Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1239/2025 04.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma tələbi barədə” ilk iddiasına, cavabdehin iddiaçıya qarşı “istifadə hüququnun tanınması tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 oktyabr 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, İddiaçı vəkili (nümayəndəsi) Vəkil1 və Cavabdeh vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddialar barədə məlumat
1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Xətai Rayon Məhkəməsinə müraciət etmiş İddiaçı, onun mülkiyyətində olan və Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 1 “B”-də yerləşən 69 saylı mənzildən Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları Sevinc və Həmzə ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilin icarədarı iddiaçının atası X7 olmuşdur. Cavabdeh iddiaçının atası Vaqif Həsənov ilə 2008-ci ildə nikaha daxil olmuş və mübahisəli mənzildə iddiaçının atası ilə birlikdə yaşamışdır. Vaqif Həsənov xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Cavabdeh uşaqları ilə birlikdə hazırda da mənzildə yaşayır. Baxmayaraq ki, mənzil hazırda iddiaçının mülkiyyətindədir və bu barədə “Daşınmaz əmlakın dövlət reyestrində” xx.xx.2023-cü il tarixdə müvafiq qeydiyyata aparılmışdır. Cavabdehin həmin mənzildən istifadə etməsi ilə bağlı hüququnun mövcud olması “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmamışdır. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İddiaçının cavabdeh ilə ailə münasibətlərinə 2022ci ildən xitam verilmişdir, lakin cavabdeh, iddiaçının mənzilində yaşadığı üçün iddiaçıya öz mülkiyyət hüquqlarını həyata keçirməyə imkan vermir. Tərəflər arasında başqa hər hansı bir razılaşma yoxdur. Ona görə də cavabdeh uşaqları ilə birlikdə mənzildən çıxarılmalıdır.
3. Cavabdeh öz növbəsində iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onun və iki yetkinlik yaşına çatmayan övladlarının mübahisəli mənzilə istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Özündə ilk iddiaya qarşı etirazı ehtiva edən qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçının atası Vaqif Həsənov xx.xx.2008-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuş və cavabdeh mübahisəli mənzilə köçmüşdür. Onların birgə nikahından 2 övladları doğulmuşdur: xx.xx.2008-ci il təvəllüdlü Sevinc və xx.xx.2009-cu il təvəllüdlü Həmzə. Sevinc mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. Vaqif Həsənov xx.xx.2022-ci il tarixdə vəfat etmiş və bundan sonra da cavabdeh 2 övladı ilə birlikdə mənzildə yaşamaqda davam etmişlər. Mənzilin kommunal xərcləri cavabdeh tərəfindən ödənilmişdir. Göründüyü kimi onların mənzildən istifadə hüquqları Vaqif Həsənov vəfat etməmişdən əvvəl yaranmışdır. Hazırda cavabdeh Tovuz rayonu, Həsənli kəndində - ata evində qeydiyyatdadır. Lakin onun qeydiyyatda olduğu ünvana qayıtması mümkün deyil. Cavabdehin və uşaqlarının başqa yaşayış yeri yoxdur. Vaqif Həsənovdan qalmış mirasın qəbulu ilə əlaqədar cavabdehin ərizəsi əsasında xx.xx.2024-cü il tarixində Bakı Şəhəri 36 saylı Notariat Ofisində vərəsəlik işi də açılmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı, özünün mənzilin mülkiyyətçisi olması halına əsaslansa da, cavabdehin mübahisəli mənzildən istifadə etməsi ilə bağlı hüququ 2008-ci il tarixdə, yəni həmin vaxt mənzilin icarədarı olmuş Vaqif Həsənov ilə nikaha daxil olaraq mənzilə köçməsi, mənzildə Vaqif Həsənovun ailə üzvü kimi yaşaması və sonuncu ilə birgə təsərrüfat idarə etməsi ilə yaranmışdır. Sonradan, yəni Vaqif Həsənovun vəfatından sonra iddiaçının xx.xx.2023-cü il tarixdə həmin mənzili öz adına özəlləşdirməsi cavabdehin mübahisəli mənzildən çıxarılmasına əsas vermir. Belə ki, cavabdehin mənzildən istifadə etməsindən ibarət hüququ itməyib və mənzil, bu hüquqa malik olan cavabdehin razılığı olmadan iddiaçı tərəfindən özəlləşdirilmişdir. c) apellyasiya şikayəti barədə məlumat
7. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İlk iddianın məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq edilməməsi ilə qəbul edilmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat
9. Apellyasiya baxışında iştirak etmiş iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi. O, iddia ərizəsində göstərilənlərdən fərqli olaraq bildirdi ki, cavabdeh ilə iddiaçının atası Vaqif Həsənov xx.xx.2008-ci il tarixdə nikaha daxil olduqdan sonra mübahisəli mənzilə köçməmişdir. Cavabdeh ilə Vaqif Həsənov müxtəlif ünvanlarda kirayədə yaşamışlar. X9 vəfat etdikdən sonra cavabdeh yas mərasimində iştirak etmək adı ilə mənzilə gəlmiş və bundan sonra mənzildən çıxmamışdır.
10. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və qarşılıqlı iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, cavabdeh, Vaqif Həsənov ilə nikaha daxil olduğu vaxtdan mübahisəli mənzildə yaşayır. Əks halda cavabdeh ilə Vaqif Həsənovun mübahisəli mənzildə deyil, müxtəlif ünvanlarda kirayədə yaşamaları iddiaçı tərəfindən iddia ərizəsində göstərilərdi. Amma iddiaçı ilk iddia ərizəsində də qeyd edir ki, cavabdeh, Vaqif Həsənov ilə nikaha daxil olduğu vaxtdan mübahisəli mənzildə yaşayır. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
11. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
12. Belə ki, Bakı Şəhəri Kirov Rayon İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 26 saylı qərarından və həmin qərar əsasında xx.xx.1988-ci ildə verilmiş 247260 saylı orderdən görünür ki, Bakı şəhəri, Kirov rayonu, Zığ şosesi, 2952-ci kvartalda yerləşən 1 saylı evin 69 saylı mənzili (hazırda: Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 1 “B”, mənzil 69) ailə tərkibi 6 nəfərdən (o cümlədən qızı olan İddiaçı) ibarət olan (iddiaçının atası) X4 ayrılmışdır.
13. İş üzrə tərəflərin verdikləri məlumatlardan və işdə olan sənədlərdən görünür ki, Vaqif Həsənov ilə cavabdeh xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuşlar. Bu nikahdan onların 2 övladları var: xx.xx.2008-ci il təvəllüdlü Sevinc və xx.xx.2009-cu il təvəllüdlü Həmzə. Vaqif Həsənov xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.
14. Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” iddiaçının adına verilmiş “Çıxarışdan” və digər sənədlərdən görünür ki, mübahisəli mənzil iddiaçı tərəfindən özəlləşdirilmiş və xx.xx.2023-cü il tarixdə iddiaçının xüsusi mülkiyyətində olan əmlak kimi reyestrdə qeydiyyata alınmışdır. Mənzil iddiaçı tərəfindən özəlləşdirilən zaman mənzildə qeydiyyatda olan (hazırkı iş üzrə tərəf olmayan) X3 və X6 tərəfindən verilmiş ərizələrdən görünür ki, onlar mənzilin iddiaçı tərəfindən özəlləşdirilməsinə və mənzilin iddiaçının adına qeydiyyata alınmasına etiraz etmirlər.
15. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli, ******* №-li “Yaşayış yeri üzrə qeydiyyat” haqqında arayışından görünür ki, X3 və X2 başqa mənzildə yaşayış yeri üzrə qeydiyyatda cavabdehin övladlarından biri - xx.xx.2008ci il təvəllüdlü Sevinc də olmuşdur.
16. Sadalanan sənədlərdə göstərilən hallar iş üzrə tərəflər arasında mübahisə doğurmur.
17. Tərəflər arasında hazırda mübahisə doğuran hal - mənzil iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) mülkiyyətinə keçənə qədər, yəni Vaqif Həsənovun icarəsində olduğu müddətdə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) mənzildə yaşayıbyaşamaması halıdır.
18. Cavabdeh bildirir ki, o, iddiaçının atası Vaqif Həsənov ilə xx.xx.2008-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuş və bundan sonra mübahisəli mənzilə köçmüş, Vaqif Həsənov ilə birlikdə mənzildə yaşamış, onunla birgə təsərrüfat aparmışdır.
19. Apellyasiya icraatı zamanı iddiaçının vəkili (nümayəndəsi) cavabdehin Vaqif Həsənov ilə nikaha daxil olduqdan sonra mübahisəli mənzilə köçmədiyini, cavabdeh ilə Vaqif Həsənov müxtəlif ünvanlarda kirayədə yaşadıqlarını, Vaqif Həsənov vəfat etdikdən sonra cavabdehin yas mərasimində iştirak etmək adı ilə mənzilə gələrək və bundan sonra mənzildən çıxmamasını bildirsə də, ilk iddianın məzmunundan görünür ki, iddiaçı, ilk iddia ərizəsində bildirmişdir ki, cavabdeh onun atası Vaqif Həsənov ilə 2008-ci ildə nikaha daxil olmuş, Vaqif Həsənov ilə birlikdə mənzildə yaşamış və hazırda da mənzildə yaşayır.
20. İddiaçının vəkilinin (nümayəndəsinin) Rayon Məhkəməsinə verdiyi izahatından da görünür ki, o, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, cavabdeh iddiaçının atası Vaqif Həsənov ilə 2008-ci ildə nikaha daxil olmuş və Vaqif Həsənov ilə birlikdə mənzildə yaşamış, hazırda da mənzildə yaşayır.
21. İddiaçının vəkilinin (nümayəndəsinin) bildirdiyi və hazırkı qətnamənin 9 və 19-cü bəndlərində göstərilən izahatın Rayon Məhkəməsi tərəfindən ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə artıq qəbul edildikdən sonra “üzə çıxmasını” nəzərə alan Məhkəmə həmin izahatı etibarlı sübut kimi qəbul etmir.
22. Göstərilənləri nəzərə alan Məhkəmə işin faktiki halı kimi qəbul edir ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı), həmin vaxt dövlət mənzil fonduna aid (mübahisəli) mənzilə Vaqif Həsənov ilə xx.xx.2008-ci il tarixdə nikaha daxil olduqdan sonra köçmüş, Vaqif Həsənov ilə birlikdə mənzildə yaşamış, onunla birgə təsərrüfat aparmışdır. Vaqif Həsənov xx.xx.2022-ci il tarixdə vəfat etdikdən sonra cavabdeh övladları ilə birlikdə həmin mənzildə yaşamaqda davam etmiş və xx.xx.2023-cü il tarixdə mənzil iddiaçı tərəfindən özəlləşdirilən zaman cavabdehin həmin mənzildən istifadə etmək hüququ mövcud olmuşdur.
23. İşin faktıkı halını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 217.2-ci maddəsinin tələblərini nəzərə alan Məhkəmə iş üzrə Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikasında xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar (maddə 53.). İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər (maddə 54.).
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında nümayiş etdiyi hüquqi mövqeyinə görə, yaşayış sahəsindən istifadə hüququ Azərbaycan Respublikasının Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının (xx.xx.2009-cu il tarixinədək qüvvədə olmuş) Mənzil Məcəlləsində və Mülki Məcəllədə əks olunmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il, xx.xx.2014-cü il və xx.xx.2018-ci il qərarları).
25. Konstitusiya Məhkəməsinin Plenumunun digər bir mövqeyinə görə, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il və xx.xx.2008-ci il qərarları).
26. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında göstərmişdir ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda, əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarı ilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin göstərilən maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» xx.xx.2012-ci il qərarında əks olunmuş hüquqi mövqeyə görə, özəlləşdirilən mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin yaşadıqları mənzilin (evin) öz aralarından hər hansı birinin mülkiyyətinə verilməsi haqqında razılığın olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. Ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılıq verərkən, bunu mənzildə yaşamaq hüququndan imtina etmək üçün deyil, tam əksinə, Qanunun məqsədlərindən birinə uyğun olaraq həmin mənzildən daha səmərəli istifadə etmək imkanına sahib olmaq üçün edirlər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinin birinci hissəsinə görə özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinə həmin mənzildə yaşamaq hüquqlarının hansı şəkildə (mülkiyyətçi və ya yaxud mülkiyyətçinin ailə üzvü kimi) həyata keçirilməsini seçmək imkanı verilmişdir. Lakin bu seçim öz-özlüyündə Qanunun məqsədlərindən birinin tamamilə aradan götürülməsi və özəlləşdirməyə razılıq verən ailə üzvlərinin mənzildə yaşamaq hüququndan məhrum edilməsi ilə nəticələnməməlidir. Beləliklə, ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılığı Qanunun məqsədlərinə əsasən həmin mənzildən daha səmərəli şəkildə istifadə etmək imkanına sahib olmaq üçün, mənzilin mülkiyyətçisinin mülkiyyət hüququndan ailə üzvlərinin bu mənzildə yaşamaqla bağlı hüquqlarına zidd şəkildə istifadə etməyəcəyinə güvənib, ona etimad göstərərək vermişlər. Bu səbəbdən mülkiyyətçi, mənzilə mülkiyyət hüququndan ona bəslənilən etimada zidd şəkildə istifadə edərək özəlləşdirməyə razılıq vermiş digər ailə üzvlərini həmin mənzildə yaşamaq imkanından məhrum edə bilməz. Əks hal hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biri olan “hüquqdan sui-istifadə qadağası”na zidd olar. Özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz.
28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2015-ci tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə görə, “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub, maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. Mülkiyyət anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir.
29. Qeyd edilən maddi hüquq normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında təsbit edilmiş hüququ mövqeyin hazırki mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, cavabdehin və onun yetkinlik yaşına çatmamış övladlarının mübahisəli mənzilə köçürülməklə orada yaşaması nəticəsində onların mübahisəli mənzildə istifadə hüququ yaranmış, onlar yaşayış sahəsində yaşamaqda davam etdiyindən ailə üzvləri sırasından çıxmasına baxmayaraq bu hüquq itirilməmişdir.
30. İddiaçı mübahisəli mənzilə dair xüsusi mülkiyyət hüququnu atasına qərar (order) əsasında məxsus olmuş mənzilin özəlləşdirilməsi nəticəsində əldə etmiş, özəlləşdirmə aparılarkən isə həmin mənzildə faktiki yaşayan və mənzildən istifadə hüququ olan cavabdehlərin razılığı alınmaması, onun həmin mənzildən istifadə hüququnun xitamı üçün əsas ola bilməz. Belə olan halda iddiaçının bu barədə dəlilləri əsaslı hesab edilə və məhkəmə tərəfindən nəzərə alına bilməz.
31. Məhkəmə araşdırması nəticəsində cavabdehin və onun yetkinlik yaşına çatmamış övladlarının mübahisəli mənzilə istifadə hüququnu istisna edən, habelə onların həmin mənzildən çıxarılmasına əsas verən hallar müəyyən olunmamışdır.
32. Belə olan halda qəbul edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi ilk iddianı rədd, qarşılıqlı iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. f) apellyasiya baxışının nəticəsi
33. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Buna görə apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən MPM-nin 119.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
35. Məhkəmə həmçinin bildirir ki, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, iş üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.
36. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən o, hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
37. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 oktyabr 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.