Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1245/2025 10.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (açar sözlər: apellyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar olmadığından şikayətin qeyri-mümkün hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müvafiq əmrlərin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi, mənəvi zərərin və məhkəmə xərclərinin tutulması” tələbinə dair mülki iş üzrə məhkəmə iclas protokoluna qeydlər edilməsi barədə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli, e-2(004)-462/2024 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MMC-yə qarşı “müvafiq əmrin ləğv olunması, işə bərpa, mənəvi zərərin və məhkəmə xərclərinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli e-2(004)-462/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə yazılı müraciət edərək protokola qeydlərin aparılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli, e-2(004)-462/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “müvafiq əmrlərin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi, mənəvi zərərin və məhkəmə xərclərinin tutulması” tələbinə dair mülki iş üzrə məhkəmə iclas protokoluna qeydlər edilməsi barədə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ərizəsi təmin edilməmişdir. Qərardaddan daha sonra müəyyən olunur ki, qərardadın nəticə hissəsində “Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə işə baxan Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.” qeyd olunmuşdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli, e2(004)-462/2024 saylı qərardadından şikayət verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli, e-2(004)-462/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, İddiaçı Cavabdeh MMC-yə qarşı “müvafiq əmrlərin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi, mənəvi zərərin və məhkəmə xərclərinin tutulması” tələbinə dair mülki iş üzrə məhkəmə iclas protokoluna qeydlər edilməsi barədə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ərizəsinə üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli, e-2(004)-462/2024 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 270. Məhkəmə iclasında, habelə məhkəmə iclasından kənar hər bir ayrıca prosessual hərəkət barədə protokol tərtib edilir. Maddə 271.1. Protokol məhkəmə iclasının və ya ayrıca prosessual hərəkətin bütün mühüm anlarını əks etdirməlidir. Maddə 271.2. Məhkəmə iclasının protokolunda aşağıdakılar göstərilir: 271.2.1. məhkəmə iclasının ili, ayı, günü və yeri; 271.2.2. məhkəmə iclasının başlanma və qurtarma vaxtı; 271.2.3. işə baxan məhkəmənin adı, hakim, məhkəmənin tərkibi və məhkəmə iclasının katibi; 271.2.4. işin adı; 271.2.5. işdə iştirak edən şəxslərin, nümayəndələrin, vəkillərin, şahidlərin, ekspertlərin, mütəxəssislərin, tərcüməçilərin gəlməsi haqqında məlumatlar; 271.2.6. işdə iştirak edən şəxslərin anket məlumatları (doğum tarixi, iş və yaşayış yeri); 271.2.7. işdə iştirak edən şəxslərə, nümayəndələrə, habelə tərcüməçiyə, ekspertlərə, mütəxəssislərə onların prosessual hüquq və vəzifələrinin bildirilməsinə və ya elan edilməsinə dair məlumatlar; 271.2.8. sədrlik edənin sərəncamları və iclas zalından çıxmadan məhkəmə tərəfindən çıxarılmış qərardadlar; 271.2.9. işdə iştirak edən şəxslərin, nümayəndələrin və vəkillərin ərizələri, vəsatətləri və izahatları; 271.2.10. şahidlərin ifadələri, ekspertlərin öz rəyləri barədə şifahi izahatları, mütəxəssislərin izahları; 271.2.11. yazılı sübutların elan edilməsinə dair məlumatlar, maddi sübutların müayinəsinə, səs yazılarının dinlənilməsinə, videoyazılara baxılmasına dair məlumatlar; 271.2.12. dövlət orqanlarının və yerli özünüidarə orqanlarının nümayəndələrinin rəyləri; 271.2.13. məhkəmə çıxışlarının məzmunu; 271.2.14. qətnamənin və qərardadların elan edilməsi və məzmununun izah edilməsi, şikayət vermə qaydasının və müddətlərinin izah edilməsi haqqında məlumatlar; 271.2.15. işdə iştirak edən şəxslərə protokolla tanış olmaq və ona dair qeydlər vermək hüquqlarının izah olunmasına dair məlumatlar; 271.2.16. protokolun tərtib olunma tarixi. Maddə 271.3. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmənin mülahizəsinə əsasən protokolu tərəflər imzalaya bilərlər. Maddə 272.1. Protokolun tərtib edilməsinə məhkəmə katibi cəlb olunur. Məhkəmə katibin cəlb olunmasından imtina edə bilər. Protokolu hakim özü, məhkəmə iclasında sədrlik edən və ya işə baxan məhkəmə tərkibinin digər hakimi tərtib edə bilər. Bu zaman onlar kompüterdən və ya digər köməkçi vasitələrdən istifadə edə bilərlər. Maddə 272.3. Protokol asan oxunan yazılı formada tərtib olunmalıdır. Maddə 272.4. Protokolun tərtib olunmasının tamlığını təmin etmək üçün məhkəmə səsyazma vasitələrindən istifadə edə bilər. Maddə 272.4-1. Kommersiya mübahisələri üzrə, həmçinin “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz video-audio yazısı aparılır. Məhkəmə iclasında sədrlik edən tərəfləri və işdə iştirak edən digər şəxsləri bu barədə xəbərdar edir. Məhkəmə iclasının video-audio yazısına dair məlumat məhkəmə iclasının protokolunda göstərilir və həmin yazı maddi daşıyıcıda protokola əlavə olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının video-audio yazısı ilə tanış olmaq hüququna malikdirlər. Maddə 272.5. İşdə iştirak edən şəxslər və nümayəndələr protokolun hər hansı hissəsinin elan edilməsinə, iş üçün əhəmiyyətli hesab etdikləri hallar barədə məlumatların protokolda qeyd edilməsinə dair vəsatətlər verə bilərlər. Maddə 272.6. Hərəkət və ya mülahizələr mübahisəyə aid olmadıqda məhkəmə onları protokola qeyd etməkdən imtina edə bilər. Bu məsələ ilə əlaqədar məhkəmənin qərarı barəsində mübahisə edilə bilməz, o, protokola qeyd edilməlidir. Maddə 272.7. Protokol məhkəmə iclası qurtardıqdan sonra 10 gündən gec olmayaraq, ayrıca prosessual hərəkətlər barədə protokol isə onun edildiyindən sonrakı gündən gec olmayaraq tərtib edilməli və imzalanmalıdır. Maddə 272.8. Protokol hakim tərəfindən tərtib edildiyi halda onun tərəfindən, katib tərəfindən tərtib edildikdə isə hakim və ya işə kollegial baxıldığı halda sədrlik edən və katib tərəfindən imzalanmalıdır. Protokolda dəyişikliklər, əlavələr və düzəlişlər əvvəlcədən razılaşdırılmalı və onların imzaları ilə təsdiq edilməlidir. Maddə 273. İşdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Maddə 274.1. Protokola dair qeydlərə onu imzalamış hakim və ya iş üzrə sədrlik edən baxır, qeydlərlə razılaşarsa, onların düzgünlüyünü təsdiq edir, razılaşmadıqda isə onların tamamilə və ya qismən rədd edilməsinə dair əsaslı qərardad çıxarır. Hər bir halda qeydlər işə əlavə edilir. Maddə 274.2. Protokola dair qeydlərə onların verilməsindən 3 gündən gec olmayaraq baxılmalıdır. Maddə 274.3. Zəruri hallarda protokola dair qeydlər vermiş şəxslər və ya işdə iştirak edən şəxslər və prosesin digər iştirakçıları məhkəmə iclasına çağırılırlar. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Maddə 395.1. İşdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. 395.2. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Mddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya qeyd edir ki, yuxarıda istinad olunan prosessual normaların tələblərindən müəyyən olunur ki, işdə iştirak edən şəxslər birinci instansiya məhkəmələrinin qərardadlarından iki halda MPM-də göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduğu halda şikayət vermək hüququna malikdirlər. Belə ki, MPM-də məhkəmə iclas protokoluna qeydlər edilməsi barədə müraciətlərə baxılması ilə bağlı qəbul edilən qərardadlardan şikayət verilməsi nəzərdə tutulmamış, belə müraciətlərlə bağlı qəbul edilən qərardadlar işin sonrakı hərəkətinə mane yaratmır. Göründüyü kimi, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin bu göstərişlərini nəzərə almamış, özünün xx.xx.2024-cü tarixli, e-2(004)-462/2024 saylı “İddiaçı Cavabdeh MMC-yə qarşı “müvafiq əmrlərin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi, mənəvi zərərin və məhkəmə xərclərinin tutulması” tələbinə dair mülki iş üzrə məhkəmə iclas protokoluna qeydlər edilməsi barədə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ərizəsinin təmin edilməməsi” barədə qərardadında “qərardaddan şikayət verilməsinin mümkün olmasını” qeyd etmiş, bundan sonra iddiaçının vəkili (nümayəndəsi) həmin qərardaddan şikayət vermiş, daha sonra birinci instansiya məhkəməsi həmin şikayətə baxaraq şikayəti təmin etməmiş və işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Beləliklə, Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının nümayəndəsinin (vəkilinin) razılaşmadığı qərardaddan şikayət verilməsi nəzərdə tutulmadığından, işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar yoxdur. Ona görə də şikayət üzrə apellyasiya qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Kollegiya eyni zamanda qeyd edir ki, birinci instansiya məhkəmələrinin şikayət verilməyən qərardadlarından işdə iştirak edən şəxslərin qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil etmək hüquqları vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 274, 395, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Cavabdeh MMC-yə qarşı “müvafiq əmrlərin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi, mənəvi zərərin və məhkəmə xərclərinin tutulması” tələbinə dair mülki iş üzrə məhkəmə iclas protokoluna qeydlər edilməsi barədə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli, e-2(004)-462/2024 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1245/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1245/2025
10.01.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver