Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12595/2021 27.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “müvəqqəti yaşadığı mənzilə cavabdehin daxil olmasına qadağa qoyulması” tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qərardadı ilə (hakim H.Əhmədova, iş № 2(008)-8608/2021) cavabdehin ünvan 1 ünvanında rəsmi qeydiyyatda olması nəzərə alınaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Şikayət verilərkən elektron qaydaya riayət edilməmiş, yəni, şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmiş, əl imzası ilə imzalanmaqla poçt vasitəsilə təqdim edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qeyri-mümkün sayılmalı və mülki işlə birlikdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda qeyd olunduğu kimi, şikayət elektron qaydada təqdim edilməmişdir. MPM-nin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Həmin Məcəllənin 363.1.5-ci maddəsinə əsasən apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İş materialından məlum olur ki, hazırkı mülki işin icraatı Sabunçu Rayon məhkəməsində elektron məhkəmə icraatı qaydasında aparılmışdır. Belə olan halda, şikayət elektron kabinet vasitəsilə verilmədiyinə görə qəbul edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, şikayət qeyrimümkün hesab edilməli və mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-12595/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12595/2021
27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver