Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1263/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma" tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı "mənzilə istifadə hüququnun tanınması" tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il il tarixli, 2(009)-1597/2020 saylı qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh Yuzasif qızına qarşı mənzildən çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə xx.xx.2004-cü il tarixdə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşdur. Onların birgə nikahdan xx.xx.2005-c il tarixdə Rasim və xx.xx.2009-cu il təvəllüdlü Samir adlı iki uşaqları doğulmuşdur. İddiaçının cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən ailə münasibətləri pozulmuş və onlar ayrılmışlar. Bundan sonra ailə münasibətlərinin bərpa olunması mümkün deyildir. Nəsimi rayon Məhkəməsinin 2(006)-720/2018 saylı, xx.xx.2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2004-cü il tarixli nikah pozulmuş, tərəflərin birgə nikahdan olan uşaqların anaları Cavabdeh yanında saxlanılması qət edilmişdir. xx.xx.2019-cu il tarixli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah ləğv edilmişdir. Bakı şəhər Tİ və MHQİ (indiki DƏDRX-nin Bakı Ərazi İdarəsi) tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Səbail rayonu İstiqlaliyyat küçəsi 9 saylı evin 4 saylı mənzli iddiaçının atası – X1 xüsusi mülkiyyəti kimi xx.xx.1997-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçının atası Rasim Səfərəliyev xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. İddiaçının cavabdehlə nikahları pozulsa da, atasına məxsus olan, sonradan isə vərəsəliklə iddiaçıya miras kimi keçmiş evdə bir müddət, yəni 2 il müvəqqəti yaşamasına dözmüşdür. Lakin cavabdeh iddiaçıya şər atır, öz mənzilində yaşamağa və mənzilini təmir etməyə imkan vermir. xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, İddiaçı mərhum atasının yeganə vərəsəsidir və mübahisəli mənzil onun adına miras əmlak kimi keçmişdir. AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, mübahisəli mənzil İddiaçı xüsusi mülkiyyətidir. Cavabdeh iddiaçının keçmiş ailə üzvü olsa da, iddiaçıya atasından miras qalmış və xx.xx.2020-ci ildən mülkiyyətində olan mənzildə qeydiyyatsız yaşayır. Cavabdeh iddiaçıya miras qaydasında keçmiş və mülkiyyətində olan evdə yaşamağa imkan vermir. Göründüyü kimi cavabdehin həmin mənzilə dair nə iddiaçının atasının sağlığında, nə də ki, onun vəfatından sonra hər hansı hüququ yaranmamışdır. Cavabdehin sözügedən mənzildə yaşamaq və istifadə hüququ yaranmamışdır. İndi də heç bir hüququ olmadan bu mənzildə yaşayır. Belə olan təqdirdə, iddiaçının sözügedən mənzilə dair mülkiyyət hüququ 2020-ci ildə vərəsəlik miras əsasında yarandığından, tərəflər arasında mənzillə bağlı münasibətlərə xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbləri tətbiq edilməlidir. Cavabdehin hazırda iddiaçının mülkiyyətində olan mənzildə yaşaması, onun mülkiyyətində olan mənzildən istədiyi kimi istifadə və sahiblik etməyə, mənzilə dair sərəncam verməyə imkan vermir. Bu da onun milli qanunvericilik və beynəlxalq hüquq normaları ilə qorunan mülkiyyət hüquqlarının pozulması deməkdir. Ona görə hesab edir ki, bu məsələ qanunvericiliyin tələblərinə riayət olunmaqla həll edilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehin Bakı şəhəri Səbail rayonu İstiqlaliyyət küçəsində yerləşən 9 saylı evin 4 saylı mənzilindən ona məxsus olan əşyalarla birlikdə çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh Yuzasif qızı cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ona qarşı mülkiyyətində olan mənzildən çıxarılması tələbinə dair iddia qaldırmışdır. Hesab edir ki, ilkin iddia rədd edilməli və onun həmin mənzilə istifadə hüquqları tanınmalıdır. Belə ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx.xx.2004-cü il tarixdə bağlanmışdır. Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş və birgə nikahdan olan uşaqların ananın yanında qalması müəyyən edilmişdir. Qarşılıqlı iddiaçı və birgə nikahdan olan uşaqlar 2007-ci ildən həmin mənzildə yaşamışlar və hazırda da həmin mənzildə yaşayırlar. Bu səbəbdən Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən sonuncuların həmin mənzildən istifadə hüquqları yaranmışdır. İlkin ididanın təmin edilməsi yalnız Cavabdeh deyil, həm də yetkinlik yaşına çatmayan uşaqların AR Konstitusiyası və qanunları, həmçinin Konvensiyalarla təsdit edilmiş hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Hazırki mübahisə ilə əlaqədar analoji hüquqi münasibətlərin tənzimlənməsinə dair Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında təsbit edilmiş hüquqi mövqelər də nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və AR Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair AR Kontsitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarında yaşayış sahəsindən “istifadə hüququ”nun mülki və ailə qanunvericiliyinə münasibətdə fərqli hüquqi rejimi olması xüsusilə qeyd edilmiş və göstərilmişdir ki, “...məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarılə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqəsdilə diffenrensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir”. X4 Məhkəməsi həmçinin qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Həmin qərarda Konstiutsiya Məhkəməsinin hüquqi mövqeyi belə olmuşdur ki, “istifadə hüququ özü-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətlərini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətlərinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyətləri aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək olmaz. Nəticə etibarılə, mülki qanunvericilikdə “istfiadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Buna müvafiq olaraq qeyd edilməlidir ki, Mənzil Məcəlləsinin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir”. Göstərilənləri nəzərə alaraq iddiaçı ilkin ididanın rədd edilməsini, qarşılıqlı ididanın isə təmin edilərək Cavabdeh və uşaqları xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 Bakı şəhəri Səbail rayonu İstiqlaliyyət küçəsində yerləşən 9 saylı evin 4 saylı mənzilinə istifadə hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-1597/2020 saylı qətnaməsi ilə ilk iddia tələbinin təmin edilməsi, Cavabdeh Bakı şəhəri Səbail rayonu İstiqlaliyyət küçəsində yerləşən 9 syalı evin 4 saylı mənzilindən ona məxsus əşyalarla birlikdə çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, qarşılıqlı iddianın isə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-1597/2020 nömrəli qətnaməsindən qarşılıqlı iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddiaçı və birgə nikahdan olmuş uşaqlar 2007-ci ildən həmin mənzildə yaşamışlar və hazırda də həmin mənzildə yaşayırlar, bu səbəbdən Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən, sonuncuların həmin mənzildən istifadə hüquqları yaranmışdır. İlkin iddianın təmin edilməsi yalnız Cavabdeh deyil, həm də yetkinlik yaşına çatmayan uşaqların Azərbaycan Respublikasının Konstitusiyası və qanunları, həmçinin Azərbaycan Respublikasının qoşulduğu konvensiyalarla təsbit edilmiş hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmə Mülki Məcəllənin 27-ci maddəsinə düzgün istinad etməmişdir. Belə ki, həmin maddə uşağın yaşayış sahəsindən istifadə hüququnu müəyyən edən norma deyil; həmin maddənin mətnində uşağın yaşayış yeri “valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri” kimi müəyyən edilir ki, hazırkı halda ilkin iddiaçı valideynlik hüquqlarını itirməmişdir və uşaqların anasının yanında qalmalarını qət edən məhkəmə qətnaməsi onların Mülki Məcəllənin 228.5-ci maddəsinin ikinci cümləsində təsbit olunmuş mənzildən istifadə hüququna xitam vermir. Bundan əlavə, məhkəmə nədənsə, uşaqların hüquqları ilə bağlı həm Ailə Məcəlləsində, həm də beynəlxalq konvensiyada təsbit edilmiş uşaq hüquqları ilə bağlı müddəalara istinad etməyi “unutmuşdur”. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan: Nəsimi rayon Məhkəməsinin 2(006)-720/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2004-cü il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanmış və 2706 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahdan anadan olan xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 anaları Cavabdeh yanında saxlanılması qət edilmişdir; Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən İddiaçı ilə Cavabdeh arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 30 № ilə qeyd edilmişdir; Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi (indiki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) tərəfindən xx.xx.1997-ci il tarixdə verilmiş MH seriyalı 111246 №-li qeydiyyat vəsiqəsinin surətindən müəyyən edilir ki, Bakı şəhəri Səbail rayonu İstiqlaliyyət küçəsində yerləşən 9 saylı evin 4 saylı mənzil tam mülkiyyət hüququ ilə X1 mülkiyyətində olmuşdur; Bakı şəhəri 41 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2008-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi İddiaçıdur. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri Tİ və MHQİ tərəfindən xx.xx.1997-ci il tarixdə verilmiş 867r/k, səhifə 130188, 30/130188 qeydiyyat nömrəsi olan qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Səbail rayonu İstiqlaliyyət küçəsi ev 9-da yerləşən 4 saylı mənzildən və Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş 25r/k, səhifə 35, 10497 qeydiyyat nömrəsi olan şəhadətnaməyə əsasən Bakı şəhəri Səbail rayonu Rəsul Rza küçəsi 6 saylı 2 mərtəbəli binanın 1-ci mərtəbəsindəki 16,40 kv.m. qeyri-yaşayış sahəsindən ibarətdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Səbail rayonu İstiqlaliyyət küçəsində yerləşən 9 saylı evin 4 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur; İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziyadan görünür ki, tərəflər keçmiş ailə üzvü olsa da, İddiaçı atasından miras qalmış və xx.xx.2020-ci ildən mülkiyyətində olan mənzildə qeydiyyatsız yaşayır. Cavabdeh iddiaçıya özünə miras qaydasında keçmiş və mülkiyyətində olan evdə yaşamağa imkan vermir. Göründüyü kimi Cavabdeh həmin mənzilə dair nə İddiaçı atasının sağlığında, nə də ki onun vəfatından sonra hər hansı hüququ yaranmamışdır. İndi də heç bir hüququ olmadan bu mənzildə yaşayır. İddiaçı tərəfindən Bakı şəhəri Səbail rayonu İstiqlaliyyət küçəsi 9 saylı evin 4 saylı mənzilini əşyaları ilə birlikdə 10 gün müddətində tərk etməsi, əks təqdirdə “mənzildən çıxarılması, maddi ziyanın tutulması” tələbinə dair məhkəməyə müraciət etməsi göstərilmişdir. Beləliklə, işin araşdırılan halları ilə müəyyən edilir ki, İddiaçı ilə qarşılıqlı iddiaçı Cavabdeh xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və elə həmin vaxtdan iddiaçının atası Rasim Səfərəliyevə mülkiyyət hüququ ilə məxsus olmuş mübahisəli mənzildə yaşamışlar. Rasim Səfərəliyev xx.xx.2008-ci il tarixdə vəfat etmiş, onun ölümündən sonra iddiaçı notariat kontoruna müraciət etməklə, xx.xx.2019-cu ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, xx.xx.2020-ci il tarixdə isə həmin mənzilə dair mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. Tərəflərin arasında bağlanmış nikah 2018-ci ildə məhkəmə qətnaməsi ilə pozulmuş və bu barədə xx xxxxxx 2019-cu il tarixli nikahın pozulması haqqında Şəhadətnamə verilmişdir. Buna baxmayaraq, qarşılıqlı iddiaçı Cavabdeh iki azyaşlı uşağı ilə birlikdə mübahisəli mənzildə hal-hazıradək yaşamaqda davam edir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında yaranmış mübahisənin həlli üçün ilk növbədə bu münasibətlərə tətbiq edilməli olan müvafiq hüquq normaları müəyyən edilməlidir. Bunun üçün isə mübahisəli mənzillə bağlı tərəflər arasında münasibətlərin nə vaxtdan yaranması məsələsinə qiymət verilməlidir. Belə ki, MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin x xxxxxxx 2013-cü il tarixli Qərarında müəyyən edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Həmçinin, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli digər Qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, qarşılıqlı iddiaçının mübahisəli mənzilin mülkiyyətçiləri ilə qohumluq münasibətlərinə əsaslanaraq, onun həmin mənzilə dair hüquqlarına hər mülkiyyətçi ilə yaranmış münasibətlərdan asılı olaraq, ayrı-ayrılıqda qiymət verilməlidir. Kollegiya hesab edir ki, qarşılıqlı iddiaçı mübahisəli mənzilə 2004-cü ildə daimi yaşamaq üçün köçərkən, həmin mənzil onun qaynatası mərhum Rasim Səfərəliyevin mülkiyyətində olduğundan, onların arasında mənzillə bağlı yaranmış münasibətlərə, o cümlədən həmin vaxt qarşılıqlı iddiaçının bu mənzildən istifadə hüquqlarının yaranması haqqında iddialarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları əsasında qiymət verilməlidir. Belə ki, Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaçı Cavabdeh 2004-cü ildə mübahisəli mənzilə köçərək orada yaşamağa başlayan zaman mənzilin mülkiyyətçisi olmuş mərhum Rasim Səfərəliyevlə onun arasında mülki qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə uyğun olaraq, notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmadığından, onun həmin mənzilə dair istifadə hüquqları mövcud olmamışdır. Bununla yanaşı, iş materialları ilə müəyyən edilir ki, mənzilin mülkiyyətçisi olmuş Rasim Səfərəliyev xx.xx.2008-ci il tarixdə vəfat etdikdən sonra həmin miras mənzil İddiaçı tərəfindən qəbul edilmişdir. Doğrudur, İddiaçı həmin mirasa dair vərəsəlik hüququ haqqında Şəhadətnaməni yalnız xx.xx.2019-cu ildə almış, bu mənzilə dair mülkiyyət hüquqları isə Daşınmaz Əmlakın Dövlət Reyestrində 2020-ci ildə qeydiyyatdan keçmişdir. Bunlara baxmayaraq, iddiaçı həmin miras əmlakı mirasın açıldığı gündən qəbul etmiş hesab edilir. Belə ki, Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzillə bağlı tərəflər arasındakı münasibətlər iddiaçının qeyd etdiyi kimi, onun həmin mənzilə dair Dövlət reystrindən Çıxarış aldığı 2020-ci il tarixdə deyil, miras qoyan Rasim Səfərəliyevin öldüyü xx.xx.2008-ci il tarixdən yarandığından, həm ilk, həm də qarşılıqlı iddianın həll edilməsi Mənzil Məcəlləsinin 30-cu maddəsinin deyil, Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri əsasında həyata keçirilməlidir. Mülki Məcəllənin 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» xx xxx 2008-ci il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsi üzrə mülkiyyət hüququnun birinci xüsusiyyəti mülkiyyətçiyə məxsus olan yaşayış sahəsi üzrə onun hüquqlarının əmlakın təyinatına uyğun olaraq, yəni müstəsna olaraq mülkiyyətçinin və onun ailə üzvlərinin şəxsi yaşaması, eləcə də ona məxsus yaşayış sahəsinin başqa şəxslərin yaşaması məqsədi ilə əvəzli və ya əvəzsiz verilməsi və s. üçün həyata keçirilməsindən ibarətdir. Yaşayış sahəsi başqa məqsədlər üçün istifadə edilə bilməz. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun ikinci xüsusiyyəti ondan ibarətdir ki, çox mənzilli binada mənzil əldə edərkən mülkiyyətçi yalnız yaşayış sahəsinə deyil, həm də, binanın ümumi mülkiyyətinə payı əldə edir. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun üçüncü xüsusiyyətini mülkiyyətçidən başqa ona məxsus olan yaşayış sahəsində yaşayan digər şəxslərin hüquqlarının mövcudluğu təşkil edir. Məhz bu məqamda «yaşayış binasının tərkib hissəsindən istifadə hüququ» meydana gəlir. MM-in 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin, icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri MM-in 228.5-ci maddəsinin dairəsinə düşmür. Mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstisiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı, ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. İşin müəyyən edilən hallarından, mülki qanunvericiliyin yuxarıda sadalanan müddəalarından və Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarında formalaşdırdığı hüquqi mövqedən çıxış edərək məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı mübahisəli mənzilə dair vərəsəliyi 2008-ci ildə qəbul etdiyi gündən qarşılıqla iddiaçı Cavabdeh həmin mənzilə MM-nin 228-ci maddəsi ilə nəzərdə tutulan istifadə hüququ yaranmışdır və bu hüquqa həmin maddə ilə müəyyən edilmiş qaydada bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsi mümkündür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, tətbiq edilməli olmayan hüquq normalarını tətbiq etmiş və iş üzrə səhv nəticəyə gələrək ilk iddianı təmin, qarşılıqlı iddianı rədd etmişdir. Məhkəmə kollegiyası iş üzrə qarşılıqlı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Səbail rayonu İstiqlaliyyət küçəsində yerləşən 9 saylı evin 4 saylı mənzildən çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, Cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddiası isə əsaslı olduğundan təmin edilməli, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi əsassız olduğundan ləğv edilməli, iş üzrə iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il il tarixli, 2(009)-1597/2020 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Yüzasif qızının Cavabdeh qarşı Bakı şəhəri Səbail rayonu İstiqlaliyyət küçəsində yerləşən 9 saylı evin 4 saylı mənzilindən çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Səbail rayonu İstiqlaliyyət küçəsində yerləşən 9 saylı evin 4 saylı mənzilinə istifadə hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-1263/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1263/2021
18.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver