Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1240/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil1, cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri N.Nərimanov adına 45 nömrəli tam orta məktəbinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi barədə Bakı şəhəri, N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin 16 mart 2021-ci il tarixli 25 nömrəli əmrinin ləğv edilməsini və onun həmin vəzifəyə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Ədilova, iş №2(005)-3242/21) iddia rədd edilmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1993-cü ildən Bakı şəhəri, N.Nərimanov adma 45 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliməsi olmuşdur. Bakı şəhəri, N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin 16 mart 2021-ci il tarixli 25 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin *ç* bəndinə əsasən ləğv edilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad olunmasını qanunsuz və əsassız hesab edir. Bildirir ki, 04,09.2020-ci il tarixində onu məktəbin həmkarlar təşkilatının iclasına dəvət ediblər və orada deyiblər ki, ya 6 saat dərs yükü ilə razılaşmalı, ya da başqa məktəbə dəyişdirilməlidir. O, buna razılıq verməmiş və nəticədə onu işdən azad etmişlər. Qeyd edir ki, onun hərəkətlərində əmək vəzifələrinin kobud şəkildə pozulması halları olmamışdır. Cavabdehin onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ ç " bəndi ilə tutduğu vəzifədən azad etməsi əsassızdır. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək onun əsassız olduğunu bildirmiş və rədd olunmasını xahiş etmişdir. O, əlavə olaraq göstərmişdir ki, iddiaçı əmək vəzifələrini yerinə yetirməmiş, üzrsüz səbəbdən işə çıxmamışdır, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində irəli sürülən eyni məzmunlu dəlillərlə yanaşı birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olması, işin hallarının düzgün müəyyən olunmaması və qiymətləndirilməməsi, maddi və prosessual hüquq normalarının pozulması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun olmaması və s. ilə də əsaslandırılmışdır. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 07 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən olunan və mübahisələndirilməyən hallarına əsasən İddiaçı Bakı şəhəri, N.Nərimanov adma 45 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işləmiş və məktəb direktorunun 16 mart 2021-ci il tarixli 25 nömrəli əmrinə əsasən əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsi 16.03.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi rəhbər tutulmaqla ləğv edilmişdir. İddiaçı həmin əmrin qanunsuz olduğunu bildirərək məhkəmədə hazırkı iddianı qaldırmışdır. İddiaçının tələbi əmrin ləğv edilməsi və işə bərpa olunması barədədir. Məhkəmə Əmək Məcəlləsinin 10, 45, 68, 69, 70, 71, 80, 83-cü maddələrinə və s. normalara istinad edərək iddia tələbini əsassız saymış və rədd etmişdir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini, əmək funksiyalarını yerinə yetirmədiynə görə, yəni 2020/2021-ci dərs ili üzrə məktəbə gəlmədiyinə görə işçdən azad edilmişdir və əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 80, 83 və 84-cü maddələrinin tələblərinə əməl olunmuş, əmək müqaviləsinə xitam verilməsinə əvvəlcədən həmkarlar ittifaqı təşkilatının razılığı alınmışdır. Əmək Məcəlləsinin 80-ci maddəsində işçinin əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən aşağıdakı şərtlər nəzərdə tutulmuşdur. Həmin maddəyə görə Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məhkəmə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsini əsaslı saymış və göstərmişdir ki, iddiaçının belə pozuntulara yol verməsi, yəni əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi işin faktiki halları ilə sübut olunur. İşçinin əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi formal və ümumi mülahizələrdən ibarət olmamış, cavabdeh tərəfindən dəvət edilmiş şahidlərin ifadələri ilə də iddiaçının hərəkətlərindəki pozuntunun mövcudluğu təsdiqlənmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisələnirilən əmr əmək qanunvericiliyinin tələblərinə əsasən lazımi qaydada əsaslandırılmış, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməmə halının nədə ifadə olunması, yazılı əmək müqaviləsində əks olunmuş hansı öhdəliyin yerinə yetirilməməsi əks olunmışdır. Məhkəmə eyni zamanda iddiaçının istinad etdiyi “həmkarlar ittifaqının qərarının ona verilməməsini, dərs yükünün azaldılması səbəbindən işə çıxmadığını və s.” kimi iddia tələbinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, 04 sentyabr 2020-ci il tarixli Həmkarlar Təşkilatının qərarının iddiaçıya təqdim edilməməsi hazırda mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Bununla belə, iddiaçıya ünvanlanmış çoxsaylı məktublarda həmin qərarla bağlı lazımi məlumatlar iddiaçıya bildirilmiş, bundan əlavə iddiaçı Həmkarlar Təşkilatının 04 sentyabr 2020-ci il tarixli iclasında şəxsən iştirak etmiş və iclasda qəbul edilmiş qərardan məlumatlı olmuşdur. Beləliklə, məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək bu qənaətə gəlmişdir ki, İddiaçı cavabdeh Bakı şəhəri N.Nərimanov adına 45 nömrəli tam orta məktəbinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunma” tələbinə dair iddiasını əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinin əsası kimi istinad olunan hallarla eyni məzmunlu olmaqla həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən düzgün və müfəssəl hüquqi qiymət verilmişdir. Apellyasiya şikayətinin digər dəlillərinə, yəni işin hallarının düzgün müəyyən olunmaması və qiymətləndirilməməsi, maddi və prosessual hüquq normalarının pozulması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun olmaması və s. kimi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu dəlilləri əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən işin halları tam, obyektiv, hərtərəfli araşdırılmış, işin müəyyən edilən hallarına uyğun gələn maddi və prosessual hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə düzgün hüquqi qiymət verilmiş, iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə apellyator öz tələbinin və eləcə də apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 07 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1240/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1240/2022
19.01.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver