Məhkəmə qərarları › İş №2(103)-1259/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1259/2022

23.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1259/2022 23.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "mənzildən istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X2 ilə Cavabdeh 2011-ci ildə rəsmi nikaha daxil olmu, həmin nikahdan iki uşaqları olmuş, xasiyyətləri uyğun gəlmədiyi üçün Nəsimi Rayon Məhkəməsinin 04.11.2020-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, uşaqlar ananın himayəsində saxlanılmışdır. Bakı şəhəri 2-ci mkr., H.B.Əliyev küçəsi, bina 9, mənzil 25 iddiaçının mülkiyyətindədir. İddiaçı ailənin dağılmaması üçün cavabdehin mülkiyyətində olan ünvan 1-ə qeydiyyata düşməsinə icazə vermişdir. Lakin cavabdeh iddiaçının evində yaşamamışdır. Binəqədi Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli qətnaməsi ilə cavabdehin iddiaçının oğlu Vüsal Sofiyevə qarşı Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən evə köçürülməsi barədə iddiası təmin edilməmişdir. Lakin cavabdehin qeydiyyatı iddiaçının mülkiyyətində olan ünvan 1-də qalmaqdadır. Cavabdeh mübahisənin sülh yolu ilə həlli təklifini qəbul etmir. İddiaçı göstərilənlərə əsasən cavabdeh X1 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov, iş № 2(006)-6218/21) iddia təmin olunmamışdır. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin icraatına xitam verilməsi xahiş olunmuşdur. İddiaçı şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə qanuna zidd olduğu kimi məntiqə də uyğun deyil. Məhkəmə MPM-nin 261.0.1-ci maddəsini rəhbər tutaraq işin icraatına xitam verməli və ərizəçiyə hansı orqana müraciət etməli olduğunu göstərməli idi. İddiaçı şikayətini MPM-nin 261.0.1, 262.3-cü maddələri, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsi və digər normalarla əsaslandırmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, ünvan 2 ünvanda yerləşən ev daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. İddiaçının tələbi cavabdehin həmin mənzildən istifadə hüququna xitam verilməsi barədədir. Tələb cavabdehin mübahisəli evdə formal qeydiyyatda olması, orada yaşamaması ilə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi cavabdehin mübahisəli mənzildə qeydiyyatda olmasına baxmayaraq orada yaşamaması və mənzildən istifadə hüququnun olmaması qənaətinə gəlmiş və göstərilən əsasla da iddianı rədd etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, iddiaçı cavabdehin qeydiyyatdan çıxarılması ilə bağlı ilk öncə Azərbaycan Respublikası DİN-nə müraciət etməli, müraciəti təmin edilmədiyi halda müvafiq inzibati orqana qarşı inzibati icraat qaydasında Bakı İnzibati Məhkəməsində iddia qaldırmalıdır. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə əsasən isə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli və mülki işin icraatına həmin işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 384.0.4, 391, 400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2021-ci tarixli qətnaməsi ləğv edilsin və mülki işin icraatına xitam verilsin. İddiaçı izah edilsin ki, Cavabdeh qeydiyyatdan çıxarılmasına dair ərizə ilə müvafiq inzibati orqana (ərazi Polis İdarəsinə) müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar