Məhkəmə qərarları › İş №2(103)-12328/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12328/2021

24.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12328/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-7908/2021 saylı, 01 dekabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və köçürülmə tələbinə dair iddia ərizəsi ilə 30 sentyabr 2021-ci il tarixdə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən 1/3 hissəsi ona məxsus olan mənzilə sərəncam, sahiblik və istifadə hüququnun tanınması, eləcə də həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə birlikdə iddianı təmin etmə tədbirinin görülməsi haqqında ərizə ilə də müraciət etmiş, onun ünvan 1 ünvanında yerləşən 1/3 hissəsi ona məxsus olan mənzilə sərəncam, sahiblik və istifadə hüququnun tanınması, eləcə də həmin mənzilə köçürülməsinə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-7908/2021 saylı, 01 dekabr 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.. İddiaçı qızı şikayət verərək qərardadın ləğv edilməsini və iddianın təmini tədbiri barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-7908/2021 saylı, 07 dekabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının(təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri kimi cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Əvvəla, müvəqqəti təminat tədbirlərinin məqsədi MPM-in 157.2-ci maddəsində dəqiq və konkret göstərilmişdir. Bu tədbirlər cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının(təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Lakin ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən həmin maddədə nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı əsaslandırılmamış, yalnız ehtmal olunan fikirlər sadalanmışdır. İkincisi, MPM-in 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzümsüz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Lakin hazırki ərizədə göstərilən tədbir həmin maddədə nəzərdə tutulan məqsədlərə mütənasib deyil. Çünki, iddiaçı 1/3 hissəsi ona məxsus olan mənzilə sərəncam, sahiblik və istifadə hüququnun tanınması, eləcə də həmin mənzilə köçürülməsinə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasını tələb edir. Göründüyü kimi, bu müvəqqəti təminat tədbiri iddia tələbi ilə eynilik təşkil edir. Bununla yanaşı, mənzilin 1/3 hissəsi iddiaçıya məxsusdursa, həmin mənzilə müvəqqəti təminat tədbiri kimi sərəncam, sahiblik və istifadə hüququnun tanınmasını tələb etməkdə məqsədin nə olduğu anlaşılan olmamışdır. Eyni zamanda cavabdeh tərəfindən həmin mənzilə köçmək üçün hansı manelərin olduğu da dəqiq və konkret göstərilməmişdir. Çünki, hər hansı bir mane dəqiq və konkret göstərilməklə mövcud olmalıdır. Ərizədə göstərilən telefon nömrəsinin iddiaçıların razılığı olmadan cavabdehin adına dəyişdirilməsi isə maneə kimi qiymətləndirilə bilməz. Üçüncüsü, məhkəmənin müvəqqəti təminat tətdbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşısa və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilməsə də hazırki iş üzrə də təminat tədbirinin görülməsi üçün əsas yoxdur. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-7908/2021 saylı, 01 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar