Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1236/2023 16.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cənub "xxxx" MMC-yə qarşı iş üzrə QİYABİ QƏTNAMƏSİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma üçün əmək haqqı və maddi ziyanın ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Cənub "xxxx" MMC-yə qarşı "əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma üçün əmək haqqı və maddi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 4103/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qiyabi qətnaməni qəbul etdi. İşin halları
1. Cənub "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən sonuncu xx.xx.2021-ci il tarixdən tikinti sahəsində sahə rəisi vəzifəsinə işə qəbul olunmuşdur.
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Cənub "xxxx" MMC tərəfindən məktub təqdim edilmiş və məktubda İddiaçı öz xahişi ilə işdən azad olunmağı barədə müraciət etdiyi və bu səbəbdən əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2022- ci il tarixində xitam verildiyi bildirilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Cənub "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə razılaşdırıb imzalanıb əmək müqaviləsi vəzifə və əmək haqqının bərpası digər müqavilələrdə iddiaçının imzasının doğru olmaması, qeyri-iş günləri ödənişləri, əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin etibarsız hesab edilməsi, işə bərpa olunma, məhkəmə qətnaməsi qəbul olunub icra olunana qədər iddiaçının işləmədiyi günlərə görə aylıq əmək haqqının, istifadə etdiyi maaşına görə icarə haqqı olaraq aylıq 1500 manat, cəmi 4500 manat, mediasiya xərci üçün ödənilmiş 50 (əlli) manat və otel və digər xərclərinin təxminən 500 manat, mənəvi və maddi zərərin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 20 noyabr 2021-ci ildə İsmayıl və Qurban adlı şəxslərlə danışıb, işə başlamaq üçün Zəngilan rayonun Bartaz qəsəbəsinə getmişdir. İsmayıl müəllimlə əmək müqaviləsi ilə bağlı danışanda iddiaçıya «əmək müqaviləsi yaxın günlərdə hazırlanıb imzalanacaq» demişdir. İlkin razılığa əsasən 20 noyabr 2021-ci ildə Zəngilan rayonunun Bartaz kəndində sahə rəisi vəzifəsində işə başlamışdır. Onlar 3000 manat əmək haqqını kart vasitəsi ilə alacağına, 2000 manatın isə əlavə saatlara, əlavə iş günlərinə və mükafat kimi veriləcəyinə razılaşmışlar. Yol tikintisində sahə rəisi və lahiyə rəhbərinə xidməti maşın verilir ki, gündəlik işin gedişatına nəzarət etsin, işçi və iş alətlərini sahəyə çatdırsın, sifarişçi təşkilatın nümayəndələri və iş təlimatlarını vaxtında təhvil versin. İddiaçının maşınının “Pick Up" olduğunu görüb ona başqa maşına 2000 manat verməkdənsə, öz maşınına görə 1500 manat verilməklə istifadə etməsi təklif edilmiş, o da bu təkliflə razılaşmışdır. O, iş şəraitinin, orada yaşayışın çox pis vəziyyətdə olduğunu rəhbərliyə dəfələrlə bildirəndə, bunun tez bir zamanda düzələcəyini vəd etmişlər. 25 dekabr 2021-ci ildə indiki icraçı direktor, o vaxt isə mexanik vəzifəsində işləyən Elçin bəy iddiaçıya əmək müqaviləsini imzalamağı üçün təqdim etmişdir. İddiaçı müqaviləni imzalamışdır. Əmək müqaviləsində maaş 3000 manat qeyd edilmişdir. Əmək müqaviləsinin surətini iddiaçıya verməmişlər, o, müqavilənin şəkilini yalnız telefon vasitəsi ilə çəkə bilmişdir. Yanvarın ilk günləri 2000 manatdan bir az çox əmək haqqı kartına köçürülmüşdür. Narazılığı bildirəndə, pul olmadığından ilkin bu qədər olduğunu bildirmişlər. O, dəfələrlə MMC-nin ofisinə gələrək əmək haqlarının və avtomaşının icarə pulunun tam ödənilmədiyini bildirmiş, İsmayıl müəllim, o vaxtki icraçı direktor Cavid və indiki icra direktor Elçin müəllim, MMC-nin ofisində mühasibatlıqdan Könül xanım ona bildirmişlər ki, əmək haqqı dekabrın 15-dən 1500 manata salınıb, onun vəzifəsi də mühəndis olaraq qeyd olunub. O, 25 dekabr 2022-də imzaladığı əmək müqaviləsində əmək haqqının 3000 manat qeyd olunduğunu bildirmişdir. Ona bildirmişlər ki, o, köhnə 1-ci əmək müqaviləsidir. İsmayıl müəllim bildirmişdir ki, avtomaşının icarə müqaviləsi yoxdur və buna görə də pulları ödənilməyəcək. Sonra demişdir ki, pulu şəriki Qurban müəllimdən alsın. Ona işdən çıxmağı üçün ərizə yazmağı bildirəndə o, etirazını bildirmişdir. Bu zaman ona sabahdan işə çıxmaması və portalda işəgötürən tərəfindən alınmış icazənin ləğv edildiyi bildirilmişdir. Bu günə qədər cavabdeh tərəfindən onun əmək haqqı, əmək kitabçası, əmri və son haqq hesabı verilməyib. Sonrakı vaxtlarda bir neçə dəfə onlarla əlaqə saxlamağa çalışsa da, ona demişlər ki, pul olanda pulunu verəcəklər. Beləliklə, yanvar ayının əmək haqqı fevral ayının son günlərində karta köçürülmüşdür. İddiaçı aprel ayının əvvəllərində əmək müfəttişliyinə müraciət etmişdir. Orada prosesi 2 aya kimi uzatmışlar. Gah ödənişin ödəniləcəyini, gah da yalan olduğunu bildirmişlər. Təxminən, 2 aydan sonra əmək müfəttişliyindən ona bildirmişlər ki, sahibkarlığın yoxlanılması dayandığına görə, onlar qarşı tərəfi yoxlaya bilməyib, yalnız əmək haqqını gec ödədiklərinə görə 1300 manat cərimə ediblər. Qarşı tərəf 4-5 əmək müqaviləsinə edilən dəyişikliyi, iddiaçının işdən çıxmaq ərizəsini müfəttişliyə təqdim etməmişdir. O, yalnız 1 müqaviləyə imza atmışdır. İmza atdığı müqavilədə əmək haqqı 3000 manat göstərilmişdir. Digər 4-5 müqavilədən xəbəri yoxdur. İşə bərpa olunmaq və tam əmək haqqı ödənilməsini istəyir, bu günə kimi işsizdir. İşdən çıxarılma ilə bağlı bildiriş, ərizə, əmr, son-haqq hesab iddiaçıya bu günə qədər verilməmişdir. O, 2009-cu ildən bu günə qədər yol tikintisi və tikinti sahəsində mühəndis, baş mühəndis, layihə rəhbəri və sahə rəisi kimi işləyir. Daima işinə məsuliyyətlə yanaşmışdır. İşində hər hansı nöqsana yol verməmişdir.
5. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4103/2022 nömrəli qətnaməsi ilə (hakim R.Səmədov) iddia rədd edilmişdir.
6. Məhkəmə hesab etmişdir ki, iddiaçı tələbini sübuta yetirə bilməmişdir.
7. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
12. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
14. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
16. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı iddiaçı ərizə verərək tələbin əmək müqaviləsi vəzifə və əmək haqqının bərpası digər müqavilələrdə iddiaçının imzasının doğru olmaması, qeyri-iş günləri ödənişləri, istifadə etdiyi maşına görə icarə haqqı olaraq aylıq 1500 manat, cəmi 4500 manat hissəsindən imtina etmiş, həmin hissələrdə iş üzrə icraata xitam verilmişdir.
17. Hazırda apellyasiya baxışının predmetini qətnamənin əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin etibarsız hesab edilməsi, işə bərpa olunma, məhkəmə qətnaməsi qəbul olunub icra olunana qədər iddiaçının işləmədiyi günlərə görə aylıq əmək haqqı tələbinin rədd olunması hissəsində yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
18. Maddə 2, bənd 3. Əmək münasibətlərində hüquq bərabərliyinin təmin edilməsi, habelə əmək mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması nəzərdə tutulmuşdur.
19. Maddə 68, 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
20. Maddə 68, 2-ci hissə, “a” bəndi. Tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər.
21. Maddə 69, bənd 7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
22. Maddə 84.1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
23. Maddə 84.2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
27. Maddə 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işin apellyasiya baxışı mərhələsində iddiaçı ərizə verərək iddia tələblərinin bir hissəsindən imtina etmiş, onun iddiadan imtinası məhkəmə kollegiyası tərəfindən qəbul edilmiş və həmin hissədə qətnamə ləğv edilərək iş üzrə icraata xitam verilmişdir.
29. Ona görə də, hazırda kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini yalnız iddiaçının iddiadan imtina etmədiyi hissədə - əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin etibarsız hesab edilməsi, işə bərpa olunması, məhkəmə qətnaməsi qəbul edilib icra olunana qədər işləmədiyi günlərə görə aylıq əmək haqqının cavabdehdən alınaraq ona ödənilməsi hissəsində yoxlayır.
30. Kollegiya birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin işin müəyyən edilən həqiqi hallarına uyğun gəlmədiyini və maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmadığını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
31. Məhkəmə kollegiyası hesab edir ki, iddianın əsaslı olub-olmadığına ilk növbədə mübahisələndirilən əmrin özünün əsaslı olub-olmaması baxımından qiymət verilməlidir.
32. Burada qeyd edilməlidir ki, iddiaçı öz iddiasında mübahisələndirilən əmrin etibarsız hesab edilməsini xahiş etsə də, onun verdiyi izahatdan, habelə işin hallarından və bərpa olunmasını istədiyi hüquqları baxımından bu qənaətə gəlmək olur ki, onun hazırkı iddianı qaldırmaqda niyyəti əslində işdən azad edilməsi barədə əmrin ləğv edilməsi olmuşdur.
33. Bu səbəbdən də kollegiya apellyasiya şikayətinin dəlillərini iddiaçının işdən azad edilməsi barədə əmrin ləğv edilməsi üçün əsasların olub-olmaması baxımından qiymətləndirir.
34. İş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin 4.1-ci bəndinə əsasən tərəflər iddiaçıya hər ay 3000 manat məbləğində əmək haqqı ödənilməsi barədə razılığa gəlmişlər.
35. Əmək müqavilələrinin elektron qeydiyyatı portalından iddiaçının şəxsi kabineti vasitəsilə edilmiş çıxarışlardan görünür ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər əmək müqavilələri cavabdeh tərəfdən elektron qeydiyyatdan keçmişdir.
36. Bu bildirişlərdən görünür ki, tərəflər arasında xx.xx.2021-ci ildə bağlanmış əmək müqaviləsi barədə məlumat cavabdeh tərəfindən xx.xx.2021-ci ildə elektron qeydiyyat portalına daxil edilmiş, sonradan xx.xx.2021-ci, xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixlərdə həmin əmək müqaviləsinə dəyişikliklər edilmişdir.
37. Hazırda iddiaçı onunla yalnız bir əmək müqaviləsi bağlandığını, həmin müqaviləyə sonradan hər hansı bir dəyişiklik edilmədiyini, lakin cavabdeh MMC-nin özbaşına olaraq müqavilənin şərtlərini dəyişdiyini və onun əmək haqqını qanunsuz olaraq azaltdıqlarını, sonda isə onun razılığı olmadan aralarında bağlanmış əmək müqaviləsinə xitam verdiyini bildirmişdir.
38. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, göstərilən ziddiyyətə aydınlıq gətirməmişdir.
39. Bundan əlavə iddiaçı tərəfindən təqdim olunmuş elektron portaldan çıxarışdan müəyyən olunur ki, əmək müqavilələrinin elektron qeydiyyatı portalına daxil edilmiş xx.xx.2021-ci il tarixdən-xx.xx.2021- ci il tarixə qədər qüvvədə olan əmək müqaviləsi üzrə 3000 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər qüvvədə olan əmək müqaviləsi üzrə 3000 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər qüvvədə olan əmək müqaviləsi üzrə 1500 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər qüvvədə olan əmək müqaviləsi üzrə 1500 manat əmək haqqı nəzərdə tutulduğu qeyd edilmişdir.
40. Həmçinin, bu dəyişikliklərdə iddiaçının tutduğu vəzifə sex rəisinin müavini – sahə rəisi, briqadir, evlərin tikintisi və mühəndis, mülki tikinti/yollar kimi göstərilmişdir.
41. İşdə olan iddiaçıya məxsus bank kartından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci ildə 1958,91 manat və xx.xx.2022-ci ildə 1501,50 manat əmək haqqı ödənilmişdir.
42. İddiaçı bu müqavilələrdən xx.xx.2021-ci il tarixli müqaviləni imzaladığını, həmin müqavilədə isə vəzifə maaşının 3000 manat razılaşdırıldığını, işdən çıxma barədə ərizə vermədiyini bildirmişdir.
43. Cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və işdən azad olunma barədə əmrin məzmununu araşdırmaq, işçinin əmək haqqının və tutduğu vəzifənin dəyişdirilməsinin işçinin yazılı razılığı ilə olub-olmadığını müəyyən etmək, onun işdən azad edilməsi ilə bağlı ərizə verməsini müəyyən etmək mümkün olmamışdır. Kollegiya hesab edir ki, yaranmış vəziyyətdə bütün qeyri-müəyyənliklər işçinin xeyrinə həll edilməlidir.
44. MPM-ə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər (maddə 106.1-106.2).
45. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddia tələbi əsaslı olmuş, lakin işə baxan birinci instansiya məhkəməsi tərəfindən iş üzrə toplanmış sübutlar MPM-in 88-ci maddəsinin tələbinə uyğun şəkildə düzgün qiymətləndirilməmiş, nəticədə məhkəmə iddia tələbinin əsaslı olmaması barədə səhv nəticəyə gəlmişdir.
46. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır (MPM-in 385.1.1 və 385.1.4-cü mad). Ona görə də qətnamə ləğv olunmalı və iddia təmin edilməlidir.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi :
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4103/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilsin. İddiaçı ilə Cənub "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında əmr etibarsız hesab edilsin. İddiaçı “Cənub Nəqliyyat Layihə" MMC-də işə müqavilə üzrə tutduğu vəzifəyə bərpa olunsun. Hazırkı qətnamə icra olunana qədər İddiaçı işləmədiyi günlərə görə aylıq 3000 manat əmək haqqı cavabdeh Cənub "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qətnamənin ləğvi üçün Bakı Apellyasiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.