Məhkəmə qərarları › İş №2(103)-1262/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1262/2023

13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1262/2023 13.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə borcun ödənilməsi” tələbinə dair iddiası mülki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2963/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nizami rayonu üzrə abonent kartına əsasən abonent Cavabdeh ilə ünvan 1 ünvanına su və kanalizasiya xidmətlərinin göstərilməsi üçün xx.xx.2007-ci il tarixdə 14987188 nömrəli müqavilə bağlanmışdır. Cavabdeh ümumi borcundan sonuncu dəfə xx.xx.2022-ci ildə 20 manat ödəniş etmişdir. 2022-ci ilin may ayına onun 1073,21 manat, 2022-ci ilin oktyabr ayına isə 1021,21 manat borcu yaranmışdır;

2. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nizami rayon Sukanal İdarəsi tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişə əsasən su və kanalizasiya xidmətlərindən istifadəyə görə son ödəmə tarixi keçmiş, ödənilməmiş borcun ödənilməsi, əks halda su təchizatı və kanalizasiya xidmətlərinin dayandırılacağı, borcun və digər xərclərin tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur;

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən cavabdeh X3 (abonent kodu: **********000) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. İstehlakçının istifadə etdiyi su və kanalizasiya xidmətlərinin dəyəri xx.xx.2015-ci il tarixə qədər ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmiş, yuxarıda göstərilən tarixdən sonra isə ünvana quraşdırılmış su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Həmin ünvana SMART CSS-20 markalı, 52296 nömrəli sayğac xx.xx.2015-ci il tarixində quraşdırılmışdır. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində xidmətdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2022-ci il tarixinə 1073,21 (min yetmiş üç manat iyirmi bir qəpik) manat borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsindən verilən arayışda cavabdehin qeydiyyat ünvanının ünvan 3an Respublikası Tarif Şurasının İddiaçı ASC-nin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2011-ci il tarixli Qərarına əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m3 müəyyən edilmişdir. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2011-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat, Tarif Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat və Tarif Şurasının 30.01,2021-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən cavabdeh X1 təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1073,21 manat borcun tutularaq **********000 saylı abonent koduna və 30,73 manat dövlət rüsumu üzrə xərclərin İddiaçı ASC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur.

5. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2963/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2007-ci il tarixdə 14987188 nömrəli müqavilə üzrə (Abonent kodu: **********000) 483,01 manat borc və ödənilmiş 13,83 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Məhkəmə xərclərinə aid olan, ödənilmiş dövlət rüsumunun 16,9 manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin ünvanına xx.xx.2015-ci il tarixdə yeni sayğac quraşdırılmış və həmin vaxta kimi cavabdehin 538,20 manat borcu olduğu müəyyən edilmiş, lakin iddiaçı tərəfindən həmin borc məbləği hazırkı vaxtadək cavabdehdən tələb edilməmiş və ya hər hansı tədbir görülməmişdir. Hazırda isə cavabdeh həmin borcu mübahisələndirərək, hazırkı vaxta yaranmış borcla bağlı iddiaçı tərəfin heç bir hərəkət etmədiyini bildirmişdir. hazırda cavabdeh 538,20 manat məbləğində borcu mübahisələndirdiyindən iddiaçı tərəf köhnə sayğac üzrə hesablanmış məbləği tələb etmək üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüş hesab edilməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş abonet kartına dair məlumat ilə müəyyən edilir ki, iddiaçı iddia tələbində göstərdiyi 1073,21 manat məbləği xx.xx.2022-ci il tarixinə hesablanmış borc olsa da, bundan sonra cavabdeh tərəfindən ödənişlər edilmişdir. Belə ki, cavabdeh xx.xx.2022-ci il tarixdə 20 manat, xx.xx.2022-ci il tarixdə 20 manat, xx.xx.2022-ci il tarixdə 20 manat və 04.09.202-ci il tarixdə 20 manat ödəniş etmişdir. Göstərilənlərə əsasən məhkəmə cavabdeh tərəfindən edilmiş ödənişləri, iddia tələbini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2007-ci il tarixdə 14987188 nömrəli müqavilə üzrə (Abonent kodu: **********000) 483,01 manat borc Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır.

7. Məhkəmə gəldiyi nəticəni Mənzil Məcəlləsinin 135.1, 139.1-ci maddələri, Mülki Məcəllənin 373.3, 385.1, 442, 443.1-ci maddələri, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 26, 62-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 2.1.9.2-ci yarımbəndinə, Mülki Prosessual Məcəllənin 14.2, 88, 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2963/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin iddianın rədd edilmiş hissəsində ləğv edilməsinə, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə istinad edərək iddianı 538.20 manat hissədə borc üzrə iddia müddəti ötürüldüyü üçün təmin etməmişdir. Hesab edilir ki, məhkəmə iş üzrə düzgün qətnamə qəbul etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə hazırkı mülki iş üzrə qətnamə qəbul edərkən Mülki Məcəllənin 373.3-cü maddəsini düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddənin tələbindən göründüyü kimi iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. İş materiallarından da göründüyü kimi cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə qətnaməsində də cavabdeh tərəfindən belə bir ərizənin verilməsi qeyd edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddənin tələbindən də göründüyü borclu şəxs borcu etiraf edən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir, axımım kəsildiyi müddətdən yenidən 3 illik müddət başlayır. Belə ki, cavabdeh 2012-ci ildə 62 manat, 2013-cü ildə 20 manat, 2014-cü ildə 84.80 manat, 2015ci ildə 10 manat, 2016-cı ildə 2 manat, 2017-ci ildə 80 manat, 2021-ci ildə 20 manat, 2022ci ildə 139 manat ödəmələr etmişdir. Qeyd olunan faktlar tərəflərindən məhkəməyə təqdim edilmiş abonentin hesabat cədvəlində də öz təsdiqini tapmışdır. Göründüyü kimi cavabdeh tərəf ödəmələr etməklə müddət axımını kəsmişdir. Lakin məhkəmə isə qətnamə qəbul edərkən bu kimi sübutlara qiymət verməmişdir. Digər tərəfdən cavabdehin 2015-ci il tarixinədək su xəttinin olmaması ilə bağlı irəli sürdüyü müddəa ilə razılaşmır. Belə ki, əgər cavabdehin su xətti olmamışdırsa ödənişlər etməməli idi. Lakin abonent hesabat cədvəlindən də göründüyü kimi cavabdeh göstərilən dövr üzrə ödənişlər etmişdir. Bu da ünvan üzrə su xəttinin olmasını və cavabdehin ondan istifadə etməsini sübut edir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddənin tələbinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, yaranmış borcun hesablanması qaydası haqqında məlumatı özündə əks etdirən abonent məlumat vərəqələri, sübut qismində məhkəməyə təqdim edilmişdir. Tərəflərindən məhkəməyə təqdim edilən sübutlar düzgün qiymətləndirilməmiş və nəticədə prosessual hüquq normalarının pozulmasına səbəb olmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

11. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, həmin ərazidə su və kanalizasiya xətləri olmuşdur. Cavabdeh tərəfindən qismən ödənişlər edilmişdir. Əgər su xətti olmasaydı onlar sərfiyyatı ancaq kanalizasiya xəttinə əsasən hesablayardı. Kanalizasiya xətti olduqda mütləq su xətti də olur. 2014-cü ildə cavabdehin ailə tərkibi ilə arayış təqdim etdiyinə görə ailə tərkibində daha sonra dəyişiklik edilmişdir. Həmçinin cavabdeh kənar xəttdən istifadə etdiyinə görə cərimə edilmişdir. Həmin ərazidə yaşayanlar qonşuların da su xəti olmuşdur.

12. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirir ki, onlar quyu suyundan istifadə ediblər. Qonşular qərara gəliblər ki, öz hesablarına su xətti çəksinlər. Kanalizasiya sistemi olub, buna görə də ödəniş edib, amma su xətti olmayıb. O, 2007-ci ildə orada yaşamayıb ki, iddiaçı ilə həmin ildə müqavilə bağlansın. 2015-ci ilə qədər onun ünvanında su xətti ümumiyyətlə olmamışdır. Qonşular da onun kimi su xətti olmamasına görə əziyyət çəkiblər. 2013-cü il tarixli məhkəmənin qətnaməsinə əsasən kənar şəxslər qeydiyyatdan çıxarılmışdır. O, İddiaçı ASC-yə ailə tərkibi ilə bağlı arayış təqdim edib, mənzil kommunal təsərrüfat birliyinə təqdim edib. Təqdim etdiyi aktdan da görünür ki, onun ünvanında su xətti olmayıb.

Tətbiq edilən hüquq normaları:

13. “Su təchizatı və tullantı suları haqqında” 28 oktyabr 1999-cu il tarixli, 723-İQ nömrəli Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində qeyd edilir ki, su təchizatı sistemi suyu mənbədən götürən, təmizləyən və istehlakçıya çatdıran bir və ya bir qrup qurğu, o cümlədən magistral (ümumiləşdirilmiş) və paylayıcı (daxili) su kəmərləri (xətləri) şəbəkəsidir;

14. Qanunun 13-cü maddəsinin 1-ci bəndində qeyd edilir ki, su təchizatı müəssisələri aşağıdakı hallarda özünün xidməti zonasının konkret ərazisində məişət (təsərrüfat)-içməli su ehtiyaclarının ödənilməsi üçün obyektləri lazımi miqdarda su ilə təmin etməli, habelə su kəmərləri xətlərini quraşdırmalıdırlar: a) müəssisənin xidməti zonasında yerləşən tələbatçıların (istehlakçıların) sifarişini aldıqda; b) su təchizatının yeni su kəmərləri xətləri vasitəsi ilə təmin olunması nəzərdə tutulan obyektlər, binalar, o cümlədən tikilməkdə olan və ya layihələşdirilən binalar mövcud olduqda; c) həmin ərazidə obyektlərin su ilə təchizatından əvvəl müvafiq normativ hüquqi aktlarla müəyyən edilən tələblərin yerinə yetirilməsini və xidmət haqqının ödənilməsini nəzərdə tutan lazımi müqavilələr bağlandıqda.

15. Qanunun 62-ci maddəsində qeyd edilir ki, qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməyən hissədə ləğv edilməsini, iddia tələbinin həmin hissədə təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində iddiaçıya münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

20. Belə ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2015-ci il tarixə hesablanmış 538,20 manat məbləğində borcun cavabdehdən tutulmaması hissəsində mübahisələndirilir.

21. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi həmin hissədə təmin edilməyərək ona istinad edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir, cavabdeh 538,20 manat məbləğində borcu mübahisələndirdiyindən iddiaçı tərəf köhnə sayğac üzrə hesablanmış məbləği tələb etmək üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüş hesab edilməlidir.

22. İddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur.

23. Məhkəmə kollegiyası iddiaçının dəlili ilə razılaşaraq qeyd edir ki, Mülki Məcəllənin 375.2-ci maddəsində qeyd edilir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

24. Hazırkı halda iş materiallarının araşdırılması zamanı müəyyən edilir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə verilməmiş, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin belə bir ərizəsi olmadan iddia müddəti tətbiq edilərək iddiaçı tərəfindən borcun tələb edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürüldüyü qənaətinə gəlinmişdir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

26. İddiaçının cavabdehdən tələb etdiyi 538,20 manat məbləğində borcun əsaslı olub olmaması ilə bağlı mübahisəyə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarının araşdırılması zamanı ünvan 1 ünvanında su xəttinin olması müəyyən edilməmiş, bununla bağlı sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.

27. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə abonent Cavabdeh arasında ünvan 1 ünvanına su və kanalizasiya xidmətlərinin göstərilməsi üçün xx.xx.2007-ci il tarixdə 14987188 nömrəli müqavilə bağlandığı iddiaçı tərəfindən qeyd edilsə də, müqavilənin cavabdeh tərəfindən imzalanması müəyyən edilmir, ünvana su sayğacının xx.xx.2015-ci il tarixində quraşdırılması işin mübahisələndirilməyən halıdır.

28. İş materiallarında olan 17 oktyabr 2022-ci il tarixdə qeyd edilir ki, aktı imza edənlər – X7, X4, X5 aktı tərtib edərək imzaları ilə təsdiq edirlər ki, xx.xx.2015-ci il tarixə qədər Bakı şəhəri, Nizami rayonu, Abdulla Mirzəyev 5B ünvanında su xətti olmayıb.

29. İddiaçı apellyasiya şikayətinin dəlili olaraq qeyd edir ki, iddiaçı tərəfindən 2015-ci ilə qədər borcdan hər il üzrə ödənişlər edilmiş, bununla da iddiaçı borcunun olduğunu etiraf etmişdir.Cavabdeh işə apellyasiya qaydasında baxılması zamanı verdiyi izahatında ödənişlərin yalnız çirkab suyundan istifadəyə görə edildiyini bildirmişdir.

30. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə məxsus mübahisəli ünvanda xx.xx.2015-ci il tarixinə qədər su xəttinin olması ilə bağlı əsaslı sübut təqdim edilə bilmədiyi üçün iddia tələbi mübahisələndirilən hissədə təmin edilə bilməz.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair 15 fevral 2023-cü il tarixli qərarında qeyd edilir ki, “..Göstərilənlər baxımından Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olurlar. Burada o da nəzərə alınmalıdır ki, müddətin keçməsi halından fərqli olaraq, Mülki Məcəllənin 27-ci fəsli ilə nəzərdə tutulmuş bütün digər əsaslarla (məsələn, borcun bağışlanması halında) öhdəliyə xitam verildikdən sonra təqdim edilmiş icranın geri alınması mümkündür. Xitam verildiyi halda öhdəlik artıq mövcud olmadığından, bu halda verilənlər heç bir hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçmiş hesab edilir və onların geri tələb edilməsi mümkündür. Belə ki, Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Mülki Məcəllənin öhdəliklərin xitamı üçün müddətlər adlanan 551-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: - kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; - ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər; - zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri; - məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan 10 illik müddətə, maddənin məzmununun hərfi mənasından çıxış edərək, öhdəliklərin xitam olunma müddəti kimi yanaşıldıqda borclunun yuxarıda qeyd edilən “öhdəliyin icrasından imtina etmək hüququ” mövcud ola bilməz. Belə ki, öhdəlik olmadığı üçün imtinanın predmeti də olmur. Həmçinin, belə olan halda, iddiaçı qismində çıxış edən şəxsin pozulmuş və təmin edilməli olan subyektiv hüququ da mövcud olmayacaqdır. Halbuki, Mülki Məcəllənin 373.1ci maddəsinə əsasən, ümumi iddia müddəti 10 il təşkil edir və bu müddət keçdikdən sonra tələb ilə bağlı iddia qaldırıldıqda, cavabdeh isə iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermədikdə məhkəmə iddia tələbini təmin edə bilər (Mülki Məcəllənin 375.2-ci maddəsi). Eyni zamanda, bəzi hallarda Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlər öhdəliklərin xitamı müddəti hesab olunarsa, ümumiyyətlə eyni hüquq münasibətləri üzrə həm iddia müddətlərinin, həm də öhdəliyin xitamı müddətlərinin tətbiq edilməsi sual doğurur. Məsələn, Mülki Məcəllənin 373.2-ci maddəsi ilə daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddətinin 6 il, həmin Məcəllənin 551.2.3-cü maddəsi ilə isə zavod tikintisi üzrə tələblərin qüvvəsini itirməsi müddəti 5 il müəyyən edilmişdir. Belə olan halda, 5 illik müddətin keçməsi öhdəliyə xitam müddəti kimi qiymətləndirilərsə, öhdəliyin icrası ilə bağlı iddia müddətinin 6 il olmaqla hələ də axması hüquqi məntiqə və tənzimetməyə uyğun hesab edilə bilməz...”

33. Mülki Prosesual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

34. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2963/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən – mübahisələndirilən xx.xx.2015-ci il tarixə hesablanmış 538,20 manat məbləğində borcun tutulmaması hissəsində ləğv edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı xx.xx.2015-ci il tarixə hesablanmış 538,20 manat məbləğində borcun cavabdehdən tutulması barədə iddia tələbi təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2963/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən – mübahisələndirilən xx.xx.2015-ci il tarixədək hesablanmış 538,20 manat məbləğində borcun tutulmaması hissəsində ləğv edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı xx.xx.2015-ci il tarixədək hesablanmış 538,20 manat məbləğində borcun cavabdehdən tutulması barədə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rafael Eyvazov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar