Məhkəmə qərarları › İş №2(103)-1242/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1242/2025

17.03.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1242/2025 17.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: mənzildən çıxarılma X1 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 3179/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında xx.xx.2003-cü il tarixdə nikah bağlanmış, həmin nikahdan xx.xx.2004-cü il tarixdə X7 və xx.xx.2016-cı il tarixdə X10 anadan olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il tarixdə X10 anasının yanında saxlanılmış və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay iddiaçıdan cavabdehin xeyrinə alimentin tutulmuşdur.

2. "xxxx" Mənzil Tikinti Kooperativi ilə X8 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 13 nömrəli kooperativ mənzil istehlak müqaviləsinə əsasən "xxxx" Mənzil Tikinti Kooperativi ünvan 1 ünvanda “Payçı”ların vəsaiti hesabına inşa ediləcək yaşayış binasının 018 saylı mənzilini X6 təhvil verməyi, sonuncu isə mənzilin dəyərinin 50% hissəsinin müqavilə bağlanan gün, qalan hissəsini isə binanın son mərtəbəsi tikilib başa çatana qədər ödəməyi öhdələrinə götürmüşdürlər. Həmin mənzil xx.xx.2021-ci il tarixdə X5 adına dövlət reyestrində qeydiyyata alınmışdır.

3. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X8 ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 54.60 kv/m olan mənzili oğlu İddiaçı bağışlamışdır. Həmin mənzil üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır və hazırda da onun mülkiyyətindədir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-468/2024 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə etdiyi, hazırda İddiaçı adına olan ünvan 4 ünvanda yerləşən mənzilin alınmasına, təmir edilməsinə və saxlanılmasına çəkilən xərclərin bu günə olan bazar qiyməti ilə hesablanaraq ½ hissədə cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-3101/2024 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-468/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən 5 nömrəli evin 21 nömrəli mənzilindən cavabdehin çıxarılması, mənzilin cavabdeh tərəfindən ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, mübahisəli mənzil üzərində onun mülkiyyət hüququnun qeydə alındığı tarix iş üzrə tərəflərin birgə nikahda olduqları dövrə təsadüf etsə də, mənzil onun mülkiyyətinə əvəzsiz əqd - bağışlama müqaviləsi əsasında keçmişdir. Digər tərəfdən, cavabdehlə arasında bağlanmış nikah məhkəmə yolu, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Bununla da, onlar arasındakı etibarlı ailə münasibətlərinə xitam verilmişdir. Lakin bunlara baxmayaraq, Cavabdeh övladları Müjgan və Uğur ilə birlikdə ona məxsus mənzildə yaşamağa davam edirlər. O, mənzili boşaldılaraq təhvil verilməsini cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh mənzildən çıxmaması onun mülkiyyət hüququnu məhdudlaşdırır, əlavə ödənişlərə cəlb olunmasına səbəb olur. Cavabdehin, ona məxsus mənzilə münasibətdə istifadə hüququ barədə notariat qaydasında təsdiqlənmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış yazılı razılaşmaları isə mövcud deyildir. Belə olan halda, Cavabdeh həmin mənzildə yaşaması üçün hüquqi əsas yoxdur və cavabdehin mənzildə yaşamaqda davam etməsi onun konstitusion hüquqlarını, o cümlədən mülkiyyət hüququnu pozur.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 3179/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 5, giriş-1, 18 saylı mənzildən çıxarılması və mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir. (hakim: X12)

8. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, bu sahəni tənzimləyən qanunvericiliyə əsasən Cavabdeh mənzilin mülkiyyətçisi olan İddiaçı keçmiş arvadı olmaqla artıq ailə üzvü hesab olunmur və yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Tərəflər arasında mənzildən istifadə ilə bağlı münasibətlər 2009-cu il oktyabrın 1-i tarixdən sonra yarandığından məhkəmə həmin münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarını tətbiq edərək hesab etmişdir ki, iddia təmin edilməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu, 33-cü, 43-cü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu, 152-ci, 157-ci, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli əmlak onun da zəhməti hesabına əmələ gəlmişdir. Bigrə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbi ilə məhkəmə icraatı zamanı ona məlum olmuşdur ki, iddiaçı və anasının əlbirliyi ilə həmin ev ilkin olaraq anasının, sonradan isə bağışlanma müqaviləsinə əsasən iddiaçının adına rəsmiləşdirmişdir (bütün bunlar öncədən planlanmış boşanma və əmlakın mənimsənilməsi üçün yönəldilmiş hərəkətlərdir). Bundan sonra o, iddia predmetində dəyişiklik edərək çəkilən xərcləri tələb etmişdir. O, hazırda uşaqları ilə birgə həmin evdə yaşayır və həmin mənzilə qeydiyyata da alınmışdırlar. Lakin iddiaçı öz başına, qanunsuz olaraq onların qeydiyyatdan çıxarılmağına nail olmuşdur. Məhkəmə araşdırmaları natamam keçirildiyindən bu xüsusatlar məhkəmə tərəfindən araşdırılmamışdır. Mülki işə baxılarkən evdə yaşayan şəxslərin, yəni uşaqların fikirləri dinlənilməmiş, bir ailənin gələcək talehinə biganə yanaşılaraq heç nə olmamış kimi küçələrə atılmasına şərait yaradılmışdır. Mənzilin ilkin verilməsi üçün əsas olan sənədlər və dəlillər, uşaqları ilə birlikdə onun həmin mənzildə qeydiyyatda olmağı, mənzilin nikah dövründə alınması, alındığı vaxtdan həmin evdə yaşamağı, ailə tərkibi, həmin mənzildə aparılmış işlər aşkar məlum olsa da, məhkəmə qətnaməsində göstrərilənlər bu hallara uyğun gəlmir. Belə ki, hazıki qətnamə evdən çıxarılmanı təmin etməklə bir ailənin səfil vəziyyətdə küçələrə atılmasına səbəb olur. Bu səbəbdən də mənafeləri risk altına düşən və hazırda da həmin evdə yaşayan uşaqlar da məhkəməyə cəlb edilərək dindirilməli və mənafeləri nəzərə alınmalı idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək etirazı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-468/2024 nömrəli qətnaməsi ilə mübahisəli mənzilin tərəflərin birgə vəsaiti hesabına alınmaması, onların ümumi birgə mülkiyyəti hesab edilməməsi, tərəflərin birgə vəsaiti hesabına təmir etdirilməməsi və mənzilin birgə vəsait hesabına saxlanılmaması öz təsdiqini tapmışdır. Bununla belə cavabdehin vəsatətinə əsasən digər mülki iş üzrə yekun məhkəmə aktı çıxarılanadək mülki işin icraatı dayandırılmış, ondan vermiş olduğu şikayət təmin olduğundan mülki işin icraatı təzələnərək işə mahiyyəti üzrə baxılması davam etdirilmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

15. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu Qərarın nəticəvi hissəsinin birinci bəndi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil olunmur.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırkı apellyasiya şikayəti qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən cavabdehin himayəsində yetkinlik yaşına çatmayan övladının olması və mübahisəli mənzildən başqa yaşayış yerinin olmaması ilə bağlı diqqətəlayiq halları nəzərə almamış, müəyyən müddət mübahisəli ünvanda istifadə hüquqlarının saxlanması imkanını verən maddi hüquq normalarını düzgün təfsir etməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli və cavabdehin mübahisəli mənzildən çıxarılması ilə bağlı icra qaydası və müddəti müəyyən edilməlidir.

22. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında sərgilənmiş hüquqi mövqeyə əsasən ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: 1) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu; 2) yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin yaşayış sahəsindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olur. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir.

23. Məhkəmə kollegiyası mübahisənin mahiyyətini nəzərə alıb, cavabdehin mənzildən çıxarılmasının mümkünlüyünə hüquqi qiymət verilməsindən əvvəl, ilk növbədə ümumiyyətlə cavabdehin mübahisəli mənzilə münasibətdə istifadə hüquqlarının yaranıbyaranmaması (mövcud olub-olmaması) məsələsinin araşdırılmasını zəruri hesab edir.

24. Bu prizmadan yanaşaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mübahisəli mənzil xx.xx.2013-cü il tarixli kooperativ mənzil istehlak müqaviləsinə əsasən iddiaçının anasının sahibliyinə verilmiş və xx.xx.2021-ci il tarixdə dövlət reyestrində onun adına qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixdə həmin mənzil iddiaçının anası tərəfindən iddiaçıya bağışlanmış və xx.xx.2021-ci il tarixdə sonuncunun mənzil üzərində mülkiyyət hüquqi dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırki mülki iş üzrə cavabdeh iddiaçının keçmiş arvadıdır. Onlar arasında nikah xx.xx.2003-cü il tarixdə bağlanmış və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X10 cavabdehin yanında saxlanılmışdır. Artıq qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-468/2024 saylı qətnaməsi ilə cavabdehin mübahisəli mənzil üzərində birgə mülkiyyət hüququnun və ya bundan irəli gələn hüquqlarının mövcud olmaması müəyyən edilmişdir.

25. Bununla belə, mübahisəli mənzil üzərində iddiaçının mülkiyyət hüququ 2021-ci il tarixdə dövlət reyestrində qeydiyyata alındığından, hazırki mübahisə xx.xx.2009-cu il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müvafiq müddəaları tətbiq edilməklə həll edilməlidir.

26. Belə ki, həmin Məcəllənin 30.1-ci maddəsinin tələbləri baxımından cavabdeh iddiaçının ailə üzvü (arvadı olduğundan) hesab olunduğundan, onun həmin mənzildən istifadə hüququ yaranmışdır. Lakin tərəflər arasında nikah 2024-cü il tarixdə pozulduğundan və cavabdeh iddiaçıya münasibətdə keçmiş ailə üzvü statusu qazandığından o, həmin mənzildən istifadə hüququnu da itirmişdir.

27. Lakin iddiaçı tərəfindən cavabdehin başqa yaşayış sahəsinə malik olması, yaxud cavabdehin özunu yaşayış sahəsı ilə təmin etməyə imkanının olması barədə sübutlar təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, cavabdeh iddiaçının ailə üzvü olmuş, təxminən 21 il onunla ümumi birgə təsərrüfat aparmış, onların birgə nikahından hazırda yetkinlik yaşına çatmayan və cavabdehin himayəsində qalan bir övladı var. Bu baxımdan onların biri-birinə münasibətdə qarşılıqlı hüquq və vəzifələri yaranmışdır. Cavabdehin hazırda yetkinlik yaşına çatmayan övladı ilə birlikdə yaşamağa başqa yeri yoxdur və mübahisəli mənzildən çıxarılacağı təqdirdə onun özünə lazımi şəraiti yarada biləcək maddi imkana sahib olması da iş materialları ilə öz təsdiqini tapmır. Halbuki valideyn kimi öz uşağını yaşayış yeri ilə təmin etmək iddiaçının vəzifəsidir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdehə müəyyən müddət ərzində özünü normal yaşayış sahəsi ilə təmin etmək imkanı yaradılmalıdır.

28. Nəzərə almaq lazımdır ki, mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür.

29. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının 22 yanvar 2015-ci il tarixli qərardadı ilə müəyyən edilmişdir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslər ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdır. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə müvafiq olaraq keçmiş ailə üzvünün mülkiyyətçinin yaşayış sahəsindən istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılmasının (xitamı) tələb etmək hüququndan nə zaman həyata keçirmək məsələsinə qəldikdə isə, Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Həmin konstitusion dəyərdən çıxış edərək məhkəmələr müraciətdə qaldırılan ikinci məsələsini - keçmiş ailə üzvünün mülkiyyətçinin yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanmasını - həll etməlidirlər. Bu konstitusion dəyərin məqsədi konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmamasıdır. Bunu reallaşdırması üçün məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması vacibdir.

30. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda sərgilədiyi hüquqi mövqeyi işin diqqətəlayiq halları ilə birgə nəzərdən keçirərək hesab edir ki, iddiaçının mübahisəli mənzildən istifadə hüququnun mübahisə üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə mindiyi tarixdən 1 il müddətə saxlanılması tərəflərin qarşılıqlı münasibətləri və işin halları baxımından (himayəsində azyaşlı uşaq olan iddiaçının özünü başqa yaşayış sahəsi ilə təmin etmək və s.) ədalətli və ağlabatandır.

31. Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istifadə hüququnun 1 ildən artıq müddətə saxlanılması ədalətli tarazlığın pozulmasına gətirib çıxara bilər.

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, cavabdehin mübahisəli mənzildən çıxarılmasının icra qaydası və müddəti müəyyən edilməli, cavabdehin mübahisəli mənzil üzərində istifadə hüquqları mübahisə üzrə yekun məhkəmə aktının qüvvəyə mindiyi tarixdən 1 il müddətinə saxlanılmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 3179/2024 nömrəli qətnaməsi dəyişdirilərək Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən 5 nömrəli evin, giriş – 1, 18 saylı mənzilindən çıxarılması ilə bağlı icra qaydası və müddəti müəyyən edilsin. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən 5 nömrəli evin, giriş – 1, 18 saylı mənzili üzərində istifadə hüququ mübahisə üzrə yekun məhkəmə aktı qüvvəyə mindiyi tarixdən 1 (bir) il müddətinə saxlanılsın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar