Məhkəmə qərarları › İş №2(103)-125/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-125/2020

18.02.2020 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-125/2020 18.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Abbaslı Əsgər Əbülfət oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 və onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh1 ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı “birgə nikah dövründə banka qoyulmuş əmanətlərin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 300.000 (üç yüz min) manat (depozitə qoyulmuş əsas və ona hesablanmış faizlər) cəmi borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh2 ilə xx xxxxxx 1996-cı il tarixdə nikaha daxil olmuş, həmin nikahlarına Ağdam Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə xitam verilmişdir. Ona məlum olmuşdur ki, təxminən 2006-2013-cü illər arasıda keçmiş əri Cavabdeh2 onun “xxxxxxxx” ASC-nin Yevlax filialında olan depozit hesabına dəfələrlə müxtəlif məbləğlərdə birgə qazandıqları pul vəsaiti yatırmışdır. Həmin pul vəsaitlərinin qazanılmasında Cavabdeh2la birgə çalışmış, mal-qara saxlamaqla, südünü, yununu, ətini və s. satmaqla qazanc əldə etmişlər. Tərəflər arasında yaranan mübahisələrdən sonra öyrənmişdir ki, Cavabdeh2 Cavabdeh1 ASC-nin Yevlax filialının müdriyyəti ilə olan yaxın münasibətlərindən istifadə edərək əvvəlcədən razılığa gələrək, düşünülmüş şəkildə saxta imzalarla, bankda iddiaçının hesabına əmanət müqaviləsi üzrə qoyulmuş pul vəsaitinin çıxarılmasına nail olaraq külli miqdarda pul vəsaitinin mənimsəyərək cinayət əməlini törətmişdir. Bank əmanəti müqavilələri əsasında onun adına olan bank hesablarına qoyulmuş əmanətlər bunlardır: xx.xx.2009-cu il tarixli 6-77712-1 saylı müqavilə üzrə: 14.450 manat məbləğində əmanət qoyulmuşdur; xx.xx.2009-cu il tarixli 77712 saylı müqavilə üzrə: 3.000 manat məbləğində əmanət qoyulmuşdur; xx.xx.2009-cu il tarixli 77712 saylı müqavilə üzrə: 1.550 manat məbləğində əmanət qoyulmuşdur; xx.xx.2010-cu il tarixli 6-77712 saylı müqavilə üzrə: 7.000 manat məbləğində əmanət qoyulmuşdur; xx.xx.2010-cu il tarixli 6-77712-1 saylı müqavilə üzrə: 3.000 manat məbləğində əmanət qoyulmuşdur; xx.xx.2011-ci il tarixli 6-77712-1 AZN saylı müqavilə üzrə: 35.000 manat məbləğində əmanət qoyulmuşdur; xx.xx.2011-ci il tarixli, 6-77712-1 AZN saylı müqavilə üzrə: 8.000 manat məbləğində əmanət qoyulmuşdur; xx.xx.2012-ci il tarixli, 77712/0105 saylı müqavilə üzrə: 20.000 manat məbləğində əmanət qoyulmuşdur. Göründüyü kimi xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək adı çəkilə banka onun adına külli miqdarda pul vəsaiti qoyulmuşdur. Göstərilən məbləğləri o (iddiaçı) yox, Cavabdeh2 Bank müdiriyyəti ilə əlbir olaraq çıxarmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh2 iddiaçının xeyrinə 125.250 (yüz iyirmi beş min iki yüz əlli) manat və 4.500 (dörd min beş yüz) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Qeyd olunan qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun iddianın təmin edilmədiyi hissədə ləğvini, dəyişdirilməsini və iddia ərizəsinin tam həcmdə təmin edilməsini; Cavabdeh2 isə apellyasiya şikayəti verərək onun iddia tələbinin təmin edilməsi hissəsində ləğvini, həmin hissədə iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun olmaqla belə əsaslandırılmışdır ki, məhkəmə işi birtərəfli, sübutlar bərabər əsaslarla təmin edilməməklə araşdırmışdır. Cavabdehlər bütün hüquqlarından istifadə etmiş, ona gəldikdə isə həmin hüquqlar “nəzərdə tutulmamış”-dır. Məhkəmə iş üçün əhəmiyyətli olan sübutları tam və hərtərəfli araşdırmamışdır. Nəticədə işin həqiqi hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Ümumiyyətlə, hakim işə dırnaqarası, şəxsi mənfəət obyekti kimi yanaşmışdır. Əmanətlər Cavabdeh1 ASC-yə qoyulmuş, müqavilələr üzrə əmanət qoyulmuş pulu saxlamaq, faizləri ödəmək həmin Bankın müqavilə üzrə öhdəliyi olmuşdur. Bundan başqa, faizlərin, faizlərin kapitallaşması üzrə faizlərin hesablanması, məhkəməyə verilən günə kimi əmanət müqavilələri üzrə ödənilməli olan pulun hesablanması barədə vəsatətlər versə də, məhkəmə onlara dair heç bir qərar qəbul etməmiş və elan etməmişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz və əsassız qətnamə qəbul etmiş, gəldiyi nəticəni isə əsaslandırmamışdır. Belə ki, cavabdeh mal-qara alveri etməklə qazandığı pulları banka yerləşdirmiş və 2006-cı ildən “Cavabdeh1ın” Yevlax filialında əmanət hesabı açımış, yığdığı bütün pulu həmin əmanət hesabına qoyaraq faizindən istifadə etmişdir. 30.000 manatı keçdikdən sonra riskli qrupa düşməmək üçün arvadının adına da hesab açdıraraq özünün adına əmanət qoyulmuş şəxs kimi qeyd etdirmişdir. Özünün adına 32292 nömrəli bank hesabı xx.xx.2006-cı il tarixdə açılmış, xx.xx.2013-cü il tarixinə qədər yığılmış vəsait 72.000 manat olmuş və həmin vəsait bankdan çəkilmişdir. Arvadı İddiaçı adına olan 6-77712-1 nömrəli bank hesabı isə xx.xx.2009-cu il tarixdə açılmış və xx.xx.2012-ci il tarixinə qədər həmin hesabı 20.000 manatla tamamlamışdır. xx.xx.2012-ci il tarixində həmin müqavilənin bitməsindən sonra oradakı əmanəti götürülüb öz adına olan 32292 nömrəli hesaba qoymuş və onunla birlikdə cəmi əmanət məbləği 72.000 manat olmuşdur. Bununla yanaşı göstərilən 9.000 ABŞ dolları isə 32292 nömrəli bank hesabına xx.xx.2006-cı il tarixində 1 il müddətinə qoyulmuş və xx.xx.2007-ci ildə çıxarılaraq həmin bank hesabına manatla qoyulmuşdur. 2013-ci ildən yığılmış 72.000 manat 3 dəfə müqavilə ilə yenilənmişdir. Pul bankdan həmin illər ərzində çəkilməmiş, faizləri götürülərək ailə məsrəfləri üçün xərclənmişdir. Eyni zamanda bankın şərtlərinə uyğun olaraq ona əmanət məbləğinin 50% miqdarında kredit kartının verilmiş olması da buna sübut kimi göstərilə bilər. Bütün bunlar birinci instansiya məhkəməsinin gəldiyi nəticənin heç bir sübuta söykənmədiyi və işin faktiki halına uyğun gəlmədiyini göstərir. Sözügedən məbləğ bankdan çıxarılaraq ailə ehtiyaclarının və qızının müalicə xərclərinə sərf edilmişdir. Məhkəmə qətnaməsi həm maddi, həm də prosessual hüquq normalarının pozulması ilə qət edildiyi üçün ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, təmin edilməsini və Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və onun vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin isə rədd edilməsini və iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi X6 iddiaçının apellyasiya şikayətinin rədd, Cavabdeh2 isə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında dindirilən ekspert X1 izahatında məhkəmə tədqiqatı üzrə aparılmış məhkəmə-mühasibatlıq rəylərinin məzmununa uyğun izahat vermiş və rəyləri müdafiə etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı və 372.7-ci maddələrinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya izahatları dinləyib, apellyasiya şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh2 apellyasiya şikayəti isə təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməli və həmin hissədə iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işin müəyyən olunan və mübahisələndirilməyən halına görə, tərəflər (iddiaçı və Cavabdeh2) xx xxxxxx 1996-cı ildə nikaha daxil olmuş, xx xxxx 2016-cı il tarixində isə məhkəmə qətnaməsi ilə nikahları pozulmuşdur. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, tərəflərin birgə nikah dövründə Cavabdeh1 ASC-nin Yevlax filialında Cavabdeh2 adına 32292 nömrəli, İddiaçı adına isə 6-77712- 1 nömrəli bank hesabları açılmış, eyni zamanda həmin nömrələr altında bank əmanəti müqavilələri bağlanmaqla həmin müqavilələr ilbəil təzələnmişlər. İddiaçı adına 6-77712-1 nömrəli bütün müqavilələrdə xeyrinə əmanət qoyulmuş şəxs kimi Cavabdeh2 göstərilmiş, Cavabdeh2 ilə bağlanmış müqavilələrdən isə yalnız ikisində - xx.xx.2013-cü il tarixdə 6.000 manat və xx.xx.2013-cü il tarixdə 9.000 manat olan müqavilələrdə xeyrinə əmanət qoyulmuş şəxs kimi İddiaçı adı qeyd edilmişdir; həmin nömrələr altında olan bank hesablarındakı pul vəsaitləri yenə birgə nikah dövründə Cavabdeh2 tərəfindən çıxarılmışdır. Apellyasiya icraatı zamanı məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertin xx.xx.2019-cu il tarixli 34212 nömrəli rəyində aşağıdakılar göstərilmişdir: “... Cavabdeh1 ASC ilə İddiaçı arasında Cədvəl No.1 də göstərildiyi bank əmanət müqavilələri bağlanmışdır. Həmin əmanətlər üzrə İddiaçı məxsus AZ87ATAZ********************41010, AZ58ATAZ********************, AZ87ATAZ******************** saylı cari hesabdan çıxarışlarda əks olunan məlumatlara görə əmanətçi tərəfindən cəmi 44.081,03 manat məbləğində mədaxil və 67.203,00 manat məbləğində isə məxaric edilmişdir. Təqdim edilmiş iş materiallarında depozit və faizlərin hesablanmasına dair hesabdan çıxarışlar mövcud olmadığından, İddiaçı məxsus bank əmanətləri üzrə hansı məbləğdə faiz gəliri hesablandığı müəyyən etmək mümkün olmadı... Cavabdeh1 ASC ilə Cavabdeh2 arasında Cədvəl No.3 də göstərildiyi bank əmanət müqavilələri bağlanmışdır. Həmin əmanətlər üzrə Cavabdeh2 məxsus AZ47ATAZ********************, AZ83ATAZ**********000141020 saylı cari hesabdan çıxarışlarda əks olunan məlumatlara görə əmanətçi tərəfindən cəmi 36.968,00 manat və 19.440,00 ABŞ dolları məbləğində mədaxil və 38.631,45 manat məbləğində isə məxaric edilmişdir. Təqdim edilmiş iş materiallarında depozit və faizlərin hesablanmasına dair hesabdan çıxarışlar mövcud olmadığından, Cavabdeh2 məxsus bank əmanətləri üzrə hansı məbləğdə faiz gəliri hesablandığı müəyyən etmək mümkün olmadı.” Apellyasiya icraatı zamanı təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertin xx.xx.2019-cu il tarixli 18452 nömrəli rəyində qeyd edilmişdir ki, “...İddiaçı tərəfindən Cavabdeh1 ASC-də yerləşdirdiyi depozitlərin ümumi məbləği 111.000,00 manat və həmin depozit məbləğləri üzrə hesablanmış faiz məbləğləri 27.248,55 manat məbləöində müəyyən edilir. İş materialları ilə təqdim edilmiş hesabdan çıxarış məlumatları tədqiq edilən dövrləri tam əhatə etmədiyindən, X4 məxsus cari hesablar üzrə nağd şəkildə gösrətilən mədaxil və məxaric olunan məbləğləri müəyyən etmək mümkün olmadı... Cavabdeh2 tərəfindən Cavabdeh1 ASC-də yerləşdirdiyi depozitlərin ümumi məbləği 171.500,00 manat və 9.000 ABŞ dolları həmin depozit məbləğləri üzrə hesablanmış faiz məbləğləri 68.339,81 manat və 1.5600,00 ABŞ dolları məbləğində müəyyən edilir. İş materialları ilə təqdim edilmiş hesabdan çıxarış məlumatları tədqiq edilən dövrləri tam əhatə etmədiyindən, Cavabdeh2 məxsus cari hesablar üzrə nağd şəkildə göstərilən mədaxil və məxaric olunan məbləğləri müəyyən etmək mümkün olmadı.” İddiaçı, Cavabdeh2 onun adına banka qoyulan əmanətləri Bank müdiriyyəti ilə əlbir olaraq çəkmiş olduğuna əsaslanmaqla hazırkı iddia tələbləri ilə çıxış etmiş, birinci instansiya məhkəməsi isə ətraflı araşdırma aparmadan tərəflərin birgə nikahda olduğu uzun illər ərzində Cavabdeh2 tərəfindən əmanət müqavilələri üzrə banka mədaxil-məxaric edilmiş məbləğlərin iddiaçı ilə cavabdehin ümumi vəsaiti (qazancı) olduğuna istinad etməklə həmin vəsaitinin yarısının cavabdehin xeyrinə tutulmalı olduğu nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmayan məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə müvafiq olaraq, nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir (maddə 32.1, 32.2). Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (maddə 37.1-37.2). Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin, eləcə də Mülki Məcəllənin tələblərinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; bu mənada banka qoyulan əmanətlərin tərəflərin ümumi qazancları olmaqla onların ümumi birgə mülkiyyəti olduqları mübahisə mövzusu deyildir. Bununla belə iş materiallarından aydın olur ki, həmin əmanətlər məhz tərəflərin nikahda olduqları müddətdə (nikahlarının pozulmasından təxminən 1 il 2 ay il daha əvvəl) bankdan çıxarılaraq xərclənmişdir. Qeyd edildiyi kimi iddiaçı, Cavabdeh2 birgə nikah dövrlərində banka qoyulan əmanətləri Bank müdiriyyəti ilə əlbir olaraq çəkmiş olduğuna əsaslanmaqla hazırkı iddia tələblərini irəli sürmüş, Cavabdeh2 isə mübahisələndirilən bank əmanətlərinin onların birgə nikah dövrlərində çıxarılaraq ailə və uşaqlarının mənafeyi üçün xərcləndiyini bildirməklə iddiaya etiraz etmişdir (həmin dəlillər onun apellyasiya şikayətinin də başlıca dəlillərindəndir). Bu baxımdan hazırkı mübahisənin obyektiv həlli üçün cavabdehin yuxarıda qeyd edilən arqumentlərinə münasibət bildirməyi məqsədəmüvafiq hesab edən məhkəmə kollegiyası işin faktiki hallarını və iş materiallarını ağlabatan mühakimə əsasında nəzərdən keçirərək cavabdehin həmin dəlillərini inandırıcı hesab edir; işin materiallarından görünür ki, tərəflərin birgə nikah dövründə onların adlarına bank hesabları açılmış, eyni zamanda həmin nömrələr altında bank əmanəti müqavilələri bağlanmaqla həmin müqavilələr ilbəil təzələnmiş, bank hesablarındakı pul vəsaitləri yenə onların birgə nikahları dövründə Cavabdeh2 tərəfindən çıxarılmış (sonuncu vəsait xx.xx.2015-ci il tarixdə), tərəflər arasındakı nikah isə bundan təxminən 1 il 2 ay sonra (xx.xx.2016ci ildə) pozulmuşdur. Həmçinin iş materiallarından və tərəflərin izahatlarından tərəflərin birgə nikahından olan qızlarının 1-ci qrup əlil olmaqla iflic xəstəliyindən əziyyət çəkdiyi müəyyən edilmişdir. Digər tərəfdən apellyasiya baxışı zamanı tərəflərin birgə nikahları dövrdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhhəllədə yerləşən yüksək mərətəbəli yaşayış binasının, 4-cü bina 1-ci blok, 5-ci mərtəbəsindən 110,57 m2 ümumi sahəsi olan 43 saylı mənzili əldə etmiş olduqları, iddiaçının hazırda faktiki olaraq orada yaşadığı da müəyyən edilmişdir (iddiaçı məhkəməyə təqdim etdiyi çoxsaylı ərizə və vəsatətlərdə məhz həmin ünvanı göstərmişdir). Kollegiya, bank hesablarındakı pul vəsaitlərinin tərəflərin birgə nikahları dövründə çıxarılması, onların arasındakı nikahın bundan çox daha sonralar (təxminən 1 il 2 ay sonra) pozulmuş olması, birgə nikahları dövründə mənzil əldə etmələri və iddiaçının (qızı ilə birlikdə) orada yaşaması, habelə birgə nikahdan olan qızlarının xəstəliyi ilə əlaqədar bir çox xərclərin çəkilməsinin hamıya bəlli adi həyati hal olduğu ilə bağlı işin hallarını və bu halın sübuta ehtiyacının olmadığını (MPM-nin 82.1-ci maddəsinə əsasən) ağlabatan mühakimə əsasında nəzərə alaraq hesab edir ki, bank hesablarından çəkilmiş pul vəsaitinin onların ümumi təsərrüfatlarının saxlanılmasına (ailə xərclərinin ödənilməsi, müalicə, borcların ödənilməsi və s.) xəcləndiyi qənaətinə gəlmək hazırkı işin faktiki halları baxımından daha məntiqlidir. Digər tərəfdən, iddiaçı onun adına qoyulmuş məbləğin Cavabdeh2 tərəfindən qanunsuz şəkildə çıxarılmış olduğunu iddia etsə də, qeyd edilən xüsusat məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, Mülki Məcəllənin bank əmanətləri başlıqlı 51-ci fəslində əmanətlərin qoyulması və həmin əmanətlərin qaytarılması ilə bağlı məsələlər tənzimləmiş və xüsusilə qeyd edilmişdir ki, həmin məsələlər bu normalarla yanaşı, əmanət müqaviləsində göstərilən müqavilə qaydalarına uyğun tənzimlənməlidir. İş materiallarından aydın olur ki, iddiaçının adına açılmış bütün müqavilələrdə əmanətin cavabdehin xeyrinə qoyulmuş olduğu göstərilmiş, cavabdehin adına olan müqavilələrdən ikisində isə əmanətin iddiaçının xeyrinə qoyulduğu qeyd edilmişdir. Mülki Məcəllənin 952.1-ci maddəsinə əsasən, əmanət banka müəyyən üçüncü şəxsin adına qoyula bilər. Əgər bank əmanəti müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, həmin şəxs bu hüquqlara əsaslanan ilk tələbini banka verdiyi və ya belə hüquqlardan istifadə etmək niyyətini başqa üsulla banka bildirdiyi andan əmanətçi hüququ qazanır. Xeyrinə əmanət qoyulan fiziki şəxsin və ya hüquqi şəxsin adının göstərilməsi müvafiq bank əmanəti müqaviləsinin mühüm şərtidir. Müqavilənin bağlandığı vaxt sağ olmayan fiziki şəxsin və ya bu vaxt mövcud olmayan hüquqi şəxsin xeyrinə bank əmanəti müqaviləsi əhəmiyyətsizdir. Həmin məcəllənin 952.2-ci maddəsinə görə, bank əmanəti müqaviləsi bağlamış şəxs onun əmanət üzrə hesabına qoyulmuş pul vəsaiti barəsində əmanətçi hüquqlarından üçüncü şəxs əmanətçi hüquqlarından istifadə etmək niyyətini bildirənədək istifadə edə bilər; 952.3-cü maddəsinə əsasən isə, üçüncü şəxsin xeyrinə müqavilə haqqında qaydalar üçüncü şəxsin xeyrinə bank əmanəti müqaviləsinə bu şərtlə tətbiq edilir ki, belə tətbiq bu maddənin qaydalarına və bank əmanətinin mahiyyətinə zidd olmasın. Qanunvericiliyin göstərilən müddəalarının mənasından göründüyü kimi, əmanət müqaviləsi ilə xeyrinə əmanət qoyulmuş şəxs kimi müəyyən edilmiş 3-cü şəxs müqavilədə əksi göstərilmədiyi təqdirdə, hüquqlarından istifadə etmək niyyətini hər hansı bir üsulla banka bildirdikdə əmanətçi hüququ qazanmış olur və həmin əmanətdən istifadə etmək hüququna da əldə etmiş olur. İş üzrə cavabdeh də müxtəlif vaxtlarda həmin əmanətin qoyulmasında, eyni zamanda bütün əmanətlərin çəkilməsində birbaşa iştirak etməklə qanundan irəli gələn tələbini və niyyətini banka bildirərək istifadə etmişdir. Bununla yanaşı iddiaçı özünün xeyrinə qoyulan əmanət üzrə müqavilə müddətində və əmanət çəkilməmişdən öncə banka qarşı heç bir tələb və niyyətlə müraciət etməmiş, cavabdeh isə üçüncü şəxs əmanətçi hüquqlarından istifadə etmək niyyətini bildirənədək adına olan əmanətlərin bankdan çəkilməsi ilə əmanətçi hüquqlarından istifadə etmişdir. İddia tələblərinin əsassız olması barədə gəldiyi qənaətə uyğun olaraq kollegiya, iddia müddətinin tətbiqinə dair Cavabdeh1 ASC—nin ərizəsinə də ayrıca qiymət verməyi zəruri hesab etmir. Bu zaman məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 80-ci maddəsinin mənasına görə məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Nəhayət kollegiya, “...cavabdehlər barəsində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi” barədə iddiaçının tələbinə münasibətdə qeyd edir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər; məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə müvafiq qərarı qəbul etməsi mümkündür. Hazırkı apellyasiya baxışı zamanı isə, iddiaçının cavabdehlərin hərəkətləri barədə Yevlax rayon prokurorluğuna şikayət etdiyi, həmin şikayətin araşdırılaraq “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx xxxx 2016-cı il tarixli qərarın qəbul edildiyi, həmin qərardan iddiaçının vermiş olduğu şikayətin işə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qərarı ilə təmin edilmədiyi müəyyən edilmişdir. Nəticə etibarilə iddiaçının “cavabdehlər barəsində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi” barədə vəsatətinə artıq müvafiq hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə ekspertizalarının dəyəri 345 (100+145+100) manat təşkil etdiyindən həmin məbləğ iddiaçıdan Dövlət Xəzinədarlıq Agentliyinin hesabına ödənilməlidir. Həmçinin, tərəflərin ödədikləri dövlət rüsumları onların özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Cavabdeh2 apellyasiya şikayəti isə təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3125/2018 saylı iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi iddia tələbinin təmin edildiyi hissədə ləğv olunsun. Həmin hissədə iddia tələbi təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan 345 manat pul İddiaçı tutularaq Dövlət Xəzinədarlıq Agentliyinin hesabına ödənilsin. İddia ərizəsinin və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar