Məhkəmə qərarları › İş №2(103)-1232/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1232/2025

18.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1232/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7202/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra cavabdeh) qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad edilməsi barədə cavabdehin 24 may 2024-cü il tarixli 1821-K saylı əmrinin etibarsız hesab edilməsi, işəgötürən tərəfindən işə buraxılmadığı günlər hesablanmaqla əmək haqqının cavabdehdən tutularaq işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışıdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh MMCnin pərakəndə satış vəzifəsinə işə qəbul edilmiş, 24 may 2024-cü il tarixdə isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, sözügedən mağaza şəbəkəsində işlədiyi zaman təqribən noyabr ayında kassada müəyyən malların siyahısı düşməmiş, bu səbəbdən ona töhmət verilmişdir. Lakin həmin töhmət 6 ay əvvəl olduğu üçün qüvvədən düşmüşdür. Kassada işlədiyi zaman malın silinməsini əvvəllər kassir vəsifəsini icra edən şəxslər edirdi. Kassada çalışdığı zaman müştəri çox olduğu üçün müştəri şikayətinin qarşısını almaq üçün tələsik olaraq malları özü silmiş, bunula bağlı isə ona şiddətli töhmət verilmişdir. Şiddətli töhmət ona şifahi şəkildə bildirilmiş, müdiriyyət tərəfindən bu barədə heç bir əmr və ya yazılı formada sənəd tərtib olunmamışdır. Bu səbəbdən ona şiddətli töhmət verilməsinə inanmamışdır. O, həmin vaxtı heç bir yerə şikayət etməmişdir. Bir müddət sonra yenə də kassada işlədiyi zaman müştəri çox olduğu üçün yönətici müdir müavini çöldə siqarət çəkdiyindən yenə də malın silinməsini özü həyata keçirmişdir. Bununla bağlı olaraq yenə də ona qarşı intizam tənbehi tətbiq edərək işdən azad etmişlər. Kassada silinmə ilə əlaqədar heç bir əskik və ya oğurluq halı olmadığı üçün əmrlə razılaşmır. Bütün bunları nəzərə alaraq, ilkin ayda mediasiya təşkilatına müraciət etmiş, lakin prosesin davam etdirilə bilməməsi ilə bağlı arayış təqdim edilmişdir. Hesab edir ki, əmr qanunsuz və əsassızdır. Bundan başqa qanunsuz işdən çıxarıldığı üçün itirdiyi iş saatlarının əvəzinə maaşının hesablanması nəzərə alınmalıdır. Cavabdeh tərəf iddiaya etiraz edərək, həmçinin mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə təqdim edərək göstərmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bağlanmış, lakin iddiaçı əmək vəzifələrini dəfələrlə kobud şəkildə pozduğu üçün xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, xx.xx.2024-cü il tarixdə isə əmək kitabçası rəsmi qaydada ona təhvil verilmişdir. Bu məsələnin mübahisəsiz tərəfidir və şəxsin imzası ilə təsdiqlənir. İddiaçının iş materiallarına əlavə etdiyi məktubdan görünür ki, şəxsin əmək müqaviləsinə hansı əsasla xitam verildiyi Cavabdeh MMC tərəfindən ona bildirilmişdir. Bütün bunlar onu göstərir ki, şəxs Əmək Məcəlləsinin hansı maddəsi ilə işdən çıxarıldığını bilirdi. İddiaçı Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, İlkin mediasiya sessiyasından (İMS) sonra isə prosesin davam etdirilə bilməməsi barədə arayış xx.xx.2024-cü il tarixdə verilmişdir. Beləliklə, şəxsin əmək kitabçasını təhvil aldığı gündən, yəni xx.xx.2024-cü il tarixdən Mediasiya prosesinin tətbiqi barədə təklifin göndərildiyi xx.xx.2024-cü il tarixədək 24 gün, mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışın verildiyi xx.xx.2024-cü il tarixindən məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi günədək, yəni xx.xx.2024-cü il tarixədək isə 28 gün müddət keçdiyi nəzərə alınsa, ümumilikdə 52 gün müddət ötürülmüşdür. Bu da Əmək Məcəlləsi ilə nəzərdə tutulan 1 aylıq iddia müddətindən artıqdır. İş materiallarından göründüyü kimi, hazırkı məhkəmə mübahisəsi ilə əlaqədar iddiaçı prosessual müddətin pozulmasına dair heç bir səbəb göstərməmiş və müddətin bərpası ilə bağlı əsaslandırılmış vəsatət və ya ərizə təqdim etmədən iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7202/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia təmin olunaraq, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MMC-nin 1821 K nömrəli 24 may 2024-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-nin pərakəndə satış departamenti bölməsində kassir vəzifəsinə bərpa edilməsi, İddiaçı məcburi iş buraxmaya görə 24 may 2024-cü il tarixdən işə faktiki bərpa ediləcəyi vaxtadək əmək haqqı ödənilməsi qət edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi, mübahisələndirilən əmrin qanuni olması, iddiaçı tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulmaması, kassada işlədiyi vaxtlarda vəzifə səlahiyyətlərindən kənara çıxma hallarına yol verərək malların silinmə əməliyyatlarını aparması, ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq pozuntuları davam etdirməsi, barəsində töhmət və şiddətli töhmət növündə intizam tənbehlərin tətbiq olunması, bunlardan da nəticə çıxarmaması, eyni pozuntuları dəfələrlə təkrarlaması və həmin pozuntular zamanı onun hər dəfə yazılı izahatının alınması, izahatlarında həmin pozuntulara yol verməsini etiraf etməsi və təkrarlamayacağını bildirməsi, lakin eyni əməllərin təkrarlanması nəticəsində müəssisədə iş ahənginin pozulması, işçilər arasında intizamsızlığa gətirib çıxarması, bunun məntiqi davamı olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunvericliyin tələblərinə əməl olunmaqla xitam verilməsi, işdən azad olma ilə bağlı sənədlərin iddiaçıya rəsmi təqdim edilməsindən sonra 1 aylıq iddia müddəti ötürülməklə məhkəməyə müraciət edilməsi, iddia müddətinin tətbiqi barədə birinci instansiya məhkəməsinə yazılı ərizənin təqdim olunması, lakin məhkəmə tərəfindən ərizənin rədd olunması, bununla bağlı heç bir əsaslandırmanın aparılmaması və s.kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş edilmişdir. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçının özünün izahatlarından açıq-aşkar görünür ki, o, dəfələrlə məsul şəxsin iştirakı olmadan kassadan malların silinmə əməliyyatını aparmış, törətdiyi əməli etiraf etmiş, lakin eyni əməlləri təkrarlamışdır. Buna görə iddiaçıya daha əvvəl töhmət və şiddətli töhmət verilmiş, lakin nəticə çıxarmamışdır. Bu səbəbdən də hesab edir ki, əmr tam qanuni olmuşdur. Xüsusilə qeyd edir ki, iddiaçı iddia müddətini ötürmüş, birinci instansiya məhkəməsi isə bu halı tam və ətraflı yoxlamamışdır. Halbuki, iddiaçının özü də müddəti ötürməsini inkar etmir. İş materiallarından açıq-aşkar görünür ki, mediasiya mərhələsi müddəti çıxılmaqla, iddiaçı əmək kitabçasını aldıqdan 52 gün sonra məhkəməyə müraciət etmişdir. İddiaçı müddətin ötürülməsinin üzrlü sayılması barədə məhkəməyə ərizə və ya vəsatət verməmiş, bu istiqamətdə məhkəməyə sübut təqdim etməmişdir. Belə olan halda isə, iddia iddia müddətinin keçməsi əsası ilə rədd olunmalı idi. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun, eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, həqiqətən tərəfindən kassasiya vurulmuş malların sonradan silinmə əməliyyatları həyata keçirilmişdir. Əvvəllər silinmə əməliyyatını kassirlərin özləri həyata keçirirdi, sonradan buna məsul şəxslərin icazəsi tələb olundu. O, kassada müştəriləri saxlamamaq üçün özü bir neçə dəfə silinmə əməliyyatları etmiş, ona hər dəfə xəbərdarlıq edilmiş, izahatı alınmış, töhmət verilmişdir. Lakin, onun məqsədə müştəriləri saxlamamaq, sıxlığın yaranmaması olmuşdur. Barəsində əmr verildikdən sonra, əmək kitabçasını xx.xx.2024-cü il tarixdə qəbul etmiş və imzası ilə təsdiq etmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh təşkilata Mediasiya prosesinin tətbiqi barədə təklifin göndərmiş və mediatora müraciət etmiş, mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayışı isə xx.xx.2024-cü il tarixində almışdır. Həmin vaxtı bilirdi ki, məhkəməyə müraciət etmək üçün 6 gün vaxtı qalmışdır. Lakin, iddia ərizəsinin hüquqşünas tərəfindən yazılması gecikdirilmiş, bu səbəbdən də iddia ərizəsinin 22 avqust 2024-cü ildə, yəni iddia müddətini ötürməklə məhkəməyə təqdim etmişdir. O, iddia müddətinin keçməsinin üzrlü sayılaraq bərpa olunması barədə birinci instansiya məhkəməsinə ərizə verməmişdir. Lakin, hazırda şifahi olaraq müddətin üzrlü sayılmasını, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia təmin olunmamalıdır. İlkin olaraq qeyd edilməlidir ki, işdə olan sübutlara (əmək müqaviləsi, izahatlar, aktlar əmr və s.) əsasən - tərəflər arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin bağlanmış, iddiaçı Pərakəndə satış departamentində kassir vəzifəsinə işə qəbul edilmiş, həmin vəzifədə işlədiyi dövrdə dəfələrlə kassada sətir ləğvi (kassaya vurulmuş məhsulların sonradan silinməsi) əməliyyatlarını həyata keçirmiş, bununla bağlı müvafiq aktlar tərtib olunmuş, xəbərdarlıqlar edilmiş, iddiaçı hər dəfə izahat (xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli) yazaraq törətdiyi əməli etiraf etmiş və bir daha təkrarlamayacağına vədlər vermiş, lakin analoji hərəkətləri yenidən həyata keçirmiş, bu səbəbdən də iddiaçıya xx.xx.2024-cü il tarixdə töhmət, xx.xx.2024-cü il tarixdə isə sonuncu xəbərdarlıqla şiddətli töhmət inzibati tənbehləri verilmiş, həmin əməllər təkrarlandığı üçün cavabdehin xx.xx.2024-cü il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, əmək kitabçası xx.xx.2025-ci il tarixdə iddiaçıya rəsmi qaydada təqdim edilmişdir (iddiaçı bu halı imzası ilə təsdiq etmişdir). Bununla yanaşı, işdə olan digər sübutlardan (mediasiya təklifi, ilkin mediasiyanın keçirilməməsi barədə arayış və s.) açıq-aşkar müəyyən edilir ki, iddiaçı əmək kitabçasını xx.xx.2024-cü il tarixdə aldıqdan sonra, xx.xx.2024-cü il tarixdə cavabdehə Mediasiya prosesinin tətbiqi barədə təklifin göndərmiş, mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayışı xx.xx.2024-cü il tarixdə almış, hazırki iddia ilə məhkəməyə 22 avqust 2024-cü il tarixdə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, əmrin giriş hissəsində Əmək Məcəlləsinin iki maddəsinə istinad edilərək, iki əsas qeyd edilmiş - əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması və işçinin özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulması, bununla yanaşı əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Bununla yanaşı silmə əməliyyatının işçi tərəfindən aparılmasının qadağan edilməsi ilə bağlı əmək müqaviləsində hər hansı maddə müəyyən edilməmiş, məhkəmə iclasında cavabdeh tərəf iddiaçı tərəfindən silmə əməliyyatının aparılması nəticəsində iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulması, həmçinin bunun nəticəsində işəgötürənə maddi zərərin vurulması ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin, iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə müvafiq müddətin keçmədiyi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. ƏM-in 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi). İşəgötürən tərəfindən işçinin əmək müqaviləsinin ləğv edilməsi əsasları ƏM-nin 70ci maddəsində göstərilmişdir. Belə ki, ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. ƏM-nin 71.2-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. ƏM-nin 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Yuxarıda da qeyd edildiyi kimi - tərəflər arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bağlanmış, müqaviləyə cavabdehin xx.xx.2024-cü il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, əmək kitabçası xx.xx.2025-ci il tarixdə iddiaçıya rəsmi qaydada təqdim edilmiş, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə Mediasiya prosesinin tətbiqi barədə təklifin göndərmiş, mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayışı xx.xx.2024-cü il tarixdə almış, hazırki iddia ilə məhkəməyə 22 avqust 2024-cü il tarixdə müraciət etmişdir. Cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı mübahisə iddia müddətinin tətbiq olunması barədə ərizə verərək iddianın həmçinin qeyd edilən əsasla rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, işçi yalnız qanunla müəyyən olunmuş iddia müddəti ərzində məhkəməyə müraciət etməklə barəsində olan müvafiq əmrin qanuniliyini mübahisələndirməkdə haqlıdır. Əks halda, yəni əmrin qanuniliyindən asılı olmayaraq, müddətin keçməsi iddianın rədd olunması üçün müstəqil əsasdır. Qeyd edilməlidir ki, ƏM-in 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər müddəalarına istinadən ilk növbədə qeyd edir ki, iddia müddətinin tətbiqi anlayışı mülki və əmək mübahisələrində fərqli formada tənzimlənir. Belə ki, mülki qanunvericiliyə əsasən iddia müddətinin tətbiqinin mümkünlüyü iddia əsaslı olduğu halda yaranır, iddia əsassız olduqda isə bu məsələyə hər hansı hüquqi zərurət qalmır. Əmək qanunvericiliyinə əsasən isə cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildikdə ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verilməli və yalnız iddia müddətinin ötürülməsi öz təsdiqini tapmadığı halda iddiaya mahiyyəti üzrə baxılmalı və hüquqi qiymət verilməlidir. Bu hal Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndində aydın formada təsbit edilmişdir. Həmin maddədə qeyd edilən “fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi də ilkin olaraq iddia müddəti ilə bağlı məsələnin yoxlanımasını (təbii ki, iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyi halda) ehtiva edir. Hüquqi nəticə etibarı ilə buraxılmış müddəti bərpa edildiyi təqdirdə mübahisəyə mahiyyəti üzrə baxıla bilər. Bu baxımdan, məhkəmə kollegiyası cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini və əmək qanunvericiliyinin bu sahəni tənzimləyən müddəalarını nəzərə alaraq, qeyd edilən iddia tələblərinə ilk növbədə iddia müddətinin tətbiq edilməli olub-olmaması aspektindən qiymət verilməsini zəruri hesab edir ƏM-in 296-cı maddəsinə əsasən məhkəmə müraciət üçün hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarı). «Stanyo Belçikaya qarşı» İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 7 iyul 2009cu il tarixli Qərarındakı hüquqi mövqeyinə görə qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq göstərmişdir ki, işlərin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). İş materiallarından müəyyən olunur ki, iddiaçı cavabdeh tərəfindən onun barəsində çıxarılmış 24 may 2024-cü il tarixli əmrdən ən geci 27 may 2024-cü il tarixdə məlumatlı olmuş (əmək kitabçasını təhvil almış), bununla da qanunla nəzərdə tutulmuş 1 aylıq iddia müddətinin axımı başlanmışdır. İddiaçı tərəfindən cavabdehə 21 iyun 2024-cü il tarixdə, yəni 25 gün sonra mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş (həmin tarixdən iddia müddətinin axımı dayanmış), 25 iyul 2024-cü il tarixdə ilkin mediasiya sessiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə arayış tərtib olunaraq iddiaçıya təqdim edilmiş (həmin tarixdən müddətin axımı bərpa olunmuş) və bundan sonra iddiaçı qalıq qalmış 6 gün müddət ərzində məhkəməyə müraciət etməli olduğu halda, yalnız xx.xx.2024-cü il tarixdə hazırki tələblə birinci instansiya məhkəməsinə müraciət etmiş, bununla da müvafiq müddət ötürülmüşdür. İddiaçı apellyasiya icraatı zamanı müddətlə bağlı məsələyə münasibətində qeyd etmişdir ki, ilkin mediasiya sessiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə arayışı 25 iyul 2024-cü il tarixdə şəxsən almış və həmin vaxtı bilmişdir ki, onun məhkəməyə müraciət üçün cəmi 6 gün müddəti qalmışdır. O, bu barədə iddia ərizəsini hazırlayan hüquqşünasa da bildirmiş, lakin iddia ərizəsi gec hazır olmuş, bu səbəbdən müddət ötürülmüşdür. Göründüyü kimi, iddiaçının özü də iddia müddətini ötürməsini inkar etməmiş, buna baxmayaraq müddətin üzrlü sayılaraq bərpa olunması barədə birinci instansiya məhkəməsinə ərizə təqdim etməmiş, yalnız apellyasiya icraatı zamanı şifahi olaraq ötürülmüş müddətin üzrlü sayılaraq bərpa olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərara istinadən onu da qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər. Göründüyü kimi, iddiaçı yalnız şəxsi təşəbbüsü ilə ötürülmüş müddətin bərpasına dair ərizə verməli və sübutlar təqdim etməklə müddətin üzrlü səbəblərini əsaslandırmalıdır. Lakin, yuxarıda da qeyd edildiyi kimi iddiaçı birinci instansiya məhkəməsinə belə bir ərizə təqdim etməmiş, ümumiyyətlə müddətin bərpa olunması istiqamətində mövqe sərgiləməmişdir. İddiaçı apellyasiya icraatı zamanı müddəti üzrlü olaraq ötürməsini qeyd etsə də, bu istiqəmtdə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, qeyd edilər hallar (iddia ərizəsinin gec hazırlanması və s.) isə müddətin axımını kəsən və ya üzrlü hallar kimi qiymətləndirilə bilməz. ƏM-in 296-cı maddəsinin 6-cı hissəsinə müvafiq olaraq, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin göstərilən müddəası genişləndirici şərhə yol versə də, orada nəzərdə tutulan digər hallar – obyektiv olmalıdır. Obyektiv hallar isə şəxsdən asılı olmayan, başqa şəxslərin, ətraf mühitin və şəraitin təsiri altında yaranan hallar başa düşülməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin cavabdeh tərəfin iddia müddətinin tətbiq olunması barədə ərizəsinə münasibəti formal olmuş, yalnız ümumi sözlərlə müddətin ötürülmədiyini qeyd etmiş, nəticədə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, işdə olan sənədlərdən iddia müddəti keçməsi açıq-aşkar görünür, iddiaçının özü belə bu halı mübahisələndirmir. Belə olan halda, birinci instansiya məhkəməsinin iddia müddətinin keçməməsi barədə mövqeyi anlaşılmaz olmaqla, əsaslandırılmamışdır. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki halları və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddiaçı qanunla müəyyən olunmuş müddət ərzində müvafiq tələblə məhkəmə müraciət etməmiş, iddia müddətini ötürmüşdür. Belə olan halda isə, məhkəmə kollegiyası əmrin qanunsuzluğu ilə bağlı iddiaçının dəlillərini mahiyyəti üzrə araşdırmağı zəruri hesab etmir. İddia tələbi məhz müddətin ötürülməsi əsası ilə rədd olunmalıdır. MM-in 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmiş, dəlillərini ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. İddiaçı tərəfin izahatı isə, özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, Kollegiya qeyd olunanlara əsasən bu qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia yuxarıda qeyd olunanlara əsasən təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7202/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7202/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iddia təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti veilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar