Məhkəmə qərarları › İş №2(103)-12399/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12399/2021

15.12.2021 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12399/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı Dövlət Universitetinə və üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı cavabdehin qanunun icrasına məcbur edilməsi və sərbəst (ekstern) üsulla birinci pillə hüquqşünaslıq ixtisası üzrə diplom verilməsinin təmin edilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08.05.2021-ci il tarixli qərardadı ilə (hakim V.Hacıyev, iş № 2(004)-3459/2021) iddia ərizəsinin qəbulunun iddianın yolverilməzliyinə görə imtina edilmişdir. Məhkəmə hesab etmişdir ki, həmin iddiaya inzibati məhkəmə icraatı qaydasında Bakı İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. İddiaçı həmin qərardaddan 18.10.2021-ci il tarixdə şikayət vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22.10.2021-ci il tarixli qərardadı ilə (hakim T.Axundov) 08.05.2021-ci il tarixli qərardaddan verilmiş şikayət qanunla müəyyən olunmuş şikayət vermə müddəti ötürüldüyündən geri qaytarılmışdır. Yasamal Rayon Məhkəməsinin 08.05.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin surəti 08.12.2021-ci il tarixdə yenidən məhkəməyə daxil olmuş və məhkəmə onu 22.10.2021-ci il tarixli qərardaddan verilmiş şikayət kimi qəbul edərək baxmış və 10 dekabr 2021-ci il tarixli qərardadla şikayəti təmin etməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət aşağıdakı əsaslara görə qeyri-mümkün hesab edilməli və işlə birlikdə Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərkən İddiaçı tərəfindən Yasamal Rayon Məhkəməsinin 22.10.2021-ci il tarixli qərardadından şikayət verilməsini müəyyən etmədi. Yəni, işdə belə bir şikayət yoxdur. İş materiallarında olan və 22.10.2021ci il tarixli qərardaddan şikayət kimi baxılan sənəd isə iddiaçının 08.05.2021-ci il tarixli qərardaddan verdiyi şikayətin surətidir ki, həmin şikayətə də artıq qiymət verilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi mövcud olmayan şikayətə baxmış və bununla da prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, şikayət qeyrimümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar