Məhkəmə qərarları › İş №2(103)-1244/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1244/2024

01.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1244/2024 01.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: sahiblik hüququnun müdafiəsi, mənzildən çıxarılma, mənzildən istifadə hüququnun müvəqqəti saxlanılması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh (nümayəndəsi) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Cavabdeh X5 01 iyul 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuş, nikahlarından xx.xx.2017-ci il tarixdə Ayan, xx.xx.2019-cu il tarixdə Ayla adını verdikləri uşaqları oğulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli qətnaməsi əsasında nikahları pozulmuşdur.

2. Azər Əmirahov İddiaçı oğlu, Cavabdeh keçmiş gəlinidir.

3. İddiaçı ilə "xxxx" MMC arasında 04 avqust 2018-ci il tarixdə “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 51 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31A ünvanında yerləşən yaşayış binasının 2-ci mərtəbəsindəki 2 otaqlı, 94.1 kv.metr olan 92 saylı təmirsiz mənzil, dəyəri 36 ay ərzində ödənilməsi şərtilə İddiaçı sahibliyinə verilmişdir.

4. Həmin mənzilə görə İddiaçı tərəfindən "xxxx" MMC-nə 94 100 manat ödənilmiş, onun MMC-nə borcu qalmamışdır.

5. İddiaçı X2 və X3 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixili qətnaməsi ilə qismən təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31A ünvanında yerləşən yaşayış binasının 2-ci mərtəbəsindəki 2 otaqlı, 94.1 kv.metr olan 92 saylı mənzilin təmirinin qüsurlu aparılmasına görə Vüsal Bağırovdan cəmi 9185 manatın İddiaçı xeyrinə tutulması qət olunmuşdur.

6. Cavabdeh İddiaçı məxsus ünvan 2 ünvanına pasport qeydiyyatına alınmışdır və hazırda azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31A ünvanında yerləşən yaşayış binasının 2-ci mərtəbəsindəki 2 otaqlı, 94.1 kv.metr olan 92 saylı mənzilində yaşayır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

7. İddiaçı (iddiaçı) nümayəndəsi (vəkili) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31 A ünvanında yerləşən yaşayış binasınının 2-ci mərtəbəsində yerləşən 2 otaqlı, 94.1 kv.m. sahəsi olan 92 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh iddiaçının oğlu X5 ilə 01 iyul 2016-cı il tarixdə “Bakı Asan Xidmət Mərkəzinin” qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş, həmin vaxt oğlu ilə cavabdeh, yəni gəlin iddiaçıya məxsus ünvan 4 ünvanına qeydiyyata alınmaqla həmin mənzildə yaşamağa başlamışlar. Bundan sonra iddiaçı tərəfindən "xxxx" MMC-dən 04 avqust 2018-ci il tarixli müqaviləyə əsasən Xətai rayonu, Zığ yolu 31A ünvanında yerləşən 94.1 kv.m ərazisi olan 92 nömrəli mənzil satın alınmış, mənzil iddiaçı tərəfindən təmir edilmişdir. Həmin vaxt mənzili təmiri ilə məşğul olan şəxs tərəfindən aralarında olan öhdəlik tam icra edilmədiyindən aralarında olan mübahisəyə görə Xətai Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilmişdir. Xətai Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçının oğlu ilə cavabdeh arasında olan nikah pozulmuş, həmin qətnamə artıq qanuni qüvvəsini almışdır. Göründüyü kimi iddiaçı ilə cavabdehin artıq qohumluq münasibətləri qalmamışdır. Amma buna baxmayaraq cavabdeh hal-hazırda iddiaçıya məxsus mənzildə yaşayır.

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

10. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, cavabdeh həmin mənzilin alınmasında maddi köməklik göstərmişdir, onun hazırda başqa yaşayış yeri yoxdur.

11. Birinci instansiya məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur.

12. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

12.1. Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31A ünvanında yerləşən yaşayış binasının 2-ci mərtəbəsində 2 otaqlı 94.1 kv.metr olan 92 saylı mənzil dövlət qeydiyyatına alınmasa da, həmin mənzilə dair iddiaçı müqavilə bağlamışdır və sözügedən mənzil hazırda iddiaçının qanuni sahibliyindədir. Odur ki, iddiaçının bugünki gün mübahisəli mənzilə gözlənilən mülkiyyət hüququ var. Bu səbəbdən qanunvericiliyin mülkiyyət hüquqları ilə bağlı müddəaları hazırkı münasibətlərə də şamil olunur. 12.2. Qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. 12.3. Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddiaçının oğlu X5 ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması qət edilmişdir. Cavabdeh iddiaçının keçmiş gəlini olmaqla iddiaçının ailə üzvü deyildir. 12.4. Cavabdeh iddiaçının ailə üzvü olmadığından Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında nəzərdə tutulan şəxslər kateqoriyasına daxil deyil. Nə qədər ki, cavabdeh iddiaçının ailə üzvü deyil və mübahisənin həlli Ailə Məcəlləsinin tənzimlənməsi altına düşmür, hazırkı mübahisənin həlli Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən həyata keçirilməlidir. Odur ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 228.2-ci maddəyə uyğun olaraq tərəflər arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma mövcud deyil. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehin mənzildən istifadə hüququ yaranmamışdır. 12.5. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh iddiaçıya məxsus evdən hər hansı qanuni əsas olmadan istifadə etməklə onun hüquqlarını pozur. Belə olan halda iddia tələbi təmin edilməli, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31A ünvanında yerləşən yaşayış binasının 2-ci mərtəbəsində 2 otaqlı 94.1 kv.metr olan 92 saylı mənzildən çıxarılmalıdır.

13. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu, Mülki Məcəllənin 228.2-ci, Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına istinad etmişdir.

14. Həmin qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, cavabdehlə iddiaçının oğlunun ailə münasibətlərinə xitam verildiyinə əsaslansa da, cavabdehin himayəsində iki azyaçlı uşağın olduğunu və həmin uşaqların iddiaçının nəvələri olmaqla iddiaçının onları saxlamaq öhdəliyi daşıdığını, eləcə də mübahisəsi gedən mənzilin alınmasında cavabdehin iştirak etdiyini nəzərə almamış, cavabdehin başqa yaşayış sahəsinə sahib olmadığına əhəmiyyət verməmişdir.

Apellyasiya şikayətinə qarşı etiraz

15. İddiaçının nümayəndəsi (vəkili) tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.

Apellyasiya baxışı, izahatlar

16. Cavabdeh məhkəmə iclasına gəlməmiş, onun nümayəndəsi (vəkili) isə ərizə ünvanlayaraq iclasın keçirilməsinə etiraz etmədiyini bildirməklə apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

17. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

18. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

19. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

21. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

22. Maddə 152. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

24. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

25. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

26. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ servitutlar da əmlak hüquqları sayılır.

27. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

28. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.

29. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.

30. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

01 oktyabr 2009-cu il tarixindən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

31. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

32. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

33. Maddə 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar.

34. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun

35. Maddə 1. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

36. Maddə 9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

46. İddianın hüquqi əsası kimi sahibliyin müdafiəsinə dair normaların (§ 26-29) tətbiq edilməsi üçün iddiaçının özünün mübahisəsi gedən mənzil üzərində sahiblik hüququna malik olub-olmaması müəyyən edilməlidir.

47. Belə ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarı).

48. Bu kontekstdə qeyd olunmalıdır ki, mənzil üzərində sahiblik və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmaması sahibliyi aradan qaldıran hal deyildir.

49. İşin hallarından görünür ki, iddiaçı mübahisəsi gedən mənzilin dəyərini ödəməklə onu sahibliyinə qəbul etmişdir və onun bu sahibliyi mübahisələndirilməməkdədir.

50. Əgər şəxs faktiki olaraq alqı-satqı müqaviləsi hesab olunan müqavilə əsasında əmlak əldə edib ona sahiblik edirsə, o, həmin əmlak üzərində sahiblik hüququ olmayan şəxslərin sahiblikdən məhrumetmə və ya sahibliyinə qəsd etməsi ilə bağlı hərəkətlərinə qarşı iddia verə bilər (§ 22, 23, 24, 28).

51. Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmiş, mülkiyyətçinin, öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə biləcəyini, habelə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə biləcəyini təsbit etmişdir (§ 22,23).

52. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.

53. İşin hallarından göründüyü kimi cavabdeh, iddiaçının oğlu ilə 2016-cı ildə nikaha daxil olmuş, bundan sonra iddiaçıya məxsus ünvan 2 ünvanına köçüb orada yaşamış və həmin mənzilə pasport qeydiyyatına alınmış, sonradan iddiaçının "xxxx" MMC-dən satın aldığı mənzilə köçmüş, 2023-cü ildə nikah münasibətinə xitam verilmişdir.

54. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”.

55. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” xx.xx.2015-ci il tarixli Qərardadında isə Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, “Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar”.

56. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərinə uyğun olaraq kollegiya hesab edir ki, Cavabdeh mübahisəsi gedən mənzilin qanuni sahibi olan iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, iddiaçıya məxsus yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz; məsələyə bu kontekstdən yanaşıldıqda isə cavabdehin mənzildə yaşamaq hüququnun qalmadığı qənaətinə gəlinməlidir.

57. Cavabdehin azyaşlı uşaqlarına münasibətdə isə qeyd olunmalıdır ki, onların ataları Azər Əmirahovun mənzildən istifadə hüququ olduğundan, həmin uşaqları sözügedən mənzilə köçürmək onun hüququ olmaqla o, bu hüququndan istədiyi zaman istifadə edə bilər.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5259/2023 saylı iş üzrə 26 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar