Məhkəmə qərarları › İş №2(103)-12384/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12384/2021

29.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12384/2021 29.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 2(004)-6749/2021 saylı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 noyabr 2021-ci il tarixli qərardadlardan iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra – QSC) verdiyi şikayətlərə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbi” barədə iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, tələb hüququnu qəbul etdiyi "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış 17.09.2013-cü il tarixli, 1179 saylı “Kredit müqaviləsi” əsasında yaranmış və cavabdeh tərəfindən ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 776,50 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 309,73 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması, tutmanın cavabdehə məxsus olan və "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş **-FM-*** dövlət qeydiyyat nömrəli “Opel Astra” markali avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, avtomobilin satışından əldə oluna biləcək pul vəsait hesabına yuxarıda qeyd edilən borcun ödənilməsi, bundan sonra artıq qala biləcək pul vəsaitinin cavabdehə verilməsi, avtomobilin satışından əldə oluna biləcək pul vəsaiti borcun ödənilməsinə kifayət etmədiyi halda qalan məbləğinin cavabdehdən ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC eyni zamanda “müvəqqəti təminat tədbirinin görülməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək ipoteka predmeti olan avtomobilin üzərinə həbs qoyulması, avtomobilin xüsusi mühafizə olunan dayanacağa yerləşdirilməsi, habelə avtomobildən istifadə edilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. “Müvəqqəti təminat tədbirinin görülməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 04.10.2021-ci il tarixli qərardad ilə ərizəni qismən təmin edilməsini, avtomobilin özgəninkiləşdirilməsinə qadağa qoyulmasını qərara almışdır. İşə mahiyyəti üzrə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 18.11.2021-ci il tarixli qərardadla iş üzrə icraata xitam verilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iddia ərizəsində cavabdeh kimi adı qeyd edilmiş Cavabdeh 22.05.2019-cu il tarixdə, yəni iddia ərizəsi məhkəməyə verilməmişdən təxminən 28 ay əvvəl vəfat etmişdir. Belə olan halda o, cavabdeh hesab edilə, iddia ərizəsi icraata qəbul edilə və mahiyyəti üzrə baxıla bilməzdir. Həmin tarixli digər qərardadı ilə Rayon Məhkəməsi 04.10.2021-ci il tarixli qərardadla avtomobil barəsində tətbiq etdiyi müvəqqəti təminat tədbirini ləğv edilmişdir. Bu qərardad onunla əsaslandırılmışdır ki, “iddiaya məhkəmə qaydasında baxıla bilməz” əsası ilə iş üzrə icraata xitam verildiyindən, avtomobil barəsində əvvəlcədən görülmüş tədbir davam etdirilə bilməz. İddiaçı QSC hər iki qərardaddan Rayon Məhkəməsinə ayrı-ayrılıqda şikayətlər vermişdir. Şikayətlər onunla əsaslandırılmışdır ki, məhkəmə baxışı zamanı iddiaçı QSC tərəfindən cavabdehin hüquqi varislərinin müəyyən edilməsi barədə şifahi vəsatət verilmişdir. Lakin Rayon Məhkəməsi vəsatətə münasibət bildirməyərək cavabdehin hüquqi varislərinin müəyyən edilməsi istiqamətində müvafiq zəruri tədbirlər görmədən mülki işin icraatına xitam vermişdir. Bundan başqa, avtomobil daşınar əşya olduğundan onun gizlədilməsi, hissə-hissə edilərək satılması, ölkədən kənara sürülməsi, toqquşma nəticəsində yararsız vəziyyətə düşməsi, qeyri-qanuni yolla özgəninkiləşdirilməsi ehtimalları mövcuddur. Bu imkanın qarşısı alınmayacağı təqdirdə gələcəkdə çıxarılan qətnamənin icrası qeyri-mümkün və ya çətin ola bilər. Şikayətlərə baxmış Rayon Məhkəməsi iş üzrə ayrı-ayrılıqda qəbul etdiyi 09.12.2021-ci il tarixli qərardadları ilə şikayətləri təmin etməmiş və baxılması üçün şikayətləri, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hər iki qərardaddan verilmiş şikayətləri və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməməli, barəsində şikayət verilmiş qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən 18.11.2021-ci il tarixdə əldə olunmuş çıxarışdan müəyyən olunur ki, iddia ərizəsində cavabdeh kimi adı qeyd edilmiş Cavabdeh 22.05.2019-cu il tarixdə ölmüşdür. İş materiallarından görünür ki, iddiaçı QSC-nin Cavabdeh qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” iddia ərizəsi 01.10.2021-ci il tarixdə Rayon Məhkəməsinə daxil olmuşdur. Müzakirə edilən məsələnin həlli ilə bağlı Məhkəmə bildirir, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə görə, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 50.1-ci maddəsinə görə, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. MPM 261.0.7-ci maddəsinə görə, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən müzakirə edilən məsələyə yanaşdıqda müəyyən edilir ki, iddia ərizəsi Rayon Məhkəməsinə daxil olan zaman Cavabdeh təxminən 28 ay əvvəl vəfat etmişdir. Bu baxımdan müəyyən edilir ki, o, hazırki iş üzrə tərəf olmamış və tərəf kimi sıradan çıxmamışdır. Buna görə də, onun məhkəmə icraatı zamanı varislə əvəz edilməsi mümkün deyil. Başqa sözlə iddia ərizəsi icraata qəbul edilə və mahiyyəti üzrə baxıla bilməzdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə icraata xitam verməkdə haqlı olmuşdur. İddiaçı QSC tərəfindən həmin qərardaddan verilmiş şikayət əsassızdır. Rayon Məhkəməsinin ipoteka predmeti olan avtomobil barəsində görmüş olduğu müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə qərardadına gəldikdə də müəyyən edilir ki, qərardad əsaslı, həmin qərardaddan iddiaçı QSC-nin verdiyi şikayət isə əsassızdır. Belə ki, “iddiaya məhkəmə qaydasında baxıla bilməz” əsası ilə iş üzrə icraata xitam verildiyindən, avtomobil barəsində əvvəlcədən görülmüş müvəqqəti təminat tədbiri davam etdirilə bilməz. Odur ki, yuxarıda göstərilənləri nəzərə alan və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" QSC BOKT-un şikayətləri təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qərardadlar dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar