xidmət edən 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 133 saylı Mənzil Kommunal İstismar Sahəsində qırçı vəzifəsində işləyir. Əvvəllər qeyd edilən yataqxanada komendant vəzifəsində işləmiş, həm də 1990-cı ildən həmin binada yaşayır. xx.xx.2007-ci ildən xx.xx.2014-cü ilə qədər 4 saylı MİS-in rəisi vəzifəsində işləmişdir. Mübahisəli mənzilin yerləşdiyi yataqxana həmin MKİS-in istismarına verilmişdir. Özü də mənzil almaq üçün növbədə olmuşdur. Hazırki iş üzrə cavabdeh qeyd edilən müəssisədə işləmişdir. Mübahisəli mənzil də həmin vaxt bu iş üzrə cavabdehə verilmişdir. 2014cü ildə təhvil-təslim zamanı 2 qurum arasında təhvil-təslim aktı tərtib edilmişdir. Bir tərəfdən, nümayəndə kimi özü iştirak etmişdir. Həmin vaxt bütün sənədlər təhvil verilmiş, lakin təhvil verilmiş sənədlər siyahıya alınmamışdır. xx.xx.2007-ci ildən xx.xx.2014-cü ilə qədər kommunal xidmətlərlə bağlı kommunal ödənişlər mənzil sahibləri tərəfindən ona verilmiş, o da öz növbəmdə həmin pulları dövlətə ödəmişdir. Birinci instansiya məhkəməsi hazırki mübahisəyə xx.xx.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələrini tətbiq edərək belə qənaətə gəlmişdir ki, iddiaçının iddiası qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, işə baxan məhkəmə “orderin etibarsız hesab edilməsi” barədə iddia tələbləbini təmin etməkdə ona istinad etmişdir ki, xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Mənzilin məcburi köçkün ailəsi tərəfindən zəbt olunması isə, həmin mənzilin hüquqi cəhətdən boş olmaması anlamına gəlmir. Yəni, qeyd edilən normada mənzilin boş olması deyilərkən, mənzilin zəbt olunması halları üçün deyil, mənzilin qanuni sahibi ola-ola ona orderin verilməsinin imkansız olmasını müəyyən edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iddia rədd edilməlidir. Belə ki, xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər (maddə 33). Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər (maddə 48). Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər (maddə 49). Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdriyyət tərəfindən order verilir (107-ci maddəsinin ikinci bəndi). İstinad olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, mənzil qanunvericiliyinə əsasən yataqxanada mənzil sahəsi verilməsinə əsas sənəd müəssisə, idarə, təşkilat müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin birgə qərarıdır. Həmin qərar əsasında verilən order isə qərarın icrasını təmin etmək üçün verilən müvəqqəti (aralıq) sənəddir və özü-özlüyündə (ayrılıqda) hər hansı hüquq müəyyənedici sənəd sayıla bilməz. Qüvvədən düşmüş mənzi qanunvericiliyi orderin etibarsızlığı barədə iddiaların mümkünlüyünü nəzərdə tutsa da, onun verilməsinə əsas olan hüquq müəyyənedici sənədin və ya müvafiq qərarın qanuniliyi yoxlanılmadan ayrıca olaraq orderin etibarsızlığı barədə iddia tələbi təmin oluna bilməz. Baxılan iş üzrə iddiaçı orderin verilməsinə əsas olmuş qərarın qanuniliyini mübahisələndirməmişdir. Digər tərəfdən qüvvədən düşmüş Mənzil Məcəlləsinin 49-cu maddəsinə əsasən orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Maddənin məzmunundan göründüyü kimi, ifadə olunmuş müddət iddia müddəti deyil, kəsici müddətdir və müvafiq ərizənin verilib-verilməməsindən asılı olmayaraq mübahisəyə tətbiq edilməlidir. Lakin iş üzrə iddia tələbi məhkəməyə orderin özündə göstərilən onun verilməsi tarixindən təxminən 15 il, iddiaçının mübahisəli otağın yerləşdiyi yataqxananı öz balansına qəbul etdiyi tarixdən 5 ildən artıq müddət keçdikdən sonra verilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən cavabdeh qismində Cavabdeh göstərmiş, tələbini ona qarşı yönəltmişdir. Orderin verilməsinə əsas olan hüquqi şəxs baxılan iş üzrə yalnız maraqlı (üçüncü) şəxs kimi cəlb edilmişdir. Halbuki birinci instansiya məhkəməsinə təqdim olunmuş sənədlərdən də görünür ki, mübahisələndirilən order xxxxxxxxxxxxxxx Zavodu tərəfindən verilmiş, onun rəhbəri tərəfindən imzalanmış və möhürü ilə təsdiq edilmişdir. Nəzərə alınmalıdır ki, orderin və onun verilməsinə əsas olmuş qərar Cavabdeh mübahisəli otağa köçüb yaşamaq hüququ versə də, orderin qanuniliyinə (etibarlı olub-olmadığına) cavab verməli olan əsas şəxs məhz xxxxxxxxxxxxxxx Zavodudur. Lakin birinci instansiya məhkəməsi iddiaya cavab verməli olan şəxsin cavabdeh kimi qoyulmadığı iddia ərizəsi üzrə işə mahiyyəti üzrə baxmış və iddianın qismən təmin olunması barədə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər (54.1.). İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır (54.2.). Baxılan iş üzrə iddiaçı tərəfindən cavabdehin əsl cavabdehlə əvəz olunması və ya yeni cavabdehin cəlb edilməsi barədə ərizə verilməmiş, bu məsələ müzakirə predmeti olmamışdır. MPM nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1). İşə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir (maddə 387.2.2). Mülki prosessual qanunvericiliyə əsasən cavabdehin əsl cavabdehlə əvəz edilməsi və ya əlavə cavabdehin cəlb edilməsi birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək mümkün olduğundan hazırkı icraat çərçivəsində həmin məsələnin müzakirəsi və həlli mümkün olmamışdır. Əks yanaşma işə yeni qoşulan cavabdehi bir sıra mühüm prosessual hüquqlardan, o cümlədən üçpilləli məhkəmə müdafiəsi hüququndan məhrum etmiş olmaqla, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsiplərinə zidd olardı. Bu, həmçinin apellyasiya instansiya məhkəməsinin əsas təyinatı olan birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslığının yoxlanılması baxımından da yolverilməzdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia tələbinin ikinci hissəsi – cavabdehin mübahisəli otağa yaşayış sahəsinə hüququnun itirilməsi tələbi orderin etibarsızlığı tələbinin təmin olunmasından birbaşa asılı olduğundan, iddianın birinci hissəsi əsassız olduğu üçün iddia həmin hissədə də rədd edilməlidir. Ona görə də apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 385, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-6556/2019 saylı xx xxxxxxxx 2019cu il tarixli qətnaməsi qismən, iddianın təmin olunduğu hissədə ləğv edilsin. İddia həmin hissədə rədd edilsin. Cavabdehtərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu onlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər İsmayıl Xəlilov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar