Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1242/2023 13.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“işə bərpa və məcburi işburaxma müddəti üçün orta əməkhaqqı") hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının və onun nümayəndəsi vəkil Nümayəndə və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "işə bərpa və məcburi işburaxma müddəti üçün orta əməkhaqqı" tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4558/2022 saylı işi üzrə 14 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı barəsində əmək müqaviləsinin ləğv olunması haqqında 09 mart 2022-ci il tarixli, k/22- 00801 saylı əmrin ləğvi, işə bərpa və məcburi işburaxma üçün orta əmək haqqının ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir.
2. Birinci instansiya məhkəməsi tərəfindən zamanı müəyyən edilmişdir ki: - İşəgötürən "xxxx" ASC-nin sədri B.H.Rzayev ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən İddiaçı Şimal-Qərb RETSİ-nin Zaqatala EŞ-də balans şöbəsinə nəzarətçi mühəndis vəzifəsinə işə qəbul olunmuşdur; -"xxxx" ASC-nin k/22-00801 №-li, 09 mart 2022-ci il tarixli «Əmək müqaviləsinə xitam verilməsi haqqında» əmrinə əsasən əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifə öhdəliklərinin icrasına səhlənkar yanaşdığına və əvvəllər verilmiş intizam tənbehlərindən heç bir nəticə çıxarmayaraq, təkrarən əmək funksiyasını yerinə yetirmədiyinə görə Şimal-Qərb RETSİ X3 Enerji Satış şöbəsinin nəzarətçi mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixdə xitam verilmişdir(iş səh.13, 17).
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4558/2022 saylı işi üzrə 14 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 09 mart 2022-ci il tarixli, k/22-00801 saylı əmrinin ləğv edilməsi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şimal-Qərb RETSİ X3 Enerji Satış şöbəsinin nəzarətçi mühəndisi vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi qət edilmiş və Azərbaycan Respublikası Konstitusiyasının 16; Əmək Məcəlləsinin 11-ci maddəsinin c, 12-ci maddəsinin c bəndlərinə, 68ci maddəsinin 1 və 2-ci hissələrinə, 7-ci maddəsinin c bəndinə, 71-ci maddəsinin 2 və 3-cü bəndələrinə, 70, 71.3, 74.2; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 217.3, 217.4-cü maddələrinə, İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə istinadən qeyd edilmişdir ki, üzərində nə imza, nə də ki möhür olmayan, rəsmi sənəd hesab edilməyən, barəsində iddiaçının məlumatı olmayan vəzifə təlimatına əsasən iddiaçının vəzifə öhdəliklərinin icrasına səhlənkar yanaşdığı əsası ilə əmək müqaviləsinə xitam verilməsi qanunaziddir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhər Nəsimi rayon məhkəməsinin 2(006)- 4558/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 71.2, 72, 186 Mülki Prosessual Məcəllənin 88, istinadən qeyd edilmişdir ki, 2022-ci il yanvar ayının yığım nəticələrini təşkil edərkən nəzarətçi mühəndis İddiaçı Xidməti ərazisində mövcud məişət abonentlərində istifadə olunan elektrik enerjisinə görə 21041 manat oxunma apardığı, ərazisində mövcud debitoru (9505 manat) nəzərə alaraq oxunmadan əlavə 400 manat olmaqla ay ərzində mütləq yığım tapşırığı 21441 manat öhdəlik qoyulmasına baxmayaraq, 1677 manat plandan, 1277 manat isə oxunmadan az vəsait topladığı aşkar edilmişdir. Əmək funksiyası əvvəllər də pozduğuna görə nəzarətçi mühəndis İddiaçı xx.xx.2021-ci il tarixli töhmət intizam tənbehi verilməsinə baxmayaraq, əmək fəaliyyətində heç dönüş yaratmamışdır. İddiaçı 15 aprel 2015-ci il tarixdən qeyd olunan vəzifədə işləyir. Nəzərə alsaq ki, o qeyd olunan vəzifədə əmək funksiyasını uzun müddətdir ki, icra eliyir, onun nəzarətçi mühəndisin vəzifə təlimatı ilə tanış olmasa belə əmək müqaviləsi üzrə əmək funksiyalarının konkret olaraq nədən ibarət olduğunu bilməməsi heç də real görünmür. Bundan əlavə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinin 3-cü bəndində işçinin əmək funksiyasının onun vəzifə təlimatında qeyd olunan öhdəliklərinin yerinə yetrilməsindən ibarət olduğu konkret olaraq qeyd edilmişdir. Bu hal onlara bir daha onu deməyə əsas verir ki, tərəflər arasında əmək müqaviləsi bağlanan zaman müqavilə tərəfi kimi işçi bilavasitə vəzifə təlimatında qeyd olunan öhdəliklərinin yerinə yetirilməsinə görə işəgötürən qarşısında öhdəlik götürmüş olur.Belə ki, iş materiallarında olan balans şöbəsinin aparıcı mühəndisinin vəzifə təlimatının 19 və 27–ci bəndlərində nəzarətçi mühəndisin əsas vəzifələri sırasına debitor borcların yaranma səbəbini araşdırılması və ödənilməsini təmin etmək, həmçinin elektrik enerjisinə olan borcların ödənişini təşkil etmək daxil edilmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə uyğun izahat verərək, barışıqla mübahisənin həllinin mümkün olmadığını, əmrin qanuni olduğunu, şəxsin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həm öz əmək funksiyasını, öhdəliklərini yerinə yetirmədiyinə, həm də əmək vəzifələrini kobud şəkildə pozduğuna görə əmək qanunvericiliyinə uyğun əmək müqaviləsinə xitam verildiyini, iddiaçının verilmiş töhmətdən nəticə çıxarmayaraq 6 ay ərzində təkrarən əmək funksiyasını pozduğunu qeyd edir, qətnamədə qeyd edilən vəzifə təlimatının rəsmi sənəd olmaması və həmçinin iddiaçının bu sənəddən xəbəri olmadığı üçün qeyd edilən vəzifə təlimatına əsasən iddiaçının vəzifə öhdəliklərinin icrasına səhlənkar yanaşdığı əsası ilə cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qanunazidd olmasına dair məhkəmənin mövqeyi ilə razı olmadıqlarını, iddiaçının 15 aprel 2015-ci il tarixdən qeyd olunan vəzifədə işlədiyini, əmək funksiyasını uzun müddətdir ki, icra elədiyini, vəzifə təlimatı ilə tanış olmasa, imzalamasa belə əmək müqaviləsi üzrə əmək funksiyalarının konkret olaraq nədən ibarət olduğunu bilməməsinin ağlabatan görünmədiyini, bundan əlavə iddiaçının əmək müqaviləsini imzaladığını və müqavilənin 3-cü bəndində işçinin əmək funksiyasının onun vəzifə təlimatında qeyd edilən öhdəliklərin yerinə yetirilməsindən ibarət olduğunun qeyd edildiyini, heç bir əmək müqaviləsində əmək funksiyalarının birbaşa yazılmadığını, iddiaçının debitor borcların yaranma səbəbini araşdırılmadığını və ödənilməsini təmin etmədiyini, həmçinin elektrik enerjisinə olan borcların ödənişini təşkil etmədiyini, problemli borclar barədə rəhbərliyə məruzə etmədiyini, onun xx.xx.2022-ci il tarixində izahat yazaraq öhdəliklərini tam icra etmədiyini etiraf etdiyini, izahatında ona verilmiş tapşırıqları artıqlaması ilə yerinə yetirəcəyinə çalışacağını qeyd etdiyini, bununla ona verilmiş tapşırıqların nədən ibarət olmasını və öz öhdəliklərini lazımınca icra etmədiyini bildiyinin aydın olduğunu bildirmiş, apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə əmrdə 2022-ci il yanvar ayının yığım nəticələrini təşkil edərkən nəzarətçi mühəndis İddiaçı Xidməti ərazisində mövcud məişət abonentlərində istifadə olunan elektrik enerjisinə görə 21041 manat oxunma apardığı, ərazisində mövcud debitoru 9505 manat nəzərə alaraq oxunmadan əlavə 400 manat olmaqla ay ərzində mütləq yığım tapşırığı 21441 manat öhdəlik qoyulmasına baxmayaraq, 1677 manat plandan, 1277 manat isə oxunmadan az vəsait topladığı aşkar edildiyinin qeyd edildiyini, bu əsaslarla işçinin işdən azad edilməsinin məntiqsiz yanaşma olduğunu, işçinin üzərinə belə bir öhdəliyin qoyulmasının düzgün olmadığını, abonentlə "xxxx" ASC arasında müqavilə olduğunu, abonentin borcunu ödəmədiyini təqdirdə onun məhkəmə verilməli olduğunu, borcunu ödəməsinin tələb edilməli olduğunu,işçinin debitorları aşkar etdiyini, çeki verdiyini, hüquq münasibətlərinin ASC ilə abonent arasında olduğunu, bundan əlavə X4 və İddiaçı barəsində işdən azad olunmaları ilə bağlı Həmkarlar İttifaqının təqdimat göndərildiyini, onlara öz ərizələri ilə işdən azad olunmaları üçün şərait yaradıldığını, X4 öz ərizəsi ilə işdən azad olduğuna görə ona töhmət verilmədiyini, İddiaçı isə öz ərizəsi ilə işdən çıxmadığı üçün ona töhmət verildiyini, cavabdeh orqanın əmək müqaviləsində qeyd edilən 9.4 bəndinin tələblərini pozaraq qanunsuz olaraq iddiaçını işdən azad etdiklərini, iddiaçının izahatlarında tapşırığın yerinə yetirilməməsinin səbəbləri kimi abonentlərin ödənişlərini tam ödəməməsi və söz verən abonentlərin ödənişləri etməməsini vurğuladığını, onun təqsirinin, öz vəzifəsinə etinasızlığının, səhlənkarlığının müəyyən edilmədiyini, birinci instansiya məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun çıxarıldığını qeyd etmiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən İddiaçı vətəndaşın borcunu ödəmək üçün bir ay müddətinin olduğunu, bu halda vətəndaşın işığını kəsməyə və yaxud vətəndaşa güc tətbiq etməyə əsas olmadığını, iki il “Azerenerji”də, 8 il "xxxx"da işlədiyini, 10 ildə heç bir problem yaratmadığını, Zaqatala rayon elektrik şəbəkəsinin satış rəisinin onunla prinsipə getdiyini, öz istəyi ilə işdən çıxmaq barədə ərizə yazmadığı üçün 70-ci maddənin “ç” bəndi ilə onu işdən azad etdiklərini, lakin həmin maddənin tələblərinə görə işçinin müəssisəyə külli miqdarda ziyan vurmalı olduğunu, onun isə cavabdehə heç bir ziyan vurmadığını bildirmiş, yığımı təşkil edə bilməməsi barədə yazılı məlumat yazmadığını, şifahi olaraq dəfələrlə vəzifə təlimatını istədiyini, lakin vəzifə təlimatının verilmədiyini, izahat yazmasına münasibətdə isə izahatın məhz o cür yazılmasının tələb edildiyini, lakin buna baxmayaraq onun “çalışacam” qeyd etdiyini və yığım etməyə çalışdığını, amma alınmadığını qeyd etmiş, işləyib ailəsinə baxması üçün məhkəmədən ona kömək etməsini xahiş etmişdir.
Apellyasiya baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarına; «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına; Əmək Məcəlləsinin 10, 68-76, 296; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 77, 80-82, 88, 106.2, 217.4, 220.5, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən və işə aidiyyəti olmayan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiyanın dəlilləri sübuta yetirilmir və mənafeyinin pozulmasına birbaşa dəlalət edən qanunvericiliyin müddəalarına müvafiq təfsir edilməsi uyğunsuzluğu müəyyən edilmir. Qeyd edilməlidir ki, əmrin verilməsinə əsas yığımın kifayət qədər olmaması əsası olmuşdur ki, bunun da iddiaçının işdən azad olunması üçün hüquqi əsasları müəyyən edilməmiş, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozulması halları müəyyən edilməsi üzrə əmr əsaslandırılmamışdır. Belə ki, işəgötürən tərəfindən abonentlərdən istehlak edilmiş enerjiyə görə yığımın məbləğinə dair tərtib edilmiş öhdəliyin müəyyən edilməsi üzrə əsaslarına, əmək müqaviləsinə müvafiq işçinin fəaliyyəti (fəaliyyətsizliyi) nəticəsində nöqsanların təsdiq edilməsi və ya öz vəsifələrinə rəğmən işçi tərəfindən onların yerinə yetirilməməsinə dair mötəbər sübutlar təqdim edilməmişdir.
10. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən: Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
11. Həmin Məcəlləsinin 71-ci maddəsinə əsasən: 2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
12. Məcəllənin 72-ci maddəsinə əsasən: Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması;d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
13. Məcəllənin 83-cü maddəsinə əsasən 1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
14. Məcəllənin 186-cı maddəsinə əsasən 1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir.
15. Göründüyü kimi, işəgötürən tərəfindən işçi ilə əmək münasibətlərinə xitam verilməsi barədə əmrinin öz mülahizəsi ilə formal əsaslandırsa da bu əsaslandırmanın normativ və faktiki əsasları öz təsdiqini tapmamışdır.
16. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətlərinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.
17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4558/2022 saylı işi üzrə 14 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.