Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1246/2023 06.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: mənzildən çıxarılma tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4149/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının qardaşı X2 Cavabdeh ilə rəsmi nikaha daxil olmuş, sonuncu həmin mənzildə yaşamışdır. Hazırda iddiaçının qardaşı ilə cavabdeh arasında nikah pozulduğundan cavabdehin mənzidlən çıxarılmasını tələb edir.
2. İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus ünvan 1- dan cavabdehin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qardaşı X2 Bakı şəhərində işlədiyi müddətdə qardaşına və onun həyat yoldaşı cavabdehə müvəqqəti olaraq evində qalmasına icazə vermişdir. Belə ki, qardaşı Rusiyada işləmiş, işləri ilə əlaqədar 1 illik Bakı şəhərinə gəlmişdir. Bakıda evi olmadığından müvəqqəti icazə vermişdir. Lakin bir müddət keçdikdən sonra evi tərk etməmişlər, tələb etdikdən sonra isə cavabdeh ilə qardaşı arasında maddi sıxıntı və şəxsi yaşayış evinin olmaması səbəbindən mübahisələr olmuşdur. Hazırda aralarında olan ər-arvad münasibətləri pozulmuşdur. Lakin cavabdeh evi tərk etmir, hətta mənzilinə daxil olmağa da imkan vermir.
5. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4149/2022 saylı qətnaməsi ilə (hakim A.İbadzadə) iddia təmin edilmişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
b) Apelyasiya şikayətinin dəlilləri:
6. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir.
7. Apellyasiya şikayətində qeyd edilmişdir ki, həmin yaşayış evi X2 tərəfindən alınsa da evin alqı-satqısı zamanı evi satan şəxs evi əşyaları ilə satdığını, onun isə gətirəcəyi gəlinlik cehizlərə pul verməməsi və həmin cehizlərin müqabilində 50.000 manat pul verilməsini tələb etdiyinə görə həmin pul vəsaitini Emil Məhərrəmova vermişdir. Sonuncu həmin pul vəsaitini müqabilində yaşayış evini evin ilkin sahibindən almışdır. Lakin evi öz adına deyil iddiaçının adına sənədləşdirmişdir. Ev alındığı dövrdən hazıra qədər evdə onlar özləri yaşamışlar. O da gəlin kimi birbaşa həmin evə köçmüşdür. Aralarında nigahın pozulmasına dair Bakı şəhəri Binəqədi rayon məhkəməsinə iddia ərizəsi verildikdən sonra isə Emil Məhərrəmov, iddiaçı və anası yaşadığı evə hücum çəkərək ona fiziki zor tətbiq etməklə evdən çıxarmağa çalışmışlar. Bununla bağlı Nəsimi rayon polis idarəsində cinayət işinin istintaqı aparılır. Bundan sonra isə o iddiaçı ona qarşı mənzildən çıxarılmasına dair Nəsimi rayon məhkəməsinə iddia ilə müraciət etmişdir. O, həmin evdə 2 azyaşlı qız uşaqları ilə yaşayır. Məhkəmə qətnaməsində cavabdeh ilə iddiaçının nə kimi qohumluq əlaqələrində olması, onun həmin evə nə vaxt hansı məqsədlə köçüb yaşaması, evin alqısatqısının hansı əsaslarla , formada aparılması,evin alınmasına pul vəsaitinin kim tərəfindən ödənilməsi halları araşdırılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməmişdir.
c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:
Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı:
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi.
9. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apelyasiya baxışının hədləri.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
12. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Konstitusiyası
13. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
14. Maddə 43, İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
16. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
17. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.
18. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.
23. İddiaçı cavabdehin ona məxsus mənzildən çıxarılmasını tələb edir.
24. Cavabdeh isə mübahisəli mənzilin ərinin və öz valideynlərinə məxsus vəsait hesabına alındığını bildirərək iddiaya etiraz edir.
25. Birinci instansiya məhkəməsi isə mübahisəli mənzilin iddiaçının adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığına, mülkiyyətçinin hüquqlarının isə qanunla qorunduğu aspektindən yanaşaraq iddianı təmin etmişdir.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilən hallarından düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
27. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
28. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
29. Apellyasiya şikayətinin əsas dəlili alqı-satqı müqaviləsinin iddiaçının formal bağlanmasının, əslində isə mənzilin dəyərinin cavabdeh və əri tərəfindən ödənilməsinin işə baxan məhkəmə tərəfindən nəzərə alınmaması barədədir.
30. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1328/2023 saylı qətnaməsindən görünür ki, hazırkı iş üzrə cavabdeh mübahisəli mənzilə dair bağlanmış alqı-satqı müqaviləsini və çıxarışı mübahisələndirmiş, iddia rədd edilmişdir.
31. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
32. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir.
33. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.
34. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında isə qeyd olunmuşdur ki, məhkəmə qərarlarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.
35. Məhz bu prinsipi əsas götürərək apellyasiya instansiyası məhkəməsi hesab edir ki, yuxarıda qeyd olunan məhkəmə aktı ilə mübahisəli mənzilə və həmin mənzilə mülkiyyət hüququnun tanınması ilə bağlı məsələlərə faktiki olaraq hüquqi qiymət verilmişdir. Məhkəmə aktları ilə müəyyən edilən həmin hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4149/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.