Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12371/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8317/2021 saylı, 27 oktyabr 2021ci il tarixli qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli 2(001)- 781/2021 saylı icra vərəqəsi üzrə icraata xitam verilməsi öhdəliyinin cavabdeh Binəqədi rayon İcra Şöbəsi tərəfindən icra edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8317/2021 saylı, 27 oktyabr 2021ci il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. İddiaçı "xxxx" MMC şikayət verərək qərardadın ləğv edilməsi və iddia ərizəsinə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8317/2021 saylı, 09 dekabr 2021ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, iddiaçı tərəfindən şikayətlə bağlı sübutları məhkəməyə təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edərkən qənaətini belə əsaslandırmışdır ki, iddia ərizəsinin mahiyyətindən görünür ki, iddiaçı məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinin tam icra edildiyinə əsaslanaraq icra sənədi üzrə icraata xitam verilməsini tələb etmiş, icra qurumu isə icra sənədində işçinin işə bərpa olunmadığına istinad edərək icra sənədi üzrə icraata xitam verilməsinin qeyri mümkün olduğunu bildirmişdir. Bununla bağlı qeyd edilməlidir ki, məsələyə icra icraatı qaydasında baxılmalıdır. Belə ki, qanunverici qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası mərhələsində pozulmuş hüquq və azadlıqların qorunmasına, həmin aktın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən etmişdir. Eyni zamanda qanunverici icra mərhələsində pozulmuş hüquqların bərpasını icra məmurunun qərarlarından və ya hərəkətlərindən(hərəkətsizlikdən) şikayət verməklə mümkünlüyünü təsbit etmişdir. Məlum olduğu kimi məhkəməyə müraciətin müxtəlif formaları var və bunlardan biri də icra icraatıdır. Lakin hazırki müraciətdən görünür ki, məhkəməyə müraciət iddia icraatı qaydasında olmuşdur, halbuki müvafiq şikayət icra icraatı qaydasında olmalı idi. Məhkəmə eyni zamanda iddiaçının nəzərinə çatdırılmasını zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində faktiki olaraq qətnamənin nəticə hissəsində və bununla bağlı icra sənədində onun üçün qeyri-müəyyən qalan hala aydınlıq gətirilməsini xahiş edir. Belə ki, iddiaçı icra sənədi üzrə işə bərpa edilməli olan şəxsin artıq əmək müqaviləsinin müddətinin bitməsinə əsaslanmaqla, icra sənədində işə bərpa edilməli olan şəxsin işə məcburi qaydada bərpa edilməsinin onun hüquq və azadlıqlarını pozduğuna işarə edir. Yəni, iddiaçı icra sənədi üzrə icraata xitam verilməsini tələb etməklə faktiki olaraq məhkəmə qətnaməsində əmək müqaviləsinin müddətinin bitməsinə baxmayaraq işçinin işə bərpa edilməsinə məcbur edilməsindən narazıdır. Birinci instansiya məhkəməsi qənaətini əsaslandırarkən Mülki Prosessual Məcəllənin 153.2.1, 153.3, 153.4, 153.5, 153.6-cı maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsinə dair 4 aprel 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Sonradan “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. Bundan əlavə, Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Adı çəkilən qərarında Konstitusiya Məhkəməsi Plenumu bu nəticəyə gəlmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, İnzibati-İqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxılır. Konstitusiya Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair qərarında isə göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlüklə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Həmin qərarda qeyd edilmişdir ki, “İcra Haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra Haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra Haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Beləliklə, yuxarıda adı çəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcədə Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun hərəkətləri həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin hərəkətlərindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə qarşı “Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli 2(001)- 781/2021 saylı icra vərəqəsi üzrə icraata xitam verilməsi öhdəliyinin cavabdeh Binəqədi rayon İcra Şöbəsi tərəfindən icra edilməsi barədə qərar qəbul edilməsi barədə” iddia ərizəsini icraata qəbul etməkdən imtina etməsi prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçı qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olsa da, birinci instansiya məhkəməsi tərəfindən ona bu hüququndan hansı formada istifadə etmək qaydası izah olunmuş, əksinə iddiaçı işə düzgün olmayan qaydada, yəni iddia icraatı qaydasında baxılmalı olmasında israr etmiş və rayon məhkəməsinin gəldiyi nəticənin səhv olduğunu göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, icra sənədinin icrası zamanı yaranan məsələlərlə bağlı ayrıca məhkəmə qətnaməsinin qəbul edilməsinə ehtiyac olmasada, iddia ərizəsinin məzmununda göstərilən hallar məhkəmə araşdırmasının predmeti ola bilər. Çünki, hazırki iş üzrə iddiaçı da icra sənədinin icrası zamanı icra məmurunun qanunsuz hərəkətlərini mübahisələndirmişdir. Lakin hazırki tələbə iddia icraatı yaxud inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasa da, iddiaçının qətnamənin icrası qaydasında, yəni həmin mülki işin davamı olaraq icra sənədinin icra olunması ilə əlaqədar icra məmurunun hərəkətlərindən yaxud hərəkətsizliyindən, o cümlədən hazırki işin predmeti olan hərəkətindən icra sənədini vermiş məhkəməyə şikayət vermək hüququ var və onun bu şikayətinə həmin məhkəmə tərəfindən icra qaydasında baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Məhz bu qayda icra sənədinin düzgün icra olunmasının əlçatanlılığını və səmərələliyini təmin etmiş olur. Lakin iddiaçı mülki mühakimə icraatı üzrə iddia icraatı qaydasında baxılmalı olmayan bir ərizə ilə məhkəməyə müraciət edərək bu istəyinə necə nail olacağını əsaslandırmamış, dolayısı ilə, nail olmağa çalışdığı məqsəd üçün düzgün vasitə (yol) seçməmişdir. Şərh olunanlara əsasən, şikayət təmin edilmədən, Binəqədi Rayon Məhkəməsinin 2(001)-8317/2021 saylı, 27 oktyabr 2021-ci il qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı "xxxx" MMC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8317/2021 saylı, 27 oktyabr 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-12371/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12371/2021
24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver