Məhkəmə qərarları › İş №2(103)-1260/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1260/2022

04.02.2022 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1260/2022 04.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 21.10.2021-ci il tarixli qətnaməsindən cavabdeh X1 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, İddiaçı ləğv prosesində olan "xxxx" KB QSC ilə bağladığı “Qarant” əmanət müqaviləsi və “Standard” əmanət müqaviləsi üzrə banka yerləşdirdiyi əmanətlər sığortalanmış (qorunan) əmanət hesab edilsin, həmin əmanətlərə kompensasiya tam məbləğdə - “Qarant” əmanəti üzrə 4.000 ABŞ dolları və “Standard” əmanəti üzrə 6.000 ABŞ dolları, cəmi 10.000 ABŞ dolları və ya 17.000 manat pulun İddiaçı ödənilməsi vəzifəsi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, həmin əmanətlər sığortalanmış (qorunan) əmanət hesab edilsin, “Qarant” əmanəti üzrə 4.000 ABŞ dolları və “Standard” əmanəti üzrə 6.000 ABŞ dolları, cəmi 10.000 ABŞ dolları (manat ekvivalentində 17.000 manat) məbləğində pulun İddiaçı ödənilməsi vəzifəsi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bilirdi. Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyi barədə məlumat vermiş və məhkəmə baxışının təxirə salınmasını xahiş etmişdir. Lakin cavabdeh hüquqi şəxsdir, başqa nümayəndəsi (əməkdaşı) vasitəsilə də təmsil oluna bilər. Ona görə də işə cavabdehin iştirakı olmadan baxılmışdır. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı "xxxx" KB QSC-yə 20.06.2015-ci il tarixli, LD********** nömrəli “Standard” depozit müqaviləsi üzrə 6.000 ABŞ dolları, 20.06.2015-ci il tarixli, LD********** nömrəli “Qarant” depozit müqaviləsi üzrə 4.000 ABŞ dolları məbləğində əmanət yerləşdirib. 1-ci əmanət illik 9,50 faiz dərəcəsi ilə 1 il müddətinə, 2-ci əmanət illik 12 faiz dərəcəsi ilə 1 il müddətinə yerləşdirilib. Bank müflis elan edilib. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.9-cu maddəsinə görə bankın müflis elan olunması sığorta hadisəsidir. Sığorta hadisəsi baş verdiyinə görə İddiaçı kompensasiya almaq hüququ yaranıb. İddiaçı əmanəti qorunan əmanətə aiddir. Belə ki, Əmanətlərin Sığortalanması Fondu Himayəçilik Şurasının 23.02.2015-cil tarixli qərarı ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 24.02.2015-ci il tarixdən 12 faiz müəyyən edilmişdir. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinə görə cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunmayan əmanətlərə aid edilir. Güründüyü kimi, bu maddədə “cəlb edildiyi günə” ifadəsindən istifadə olunub. İddiaçı əmanəti cəlb edildiyi gündə (20.06.2015-ci il tarixdə) 12 faizlik hədd qüvvədə olmuş, hər iki əmanətin qəbul edildiyi faiz dərəcəsi (9,50 faiz və 12 faiz) həmin həddi aşmamışdır. Əmanətçinin ərizə vermək üçün müddəti ötürməsi ilə bağlı cavabdehin irəli sürdüyü dəlilə münasibədə məhkəmə qeyd edir ki, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 28.4-cü maddəsində yazılıb: “... bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır”. İddiaçı 5 illik müddəti ötürməyib, ona görə də kompensasiya almaq hüququ saxlanılıb. Həmin Qanunun 28.3-cü maddəsində müəyyən edilmiş bir illik müddətlə bağlı məhkəmə qeyd edir ki, bu müddətin keçməsi kompensasiya almaq hüququnun xitamına səbəb olmur, çünki qanunda bir illik müddətin bitməsinin bu cür hüquqi nəticə doğurması nəzərdə tutulmayıb. Tərəflərin arasında əmanətin qorunan və ya qorunmayan əmanət sayılması ilə bağlı mübahisə olduğuna görə hesab olunmalıdır ki, bir illik müddət üzrlü səbəbdən ötürülüb. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 21.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar