Məhkəmə qərarları › İş №2(103)-1238/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1238/2022

14.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1238/2022 14.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4572/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. Ərizəçi maraqlı şəxs Bakı şəhəri 14 saylı Notariat ofisinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1968-ci il tarixdə vəfat etmiş X10 və xx.xx.1986-cı ildə vəfat etmiş X8 qardaş olmaları və xx.xx.2021-ci il tarixdə vəfat etmiş X9 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 52 ünvanında yerləşən 9 saylı mənzilin mirasın açılma yeri Bakı şəhəri olmaqla tərəfindən miras əmlak olaraq qəbul edilməsi barədə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizəçi ərizəsində bildirmişdir ki, onun yaxın qohumu - əmisi nəvəsi X19 xx.xx.2021- ci ildə Bakı şəhərində vəfat etmişdir. Miras qoyan onun əmisi nəvəsidir, onun digər vərəsəsi yoxdur, O, mirasın qəbulu məqsədi ilə 14 saylı Notariat Ofisinə müraciət etmiş, lakin miras qoyanla qohumluq münasibətlərini təsdiq edən sənəd təqdim edilməməsini əsas göstərərək notariat ofisi tərəfindən ona müvafiq şəhadətnamənin verilməsindən imtina edilmiş və müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.

3. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4572/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilməmişdir.

4. Rayon məhkəməsi qətnaməsini ərizəçinin istinad etdiyi hallara dair kifayət qədər sübut təqdim edə bilməməsi ilə əsaslandırmışdır.

5. Ərizəçi rayon məhkəməsinin qətnaməsi ilə razılaşmamış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

6. Ərizəçi apellyasiya şikayətində rayon məhkəməsi tərəfindən işin hərtərəfli və tam araşdırılmamasına, sübutların əldə olunması ilə bağlı ərizəçinin hüquqlarını həyata keçirməsinə kömək edilməməsinə, maddi və prosessual hüquq normalarının pozulmasına istinad olunmuşdur.

7. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

8. Məhkəmə kollegiyasının iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri 14 saylı Notariat ofisinin notariusu E.Əliyev məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi ərizədə işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.

10. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:

11. Bakı şəhəri 14 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli, 1594 nömrəli məktubundan görünür ki, miras qoyanla qohumluq münasibətləri sübut edən sənəd təqdim olunmadığı müəyyən edilmişdir. Bu səbəbdən də həmin əmlaka dair vərəsəlik hüququ şəhadətnamə vermək imkan xaricindədir.

12. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş sutərindən görünür ki, ünvan 2 ünvanındakı əmlak X11 mülkiyyətindədir.

13. AZ-İİ 169770 saylı ölüm haqqında şəhadətnamənin notarial təqsdiq olunmuş surətindən görünür ki, X19 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.

14. ИЖ 410298 saylı Doğum haqqında şəhadətnamənin notarial təqsdiq olunmuş surətindən görünür ki, X15 xx.xx.1955-ci il tarixdə doğulmuş, atası X24, anası X2r.

15. ИЕ 216154 saylı Evlənmə haqqında şəhadətnamənin notarial təqsdiq olunmuş surətindən görünür ki, 1919-cu il təvəllüdlü X26 və 1930-cu il təvəllüdlü X5 xx.xx.1954cü il tarixdə evlənmiş və evlənmə qeyd edilmədən sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir.

16. İ-ЖГ 330388 saylı ölüm haqqında şəhadətnamənin notarial təqsdiq olunmuş surətindən görünür ki, X24 xx.xx.1975-ci il tarixdə vəfat etmişdir.

17. AZ-İ 662675 saylı Ölüm haqqında şəhadətnamənin notarial təqsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir.

18. ИE 435003 saylı Doğum haqqında şəhadətnamənin notarial təqsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.1930-cu il tarixdə doğulmuş, atası X10, anası X1r.

19. AЗ 098503 saylı Evlənmə haqqıda şəhadətnamənin notarial təqsdiq olunmuş surətindən görünür ki, 1896-cı il təvəllüdlü Tağıyev Bəxtiyar və 1908-ci il təvəllüdlü X12 xx.xx.1925-ci il tarixdə evlənmiş və evlənmə qeyd edilmədən sonra ərə Tağıyev, arvada Tağıyeva soyadı verilmişdir.

20. İİ-ИE 237810 saylı Ölüm haqqında şəhadətnamənin notarial təqsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.1968-ci il tarixdə vəfat etmişdir.

21. A3 ******* saylı doğum haqqında şəhadətnamənin notarial təqsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1953-cü il tarixdə doğulmuş, atası X14, anası X4r.

22. İİİ-ЖГ 359145 saylı ölüm haqqında şəhadətnamənin notarial təqsdiq olunmuş surətindən görünür ki, X14 xx.xx.1986-cı il tarixdə vəfat etmişdir.

23. Şəki Rayon Xalq Məhkəməsinin 2-22/1984 saylı, xx.xx.1984-cü il tarixli qətnaməsinin surətindən görünür ki, ərizəçi X8 atası X3 tikintiyə sahiblik hüququ faktı müəyyən edilmişdir.

24. Mənzil-Kommunal Xidmətləri üçün Mədaxil Qəbzindən görünür ki, Ərizəçi ünvan 3 ünvanındakı əmlaka dair 24 manat kommunal ödəniş etmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

25. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

26. 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

27. 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.

28. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

29. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər.

30. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur.

31. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.

32. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın.

33. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər.

34. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

35. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

36. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

37. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

38. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

39. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

42. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

43. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya Məhkəməsinin mövqeyi:

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini ərizəçinin şikayətinə əsasən tam yoxlayır.

47. Apellyasiya şikayətinə baxılarkən aparılmış araşdırmalar zamanı hazırkı iş üzrə tətbiq edilməli olan maddi hüquq norması kimi qanun üzrə vərəsəlikdə növbəlik, eyni növbəyə aid vərəsələrin dairəsi, eləcə də vərəsələri olmayan əmlakın dövlətə keçməsi ilə bağlı münasibətləri tənzimləyən MM-nin müvafiq maddələrinin Konstitusiya Məhkəməsi tərəfindən şərh edilməsinə zərurətin olduğu müəyyən olunmuşdur.

48. Belə ki, rayon məhkəməsi ərizəni rədd edərkən Ərizəçi ərizəsində istinad etdiyi hallara dair kifayət qədər sübut təqdim edilməməsinə əsaslansa da, apellyasiya icraatı mərhələsində ərizəçinin, ümumiyyətlə, hazırkı ərizə ilə müraciət etmək üçün subyektiv hüququnun olub-olmaması məsələsi ortaya çıxmışdır.

49. Bununla bağlı, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1238/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası MM-in 1159.5-ci maddəsi həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə və Azərbaycan Respublikası Konstitusiyasının 147 və 149-cu maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilməsi ilə əlaqədar həmin müraciətə baxılıb qurtaranadək hazırkı iş üzrə icraat dayandırılmışdır.

50. Müraciətlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair”nə dair 28 iyul 2022-ci il tarixli qərarı qəbul etmişdir.

51. Həmin qərara əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər.

52. Hazırkı halda ərizəçi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin tələbləri baxımından miras qoyanın vərəsəsi ola bilmir, belə olan halda onun hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmadığı müəyyən edilir.

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir.

54. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

55. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

56. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.»

57. İddia tələbini təmin etməyən rayon məhkəməsi isə öz mövqeyini ərizəçinin istinad etdiyi hallara dair kifayət qədər sübut təqdim edə bilməməsi ilə əsaslandırmışdır.

58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

59. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Nəticə:

60. Yuxarıda qeyd olunanlara əsasən, ərizəçinin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ərizəçinin tələbi onun hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmaması əsası ilə təmin edilməməlidir.

61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

62. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizənin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu (10+5=15) ərizəçiyə aid edilməlidir.

63. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Ərizəçi apellyasiya şikayəti qismən təmin olunsun. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4572/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia təmin edilməsin. Ərizənin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu (10+5=15) ərizəçiyə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar