Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1255/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskindən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6245/2021 saylı 28 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh İcbari Sığorta Bürosu HŞİ-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqı və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İcbari Sığorta Bürosu HŞİ-nin 06.08.2021-ci il tarixli 05-X nömrəli əmrinin etibarsız hesab edilərək ləğv edilməsi, həmin əmrlə itirdiyi iş yerinə və vəzifəsinə əvvəllər müəyyən edilmiş qaydada müddətsiz əmək müqaviləsi ilə eyni əmək haqqı ilə bərpa olunması, vurulmuş 79.200 manat mənəvi ziyanın, işə bərpa olunduğu tarixə qədər olan və ödənilməmiş əmək haqqının və mediasiya prosesinin tətbiqi üçün ödənilmiş 51 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 08.05.2019-cu il tarixindən İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqında Hüquqi Təminat və Sığorta Hadisələri şöbəsinin rəisi vəzifəsində çalışır. Daha öncə isə 2018-ci ilin mart ayından 2019-cu ilin may ayınadək həmin təşkilatın Himayəçilər Şurasında üzv qismində təmsil olunmuşdur. Onunla bağlanmış əmək müqaviləsi 1 il müddətinə bağlanmışdır, 08.05.2020-ci il tarixdə müddət bitmiş və yeni müqavilə 01.08.2021-ci il tarixinədək bağlanmışdır. Çalışdığı müddət ərzində göstərdiyi fəaliyyət istər iş yoldaşları, istərsə də rəhbərlik tərəfindən daim müsbət qiymətləndirilmiş, bu fəaliyyətlərinə görə bir neçə dəfə maddi mükafatlara layiq görülmüşdür. Sonuncu müddətli əmək müqaviləsinin vaxtının 01.08.2021-ci il tarixində başa çatmasına baxmayaraq əmək münasibətləri davam etdirilmişdir. 06.08.2021-ci il tarixdə saat 16:00 radələrində Təşkilatın rəhbəri onunla bağlanmış əmək müqaviləsinə artıq sistemdə xitam verildiyini bildirmişdir. Bunun səbəbini soruşduqda isə heç bir cavab verməmiş, onunla çalışmaq istədiyini, lakin cavab verə bilmədiyi formada belə qərar verməli olduğunu demişdir. Daha sonra dərhal əmək kitabçası qanunsuz maddə ilə doldurulmuş və 18:30 radələrində sürətli poçt vasitəsillə əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə birlikdə ona göndərilmişdir. Əmək müqaviləsinin müddəti 01.08.2021-ci il tarixində başa çatıb. Lakin əmrdə Əmək Məcəlləsinin 73-cü maddəsi təhrif edilmiş və normanın tətbiqində yalnışlığa yol verilmişdir. Belə ki, əmrdə qeyd olunur ki, müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasını tənzimləyən Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbinə görə müddətli əmək müqaviləsinin müddəti başa çatdıqdan bir həftə ərzində müddətli əmək müqaviləsinə xitam verilə bilər. Halbuki maddənin əsli aşağıda qeyd etdiyi kimidir və maddi və prosessual normaların pozuntusuna yol verilmişdir. Maddə 73: Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Göründüyü kimi, müddətli əmək müqaviləsinə müddət qurtardıqda xitam verilir. Baxmayaraq ki, müqavilənin vaxtı 01.08.2021-ci il tarixdə başa çatmış, xitam verilməmiş və xitamdan söhbət belə getməmişdir. Daha əsas və vacib əhəmiyyətli kobud maddi və prosessual pozuntu ondan ibarətdir ki, məcəllənin sözügedən maddəsinin tələbinə əsasən tərəflərdən biri müqavilənin xitam olunması barədə digər tərəfə mütləq qaydada xitam verilmə ilə bağlı tələblə çıxış etməlidir. Lakin sonuncu iş gününün bitməsinə 2 saat qalmış heç bir tələb və ya xəbərdarlıq olmadan artıq müqaviləyə xitam verildiyi ona bildirilmiş və dərhal da (?!) evinə sürətli poçt vasitəsilə əmək kitabçasına qanunsuz olaraq əlavə edilmiş maddə ilə xitam əmrinin surəti və əmək kitabçası göndərilmişdir. Əmək müqaviləsinin müddətinin bitdiyi tarixdən bir həftə ərzində sistem üzərindən icraatına işlər yazılmış və e-maillər də daxil olmuşdur. Bütün tapşırıqlar isə vaxtında icra olunmuşdur. Qanunvericilikdə qeyd olunur ki, müqaviləyə müddət bitdiyi gün dərhal xitam verilir, əgər belə bir xitam yoxdursa sonraki 1 həftə işçinin məzuniyyətdə, ezamiyyətdə olması və ya xəstələnməsi halı ilə əlaqədar olaraq verilən müddətdir ki, o işə çıxdığı vaxtdan 1 həftə ərzində xitam verilsin. Əgər məqsəd onun müqaviləsinə müddət bitdiyinə görə xitam verilməsi idisə, bu dərhal, müddət bitdiyi gün həyata keçirilməli idi. Əgər müddət bitdikdən sonra işə götürən bir həftəni gözləyirsə, tələb etməlidir ki, işçi özünə iş yeri axtarsın. Bu bir həftəlik müddət özünə iş yeri axtarma imkanına da məhdudiyyətlər törətmiş, qanunvericiliklə qorunan konstitusion hüquqları kobud surətdə pozulmuşdur. Həmçinin əmrin məzmunu belə səhvdir və qanunvericiliyin tələblərinə əməl olunmadan tərtib edilmişdir. Bu isə 84.2-ci maddənin tələbinə əsasən əmrin etibarsız hesab edilməsinə səbəb olur. Belə ki, bunların özbaşınalığı nəticəsində əmək kitabçası korlanmış və bunun özü belə insan üçün olduqca mənəvi ziyandır. Çünki sözügedən maddə yalnış tətbiq edilmiş və bunun nəticəsində işçiyə əmək fəaliyyəti ərzində bir dəfə verilən və olduqca əhəmiyyətli bir sənəd olan əmək kitabçası korlanmışdır. Qanunvericiliyin tələbinin kobud surətdə pozuntusuna yol verilərək törədilmiş bu əməlin əmək kitabçasının korlanması ilə nəticələnməsi işgüzar nüfuzuna, o cümlədən şəxsinə qarşı atılmış bir addımdır və bu əməl nəticəsində həm kollektiv arasında olan işgüzar nüfuzuna xələl gəlmiş, həm də mənəvi ziyan vermişdir. Belə ki, əmək müqavilənin bitməsinin müddətinə 4 həftə qalmış icraçı direktorun otağına gedərək, əmək müqaviləsinin vaxtının 01 avqust tarixində başa çatdığını və müqaviləyə xitam verilib-verilməyəcəyini soruşmuş, o isə cavabında hər şeyin qaydasında olduğunu, işindən razı olduğunu və müqavilənin əlbəttə uzanacağını, hətta müddətsiz müqaviləyə keçəcəyini bildirmişdir. Bütün bu qeyd olunanlardan sonra, həm də hazırda bütün dünyanı bürümüş COVİD-19 pandemiyasının yaratdığı çətin şəraitdə yeni bir iş yeri axtarmaq imkanından məhrum olması işəgötürən tərəfindən atılmış olan bu addımların xüsusi planlı şəkildə həyata keçirilməsini deməyə imkan verir. Əmək müqaviləsinə xitam verilərkən müalicə almış və bununla bağlı rəhbərliyə bildirməsinə baxmayaraq, işlərin çox olduğunu, üzərinə işlərin yazıldığını bildirərək işə çıxması tələb edilmişdir. O, da iş yükünün çoxluğunu və rəhbərliyin tələbini nəzərə alaraq bülletendə olmasına baxmayaraq işə çıxmışdır. Sonuncu iş günü faktiki bülletendə olduğundan müqaviləyə xitam verilə bilinmədiyini bildirmiş, buna məhəl qoyulmadan əmək kitabçası tez və qanunsuz doldurulub, müqaviləyə xitam verilib evinə yollanılmışdır. Onunla bağlanmış əmək müqaviləsi qanuna zidd olaraq müddətli kimi bağlanmışdır. Əmək müqaviləsi bağlanarkən tərəflərin hüquq bərabərliyi prinsipi pozulmuş, bu normanın tətbiqində yalnışlığa yol verilmişdir. Onunla əmək müqaviləsinin nə üçün müddətli bağlandığını soruşduqda və fəaliyyətinin daimi xarakter daşıdığını bildirdikdə rəhbərlik ona demişdir ki, “bizdə belədir, əks halda səninlə müqavilə bağlamaqdan imtina edirəm.” Bu normanın prinsipləri nəzərə alınmadan əmək müqaviləsi müddətli formada bağlanmışdır və bu da öz növbəsində müddətsiz əmək müqaviləsi ilə əvəzlənməlidir. İcbari Sığorta Bürosunda əmək haqqı 3300 manat təşkil edir. İşdən ayrıldığı vaxtdan bu günə qədər işsiz olması, əlavə xərclərinin yaranması, istifadəsində olan nəqliyyat vasitəsini satması və digər hallar dəyən maddi ziyandan əlavə əmək kitabçasının əsassız formada qəsdən korlanması, işəgötürənin səhvi və ya qəsdi ucbatından ona qarşı belə bir əməlin törədilməsi nəticəsində hesab edir ki, dəymiş mənəvi ziyan da 2 illik əmək haqqı həddində pul formasında 79 200 manat məbləğində ödənilməlidir. Çalışdığı dövrdə iş yeri tərəfindən Britaniyada 3 aylıq kursa göndərilmiş və bütün xərclər iş yeri tərəfindən ödənilmişdir. Müqaviləyə xitam verilərkən haqlı sual yaranır ki, əgər yaxşı işçi deyildisə nə üçün kursa getməsi və təhsili üçün təşkilat bu qədər məsrəf edirdi?! Bağlanmış müddətli əmək müqaviləsinə müddətin başa çatması vaxtı deyil, bu müddətdən 6 gün keçdikdən sonra iş vaxtının bitməsinə 2 saat qalmış xitam verilməsi kollektiv arasında olan nüfuzuna yönəlmiş qəsddir. Əmək müqaviləsi müddətinin bitməsi səbəbindən əmək müqaviləsinə xitam verilməsi əsası işçilər və işəgötürənlər tərəfindən yaxşı qarşılanmır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6245/2021 saylı 28 oktyabr 2021ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh İcbari Sığorta Bürosu HŞİ-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqı və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilərək, cavabdeh İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqının rəhbəri tərəfindən qanunsuz olaraq verilmiş 06.08.2021-ci il tarixli 05-X №-li əmrin etibarsız hesab edilərək ləğv edilməsi, həmin əmrlə itirdiyi iş yerinə və vəzifəsinə əvvəllər müəyyən edilmiş qaydada və müddətsiz əmək müqaviləsi ilə eyni əmək haqqı ilə bərpa olunmağı, həmçinin cavabdehin qanunsuz əməlləri nəticəsində ona vurulmuş 79200 (yetmiş doqquz min iki yüz) manat həcmində mənəvi ziyan məbləğinin, işə bərpa olduğu tarixə qədər olan və ona ödənilməmiş əmək haqqının, mediasiya prosesinin tətbiqi üçün ödənilmiş 51 manat məbləğində pulun, cəmi 79251 (yetmiş doqquz min iki yüz əlli bir) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində Əmək Məcəlləsinin 73-cü maddəsinə istinad etmişdir. Halbuki həmin normanın 1-ci cümləsində birmənalı olaraq qeyd olunur ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Göründüyü kimi, müddətli əmək müqaviləsinə müddət qurtardıqda xitam verilir. Baxmayaraq ki onun müqavilənin vaxtı 01 avqust 2021-ci il tarixdə başa çatmışdır. Lakin xitam verilməmiş və xitamdan söhbət belə getməmişdir. Daha əsas və vacib əhəmiyyətli kobud maddi və prosessual pozuntu ondan ibarətdir ki, Məcəllənin sözügedən maddəsinin tələbinə əsasən tərəflərdən biri müqavilənin xitam olunması barədə digər tərəfə mütləq qaydada xitam verilmə ilə bağlı tələblə çıxış etməldir. Lakin məhkəmə prosesi zamanı o dəfələrlə bu normaya istinad etmiş, hakimin də bu norma əsas gətirilərək işi araşdırmasıı xahiş etsə də buna əməl qoymayaraq əsassız olaraq iddia tələbini təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə iddia ərizəsində ƏM-nin 84-cü maddəsini qeyd etsə də, məhkəmə bu normaya münasibət bildirməmiş, tətbiq edilməli olduğu halda qətnamədə bu barədə heç edilməmişdir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qarər) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Məhkməmə qətnəmədə mübahisəsiz hallar kimi müəyyən edilir ki, iş materiallarına əlavə olunmuş əmək qabiliyyətinin olmaması barədə 906072 saylı xəstəlik vərəqəsinin surətindən görünür ki, İddiaçı xəstəliyi ilə əlaqədar 05.08.2021-ci il tarixdən 09.08.2021-ci il tarixədək işdən azad edilmişdir. Məhkəmə bütün bu halları bilə-biləz yenə də əsassız olaraq onun iddia tələbini təmin etməmiş, əlavə olaraq yalnışlığa yol verərək, iddia ərizəsinin heç bir hissəsində belə bir etiraf və ya yazının olmamasına baxmayaraq guya o bütün həftəni işdə olduğunu etiraf etmişdir. Bu hissədə də tamamilə haqsızlığa yol verilmiş, yalnız qətnamə çıxarılmasına səbəb olmuşdur. Məhkəmə qətnaməsində münasibət bildirmədiyi, lakin bildirməli olduğu daha bir norma Əmək Məcəlləsinin 47-ci maddəsinin tələbləridir. Belə ki, onunla bağlanmış əmək müqaviləsi qanuna ziddi olaraq müddətli əmək müqaviləsi kimi bağlanmışdır. Qeyd edir ki, burda onlar arasında əmək müqaviləsi bağlanarkən tərəflərin hüquq bərabərliyi prinsipi pozulmuş, bu normanın tətbiqinə yalnışlığa yol verilmişdir. Belə ki, burada bir tərəf işəgötürəndir, sərəncam sahibidir, əmr vermək hüququ olan şəxsdir, digər tərəf isə işçidir, əmrlərə tabe olan şəxsidir. Belə olan halda tərəflərin hansı hüquq bərabərliyindən söhbət gedə bilər?! Onunla əmək müqaviləsinin nə üçün müddətli bağlandığını soruşduqda və onların fəaliyyətinin daimi xarakter daşıdığını bildirdikdə rəhbərlik ona demişdir ki, onlarda belədir, əks halda onunla müqavilə bağlanmaqdan imtina edir. Belə bir vəziyyətə isə işçi məcburi olaraq razılaşır. Lakin bir daha qeyd edir ki, bu normanın prinsipləri nəzərə alınmadan onunla əmək müqaviləsi müddətli formada bağlanmışdır və bu da öz növbəsində müddətsiz əmək müqaviləsi ilə əvəzlənməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə məzmuna uyğun izahat verdi və məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şıkayətinin dəlillərini araşdırıb, kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan göstərişləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6245/2021 saylı 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, İddiaçı İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqında Hüquqi Təminat və Sığorta Hadisələri şöbəsinin rəisi vəzifəsinə bərpa olunmalı və ona məcburi işburaxmaya görə əmək haqqı hesablanıb ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: İş materiallarında olan “İcbai Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının icraçı direktor Rəşəd Əhmədovun 06.08.2021-ci il tarixli 05-X nömrəli əmrinin surətindən görünür ki, İcbari Sığorta Bürosu” HŞİ-nin hüquqi təminat və hadisələrin idarə edilməsi şöbəsinin rəisi ilə bağlanmış 08.05.2019-cu il tarixli (əlavə və dəyişikliklərlə) müddətli əmək müqaviləsinin müddəti 02.08.2021-ci il tarixində başa çatmışdır. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasını tənzimləyən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbinə görə müddətli əmək müqaviləsinin müddəti başa çatdıqdan bir həftə ərzində müddətli əmək müqaviləsinə xitam verilə bilər. Göstərilənlər, eləcə də Azərbaycan Respublikasının ƏM-nin 83-87-ci maddələrinin tələbləri rəhbər tutularaq, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 06.08.2021-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilməsi və bununla əlaqədar gücləndirilmiş elektron imza vasitəsi ilə elektron informasiya sisteminə müvafiq bildirişin daxil edilməsinin təmin edilməsi, İddiaçı son haqq-hesabı (son iş gününə hesablanmış əmək haqqı və istifadə edilməmiş əsas məzuniyyətinin kompensasiyası) 06.08.2021-ci il tarixdə İddiaçı ödənilməsinin təmin edilməsi əmr edilmişdir. İş materiallarında olan mediator Zeynalov Vüqar Mübariz oğlu tərəfindən tərtib olunmuş 09.09.2021-ci il tarixli, MSİH 00757 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, mübahisə üzrə 10.09.2021 tarixində, 15:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İcrabi Sığorta Bürosunun nümayəndəsi iştirak etməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən hüquq münasibətlərini tənzim etdiyindən məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün əmək qanunvericiliyinin normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilməşdir. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması ilə xitam verilə bilər. 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 287-ci maddəsinə əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. 292-ci maddəsinin 1-ci bəndinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. 294-cü maddəsinin 5-ci hissəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı müddətli əmək müqaviləsi əsasında İcbari Sığorta Bürosu HŞİ-nın Hüquqi Təminat və Sığorta Hadisələri şöbəsinin rəisi vəzifəsində çalışmışdır. Onunla bağlanmış 08.05.2019-cu il tarixli (əlavə və dəyişikliklərlə) müddətli əmək müqaviləsinin müddəti 02.08.2021-ci il tarixində başa çatmışdır. “İcbai Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının icraçı direktor Rəşəd Əhmədovun 06.08.2021-ci il tarixli 05-X nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 06.08.2021-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmiş, həmin gün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinə uyğun olaraq əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş gücləndirilmiş elektron imza vasitəsilə elektron informasiya sisteminə daxil edilmiş, Əmək Məcəlləsinin 83-cü maddəsinin tələblərinə uyğun olaraq İddiaçı son haqq-hesab ödənilməsi onunla əmək müqaviləsinə xitam verildiyi gün təmin olunmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının barəsində verilmiş əmək müqaviləsinin ləğvinə dair əmrin qanunsuz olmasına dair dəlilləri əsassız hesab etmiş və qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı iş üzrə cavabdeh qismində cəlb etdiyi İcbari Sığorta Bürosu HŞİ-nin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 06.08.2021ci il tarixli 05-X nömrəli əmrinin qanunvericiliyin tələbləri zidd olaraq qəbul edilməsi ilə bağlı hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənəti ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.2-ci maddəsinin tələblərini nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. İş materiallarına əlavə olunmuş əmək qabiliyyətinin olmaması barədə 906072 saylı vərəqəsinin surətindən görünür ki, İddiaçı xəstəliyi ilə əlaqədar 05.08.2021-ci il tarixdən 09.08.2021-ci il tarixədək işdən azad edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin iddianı rədd edərək əsaslandığı hala, yəni iddiaçının onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilən gün və eləcə bütün iş həftəsi ərzində o, işdə olmaqla öz əmək funksiyalarını icra etməsini etiraz etməməsi və işin bu halının mübahisəsiz olmaqla məhkəmə araşdırması zamanı tədqiq edilmiş video görüntülərlə sübuta yetirilməsinə dair qənətini əsaslı hesab etmir. Belə ki, iddiaçı işdən çıxarıldığı günü işdə olsa da, əmək funksiyalarının yerinə yetirilmədiyini deməklə artıq həmin halı mübahisələndirir. Eyni zamada istinad edilən video görüntüdə iddiaçının bütün iş günü işdə olması və əmək funksiyasının yerinə yetirməsi görünmür. Hətta bu hal belə qanunun imperativ qayda müəyyən etdiyi qaydadan kənara çıxılması kimi qiymətləndirlməklə, əmrin qanuni olması kimi dəyərləndirilə bilməz. Çünki, qanunla şəxsin xəstə olmasını təsdiq edən sənəd məhz buna səlahiyyətli orqan (səhiyyə orqanı) tərəfindən verilmiş arayışdır ki, həmin arayışda iş materiallarına əlavə edilməklə hər hansı qaydada mübahisələndirilməmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsi işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması və.s) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilməsini imperativ qayda müəyyən etməsinə baxmayaraq, cavabdeh 06.08.2021-ci il tarixli 05-X nömrəli əmrlə onu işdən azad etməklə Əmək Məcəlləsinin 73.2-ci maddəsinin tələbini pozmuşdur. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinə istinad edərək əmrin etibarısız hesab edilməsini tələb etsə də, kollegiya hesab edir ki, hazırda əmrin etibarısız hesab edilməsinə dair qanunda göstərilən hər hansı hal müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 297-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Həmin Məcəllənin 300-cü maddəsinə əsasən Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Ona görə də, kollegiya hesab edir ki, iddia tələbi qeyd edilən hissədə qismən əsaslı olduğundan təmin edilməli, 06.08.2021-ci il tarixli 05-X nömrəli əmr ləğv edilməli, İddiaçı İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqında Hüquqi Təminat və Sığorta Hadisələri şöbəsinin rəisi vəzifəsinə bərpa olunmalı və ona məcburi işburaxmaya görə əmək haqqı hesablanıb ödənilməlidir. Kollegiya iddiaçının onunla müddətsiz əmək müqaviləsinin bağlanılması ilə bağlı iddia tələbini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbinə görə əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır (45.1-ci maddə). Müddətli əmək müqaviləsi bağlanan hallarından biri də tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığıdır (47-ci maddənin f bəndi). Göründüyü kimi tərəflərin hüquq bərabərliyi əsasında bağlanmış müddətli müqavilənin hazırkı halda müddətsiz müqavilə ilə əvəz edilməsi yolverilməzdir. Belə ki, ilkin müqavilə bağlayan zaman tərəflər bərabər imkanlara malik olmuş və işçi işəgötürən tərəfindən onun müddətli əmək müqaviləsi ilə işə götürülməsinə etiraz etmək imkanında olmuşdur. Ona görə də iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində qeyd etdikləri hallar tərəflərin hüquq bərabərliyinin pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiya iddia tələbinin digər hissəai ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsindəəmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fizikişəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsiilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06.03.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbayca Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə kolegiyası hesab edir ki, İddiaçı iddiasının ona mənəvi ziyanın vurulması ilə bağlı hissəsini də əsaslı hesab etmir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Kolegiya hesab edir ki, hazırki halda iddiaçıya mənəvi zərərin vurulması halı müəyyən edilmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan mediator Zeynalov Vüqar Mübariz oğlu tərəfindən tərtib olunmuş 09.09.2021-ci il tarixli, MSİH 00757 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya ödəniş edilmişdir. Kollegiya hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar ödənilmiş 50 manat cavabdeh cbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqından tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6245/2021 saylı 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, İddiaçı İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqında Hüquqi Təminat və Sığorta Hadisələri şöbəsinin rəisi vəzifəsinə bərpa olunmalı və ona məcburi işburaxmaya görə əmək haqqı hesablanıb ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6245/2021 saylı 28 oktyabr 2021ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqında Hüquqi Təminat və Sığorta Hadisələri şöbəsinin rəisi vəzifəsinə bərpa olunsun və ona məcburi işburaxmaya görə əmək haqqı hesablanıb ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İlkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat məbləğində pul cavabdeh İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqından tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1255/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1255/2022
02.02.2022 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver