Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1254/2024 13.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı “fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə müdaxilələrin qadağan edilməsi, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 noyabr 2023-cü il tarixli qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, ona məxsus olan və Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, E.İsmayılov 75 “B” ünvanda yerləşən fərdi yaşayış evinin damından cavabdeh tərəfindən çəkilmiş kommunikasiya xətlərinin cavabdehin vəsaiti hesabına sökülməsi, həmin evə və evin 13 kv.m-dən ibarət həyətyanı torpaq sahəsinə müdaxilələrin cavabdehə qadağan edilməsi, ona dəymiş maddi ziyanın əvəzi olaraq 2.000 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Şərur rayonunda qeydiyyatda olsa da, uzun zamandır ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. İddiaçı, xx.xx.2019-cu il tarixdə şifahi razılaşma əsasında Bayıl qəsəbəsində yerləşən 13 kv.m həyətyanı torpaq sahəsini X2, bir neçə gün sonra isə həmin torpaq sahəsinin yanında yerləşən 1 otaqdan ibarət fərdi yaşayış evini X1 almışdır. Torpaq sahəsinin alğı-satqısında cavabdeh də iştirak etmişdir. Evin kommunal ödənişləri iddiaçı tərəfindən aparılır. İddiaçı aldığı vaxtdan fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Sözügedən evi aldıqdan sonra bir müddət iddiaçının cavabdehlə münasibətləri yaxşı olsa da, sonradan cavabdeh qanunsuz və əsassız olaraq onların evinə, evin həyətinə, damına, hasarına müdaxilələr etməyə başlamışdır. Belə ki, cavabdeh və onun ailə üzvləri tez-tez, həm də iddiaçıdan soruşmadan onun həyətə girib-çıxır, istədiklərini edir, hətta iddiaçının evdə olmadığı vaxt ona məxsus həyətyanı sahənin hasarını sökmüşlər. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya 2.000 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh öz övladı (X3) üçün qanunsuz olaraq tikdirdiyi evin bütün kommunal xətlərini (kommunal xətlərin hər biri qeyrirəsmi, yəni müvafiq dövlət orqanlarından icazələr alınmadan, gizli şəkildə çəkilmişdir) iddiaçının evdə olmadığı vaxt, yəni xəbəri olmadan iddiaçının evinin damından, şiferlərin üzərindən keçirməklə çəkmişdir. Buna görə də hər dəfə öz evlərinin damına çıxmaq zərurəti yarananda (su çənində, su və qaz xətlərində problem olanda) yaxud qızının evinə gedən xətlərdə nasazlıq yarananda iddiaçının həyətindən keçirlər, evinin damına çıxırlar, oradan da öz evinin, qızının evinin damına keçirlər və hər dəfə də iddiaçıya ziyan vururlar. Bu hərəkətlər hər gün, hətta bəzən gün ərzində bir neçə dəfə baş verir. İddiaçı evdə olmayan vaxtlar isə cavabdeh və onun ailə üzvləri tərəfindən bu hərəkətlər daha kobud formada baş verir. Evə qayıtdıqdan sonra evin damındakı şiferlərin vəziyyəti, yaxud yağış yağan günlərdə evin damından otağa su keçməsi bunu deməyə əsas verir. Cavabdehlə danışıqlar nəticə vermədiyi üçün iddiaçı pozulmuş hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. b) cavabdehin və üçüncü şəxsin iddia tələbinə münasibəti barədə məlumat
3. Cavabdeh iddiaya etiraz vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisəli sahəyə mülkiyyət hüququ yoxdur. İddiaçının daşınmaz əmlaka mülkiyyət hüququ şahid ifadələri ilə sübut edilə bilməz. İddiaçı, cavabdeh tərəfindən ona ziyan vurulmasını da sübuta yetirə bilməmişdir. Cavabdeh, 30 ildir ki, həmin sahədə yaşayır. İlkin olaraq hazırda iddiaçının istifadəsində olan 1 otaq da cavabdehə məxsus olmuşdur. 10 il bundan əvvəl cavabdeh həmin evi Xəyal Məmmədova satmış, Xəyal Məmmədov da 2019-cu ildə evi iddiaçıya satmışdır. İddiaçı 1 otaqlı evi aldıqdan sonra cavabdeh mübahisəli torpaq sahəsinin aşağısında və iddiaçının evinin sağ tərəfində olan torpaq sahəsində qızı üçün ev tikmişdir. Cavabdeh, iddiaçının özünün hesab etdiyi torpaq sahəsindən 30 ildir ki, istifadə edir, su sayğacı və evinin üzərində olan çənə baxış keçirmək üçün oradan istifadə etməlidir. İddiaçı, həmin sahənin kimə məxsus olmasını cavabdehdən soruşduqda cavabdeh demişdir ki, həmin sahə ona aid deyil, qonşu Zümrüd Azayevanındır, lakin heç bir sənədi yoxdur, qanunsuz istifadə olunur. Eyni zamanda cavabdeh, iddiaçının həmin torpaq sahəsinin alınması üçün Zümrüd Azayevaya 600 manat pul verilməsini görməmiş, orada iştirak etməmişdir. Hasarı əvvəllər cavabdeh çəkmiş, iddiaçı qapıya qıfıl vurduğu üçün həmin əraziyə daxil olmaq məqsədilə hasarı sökmüşdür. Qaz xətti ilə bağlı isə müvafiq quruma müraciət olunmuşdur, onun yeri dəyişdiriləcəkdir.
4. Cavabdehin övladı X3 Rayon Məhkəməsi tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işin baxılmasına cəlb edilmişdir.
5. Gülgəz Salmanlı iddiaya etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda göstərmişdir ki, anası (cavabdeh) ona iddiaçının evinin yanında ev tikdirmiş, qaz xətti həqiqətən iddiaçının evinin damının üzərindən çəkilmişdir. Qaz xətti müvəqqəti olaraq oradan çəkilib, xəttin yeri dəyişdiriləcəkdir. Lakin iddiaçının qeyd etdiyi torpaq sahəsindən keçməklə həm anasına, həm də ona məxsus su çənlərinə, su sayğaclarına baxış keçirilməsi yalnız həmin sahədən istifadə edilməklə mümkündür. İddiaçı tərəfindən onlara keçid üçün heç olmasa bir metr yer verilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
6. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh tərəfindən iddiaçının istifadəsində olan fərdi yaşayış evinin damından çəkilmiş qaz xəttinin cavabdehin vəsaiti hesabına sökülməsini, həmin evə və evin 13 kv.m-dən ibarət həyətyanı torpaq sahəsinə müdaxilə etməsinin cavabdehə qadağan edilməsini, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pulun tutulmasını, iddia tələbinin qalan hissədə təmin edilməməsini qət etmişdir.
7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli ev eyni zamanda fiziki obyekt kimi daşınmaz əşyadır və mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməsi və özbaşına tikili statusuna malik olması, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququnun olmaması kimi qiymətləndirilə bilməz. Rayon Məhkəməsi qaz xəttinin iddiaçının evinin dam örtüyündən keçməklə sonradan çəkilməsini və buna iddiaçının etiraz etməsini, həmçinin belə xəttin həmin yerdən keçməsinin təhlükəli hesab edilə bilməsini nəzərə alaraq hesab etmişdir ki, qaz xəttinin cavabdehin vəsaiti hesabına sökülməsi hissəsində tələb əsaslı hesab edilməlidir. Digər kommunikasiya xətləri – işıq və telefon xətti cavabdehin evinin damından deyil, küçədən keçməklə çəkilmiş, bu hal iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Rayon Məhkəməsi həmçinin qeyd etmişdir ki, 13 kv.m-dən ibarət həyətyanı torpaq sahəsi iddiaçının istifadəsində olduğundan, həmin sahədən cavabdehin keçməsinə və bununla da onun müdaxiləsinə iddiaçı tərəfindən etiraz edildiyindən, su çəninə baxış keçirilərkən iddiaçının damının zədələnmə ehtimalının olmasını, digər tərəfdən cavabdehin və 3-cü şəxsin damlarında quraşdırılmış su çənlərinə küçədən nərdivan qoyulmaqla baxış keçirilməsinin mümkün olmasını, su sayğaclarının isə həmin sahədən köçürülməsi mümkünlüyünü də nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi həmin torpaq sahəsinə cavabdehin müdaxiləsinin qadağan edilməsi hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Rayon Məhkəməsi iddia tələbinin vurulmuş maddi ziyana görə 2.000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd etmişdir ki, iddiaçı tərəfindən bunu təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. d) apellyasiya şikayəti barədə məlumat
8. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
9. İddia tələbinə etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, Rayon Məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, iş hərtərəfli araşdırılmamışdır. Belə ki, iddiaçının əmlak üzərində mülkiyyət hüququ olmadığı halda, məhkəmə tərəfindən əsassız olaraq mülkiyyət hüququ tanınmışdır. Həmin əmlaka cavabdeh tərəfindən maneə törədilməsi halı sübuta yetirilməmişdir. Məhkəmə yalnız xüsusi bilik tələb edən, yəni eskpert rəyi ilə müəyyənləşdirilməli olan məsələyə özü hüququ qiymət vermişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat
10. Apellyasiya baxışının əvvəlki iclaslarında iştirak edən cavabdeh və onun vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətin məzmununa uyğun izahat verdilər.
11. İşə apellyasiya qaydasında baxılmanın sonuncu iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iş üzrə cavabdeh və onun vəkili (nümayəndəsi) apellyasiya baxışının sonuncu iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
12. İddiaçı apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi qətnaməsinin əsaslarına uyğun izahat verdi.
13. İşə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iş üzrə üçüncü şəxs Gülgəz Salmanlı apellyasiya baxışında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. f) apellyasiya baxışının hədləri barədə məlumat
14. Hazırkı apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı qətnaməni mübahisələndirməmiş, qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə qətnaməni iddianın bir qisminin təmin edilməsi hissəsində mübahisələndirmiş, qətnamənin qalan hissəsini mübahisələndirməmişdir.
15. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-in 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
17. Məhkəmə apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
18. Belə ki, hazırki mübahisənin predmetini təşkil edən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması, lakin faktiki mövcud olması, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olmaması, bunlara baxmayaraq evin və torpaq sahəsinin hazırda iddiaçı tərəfindən istifadə olunması işin mübahisəsiz hallarıdır.
19. Apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, iddiaçı evdən və torpaq sahəsində istifadə etsə də, həmin əmlaka dair iddiaçının hüquqmüəyyənedici sənədləri yoxudur. Buna görə də, iddiaçı ona qarşı bu kimi iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyil. 20 Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (maddə 180.1.). Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (maddə 180.2.).
21. Göstərilənləri nəzərə alan Məhkəmə bildir ki, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etməsə də, o, fiziki obyekt olaraq özündə onu inşa etdiyi şəxsin (şəxslərin) əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanına qanunsuz maneçilik yaradılan şəxslərin belə qanunsuzluqdan müdafiə olunması barədə qətnamə qəbul edə bilər.
22. Buna görə də hesab edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır.
23. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə tərəflərin bildirdiklərinə əsasən müəyyən edilir və tərəflər arasında mübahisə doğurmur ki, iddiaçının istifadəsində olan evin dam örtüyündən cavabdehin istifadəsində olan mənzilin dam örtüyü hissəsindən başlayaraq qonşu tikiliyə, yəni iş üzrə üçüncü şəxs olana Gülgəz Salmanlının evinə yalnız qaz xətti keçir, digər kommunikasiya xətləri G.Salmanlının evinə küçə tərəfdən iddiaçının mənafeyinə xələl gətirmədən çəkilmişdir.
24. İddiaçının evinin özbaşına tikili olmasını nəzərə alan Məhkəmə bildirir ki, Mülki Məcəllənin 11.1-ci maddəsinə görə, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
25. Mülki Məcəllənin tələblərinə görə, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır (maddə 158.1.2.). Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər (maddə 158.2.).
26. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 16-cı maddəsinin 2-ci bəndinə əsasən qaz xətlərinin (kəmərlərinin) çəkilməsi və qaz qurğularının yerləşdirilməsi məqsədilə podratçının xüsusi mülkiyyətdə olan sahəyə müdaxiləsinə əvvəlcədən həmin mülkiyyətçinin yazılı razılığı, vurulan ziyanın ödənilməsi və ya ehtiyac olduqda, qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilmə şərtlərilə icazə verilir.
27. İddiaçının tələblərindən biri ona məxsus fərdi yaşayış evinin damından cavabdeh tərəfindən çəkilmiş kommunikasiya xətlərinin cavabdehin vəsaiti hesabına sökülməsindən ibarətdir. İddiaçı bildirir ki, onun razılığı olmadan çəkilmiş su və qaz xətləri onun evinin damından keçdiyi üçün, həmin xətlərə baxış keçirmək istəyərkən cavabdeh və onun ailə üzvləri iddiaçının evinin damına çıxır, nəticədə onun hüquqları pozulmaqla maddi ziyan vurulur.
28. Rayon Məhkəməsi mübahisəli sahəni yerində müayinə etmiş və cavabdehin yaşadığı evin üzərindən başlayaraq qaz xəttinin iddiaçının yaşadığı evin üzərindən keçməklə cavabdehin qızının yaşadığı evə getməsini, işıq və telefon xətlərinin evlərdən kənar keçməklə küçədəki ağaca bərkidilməklə iddiaçının mənzilinin önündən keçməsi, iddiaçı tərəfindən mübahisələndirilən 13 kv.m-dən ibarət həyətyanı torpaq sahəsinə girişin açıq olması, orada cavabdehə məxsus su çəninin olması, həmin sahədən çoxlu sayda su borularının keçməsini, cavabdehin yaşadığı evin üzərində su çəninin olmasını müəyyən etmişdir.
29. Lakin cavabdeh özünün apellyasiya şikayətində bu halın müəyyən edilməsi üçün ekspert rəyinin əldə edilməli olduğunu bildirərək apellyasiya baxışı zamanı iş üzrə ekspertiza təyin edilməsi barədə vəsatət vermişdir.
30. Məhkəmə tərəfindən apellyasiya şikayətinin dəlillərinin tam araşdırılması məqsədilə cavabdehin vəsatəti təmin edilmiş, cavabdeh tərəfindən çəkilmiş həmin qaz xəttinin iddiaçının yaşadığı fərdi yaşayış evindən sərbəst istifadə etməsinə maneçilik törədib-törətməməsi halının müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
31. Lakin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli “ekspertizanın aparılmasından imtina edilməsi barədə” məlumatına əsasən qərardad icrasız saxlanılmış və iş Məhkəməyə qaytarılmışdır.
32. Məhkəmə Ekspertizası Mərkəzinin məlumatından görünür ki, kommunal xidmət (qaz, su, elektrik) xətlərinin fərdi yaşayış evinə bitişik, yaxud yanında çəkilib-çəkilməməsi və eləcə də, fərdi yaşayış evindən sərbəst istifadə edib-etməməsinə maneçilik törədibtörətməməsinin müəyyən edilməsi xüsusi bilik tələb etmədiyi üçün ekspertiza fəaliyyətinin vəzifəsinə aid deyil, bu halların müəyyən edilməsi istiqamətində ekspert tərəfindən hər hansı tədqiqat aparması metodiki baxımdan mümkün deyil.
33. Belə olan halda, qaz xəttinin iddiaçının evinin dam örtüyündən keçməklə sonradan çəkilməsini və buna iddiaçının etiraz etməsini, həmçinin belə xəttin həmin yerdən keçməsinin təhlükəli hesab edilə bilməsini nəzərə alan Məhkəmə hesab edir ki, qaz xəttinin cavabdehin vəsaiti hesabına sökülməsi hissəsində iddianı təmin etməklə Rayon Məhkəməsi düzgün nəticəyə gəlmişdir.
34. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olan və cavabdeh tərəfindən də iddiaçının qanuni istifadəsi kimi dəyərləndirilən 13 kv.m-dən ibarət həyətyanı torpaq sahəsində iddiaçıya məxsus su çəni quraşdırılmış, həmin sahədən həm iddiaçının, həm də cavabdehin istifadəsində olan tikililərin dam örtüyünə keçilməsi mümkündür, cavabdeh həmin sahədən öz damında quraşdırılmış su çəninə və su sayğacına baxış keçirmək üçün istifadə edir.
35. Məhkəmə hesab edir ki, 13 kv.m-dən ibarət həyətyanı torpaq sahəsi iddiaçının istifadəsində olduğundan, həmin sahədən cavabdehin keçməsinə və bununla da onun müdaxiləsinə iddiaçı tərəfindən etiraz edildiyindən, su çəninə baxış keçirilərkən iddiaçının damının zədələnmə ehtimalının olmasını, digər tərəfdən cavabdehin və 3-cü şəxsin damlarında quraşdırılmış su çənlərinə küçədən nərdivan qoyulmaqla baxış keçirilməsinin mümkün olmasını, su sayğaclarının isə həmin sahədən köçürülməsi mümkünlüyünü də nəzərə almış Rayon Məhkəməsi iddia tələbini həmin torpaq sahəsinə cavabdehin müdaxiləsinin qadağan edilməsi hissəsində təmin etməkdə də haqlı olmuşdur. h) apellyasiya instansiyası məhkəməsinin nəticəsi
36. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin apellyasiya baxışının predmeti olan hissədə iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
37. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
38. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq və iddiaçı tərəfindən apellyasiya şikayətinin vərilməməsini nəzərə alaraq hesab edir ki, cavabdehin verdiyi apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
39. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə cavabdehin özünə aid edilməlidir.
40. Məhkəmə həmçinin bildirir ki, iddiaçı və üçüncü şəxs tərəfindən Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilmədiyindən və qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanıldığından, onlar hazırki qətnamədən kassasiya şikayəti verə bilməzlər.
41. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
42. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 noyabr 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh1 hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə digər şəxslər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.