Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1259/2024 26.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: müqavilə öhdəliyinə əməl olunmaması, müqavilə üzrə əksik verilmiş sahənin dəyərinin ödənilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “öhdəliyin lazımi qaydada icra edilməməsinə görə pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Cavabdeh (MTK) ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə 20 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən MTK, İddiaçı mülkiyyətində olan və Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi ev 29 ünvanında yerləşən yaşayış sahəsinin sökülməsi müqabilində həmin ərazidə inşa ediləcək hündürmərtəbəli çoxmənzilli yaşayış binasında 55 kv.m-dən ibarət təmirsiz mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.
2. 26 may 2020-ci il tarixdə xx.xx.2017-ci il tarixli müqaviləyə 1 saylı Əlavə edilmiş, müvafiq müqavilə üzrə verilməsi nəzərdə tutulmuş 55 kv.m-dən ibarət təmirsiz mənzilin əvəzinə B blokunun 5-ci mərtəbəsində yerləşən 73 saylı, ümumi sahəsi 52,03 kv.m dən ibarət təmirsiz mənzilin İddiaçı mülkiyyətinə verilməsi və arada yaranmış yaşayış sahəsinin fərqinin əvəzinə 6000 manatın ona ödənilməsi razılaşdırılmışdır.
3. MTK-nın nümayəndəsi və İddiaçı tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli aktda göstərilmişdir ki, B blokunda 73 saylı mənzilin sahəsi 50,7 m2-ə bərabərdir.
4. İddiaçı xx.xx.2020-ci il tarixli ərizəsində göstərmişdir ki, MTK ilə arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən ona veriləcək 55 m2-dən ibarət mənzilin əvəzinə ona yaşayış binasının B blokunun 5-ci mərtəbəsində yerləşən 73 saylı, ümumi sahəsi 52,83 m2 olan mənzil verilmiş, lakin o, mənzilin ölçüsünün az olması ilə bağlı şirkət rəhbərliyinə etirazını bildirmişdir. Mənzil yenidən ölçüldükdən sonra mənzilin sahəsinin 50,7 m2 olduğu məlum olmuş və onun iştirakı ilə aktlaşdırılmışdır. Arada yaranmış 2,06 m2 sahə fərqinə görə MTK tərəfindən ona 6000 manat ödənilmişdir, bunu qəbul edir, gələcəkdə MTK-ya qarşı hər hansı iddia irəli sürməyəcəkdir.
5. Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 147,149, 73 saylı mənzil (yeni qaydalarla AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 147, M5, m1) İddiaçı adına xx.xx.2022-ci il tarixdə mülkiyyət hüququ üzrə qeydiyyata alınmış, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş müvafiq çıxarışda mənzilin ümumi sahəsinin 44,40 m2 olduğu göstərilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. İddiaçı (iddiaçı) Cavabdeh MTK-ya (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etməməsinə görə cavabdehdən 23 309 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 29 ünvanında mülkiyyətində yaşayış sahəsi mövcud olmuş, həmin ünvanda yerləşən yaşayış sahələrinin sökülərək yerində yeni çoxmənzilli binaların inşa edilməsi Nəsimi rayon İcra Hakimiyyətinin müvafiq Sərəncamı ilə cavabdehə həvalə olunmuş, bundan sonra cavabdehlə arasında xx.xx.2017-ci il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən cavabdeh tərəfindən mülkiyyətində olan yaşayış sahəsinin sökülməsi və əvəzində həmin ərazidə inşa ediləcək hündürmərtəbəli çoxmənzilli yaşayış binasında 55 kv.m-dən ibarət təmirsiz mənzilin ona verilməsi razılaşdırılmışdır. Sonradan aralarında aparılmış danışıqlar nəticəsində xx.xx.2020-ci il tarixdə qeyd olunan müqaviləyə 1 saylı Əlavə bağlanmış, Əlavənin şərtlərinə əsasən müqavilə üzrə verilməsi nəzərdə tutulmuş 55 kv.m-dən ibarət təmirsiz mənzilin əvəzinə B blokunda, 5-ci mərtəbədə yerləşən 73 saylı, ümumi sahəsi 52.03 kv.m-dən ibarət təmirsiz mənzilin onun mülkiyyətinə verilməsi və arada yaranmış kvadrat fərqinin əvəzinə 6000 manatın birdəfəlik olaraq ona ödənilməsi barədə razılığa gəlinmişdir. Həmin əlavənin müddəaları cavabdeh tərəfindən tam şəkildə icra olunmamışdır. Belə ki, cavabdeh tərəfindən 6000 manatlıq birdəfəlik ödəmə həyata keçirilsə də, təhvil verilməsi nəzərdə tutulmuş 52,03 kv.m-lik təmirsiz mənzil ona göstərilən ölçüdə təqdim olunmamış, həmin mənzil üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatı aparılan zaman müəyyən edilmişdir ki, mənzilin ümumi sahəsi 44,40 kv.m-dir. Bu ölçülər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib olumuş texniki pasport və reyestrdən çıxarışda öz əksini tapmışdır. Göründüyü kimi cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli 20 №-li müqavilə və onun xx.xx.2020-ci il tarixli 1 saylı Əlavəsi lazımi şəkildə icra edilməmişdir və ona təqdim olunmalı olan sahə ilə faktiki təqdim olunmuş sahə arasında 8,43 kv.m fərq mövcuddur. Hesab edir ki, yaranmış fərq üzrə cavabdeh tərəfindən ona 1 saylı Əlavədə nəzərdə tutulan şərtlərə uyğun kompensasiya ödənilməlidir. 1 saylı Əlavəyə əsasən, 2,17 kv.m-ə görə ona 6000 manat, yəni 1 kv.m üçün 2765 manat ödənilmişdir. Deməli, ona təqdim olunmalı olan 8,43 kv.m yaşayış sahəsinin əvəzinə cavabdeh tərəfindən 23 309 manat (8,43 kv.m x 2765 manat = 23 309 manat) ödənilməlidir. Bununla bağlı tərəfindən cavabdehə rəsmi qaydada pretenziya ilə müraciət edilmiş, həmin pretenziya məktubu xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən qəbul edilsə də, hər hansı cavab verilməmişdir.
8. Cavabdehin nümayəndəsi iddia tələbinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, tərəflər arasında mənzildə olan sahə fərqinə dair akt bağlanmış və buna görə iddiaçıya ödəniş edilmişdir.
9. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Eskpertiza Mərkəzi xx.xx.2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2017-ci il tarixli və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən iddiaçıya məxsus mənzilin faktiki sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan) 46,4 kv.metr təşkil etdiyini nəzərə alaraq, sözügedən mənzilin faktiki sahəsi ilə müqavilədə göstərilən sahə (52,83 kv.m) arasında 6,43 kv.metr fərq olduğu müəyyən edilmişdir. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədə mənzil verilərkən ölçülərin hansı qaydaya əsasən aparıldığına dair məlumat olmadığından sahələr arasında yaranmış fərqin texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 29 ünvanında yerləşən mənzil üçün təmirsiz olaraq 1 kv.m üçün bazar qiymətinin dəyəri təqribən 1935 manat məbləğində müəyyən edilmişdir.
10. Birinci instansiya məhkəməsinin 31 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MTK-dan İddiaçı xeyrinə 6442,05 manat tutulması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın ½ hissəsinin, yəni 50 manatın Cavabdeh MTK-dan, qalan ½ hissəsinin, yəni 50 manatın isə İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət olunmuşdur.
11. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh MTK, tərəflər arasında bağlanmış müqaviləyə əsasən İddiaçı ümumi sahəsi 52,83 kv.m olan mənzil verməyi öz öhdəsinə götürsə də, ümumi sahəsi 46,4 kv.metr olan mənzil vermiş, bununla da müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Mənzilin müqavilə üzrə nəzərədə tutulmuş ümumi sahəsi və faktiki ümumi sahəsi arasında 6,43 kv.metr fərq olduğu, iş üzrə verilmiş ekspert rəyi ilə İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 29 ünvanında yerləşən mənzil üçün təmirsiz olaraq 1 kv.m üçün bazar qiymətinin dəyəri təqribən 1935 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda sahə fərqinə görə ödənilməli ümumi məbləğ 12445,05 manat təşkil edir. Lakin nəzərə alınmalıdır ki, tərəflər arasında tərtib olunmuş aktla, Cavabdeh MTK tərəfindən İddiaçı mənzildə olan sahə fərqinə görə 6000 manat ödəniş edilmişdir. Buna görə də bu məbləğ Cavabdeh MTK tərəfindən ödənilməli olan ümumi məbləğdən çıxılmalı və İddiaçı 6442,05 manat ödəniş edilməlidir.
12. Tərəfər arasında olan razılaşmaya əsasən iddiaçının Cavabdeh MTK-yə qarşı gələcəkdə hər hansı iddia tələbinin olmayacağı barədə cavabdehin etirazları ilə bağlı məhkəmə qeyd etmişdir ki, şəxsi məhkəmə müdafiəsi hüququndan məhrum etməyə yönəlmiş bu razılaşma şərti qanunvericiliyə zidd olmaqla, şərtin əlavə edildiyi zaman nəzərdə tutulmuş hüquqi nəticə doğurmur.
13. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 6.2-ci, 385.1-ci, 390.1-ci, 425.1-ci, 442-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci maddələrinə istinad etmişdir.
14. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin isə təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, sübutlara, o cümlədən ekspert rəyinə düzgün hüquqi qiymət vermədiyi, işin hallarına uyğun olmayan nəticəyə gəldiyi arqumentləri ilə əsaslandırmışdır. Şikayətdə həmçinin aşağıdakılar göstərilmişdir: “İddiaçı ilə Cavabdeh MTK-a arasında xx.xx.2017-ci il tarixli 20 №-li müqavilə bağlanılmış, müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin sökülməsi və bunun əvəzində həmin ərazidə inşa ediləcək hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında 55.0 kv.m-dən ibarət təmirsiz mənzilin iddiaçının mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Sonradan tərəflər arasında aparılmış danışıqlar nəticəsində əldə edilmiş qarşılıqlı razılaşmaya əsasən (İddiaçı əvəzləşdirmə qaydasında verdiyi fərdi evin sahəsinin göstərilən ölçülərdə olmadığına görə), müqavilə üzrə verilməsi nəzərdə tutulmuş 55 kv.m-dən ibarət mənzilin əvəzinə İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, B bloku, 5-ci mərtəbədə yerləşən 73 saylı, layihə üzrə 52.83 kv.m. ümumi sahəsi olan təmirsiz mənzilin verilməsi razılaşdırılmışdır. Göstərilən ölçüdə ona yaşayış sahəsi verildiyini və bunu qəbul etdiyini xx.xx.2020-ci il tarixli ərizədə də iddiaçı etiraf etmişdir. xx.xx.2020-ci il tarixdə tərəflər tikintisi tam başa çatmış 73 saylı mənzildə ölçü işləri apararaq, mənzilin sahəsinin (işgüzar adətlərə uyğun olaraq artıq formalaşmış qaydalara uyğun olaraq çöl divarların ortasından hesablanmaqla) 7.8 metr x 6.5 metr olduğunu (7.8x6.5=50.7) və bu ölçünü İddiaçı Cavabdeh MTK-dan əlavə 6000 (altı min) manat almaqla qəbul etdiyi barədi akt imzalamışlar, o cümlədən İddiaçı gələcəkdə heç bir iddia və tələbi olmayacağı barədə xx.xx.2020-ci il tarixdə yazılı ərizə yazmış və imzalamışdır. Burada sahənin ölçüsünə görə hesablaşma aparılmamış, ümumiyyətlə tərəflər arasında mənzil mübahisəsinin bitirilməsi məqsədilə mənzil sahəsinin razılaşdırılmış ümumi sahəsi və əlavə ödəniş ödənilməklə yekunlaşdırılmışdır. Məhkəmənin iş üzrə istinad etdiyi xx.xx.2020-ci il tarixli 1 saylı Əlavə isə texniki səhvlərə yol verilməklə imzalanmışdır. Belə ki, həmin əlavədə səhvən mənzil sahəsi 52.83 kv.m. kimi göstərilmiş, halbuki tərəflər arasında ondan 3 gün əvvəl bağlanılmış aktla mənzilin sahəsi 50.7 kv.m. olduğu göstərilmiş, eyni zamanda İddiaçı tərəfindən eyni tarixdə yazılmış ərizədə də açıq göstərmişdir ki, əvvəllər 52.83 kv.m. mənzil sahəsi onun mülkiyyətinə verilmiş, hazırda həmin mənzilin 50.7 kv.m. ümumi sahəsi olduğunu təsdiq edir və əlavə 6000 (altı min) manat məbləğində pul alaraq gələcəkdə heç bir iddiası olmayacaqdır. Bütün bu göstərilənlərdən sonra mənzilin açarı iddiaçıya verilmişdir. Tikintisi başa çatmış və iddiaçının naturada mülkiyyətinə keçmiş mənzilin sahəsinin cavabdehin sonradan dəyişdirməsi faktiki olaraq qeyri-mümkün olduğu mübahisəsizdir. Lakin iddiaçı mənzilin təmirini həyata keçidiyi üçün arakəsmə divarların və sair sahələrin tikilməsi ilə bağlı olaraq mənzilin istifadə sahəsinin müəyyən qədər azalması təbiidir. Ekspertiza rəyi ilə bağlı məhkəmə tamamilə səhv nəticəyə gəlmişdir. Belə ki, ekspert öz rəyində qeyd etmişdir ki, ayrı-ayrı şəxslər tərəfindən saytlarda verilmiş elanlarda həmin binada mənzillərin qiymətlərinə baxdıqda təxminən 1 kv.m. mənzilin dəyəri 1935 manat göstərilir (yəni 2023-cü il elanlarında, halbuki mübahisə 2020-ci il ilə bağlıdır). Mənzil satıcıları elanda ilkin qiymətləri göstərirlər və real satış zamanı həmin məbləği xeyli miqdarda aşağı qiymətlərlə hesablanır. Digər tərəfdən, mənzilin mərtəbəsi, şəhərə mənzərəsi, təmirli-təmirsiz olması, sahənin ölçüsünün böyüklüyü-kiçikliyi və mənzilin layihəsi qiymətdə xüsusi rol oynayır. İstinad edilən elanlarla bu barədə konkert bir nəticəyə gəlmək qeyri-mümkündür. O cümlədən, tərəflər arasında razılaşma və təhviltəslim işlərinin 2020-ci il tarixdə, “Covid-19” pandemiyasının tüğyan elədiyi dövrdə həyata keçirildiyi nəzərə alınarsa, həmin tarixdə mənzilin 1 kv.m. sahəsinin 1935 manat kimi qəbul edilməsi absurddur. Məhkəmə həqiqətə nail olmaq üçün daha dəqiq, səhih sənədlərə istinad edə bilərdi, məsələn notarial qaydada həmin tarixdə bağlanılmış müqavilələri əsas götürə bilərdi”.
Apellyasiya şikayətinə qarşı etiraz
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
16. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmiş, iddiaçı isə şikayətin əsassız olduğunu bildirmişdir.
17. Cavabdehin nümayəndəsi vəsatət də verərək iş üzrə əlavə (təkrar) ekspertiza təyin olunmasını xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə vəsatət qismən təmin olunaraq əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
- Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 147,149, 73 saylı mənzilin (yeni qaydalarla AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 147, M5, m1) faktiki ümumi sahəsi, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan (iddiaçının layihədən kənar qaydada apardığı tikinti altı sahə istisna olmaqla) nə qədər təşkil edir? (hər bir sahə üzrə ayrı-ayrılıqda göstərilməklə).
- Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 147,149, 73 saylı mənzilin (yeni qaydalarla AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 147, M5, m1) divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi nə qədər təşkil edir?.
- Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 147,149, 73 saylı mənzilin (yeni qaydalarla AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 147, M5, m1) müqavilədə nəzərdə tutulmuş sahəsi mənzilin təmir olunmasından sonra nə qədər azalmışdır?
19. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyində aşağıdakılar göstərilmişdir:
- Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 147,149, 73 saylı mənzilin (yeni qaydalarla AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 147, M5, m1) faktiki ümumi sahəsinin, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan (iddiaçının layihədən kənar qaydada apardığı tikinti altı sahə istisna olmaqla) 46,4 m2 təşkil etdiyi müəyyən edilmişdir.
- Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 147,149, 73 saylı mənzilin (yeni qaydalarla AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 147, M5, m1) divarlarının və arakəsmələrinin, dəhliz və eyvanlarının sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 52,7 m2 təşkil edir. - Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 147,149, 73 saylı mənzilin (yeni qaydalarla AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 147, M5, m1) təmirsiz vəziyyətdə olan ölçülərinə dair məlumat olmadığından, mənzilin təmir olunmasından sonra nə qədər azalmasını müəyyən etmək mümkün olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
24. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
25. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.
26. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
27. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
28. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
29. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi:
30. Maddə 1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.
31. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.
32. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
33. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
34. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
35. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
43. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının yalnız iddianın qismən təmin olunması ilə bağlı hissədə yoxlanılması təşkil edir. Çünkü qətnamədən iddiaçı şikayət verməmiş, cavabdeh MTK isə qətnaməni ancaq göstərilən hissədə mübahisələndirmişdir. Bu həmçinin o deməkdir ki, qətnamə, “ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manatının İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi” hissəsində də apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
44. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
45. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
46. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
47. İddiaçı, cavabdeh tərəfindən inşa edilən binada ona təhvil verilmiş mənzilin sahəsinin müqavilədə göstəriləndən az olduğuna istinad edərək müvafiq iddia tələbini irəli sürür; cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, iddiaçıya müqaviləyə uyğun sahəsi olan mənzil vermişdir.
48. Belə olan halda, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 766-cı maddələri nəzərdən keçirilə bilər (§ 23,24). Bununla belə qeyd olunmalıdır ki, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsi iş üzrə sübutetmənin predmetidir.
49. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 34-36).
50. Birinci instansiya məhkəməsi iddiaçının irəli sürdüyü halı (mübahisəli halı) yoxlamaq məqsədilə tikinti-texniki ekspertizası təyin etmiş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyində, iddiaçıya məxsus mənzilin faktiki sahəsi ilə müqavilədə göstərilən sahə (52,83 kv.m) arasında 6,43 kv.metr fərq olduğu vurğulanaraq, mənzilin təmirsiz olaraq 1 kv.m-i üçün bazar qiymətinin dəyərinin təqribən 1935 manat təşkil etdiyi qeyd olunmuşdur.
51. Apellyasiya baxışı zamanı təyin olunmuş əlavə tikinti-texniki ekspertizasının rəyində də mənzilin faktiki ümumi sahəsinin, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan (iddiaçının layihədən kənar qaydada apardığı tikinti altı sahə istisna olmaqla) 46,4 m2 təşkil etdiyi göstərilmişdir.
52. Kollegiya qeyd edir ki, ekspertin rəyi sübut növlərindən biri kimi məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli hüquq normalarına uyğun şəkildə qiymətləndirilməlidir (§ 38).
53. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin (§ 30-32), buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, konkret halda iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsi üzrə öhdəliklərə şamil edilməli olduğu əsaslandırılmalı, belə əsaslandırma tərəflərin bağladıqları müqavilə şərtləri nəzərə alınmaqla həyata keçirilməlidir.
54. Bu xüsusatla bağlı həmçinin nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil.
55. Kollegiya tərəflər arasında bağlanmış müqavilələrin şərtlərini ekspert rəyləri ilə müəyyən olunan halla birlikdə qiymətləndirməklə belə nəticəyə gəlir ki, cavabdeh iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra etmiş sayıla bilməz və birinci instansiya məhkəməsinin iddia tələbi üzrə gəldiyi nəticə əsaslı olmuşdur.
56. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-390/2023 saylı iş üzrə 31 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh MTK-dan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən Cavabdeh MTK tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov