Məhkəmə qərarları › İş №2(103)-1239/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1239/2023

27.02.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1239/2023 27.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “işə bərpa və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “işə bərpa və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4840/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “işə bərpa və s. tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azərbaycan Dəmir Yolları'’ Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 218796 nömrəli əmrinin qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi, əvvəlki vəzifəsinə bərpa edilənədək məcburi işburaxmanın bütün müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

2. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4840/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Rəşid Səmədov) ilə iddia ərizəsi təmin edilməmişdir.

3. Birinci instansiya məhkəməsi öz mövqeyini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, MPM-in 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:

4. İddiaçı apellyasiya şikayətini verərək, qeyd etmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, qətnamədə onun haqlı iddia tələbinin təmin edilməməsi onunla əsaslandırılmışdır ki, “iddiaçı xx.xx.2022-ci il tarixində gecə növbəsində vəzifəsini icra edərkən iş yerində (xidməti otağında) yatdığı, həmçinin oranı özbaşına tərk etdiyi halları müəyyən edilmişdir”. Lakin məhkəmə nəzərə almamışdır ki, bu işçinin işdən azad edilməsi ücün əsas ola bilməz. Belə ki, işəgötürən tərəfindən buna görə intizam tənbehi verilə bilərdi və yalnız intizam tənbehindən nəticə çıxartmadıqda 6 ay ərzində təkrar əmək funksiyasını pozduqda işcinin əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilə bilərdi. Bu işdə isə belə olmamışdır, intizam tənbeh verilmədən və 6 ay gözləmədən dərhal onun barəsində xx.xx.2022-ci il tarixli 218796 nömrəli Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad edilməyi barədə əmr verilmişdir. Həmçinin əmək kollektivinin hüquqlarına hər-hansı ziyanın dəyməsi barədə sübut yoxdur. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi, bələdçi işləyən dövrdə töhmət aldığını bildirdi.

6. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Ə.Babayeva apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi, bildirdi ki, əmrdə qeyd edilən halları kifayət qədər sübutlar, o cümlədən işçilərin izahatları, video görüntülər ilə təsdiq edilmişdir, bu da Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin təsiri altına düşür ki, bu səbəbdən rayon məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Bundan əlavə iddiaçıya 2021-ci ildə də töhmət verildiyini bildirdi. Sübutların tədqiqi:

7. İddiaçı xx.xx.2022-ci il tarixli izahatından görünür ki, o, xx.xx.2022-ci il tarixində axşam 20:00-da Məmmədli dayanacağında kassir nəzarətçisi kimi işə gəlmişdir. xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixinə keçən gecə saat 1-ə qalmışdan 3-ə kimi xidməti otağında yatmışdır. 02:59-da Esmira Əliyeva ona zəng etdikdən sonra onun xidməti otağına getmişdir. Müəyyən vaxtdan sonra öz xidməti otağına qayıdıb 03:54dən 05:00-dək yatmışdır. Onun yatmağı kamera görüntülərində də təsdiq olunur. O, əvvəllər də işdə olarkən qatarların hərəkətdə olmadığı saatlarda yatmışdır. Bu nöqsanlarını səmimi olaraq etiraf edir. Söz verir ki, gələcəkdə işində bu kimi ciddi və kobud nöqsanlara yol verməyəcəkdir.

8. "xxxx" QSC-nin “Sərnişin daşımaları” departamentinin X2 Komitəsinin Rəyasət Heyəti iclasının xx.xx.2022-ci il tarixli, 73 nömrəli protokoldan çıxarışdan görünür ki, Məmmədli dayanacağının kassir nəzarətçisi İddiaçı işində yol verdiyi kobud nöqsanlara görə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmiş, İddiaçı öz xahişi ilə işdən azad edilməsinə dair ərizə ilə işəgötürənə müraciət etdiyi halda ərizəsinin işəgötürən tərəfindən qəbul olunması tövsiyə olunmuşdur.

9. "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 218796 saylı əmrindən görünür ki, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə və əmək funksiyalarını kobud şəkildə pozduğuna görə sərnişin daşımaları departamentinin aparatının xəttinin Məmmədli dayanacağının kassir nəzarətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin xx.xx.2022ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70- ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən İddiaçı ilə son haqq-hesabın aparılmasını, o cümlədən işlədiyi dövrdə istifadə etmədiyi 6.1 təqvim günü (xx.xx.2022-xx.xx.2022-ci iş ili üçün) əsas məzuniyyətinə görə pul əvəzinin ödənilməsinin təmin edilməsi əmr edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Əmək Məcəlləsi:

10. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

11. Maddə 70. ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;

12. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

13. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

17. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

18. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

19. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

20. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

23. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

24. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri: Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalıdır.

26. Belə ki, Məhkəmə Kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2022-ci il tarixində gecə növbəsində vəzifəsini icra edərkən iş yerində (xidməti otağında) yatdığı, həmçinin oranı özbaşına tərk etdiyi halları müəyyən edilmişdir. Bu fakt müəssisə daxilində olan kamera görüntüləri, İddiaçı xx.xx.2022-ci il tarixli izahatı və digər əməkdaşlar Abbasova Lətafət və Nəbiyeva Ceyran tərəfindən xx.xx.2022-ci il tarixində yazılmış izahatlarla öz təsdiqini tapmışdır. İşçinin öz vəzifəsini icra edərkən iş yerində (xidməti otağında) yatdığı, həmçinin oranı özbaşına tərk etdiyi halı Əmək Məcəlləsinin 71-ci maddəsinin ikinci hissəsində qeyd edilən əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə iş yerində işin, istehsalın normal ahənginin pozulmasına səbəb olmuşdur

27. Bundan başqa, cavabdeh İddiaçı iş vaxtı iş yoldaşı Əliyeva Esmiraya qarşı qeyri-etik hərəkət edərək, Əmək Məcəlləsinin 71-ci maddəsinin ikinci hissəsində qeyd edilən əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Bu hal Əliyeva Esmira tərəfindən xx.xx.2022-ci il tarixli izahatında öz əksini tapmış, lakin cavabdeh bununla bağlı izahat yazmaqdan imtina etmişdir. Bununla bağlı keçirilən iclasda cavabdeh tutduğu əməli etiraf etmiş və şikayətçi Əliyeva Esmiradan üzr istəmişdir və bu hal aktlaşdırılmışdır.

28. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Kollegiya bildirir ki, iddiaçı apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:

30. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

31. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4840/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar