Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1242/2024 08.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2(011)-4746/2023 saylı qərardadından Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4746/2023 saylı, 20 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanındakı mənzildən çıxarılması və mənzilin onun tərəfindən İddiaçı təhvil verilməsi, Cavabdeh2, xx.xx.2022-ci il tarixdən məhkəmə qətnaməsi icra olunduğu tarixədək vurulmuş maddi ziyana görə hər ay üçün 300 (üç yüz) manat, vurulmuş mənəvi zərərə görə 200 (iki yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 82 (səksən iki) manatın alınaraq İddiaçı verilməsi, dövlət rüsumunun qalan hissədə iddiaçının özünə aid edilməsi qət edilmişdir.. Məhkəmənin həmin qətnaməsindən Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli e-2(011)-4746/2023 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4746/2023 saylı, 20 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2(011)- 4746/2023 saylı qərardadından Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət, həmin məhkəmənin 08 dekabr 2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin verilməsi üçün 1 aylıq müddət 18 noyabr 2023-cü il tarixdə başa çatsa da, həmin gün qeyri-iş günü olan şənbə gününə, növbəti gün, yəni 19 noyabr 2023-cü il də qeyri-iş günü olan bazar gününə təsadüf etdiyindən ondan sonrakı iş günü olan 20 noyabr 2023-cü il tarixi apellyasiya şikayətinin verilməsi üçün müddətin qurtarma günü olmuşdur. Qətnamədən narazı qalan Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 elektron məhkəmə informasiya sistemindəki şəxsi elektron kabineti vasitəsilə qətnamədən apellyasiya şikayəti vermiş və həmin elektron informasiya sistemindən hazırki şikayətə əlavə olunmuş çıxarışdan da göründüyü kimi apellyasiya şikayəti məhz xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Belə ki, sistemdən çıxarışdan göründüyü kimi sistem tərəfindən Sl(011)-136275/2023 rəqəmləri ilə nömrələnmiş apellyasiya şikayətinin göndərilmə tarixi xx.xx.2023-cü il göstərilmiş, baxılma statusu da “göndərilmiş” müəyyən olunmuşdur. Göründüyü kimi apellyasiya şikayəti vaxtında, yəni onun təqdim olunduğu gündən 1 aylıq müddətdə verilmişdir. Məhkəmə isə əsassız olaraq müddəti buraxılmış hesab etmişdir. Məhkəmə aktları sübuta əsaslanmalıdır. Mübahisəli məhkəmə qərardadın apellyasiya şikayətinin 23 noyabr 2023-cü il tarixdə verildiyi göstərilsə də bu hal sübuta yetirilmir və elektron məhkəmə informasiya sistemindəki şəxsi elektron kabinetdən çıxarışlardakı məlumatlarla təkzib olunur. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli 2(011)- 4746/2023 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.3-cü və 129.3-cü maddələrinə görə, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Həmin Məcəllənin 130.1-ci və 130.3-cü maddələrinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiyası məhkəməsi tərəfindən qaytarılır. İş materiallarından göründüyü kimi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4746/2023 saylı, 20 sentyabr 2023-cü il tarixli qətnaməsi 17 oktyabr 2023-cü il tarixdə elektron məhkəmə informasiya sistemində elektron imzalanmış, 18 oktyabr 2023-cü il tarixdə isə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 elektron kabinetinə yerləşdirilmiş və ona sənədin elektron sistemə yerləşdirilməsi ilə bağlı bildiriş göndərilmişdir. Vəkil2 qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddət ötürmüş, 23 noyabr 2023-cü il tarixdə apellyasiya şikayəti vermiş, lakin prosessual müddətin bərpa olunması ilə bağlı heç bir vəsatət verməmişdir. Cavabdehin nümayənəsi və vəkili şikayətində 18 və 19 noyabr 2023-cü il tarixlərinin qeyri-iş gününə təsadüf etdiyini və apellyasiya şikayətinin 20 noyabr 2023-cü il tarixdə göndərildiyini bildirsə də, iş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarışa əsasən müəyyən olunur ki, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər elektron qaydada 23 noyabr 2023-cü il tarixdə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab edərək qeyd edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş 1 aylıq müddət ötürülməklə verildiyindən və müddətin ötürülməsinin üzürlü hesab edilməsi barədə vəsatət verilmədiyindən, düzgün olaraq geri qaytarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2(011)- 4746/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassaiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-1242/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1242/2024
08.01.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver