Məhkəmə qərarları › İş №2(103)-1243/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1243/2023

07.02.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1243/2023 07.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə (Açar sözlər: «əmək müqaviəsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X3, Cavabdeh MMC-nin nümayəndəsi X5 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4211/2022 saylı, 28 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh Mingəçevir şəhər mağazasına inzibatçı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixli ərizə ilə öz xahişi ilə işdən azad olunmasını xahiş edib, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdehnə qarşı əmək müqaviəsinin ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli № 855/K saylı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli 855/K saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiada göstərilir ki, "xxxx" MMC-nin Mingəçevir şəhər mağazasında inzibatçı vəzifəsinə xx.xx.2021-ci il tarixdə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin satış deparlamentinin müdiri Azər Əliyev ona mobil telefon vasitəsi ilə zəng vuraraq şifahi surətdə işdən azad edildiyini bildirmişdir. Vəzifəsi inzibatçı, yəni mağaza müdiri idi və bu vəzifəni daşımışdır. Rəhbərliyin göstərişi ilə xx.xx.2022-ci il tarixdə rəhbərliyin məlumatı əsasında təftiş əməkdaşlarının yoxlaması ilə birgə öhdəliyində olan inventarı və mağazada olan məhsulları həmin mağazanın əməkdaşlarına təhvil vermişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin satış deparlamentinin müdiri Azər Əliyev mobil telefon vasitəsi ilə yenidən işə gəlməməsini və iki günə işdən azad edilməsinin tamamilə yekunlaşacağını bildirmişdir. Bu dövrə qədər işə gedib gəlmişdir. xx.xx.2022-ci ildə Azər Əliyevə zəng vuraraq, iki günə işinin yekunlaşdığını və işdən azad edilməsini xx.xx.2022-ci ildə bildirdiyini, lakin indiyədək onu işdən azad etmədiklərini söyləmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə işdən azad edilməsi barədə ərizə ilə rəhbərliyə müraciət etmişdir. Bu sözləri ona satış departamenıinin müdiri Azər Əliyev demişdir. Elektron məktub vasitəsi ilə satış departamentinin müdiri Azər Əliyevə və İnsan Resurslarının direktoru Süleyman Şahverdiyevin elektron ünvanına ərizəni göndərmişdir. Bir ay gözləmiş, əmək müqaviləsinə xilam verməmişlər. xx.xx.2022-ci il tarixdə X8 Rabina Xəlilovaya zəng vurmuşdur. Rabina Xəlilova yazdığı ərizədən yenə də birini göndərməyini bildirmiş, yenidən təkrar ərizəni Rabina Xəlilovaya və sözügedən hər iki nümayəndənin elektron ünvanına göndərmişdir. xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı təkrar müraciəti olsa da, əmək müqaviləsinə xilam verilməsi icra olunmamışdır. xx.xx.2022-ci il tarixdə yenidən İnsan Resurslarının direktoru Süleyman Şahverdiyevə əmək müqaviləsinin xitam verilməsi ilə bağlı təkrar elektron ünvanına xatırlatma məktubu yenidən ünvanlamış, nəticə yenə də olmamışdır. xx.xx.2022-ci ildə ona göndərilən bildirişdə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iş buraxmasını, buna görə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə xitam veriləcəyi bildirilmişdir. xx.xx.2022-ci il tarixdə rəhbərliklə bildiriş əsasında gorüşə getmişdir. İki gün çəkən görüşdə bildirişdə qeyd olunanlarla bağlı heç bir söhbət olmamışdır. xx.xx.2022-ci ildə Azərə, Sülyemana və direktor Əhəd Əsgərova təkrar işdən azad edilməsi üçün məktub ünvanlamışdır. İşə xitam verilməsi ilə bağlı təkrar müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi üçün X10 müraciət etmişdir. Ondan da cavab indiyədək yoxdur. xx.xx.2022-ci il tarixdə işdən azad edilməsi barədə məlumat vermişlər. Lakin indiyədək işə girmə və işdən çıxma əmrinin surətini və eləcə də, əmək kitabçasını verməmişlər. Yalnız təzəlikcə uzun yazı pozudan sonra ona indi göndəriblər. İndi bilmişdir ki, onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə, həmçinin 72-ci maddə ilə, yəni iki maddə ilə işdən azad etmişlər. Əmək Məcəlləsinin 69-cu maddəsində qeyd edilir ki, işçi bir təqvim ayı qabaqcadan yazılı ərizə ilə xəbərdar etməklə, əmək müqaviləsini ləğv edə bilər. Göründüyü kimi, uzun müddətdir işdən azad edilməsi barədə ərizə ilə müraciət etsə də, müdriyyət onu işdən azad etməməklə əmək qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4211/2022 saylı, 28 oktyabr 2022ci il tarixli qətnaməsi (hakim Anar İbadzadə) ilə iddia tələbi təmin edilərək Cavabdeh İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2022-ci il tarixli 855/K saylı əmrin ləğv edilməsi; xx.xx.2022-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki işinə - inzibatçı vəzifəsinə bərpa edilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-də inzibatçı vəzifəsinə işə qəbul edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli 855/K saylı əmri ilə iddiaçının heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsini nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən xitam verilmişdir. Cavabdehin iddiaçı barəsində qəbul etdiyi əmək müqaviləsinə xitam verilməsinə dair əmri Əmək Məcəlləsinin tələblərinin pozulması nəticəsində qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, göstərilən əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə əsas olan hal, yəni iddiaçının bütün iş günü işə gəlməməsi kimi hallar öz təsdiqini tapmamış, bu halları təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, bununla da onunla bağlanmış əmək müqaviləsinə əsassız olaraq xitam verilmişdir. İddiaçının bütün iş günü işə gəlməməsi kimi halları təsdiq edən sübut kimi məhkəməyə təqdim edilmiş aktlar isə birtərəfli qaydada tərtib edilməklə təsdiq edildiyindən mötəbər sübut hesab oluna bilməz. Əksinə işdə olan iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə saat 16:13 radələrində cavabdehin İnsan Resursları Departamentinin direktor müavini vəzifəsində işləyən X1.saheldiyev@optimal.az, X13 müdiri vəzifəsində işləyən X14 Elektron ünvan 2 email ünvanlarına işdən azad olunması ilə bağlı ərizə göndərmiş və əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçıya cavabdeh tərəfindən bu barədə hər hansı məlumat verilmədiyindən həmin ərizəni poçt vasitəsilə cavabdehə göndərmiş və həmin ərizə xx.xx.2022-ci il tarixdə cavabdehə daxil olmuşdur. Lakin cavabdeh, iddiaçının işdən azad olunması ilə bağlı ərizəsi olduğu və həmin ərizəyə heç bir münasibət bildirmədiyi halda, qanunsuz olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əmək müqaviləsinə xitam vermişdir. Bundan başqa, sadalanan normalarda əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinə istinad edilməklə xitam verilməsi nəzərdə tutulmamışdır. Həmçinin də, mübahisələndirilən əmrlərdən görünür ki, iddiaçılar barəsində əmrlər iki əsasla, yəni, Əmək Məcəlləsinin həm 70-ci maddəsinin «ç» bəndinə, həm də 72-ci maddəsinin «a» bəndinə (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) istinadən qəbul edilmişdir. Halbuki, 72-ci maddəsinin «a» bəndi müstəqil tətbiq edilə bilməz və onun məzmununda göstərilən hallar 70-ci maddəsinin «ç» bəndində ehtiva olunduğundan sonuncu normanın tətbiq edilməsi kifayət idi. Bu səbəbdən, əmrin ləğv edilməsi hissəsində iddia əsaslıdır və təmin edilməlidir. Məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi törəmə hüquq münasibəti olub, işə bərpa haqqında tələbin təmin edilməsindən asılıdır. İddiaçının iddia tələbinin işə bərpa hissəsində təmin edilməsi, işə bərpa olunduğu günə kimi məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsini şərtləndirir. Yuxarıda qeyd olunanlara əsasən, cavabdeh Əmək Məcəlləsinin 68-ci maddəsində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq iddiaçı ilə əmək münasibətlərinə xitam verdiyindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinin tələbinə əsasən, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş edərək şikayətində göstərir ki, İddiaçı 14 aprel 2022-ci il tarixdən 19 iyul 2022-ci il tarixə qədər üzrsüz iş buraxmışdır. İşçinin üzrsüz iş buraxması işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 01/K saylı, 2 may 2022-ci il tarixli aktdan görünür ki, işçi İddiaçı 14 aprel 2022-ci il tarixdən 30 aprel 2022-ci il tarixə qədər işə götürənə məlumat vermədən üzrsüz iş buraxmış, iş buraxmanı əsaslandıran heç bir sənəd təqdim etməmişdir. Bundan əlavə, 02/K saylı, 01 iyun 2022-ci il tarixli aktdan görünür ki, işçi İddiaçı 2 may 2022-ci il tarixdən 31 may 2022-ci il tarixə qədər işəgötürənə məlumat vermədən üzrsüz iş buraxmış, iş buraxmanı əsaslandıran heç bir sənəd təqdim etməmişdir. İşçi İddiaçı 14 aprel 2022-ci il tarixdən etibarən üzrsüz iş buraxması barədə 07 iyun 2022-ci il tarixli, 1578/K saylı üzrsüz iş buraxmaya dair bildiriş məktubu göndərilmiş, iş buraxmanı əsaslandıran sənədlərlə (sübutlarla) izahat təqdim etməsi üçün baş ofisə yaxınlaşması, habelə Əmək Məcəlləsinin 79-ci maddəsində nəzərdə tutulan hər hansı bir hal mövcud olduğu halda həmin halları sübut edən sənədləri və s. təqdim etməsi təklif edilmişdir. Lakin işçi İddiaçı qeyd olunan hallarla bağlı heç bir sənəd (habelə izahat) təqdim etməmiş, üzrsüz iş buraxma halı davam etmişdir. Bundan əlavə, 03/K saylı, 1 iyul 2022-ci il tarixli aktdan görünür ki, işçi İddiaçı 01 iyun 2022-ci il tarixdən 30 iyun 2022-ci il tarixə qədər işəgötürənə məlumat vermədən üzrsüz iş buraxmış, iş buraxmanı əsaslandıran heç bir sənəd təqdim etməmişdir. Bundan başqa, 04/K saylı, 01 iyul 2022-ci il tarixli aktdan məlum olur ki, işçi İddiaçı 01 iyul 2022-ci il tarixdən 19 iyul 2022-ci il tarixə qədər işəgötürən məlumat vermədən üzrsüz iş buraxmış, iş buraxmanı əsaslandıran heç bir sənəd təqdim etməmişdir. Qeyd olunan həmin aktlar İnsan Resursları Departamentinin direktor müavini X4, X13 müdiri X18, Təhlükəsizlik Departamentinin direktoru X6 tərəfindən imzalanmışdır. Məhkəmənin həmin aktları mötəbər sübut kimi qiymətləndirməməsini əsassız hesab edirlər. Ona görə ki, işçinin üzrsüz iş buraxması faktı məhkəmə proseslərində iddiaçının izahatalarında öz təsdiqni tapır. İşçinin üzrsüz iş buraxma halı ilə bağlı işçiyə göndərilmiş, 07 iyun 2022-ci il tarixli, 1578/k saylı bildiriş məktubu 14 iyun 2022-ci il tarixində İddiaçı tərəfindən qəbul edilmiş, lakin nəticəsiz qalmışdır. İşçi iş buraxmanı əsaslandıran heç bir sənəd, izahat təqdim etməmiş, həmin məktuba etiraz etməmiş və iş buraxma halına davam etmiş, işəgötürənin bütün konstruktiv cəhdləri nəticəsiz qalmışdır. Bundan sonra, İddiaçı 19 aprel 2022-ci il tarixli işdən azad ərizəsini 14 iyun 2022-ci il tarixdə “Azərpoçt” vasitəsi ilə müəssisəyə göndərmiş, xx.xx.2022-ci il tarixli işdən azad ərizəsi 21 iyun 2022-ci il tarixdə müəssisəyə daxil olmuşdur. (Azərpoçtun satından çıxarışa və zərfin üzərində Azərpoçtun ştampı ilə təsdiqlənir.) Beləliklə, üzrsüz iş buraxan əməkdaş xx.xx.2022-ci il tarixdə işəgötürəni işdən çıxma ərizəsi ilə əmək müqaviləsinə xitam verilməsi təşəbbüsünü arxa tarixə olan işdən azad ərizəsi ilə bildirmişdir, əmək müqaviləsinə xitam verilmə təşəbbüsü barədə işəgötürəni xx.xx.2022-ci il tarixində məlumatlandırmışdır. Göründüyü kimi, cavabdeh tərəfindən təqdim edilmiş aktları və məlumat xarakertli məktubları mötəbər sübut kimi qəbul etməyən məhkəmə iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə saat 16:13 radələrində cavabdehin İnsan Resursları Departamentinin direktor müavini X1.saheldiyev@optimal.az, X13 müdiri X14 Elektron ünvan 2 email ünvanlarına işdən azad olunması ilə bağlı ərizə göndərmiş və əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı cavabdeh tərəfindən bu barədə hər hansı məlumat verilmədiyindən həmin ərizəni poçt vasitəsilə cavabdehə göndərmiş və həmin ərizə xx.xx.2022-ci il tarixdə cavabdehə daxil olmuşdur. Qeyd olunan email yazıları Cavabdeh MMC-yə və onun səlahiyyətli şəxslərinə təqdim edilməmişdir. Belə ki, işçi İddiaçı işə gəlmədiyi üçün onun inventarında olan komputeri götürülmüş və bloklanmışdır. İddiaçı tərəfindən təqdim edimiş xx.xx.2022-ci il tarixli ərizədən görünür, o, xx.xx.2022-ci il tarixindən işdən çıxmasını xahiş edir. Cavabdeh MMC-yə işə qəbul və işdən çıxma və o, cümlədən məzuniyyət və ezamiyyə ərziələrin yalnız əsli rəsmi qaydada Cəmiyyətin Baş direktoruna təqdim edildikdən sonra müvafiq əmr imzalandıqdan sonra və əmrlə tanış olduqdan sonra müvafiq hərəkətlər həyata keçirilir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.

İddiaçı məhkəməyə ünvanladığı və iddia ərizəsi ilə eyni məzmunda tərtib etdiyi apellyasiya şikayətinə yazılı etirazda şikayətin əsassız olduğunu bildirib təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

7. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X7 ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər.

8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

9. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

Maddə 12 “c” bəndi. Əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2 “a” bəndi. Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. Maddə 69.1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Maddə 69.2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Maddə 69.3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Maddə 69.5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Maddə 69.7. İşəgötürən tərəfindən zor işlədilərək , hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Maddə 70 “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72 “a” bəndi. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə 76. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68,69,70,73,74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Madddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

11. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qismən əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır.

12. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

14. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

15. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən, qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

16. İdda tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından, birinci instansiya məhkəməsinin iddianı tam təmin etməklə gəldiyi nəticə düzgün olmamışdır.

17. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Əmək Məcəlləsinin yuxarıda göstərilən normalarının dispozisiya şərtləri ilə qismən uzlaşırdı və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də tam aradan qalxmadığından iddia əmrin ləğv edilməsi hissəsində haqlı sayılırdı.

18. Əvvəla ona görə ki, cavabdeh tərəfindən təqdim edilən sənədlərdə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması açıq-aşkar təsdiq olunmur. Belə ki, 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının 70-ci maddəsinin “ç” bəndinin(bu Məcəllənin 72-ci maddəsində sadalan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda-heç bir səbəb olmadan bütün iş günü işə gəlməməsi əsası ilə) tələblərini pozması əsası ilə ləğv etmişdir.

19. İddiaçı ilə üzrlü səbəb olmadan işə gəlməməsi əsası əmək müqaviləsinə xitam verilməsi üçün mötəbər sübutlar olmalıdır. İşdə yalnız cavabdeh tərəfin İnsan Resursları Departamentinin direktor müavini, X13 müdiri, Təhlükəsizlik Departamentinin direktoru kimi göstərilən şəxslərin tərtib etdiyi 02 may, 01 iyun, 01 iyul və 19 iyul 2022-ci il tarixli aktlar mövcuddur (bax.i.v:61-64). Bu aktlar qeyd olunan əsasla iddiaçının işdən azad edilməsi üçün mötəbər sübut və yetərli əsas ola bilməzdi. Çünki, cavabdeh tərəfin işdə bilavasitə maraqlı şəxsləri tərəfindən tərtib edilmiş, üstəlik həmin şəxslərin Bakı şəhərində tərtib etdikləri aktlarda iddiaçının Mingəçevir şəhərində yerləşən mağazadakı iş yerinə gəlməməsini hansı qaydada müəyyən etdiklərini yaxud öyrəndəiklərini də göstərməyiblər. İşdə olan digər sübutlarla iddiaçının üzrsüz səbəbdən işə gəlmədiyi faktı təkzib edilir.

20. Əksinə iddiaçının göstərdikləri iş materialları ilə tam təsdiq olunur (bax.i.v.6-7;13- 17). Belə ki, cavabdeh Cəmiyyətin satış departamentinin müdirinin xx.xx.2022-ci ildə işdən azad olunması barədə şifahi məlumat verdikdən sonra iddiaçı 19 aprel 2022-ci tarixdən işdən azad edilməsinə dair həm yazılı, həm də elektron poçt vasitəsi ərizə ilə müraciət etsə də əmək müqaviləsinin ləğv edilməsi bu əsasla rəsmiləşdirilməmişdir. Bu fakt iddiaçının cavabdeh Cəmiyyətin səlahiyyətli şəxslərinə həmin tarixdən sonra da dəfələrlə ünvanladığı elektron ərizələrlə birbaşa təsdiq olunur. Eyni zamanda cavabdehin apellyasiya şikayətində də bu fakt təsdiq edilir, sadəcə həmin ərizələrin birbaşa işəgötürənə ünvanlamadığı qeyd olunur. Demək, cavabdeh tərəf 14 aprel 2022-ci il tarixdən sonra həm də iddiaçını qəsdən işə buraxmamaqla bu əsasla əmək müqaviləsinin ləğv edilməsi üçün “əsas” yaradaraq bu istəyini 19 iyul 2022-ci ildə reallaşdırmışdır. Əlbətdə ki, bu yolverilməzdir.

21. Göstərilənlərdən əlavə, işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndi xəbərdarlıq müddətini 1 ay müəyyən edib. Bu müddətin axımı işçi tərəfindən əmək müqaviləsinin ləğvi barədə ərizənin verilməsi ilə başlayır. Əgər işçi əmək münasibətini dayandırmaq istədiyi günü ərizədə göstərmək istəyirsə bunu yalnız xəbərdarlıq müddətinin (bir ayın) daxilində göstərə bilər. Əmək Məcəlləsi işçiyə xəbərdarlıq müddətini artırmaq səlahiyyəti verməyib. Əgər işçiyə xəbərdarlıq müddətini artırmaq səlahiyyəti verilsə istənilən işçi ərizə yazaraq 2 ay, 3 ay və s. müddətdən sonra əmək müqaviləsinin ləğv edilməsini tələb edə bilər. Əgər işçinin əmək münasibətini dayandırmaq istədiyi gün xəbərdarlıq müddətindən (1 aydan) kənardadırsa ərizə həmin günə aid hissədə etibarsız sayılır və hesab olunur ki, işçi ərizədə əmək münasibətini dayandırmaq istədiyi günü göstərməyib. Bu halda 1 ay bitən kimi əmək müqaviləsi ləğv edilmiş sayılır. Hazırki iş üzrə iddiaçının hansı tarixdə ərizə yazdığı və öz təşəbbüsü ilə hansı tarixdən işdən çıxmaq istəməsinə dair cavabdeh quruma həm yazılı, həm də elektron poçt vasitəsilə ünvanladığı ərizələrdə məlumatlar mövcuddur, cavabdeh tərəf şikayətində yazılı ərizənin poçt vasitəsilə 21 iyun 2022-ci ildə onlara çatdığını, 19 aprel 2022-ci il tarixdə saat 16:13 radələrində göndərilən elektron ərizələrin isə səlahiyyətli şəxslərə təqdim edilmədiyini, çünki iddiaçı işə gəlmədiyi üçün onun inventarında olan komputerin götürüldüyünü və bloklandığını göstərsə də, əslində bu dəlillərlə iddiaçının öz təşəbbüsü ilə 19 aprel 2022-ci il tarixdən işdən azad olunması barədə onlarda məlumat olduğunu təsdiq etmiş olur.

22. O başqa məsələ ki, cavabdeh qurumun səlahiyyətli şəxsləri iddiaçının öz təşəbbüsü ilə işdən çıxma barədə ərizəsini, (özü də burada ərizənin yazılı yaxud elektron qaydada olmasının heç bir fərqi olmadığı halda) rəsmi qaydada Cəmiyyətin Baş direktoruna vaxtında təqdim etmədiklərinə görə sonuncunun da bu əsasla iddiaçı ilə bağlanmış əmək müqaviləsini ləğv etməyə vaxt keçdiyindən imkanı olmamışdır. Ancaq buda o demək deyil ki, işçi işə buraxılmadığı halda, öz təşəbbüsü ilə tarixi göstərməklə işdən çıxmaq istədiyi halda, işəgötürən süni şəkildə onun işə gəlmədiyini əsas gətirib əmək müqaviləsini məhz 70-ci maddənin “ç” bəndi ilə xitam verməlidir.Demək, mübahisəli hal həm də odur ki, iddiaçının hansı tarixdə ərizə yazdığı, hansı tarixdən əmək müqaviləsinin ləğv edilməsini istədiyi, əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydaları barədə Əmək Məcəlləsinin tələblərinin düzgün yerinə yetirilib-yetirilməməsi də aydınlaşdırılmalı idi. Bu halları sübut etmək yükü isə artıq işəgötürən olaraq cavabdeh tərəfin üzərinə düşürdü. Lakin cavabdeh tərəf bu hallara dair heç bir sübut təqdim etməmişdir.

23. Bununla yanaşı, bəzən belə mübahisələrin həlli zamanı "əmək müqaviləsinin ləğv edilməsi" anlayışı ilə "əmək müqaviləsinin ləğv edilməsinin rəsmiləşdirilməsi" anlayışı səhvən eyniləşdirilir. İşçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda müqaviləni işçi ləğv edir, işəgötürən isə ləğvi rəsmiləşdirir (Əmək Məcəlləsi, maddə 83. hissə 1). İşçi əmək müqaviləsinin tərəfi kimi həmin müqaviləni ləğv etmək hüququna malikdir, bu hüququnu həyala keçirmək üçün müqavilənin digər tərəfinin (işəgötürənin) əmrindən asılı deyil, sadəcə xəbərdarlıq müddətinə (1 aya) əməl etməlidir. Ancaq hazırki mübahisənin mahiyyətinə diqqət yetirdikdə aydın olur ki, əmək müqaviləsinin ləğv edilməsini işçi olan iddiaçı öz təşəbbüsü ilə tələb edir, ancaq cavabdeh olan işəgötürən isə nəinki bunu təmin etmir, həm də buna hər vəchlə maneə olmağa çalışaraq(işdə olan məlumatlar və.s) qanunsuz və əsassız olaraq öz təşəbbüsü ilə, özü də əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi əsası ilə iddiaçı ilə əmək müqaviləsini ləğv edilməsinə çalışmış və buna da nail olmuşdur. Lakin Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndi bunu yəni,... hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etməyi qadağan edir. Bu halın özü də iddianın təmin edilməsinin müstəqil əsası kimi çıxış edə bilərdi.

24. Göstərilənlərə baxmayaraq, iddiaçı mübahisələndirilən əmrin ləğv edilməsini tələb etməklə yanaşı, onun yenidən həmin vəzifəyə bərpa edilməsini və iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini tələb etməkdə haqlı olmamışdır. Çünki, bir tərəfdən iddiaçı öz təşəbbüsü ilə işdən çıxmaq barədə cavabdeh quruma dəfələrlə ərizə ilə müraciət edir, digər tərəfdən isə yenidən həmin vəzifəyə bərpa olunmaq istəyir. Bu istəyin biri ilə digəri arasında ziddiyyət mövcuddur. Yəni, birinin təmin olunduğu halda, digəri təmin edilə bilməz. Başqa sözlə, iddiaçının öz təşəbbüsü ilə müraciət etdiyi tarixdən əmək müqaviləsinə xitam verildiyi qənaətinə gəlinirsə, demək onun yenidən həmin vəzifəyə bərpa olunması və işləmədiyi müddətdə əmək haqqı tələb etməsi də yolverilməzdir. Ancaq birinci instansiya məhkəməsi qeyd olunan halları, iddiaçının öz təşəbbüsü ilə artıq əmək müqaviləsinə xitam verdiyini nəzərə almamış iddiaını tam təmin etmişdir. Ona görə Əmək Məcəlləsinin qeyd olunan normalarının tələblərini pozmuşdur.

25. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilməli, mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4211/2022 saylı, 28 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia qismən təmin edilməli, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, № 855/K saylı əmri ləğv edilməli, əmək müqaviləsinin Əmək Məcəlləsinin 69-cu maddəsi ilə(işçinin öz təşəbbüsü ilə) ləğv edilməsinin rəsmiləşdirilməsi öhdəliyi "xxxx" MMC-nin üzərinə qoyulmalı, iddianın qalan hissəsi təmin edilməməlidir.

26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4211/2022 saylı, 28 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, № 855/K saylı əmri ləğv edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 69-cu maddəsi ilə(işçinin öz təşəbbüsü ilə) ləğv edilməsinin rəsmiləşdirilməsi öhdəliyi "xxxx" MMC-nin üzərinə qoyulsun. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar