Məhkəmə qərarları › İş №2(103)-1249/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1249/2022

09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1249/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhər Yasamal rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(004)-4035/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Körpələr evi-uşaq bağçası MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Körpələr evi-Uşaq Bağçasından 05.07.2019-cu il tarixli icarə müqaviləsinə görə icarə haqqları üzrə yaranmış 17680 manat və gecikdirməyə görə həmin məbləğin 5 faizi həcmində, yəni 884 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 05.07.2019-cu il tarixində cavabdehlə aralarında ünvan 1 ünvanındakı ümumi sahəsi 238,88 kv.m olan həyət evinin 5 il müddətinə uşaq bağçası kimi istifadəsi üçün 5 saylı notariat ofisində icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinin 4.2-ci maddəsinə görə icarə haqqının ödənilməsinə 2019-cu ilin iyul ayının 1-dən etibarən başlanılır və hər aya görə 1360 manat həmin ayın 7-dən gec olmamaq şərti ilə “İcarəçi” tərəfindən “İcarəyə verənin” bank hesabına köçürmə yolu ilə və ya nağd şəkildə ödənilməlidir. Müqavilənin 7.1.2-ci bəndində isə “İcarəçi” icarə haqqını vaxtı-vaxtında ödəməlidir. Gecikmə 1 ay davam edərsə icarə müqaviləsi icarəçinin təqsiri səbəbindən pozulmuş sayılır. Cavabdeh 2020-ci ilin fevral ayından indiyədək aylıq icarə haqqlarını verməmişdir. Bunu onlar ölkədəki mövcud vəziyyət, pandemiya səbəbi ilə forsmajor halı kimi qəbul edib razılaşmışlar. Lakin sonradan onlarda olan məlumatlar əsasında apardıqları müşahidələr və yoxlamalardan onlara bəlli oldu ki, cavabdeh icarəyə götürülən obyekti gizli olaraq uşaq bağçası kimi istifadə edərək gəlir götürür, lakin icarə haqlarını ödəmir. Belə ki, nümayəndəsi Cəfərov Anar 23.12.2020-ci il tarixində, saat 12-20 radələrində həmin obyektə gələrək vəziyyətlə tanış olmaq istəyərkən bir daha bunun şahidi olmuşdur. Cavabdehin təmsilçisi X1 giriş qapısını açıb obyektə daxil olmağa icazə verməmişdir. Lakin həyətdən çoxlu sayda uşaq səslərinin gəlməsinin şahidi olmuşdur. İcarə müqaviləsinin 3.1.1-ci maddəsinin tələbinə görə cavabdehin “icarəyə verənin” icarə obyektinə sərbəst şəkildə daxil olub vəziyyətlə tanış olmağına mane olmaq səlahiyyəti yoxdur. Yəni, bağça faktiki olaraq işləməsinə baxmayaraq cavabdeh vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyərək icarə haqlarını ödəməmiş və bununla da müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri lazımınca icra etməmişdir. Bu məsələ ilə bağlı haqlı etirazını cavabdehin qanuni təmsilçisi G.Məmmədli ilə dəfələlərlə telefonla, şəxsən görüşməklə və 24.12.2020-ci il tarixdə yazılı şəkildə müraciət etməklə bildirmişdir. Eyni zamanda cavabdeh bağçanın tam gücü ilə işləyə bilməyəcəyi təqdirdə aylıq icarə haqqının real vəziyyətə uyğun tənzimlənməsi barədə təkliflərinı belə məhəl qoymamışdır. Hətta whatsapp vasitəsilə yazışmalardan da görünür ki, cavabdeh bu məsələnin həllindən yayınmışdır. Son olaraq aylıq icarə haqqları üzrə yaranmış borcların ödənilməsi barədə pretenziya məktubu ilə müraciət etsə də, nəticəsiz qalmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, uşaq bağçasının pandemiya dövründə işləməsinin sübutu təkcə orada bunun canlı şahidi olmaqla deyil, eyni zamanda bağçanın rəsmi instaqram hesabından da birbaşa sübut ilə təsdiq olunur. Belə ki, həmin səhifələrdəki paylaşımlar (müxtəlif tarixlərdə video və foto paylaşımları, o cümlədən fəaliyyət grstərməsini təsdiq edən çoxsaylı statuslar və.s) bunun bariz nümunəsidir. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(004)-4035/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Körpələr evi-uşaq bağçası Məhdud Məsuliyyətli Cəmiyyətindən 5440 (üç yüz altmış) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(004)-4035/2021 saylı qətnaməsinin təmin edilməyən-12240 (on iki min iki yüz qırx) manat məbləğində pulun Cavabdeh Körpələr evi-Uşaq Bağçasından iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya onunla əsaslandırılır ki, məhkəmə öz qətnaməsində göstərmişdir ki, “lakin tələb olunan pul məbləği qalan hissədə cavabdehdən tutula bilməz. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kimi Cavabdeh Körpələr evi-uşaq bağçasının pandemiya dövründə fəaliyyət göstərdiyini sübuta yetirə bilməmişdir. İddiaçının sözügedən uşaq bağçasının pandemiya dövründə fəaliyyət göstərməsinə dair məhkəməyə təqdim etdiyi sübutlar işin həllində səmərəli olmamış, habelə məhkəmə iclasında tərəflərin izahatları, iş üzrə digər sübutlar vasitəsi ilə təsdiq edilmədiyindən subyektiv mövqe kimi qəbul olunaraq mübahisənin həllində effektiv sayılmamışdır.” Bu mövqe tamamilə əsassızdır. Məhkəmə cavabdehin mövqeyindən çıxış edərək onun pandemiya dövründə işləməməsi qənaətinə gəlmişdir ki, bunun əksi iş materialları ilə birbaşa öz təsdiqini tapır. Belə ki, işə əlavə olunmuş obyektin kommunal xidmətlərlə bağlı sayğac göstəricilərindən aşkar şəkildə görünür ki, bağça fəaliyyət göstərmişdir. Əgər məntiqlə bağça fəaliyyət göstərməsə idi, kommunal xidmətlərə görə, yəni su, qaz, işiğa görə sayğacın göstəriciləri də sıfır olardı və bu xidmətlərə görə pul yazılmazdı. Lakin məhkəmə belə danılmaz və təkzib olunmaz fakta səmərəsiz sübut kimi qiymət verməklə düzgün hüquqi nəticəyə gəlməmişdir. Hansı ki, bir obyektin fəaliyyət göstərməsini sübut edən bundan mötəbər sübut ola bilməzdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, məhkəmə icraə haqqını tam olaraq təmin etməyib. Bundan əlavə 5% hissədə iddia əsassız olaraq təmin edilməyib. Cavabdeh Körpələr evi-uşaq bağçası Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İş materiallarında olan 05.07.2019-cu il tarixli İddiaçı ilə Cavabdeh İcarə müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, ev 89 ünvanında yerləşən ümumi sahəsi 238,88 kv.m olan 4 saylı mənzil icarəyə verilmişdir. Müqavilənin 2.4-cü bəndinə əsasən uşaq bağçası kimi işlədilməsi nəzərdə tutulmuş bu “sahə” hər ildə, 2 ay, beş ildə cəmi 10 ay müddətində bu aylar üçün icarə haqqı ödənilməyəcək. Müqavilənin 4.2-ci bəndinə əsasən icarə haqqının ödənilməsinə 2019-cu ilin iyul ayının 1-dən etibarən başlanılacaq və hər aya görə 1360 manat həmin ayın 7-dən gec olmamaq şərtilə icarəçi tərəfindən icarəyə verənin müvafiq bank hesabına köçürmə yolu ilə və ya nağd şəklində ödənilməlidir. Müqavilənin 9-cu bəndinə əsasən qarşısıalınmaz qüvvənin yaratdığı hallar (təbii fəlakətlər, hərbi əməliyyatlar, iqtisadi böhran, devalivasiya, qanunvericilikdə rə.ışiliklər və s.) nəticəsində Müqavilə üzrə öhdəliklərini yerinə yetirmək mümkün olmadıqda, Tərəflər onların yerinə yetirilməməsi üçün məsuliyyət daşımırlar o şərtlə ki, həmin hallar Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə bilavasitə təsir etmiş olsunlar. Bu halda qarşısıalınmaz qüvvənin yaratdığı halların təsirinin müddəti ərzində Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi təxirə salınır. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 mart 2020-ci il tarixli qərarından görünür ki, 2020-ci il martın 3-dən 9-dək Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılmış və bununla bağlı bütün tədbirlər təxirə salınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.03.2020-ci il tarixli qərarından görünür ki, 14 mart 2020-ci il tarixdən Azərbaycan Respublikasında xüsusi rejim tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.01.2021-ci il tarixli qərarından görünür ki, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2021-ci il 1 fevral tarixindən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarına əsasən təhsil pillələri və səviyyələri üzrə mərhələli şəkildə təmin edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Cavabdeh Körpələr evi-uşaq bağçasının yerləşdiyi obyektin icarəyə verilməsi və icarə haqqının alınması ona həvalə olunmuşdur, pandemiya dövründə bağçanın fəaliyyət göstərməsinin şahidi olmuşdur. Bundan başqa cavabdehin nümayəndəsi bağçaya uşaq qəbuluna dair sosial şəbəkələrdə reklam edirdi və o da başqa şəxs adı altında həmin səhifəyə yazıb uşaq qəbulunun mümkün olub-olmamasını soruşduqda uşaq qəbul etdiklərini bildirdilər. Bağçanın fəaliyyət göstərməsi səbəbindən icarə haqlarını ödənilməsini tələb etdilər. Əgər bağça fəaliyyət göstərməsəydi iddiaçı icarə haqqını tələb etməzdi. Cavabdeh bağçanın işlədərək icarə haqqı üçün 500 manat ödəməsini təklif edib, lakin iddiaçı razılaşmayıb. 4 ay ərzində cavabdeh tərəfindən heç bir ödəniş olmayıb. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 425.1, 425.2, 442, 700.1, 700.2-ci maddələrinə istinad edərək, qeyd etmişdir ki, iş materiallarında olan sənədlərlə və tərəflərin izahatları ilə müəyyən edilir ki, Azərbaycan Respublikasında koronavirus (COVİD 19) xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə 2020-ci ilin fevral ayından uşaq bağçalarının fəaliyyəti dayandırılmışdır. İddiaçı iddia ərizəsi və məhkəmə iclasında verdiyi izahatlardan görünür ki, cavabdeh 2020-ci ilin fevral ayından icarə haqqını ödəmir. Beləliklə, bütün ölkə ərazisində surətlə yayılan koronovirus infeksiyasının yayılma surətinin qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır və Operativ qərargah tərəfindən virusun yayılmasının qarşısının alınması üçün zəruri tədbirlər görülür. Həmin tədbirlər içərisində tədris prosesinin dayandırılması ilk pillədə dayanmışdır (buna həmçinin bağçlar da daxildir) və həmin məhdudiyyətlər Operativ Qərargah tərəfindən dəfələrlə uzadılmışdır. Daha sonra təhsil və tərbiyə müəssisələrinin fəaliyyəti 2021-ci il 1 fevral tarixindən mərhələli şəkildə bərpa edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi Cavabdeh Körpələr evi-uşaq bağçası Məhdud Məsuliyyətli Cəmiyyətindən 2021-ci ilin fevral ayından may ayına kimi (4 ay) müddət üçün 5440 (1360X4) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi hissəsində təmin edilməlidir. Kollegiya hesab edir ki, məhkəmə 2021-ci ilin fevral ayından may ayına kimi (4 ay) üçün icarə haqqının cavabdehdən tutulması ilə bağlı düzgün nəticəyə gəlsə də, Azərbaycan Respublikasında koronavirus (COVİD 19) xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə 2020-ci ilin fevral ayından uşaq bağçalarının fəaliyyətinin dayandırılmasına gbrə 2020-ci ilin fevral ayı üçün icarə haqqının tutulmaması ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikasında koronavirus (COVİD 19) xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə bağçaların fəaliyyəti 2020-ci ilin mart ayından başlayaraq dayandırılmışdır. Buna görə də, qətnamə 5440 (1360X4) manat məbləğində icarə haqqının tutulması hissəsində dəyişdirilməli, icarə haqqı 2020-ci ilin fevral ayı, 2021-ci ilin fevral ayından may ayına kimi (4 ay), cəmi 5 ay üçün 6800 manat (1360x5ay=6800) müəyyən olunmalıdır. Kollegiya məhkəmənin qalan müddət üçün icarə haqqının tutulmaması ilə bağlı gəldiyi nəticə ilə razılaşır. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kimi Cavabdeh Körpələr evi-uşaq bağçasının pandemiya dövründə fəaliyyət göstərdiyini sübuta yetirə bilməmişdir. İddiaçının sözügedən uşaq bağçasının pandemiya dövründə fəaliyyət göstərməsinə dair məhkəməyə təqdim etdiyi sübutlar işin həllində səmərəli olmamış, habelə məhkəmə iclasında tərəflərin izahatları, iş üzrə digər sübutlar vasitəsi ilə təsdiq edilmədiyindən subyektiv mövqe kimi qəbul olunaraq mübahisənin həllində effektiv sayılmamışdır. Kollegiya həmçinin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, kommunal xidmətlərdən istifadə, bağçanın fəaliyyətinin reklam olunması ciddi karantin rejimində bağçanın fəaliyyət göstərməsinin sübutu kimi qəbul oluna bilməz. Kollegiya birinci instansiya məhkəməsi tərəfindən iddia üzrə MM-nin 445.7-ci maddəsinə əsasən 5 faizlə pulun tutulmasının təmin edilməməsi ilə bağlı hissədə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, 5 ay üçün ödənilməli olan icarə haqqının gecikməsinə görə 5%-lə aşağıdakı məbləğlərdə pul ödənilməlidir: 2020-ci ilin fevral ayına görə ödənilməli olan 1360 manatın 5%-i 90 manat (1360 manat x 481 gün (07.02.2020-02.06.2021) x 5% : 360 gün=90); 2021-ci ilin fevral ayına görə ödənilməli olan 1360 manatın 5%-i 21 manat (1360 manat x 115 gün (07.02.2021-02.06.2021) x 5% : 360 gün=21); 2021-ci ilin mart ayına görə ödənilməli olan 1360 manatın 5%-i 16 manat (1360 manat x 87 gün (07.03.2021-02.06.2021) x 5% : 360 gün=16); 2021-ci ilin aprel ayına görə ödənilməli olan 1360 manatın 5%-i 10 manat (1360 manat x 56 gün (07.04.2021-02.06.2021) x 5% : 360 gün=10); 2021-ci ilin may ayına görə ödənilməli olan 1360 manatın 5%-i 5 manat (1360 manat x 26 gün (07.05.2021-02.06.2021) x 5% : 360 gün=5). Beləliklə, 5 ay üçün 5%-lə ödənilməli olan məbləğ 142 manat (90+21+16+10+5=142) təşkil edir. Buna görə də, qətnamə 5%-lə pul tələbinə dair hissədə ləğv olunmalı, iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 142 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhər Yasamal rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(004)-4035/2021 saylı qətnaməsi icarə haqqının qismən təmin edilən hissəsində dəyişdirilsin, icarə haqqı 6800 (altı min səkkiz yüz) manat müəyyən edilsin. Qətnamə gecikməyə görə 5 faiz pulun tutulmasının təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdeh Körpələr evi-uşaq bağçası Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə 141 (yüz qırx bir) manat pul tutulsun. İddia 5 faizlə pulun tutulması ilə bağlı qalan hissədə təmin olunmasın. Qətnamə icarə haqqı ilə bağlı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar