Məhkəmə qərarları › İş №2(103)-1260/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1260/2025

28.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1260/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Açar sözlər: iş üzrə icraata xitam verilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X7 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2(001)-4538/2024 nömrəli qərardadından ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi1 barəsində 04 avqust 1961-ci il tarixdə Ermənistan SSR Stepanavan rayon WADQ şöbəsində aparılmış doğum akt qeydinin bərpa edilməsi, 04 avqust 1961-ci il tarixdə Stepanavan rayon VVADQ şöbəsində doğumun qeyd edilməsi faktının, 04 avqust 1961-ci il tarixdə Ermənistan SSR Stepanavan rayonu Maksim Qorki kəndində doğulması, ata adının X5, milliyyətinin azərbaycanlı, ana adının X3, milliyyətinin azərbaycanlı olması barədə hüquqi faktın müəyyən edilməsi, Ərizəçi2 barəsində 04 avqust 1961-ci il tarixdə Ermənistan SSR Stepanavan rayon WADQ şöbəsində aparılmış doğum akt qeydinin bərpa edilməsi, 04 avqust 1961-ci il tarixdə Stepanavan rayon VVADQ şöbəsində doğumun qeyd edilməsi faktının, 04 avqust 1961-ci il tarixdə Ermənistan SSR Stepanavan rayonu Maksim Qorki kəndində doğulması, ata adının X5, milliyyətinin azərbaycanlı, ana adının X3, milliyyətinin azərbaycanlı olması barədə hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi1 - 04 avqust 1961-ci il tarixdə Ermənistan SSR Stepanavan rayonu Maksim Qorki kəndində anadan olmuşdur. Həmin vaxt bu barədə doğum haqqında akt qeydləri kitabında akt qeydi aparılmışdır və doğum haqqında şəhadətnamə verilmişdir. X2, anası X1r, valideynlərinin hər ikisi vəfat etmişdir. Ona verilmiş doğum haqqında şəhadətnamə əsasında pasport almışdır. Məlum hadisələrlə bağlı qaçqın düşmüşdür. Ona məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. O, doğum akt qeydinin bərpa edilməsi və doğum haqqında təkrar şəhadətnamə verilməsi ilə bağlı ərizə ilə 1 saylı Bakı "ASAN xidmət" mərkəzində qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavabda itmiş akt qeydinin qeydiyyat şöbələrində və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının məhkəmə qaydasında müəyyən edilməsi, doğum haqqında akt qeydinin bərpasının mümkün olmaması və hüquqi faktın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Belə ki, akt qeydləri Ermənistanda aparıldığından hər hansı bir arayış və məlumat əldə edilməsi kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən akt qeydinin bərpası mümkün olmamışdır. Doğum haqqında şəhadətnamənin olmaması səbəbindən hüquqlarının həyata keçirilməsində maneçiliklər yaranır. Onun qeyd edilən vaxtda doğulmasını məhkəmədə şahidlər təsdiq edə bilərlər. Müvafiq orqandan doğum haqqında arayış və doğum haqqında şəhadətnamənin dublikatının əldə edilməsi mümkün deyildir. Digər ərizəçi, yəni Ərizəçi2 ərizəsində göstərmişdir ki, o, 04 avqust 1961-ci il tarixdə Ermənistan SSR Stepanavan rayonu Maksim Qorki kəndində anadan olmuşdur. Həmin vaxt bu barədə doğum haqqında akt qeydləri kitabında akt qeydi aparılmışdır və doğum haqqında şəhadətnamə verilmişdir. X2, anası X1r, valideynlərinin hər ikisi vəfat etmişdir. Ona verilmiş doğum haqqında şəhadətnamə əsasında pasport almışdır. Məlum hadisələrlə bağlı qaçqın düşmüşdür. Ona məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. O, doğum akt qeydinin bərpa edilməsi və doğum haqqında təkrar şəhadətnamə verilməsi ilə bağlı ərizə ilə 1 saylı Bakı "ASAN xidmət” mərkəzində qeydiyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavabda itmiş akt qeydinin qeydiyyat şöbələrində və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının məhkəmə qaydasında müəyyən edilməsi, doğum haqqında akt qeydinin bərpasının mümkün olmaması və hüquqi faktın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Belə ki, akt qeydləri Ermənistanda aparıldığından hər hansı bir arayış və məlumat əldə edilməsi mümkün deyildir, ona görə də bu fakt məhkəmə qaydasında təsdiq edilməlidir. Göründüyü kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən akt qeydinin bərpası mümkün olmamışdır. Doğum haqqında şəhadətnamənin olmaması səbəbindən hüquqlarının həyata keçirilməsində maneçiliklər yaranır. Onun qeyd edilən vaxtda doğulmasını məhkəmədə şahidlər təsdiq edə bilərlər. Müvafiq orqandan doğum haqqında arayış və doğum haqqında şəhadətnamənin dublikatının əldə edilməsi mümkün deyildir. xx.xx.1989-cu il tarixli qərarda da onların 1961-ci il təvəllüdlü olmaqları qeyd edilmişdir. Şəxsiyyət vəsiqələrində səhvən 1965-ci il yazılmışdır. Onların doğumun qeyd edilməsi faktını təsdiq edəcək sənədi başqa qaydada almaq imkanları yoxdur və ona görə də, hesab edirlər ki, bu fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Doğumun qeyd edilməsi faktının təsdiq edilməsi və akt qeydlərinin bərpa edilməsi onların sosial hüquqlarının həyata keçirilməsi üçün vacibdir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2(001)- 4538/2024 nömrəli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir.

4. Qərardad onunla əsaslandırılmışdır ki, ərizəçilər onlara verilmiş vətəndaşın şəxsiyyət vəsiqəsində təvəllüdlərinin 1961-ci il olduğu halda, 1965-ci il kimi yazılmasının onların sosial təminat hüquqlarının həyata keçirilməsinə maneəçilik törədildiyinə istinad etdyinə görə sözügedən faktın məhkəmə tərəfindən təsdiq edilməsi məhz ərizəçilər üçün vaxtından əvvəl pensiya almaları məqsədilə lazımdır, həmçinin nəzərə alaraq ki, həmin sənədi vermiş orqan tərəfindən həmin sənədlərə düzəliş edilməsi zəruridir, hazırki mülki iş üzrə icraata xitam verilməli və ərizəçilərə şəxsiyyət vəsiqələrinə düzəliş edilməsi məqsədilə həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanına müraciət etmək, əks halda həmin orqanın hərəkət və ya hərəkətsizliyindən inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır.

5. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin faktiki halları tam və obyektiv araşdırılmamışdır, məhkəmə əsassız olaraq bizim şəxsiyyət vəsiqələrində 1961 deyil 1965-ci ilin yazılmasının sosial təminat hüquqlarının həyata keçirilməsinə maneçilik törətməsinə istinad etməkləri, vaxtından əvvəl pensiya almaq istəyinin olması və bu səbəbdən də hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinin mümkünsüz olması və şəxsiyyət vəsiqəsinə düzəliş edilməsi ilə bağlı inzibati orqanın hərəkətsizliyindən inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət edilməsi qənaətinə gəlməklə düzgün olmayan mövqe nümayiş etdirmişdir. Göründüyü kimi onların doğum haqqında şəhadətnaməsi yoxdur, doğum haqqında şəhadətnamə olmadan şəxsiyyət vəsiqəsinə düzəliş edilməsi mümkünsüzdür. Doğum haqqında şəhadətnamə olmaması səbəbindən tək pensiya hüququnun əldə edilməsi deyil, digər hüquqların da (əmlak, bağışlama və s.) həyata keçirilməsi üçün vacibdir. Onların məqsədi vaxtından əvvəl pensiya hüququ əldə etmək deyil, doğum akt qeydinin bərpa edilməsi və doğum haqqında şəhadətnamə əldə etməkdir. Təqdim edilən sənədlərin surətlərində bizim doğum tarixi 1961 kimi qeyd edilir bu və şahid ifadələri də bizim həmin tarixdə doğulduğumuzu sübuta yetirir və şəxsiyyət vəsiqəsində doğum tarixinin 1965 kimi yazılması bizim doğum akt qeydinin bərpasının mümkünsüzlüyünü özündə ehtiva etmir . Belə bir qərardad qəbul edilməsi və icraata xitam verilməsi bizim doğum akt qeydinin bərpasına dair məhkəmə müdafiəsi hüququmuzu heçə endirməklə məhkəməyə müraciət hüququmuzu mümkünsüz edəcəkdir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, 2(001)- 4538/2024 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir; Maddə 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; Maddə 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.

9. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Bununla yanaşı, həmin Qərarda qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verilməsi qənaətinə gələrkən mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçilər onlara verilmiş vətəndaşın şəxsiyyət vəsiqəsində təvəllüdlərinin 1961-ci il olduğu halda, 1965-ci il kimi yazılmasının onların sosial təminat hüquqlarının həyata keçirilməsinə maneəçilik törədildiyinə istinad etdyinə görə sözügedən faktın məhkəmə tərəfindən təsdiq edilməsi məhz ərizəçilər üçün vaxtından əvvəl pensiya almaları məqsədilə lazımdır, həmçinin nəzərə alaraq ki, həmin sənədi vermiş orqan tərəfindən həmin sənədlərə düzəliş edilməsi zəruridir.

11. Qərardadın nəticəvi hissəsində ərizəçilərə şəxsiyyət vəsiqələrinə düzəliş edilməsi məqsədilə həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanına müraciət etmək etmək, əks halda həmin orqanın hərəkət və ya hərəkətsizliyindən inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət etmək hüquqları izah olunsa da ərizədə şəxsiyyət vəsiqələrinə düzəliş edilməsi məzmununda tələb irəli sürülməmişdir, tələb ərizəçilərin doğumun qeyd edilməsi faktının müəyyən edilməsi ilə bağlıdır.

12. MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

13. Həmçinin, birinci instansiya məhkəməsi düzgün olmayaraq bu nəticəyə gəlmişdir ki, ərizəçilər onlara verilmiş vətəndaşın şəxsiyyət vəsiqəsində təvəllüdlərinin 1961-ci il olduğu halda, 1965-ci il kimi yazılmasının onların sosial təminat hüquqlarının həyata keçirilməsinə maneəçilik törədildiyinə istinad etdyinə görə sözügedən faktın məhkəmə tərəfindən təsdiq edilməsi məhz ərizəçilər üçün vaxtından əvvəl pensiya almaları məqsədilə lazımdır. Halbuki, ərizədə qeyd olunmuşdur ki, doğum haqqında şəhadətnamənin olmaması səbəbindən hüquqlarının həyata keçirilməsində maneələr yaranır. Bu xüsusatla bağlı şikayətdə də qeyd olunmuşdur ki, doğum haqqında şəhadətnamə olmaması səbəbindən tək pensiya hüququnun əldə edilməsi deyil, digər hüquqların da (əmlak, bağışlama və s.) həyata keçirilməsi üçün vacibdir.

14. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi araşdırma nəticəsində ərizədə göstərilən tələblərin əsaslı olmadığı və ya qismən əsaslı olması, məsələn ərizəçilərin 1961-ci ildə deyil, 1965-ci ildə doğulmasının qeyd edilməsi faktının müəyyən edilməsi və ya ümumiyyətlə doğum qeydinin mövcud olmaması qənaətinə gəldikdə belə, bu hallar iş üzrə icraata xitam verilmənin əsasını təşkil edə bilməz, bu hallarda məhkəmə ərizənin müvafiq olaraq təmin olunmaması və ya qismən təmin olunması barədə yekun məhkəmə aktı qəbul edə bilər.

15. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı və qanuni deyildir, şikayətin dəlilləri qərardadın ləğvinə əsas verir.

16. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2(001)- 4538/2024 nömrəli qərardadı ləğv edilsin. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar