Məhkəmə qərarları › İş №2(103)-1264/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1264/2021

10.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1264/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, Cavabdeh2, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(011)- 3830/2020 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospektindəki 61 saylı evin 6-cı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospektindəki 61 saylı evin 6-cı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Abbasova, iş № 2(011)-3830/20) iddia təmin edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv olunmasını və uzun müddət yaşadığı və qeydiyyatda olduğu mənzildən istifadə hüququnun tanınması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanındakı 6 saylı mənzil iddiaçının mülkiyyətindədir. Həmin mənzili ona anası X2 xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əssən hədiyyə etmişdir. Cavabdehlər uzun müddətdir ki, qeyd edilən ünvanda yaşamırlar. Həmin evdə anası ilə birlikdə yaşayır. Cavabdehlər qardaşlarıdır. Cavabdeh1 2011-ci il tarixdə, Cavabdeh2 isə 2017-ci il tarixdə rəsmi nikaha daxil olublar və ayrı yaşayırlar. Lakin, onların adından kommunal xərcləri anası ilə iddiaçı ödəyir. Bu isə onları çətin maddi durumlarını daha da ağırlaşdırır. Aylıq gəlirləri az olduğundan cavabdehlərin adına kommunal ödənişlər etmək istəmirlər. Həmin mənzil iddiaçının mülkiyyətində olsa da, cavahdehlərin orada formal olaraq qeydiyyatda qalmaqları onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Belə ki, iddiaçının həmin mənzil barəsində sərəncam verməyi üçün cavabdehlərin razılığı tələb olunur ki, bu hal da iddiaçının konstitusion mülkiyyət hüquqlarının pozulmasıdır. Cavabdeh1 faktiki olaraq ünvan 2 mənzil 3/A ünvanında yaşayır, lakin Cavabdeh2 harada yaşaması barədə iddiaçının dəqiq məlumatı yoxdur. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etdiyini və Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospektində yerləşən 61 saylı evin 6-cı mənzilindən istifadə hüququnun xitam verilməsinə razı olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh2 iştirak etməmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinə işə baxılarkən məhkəmə iclasının vaxtı və yeri haqqında ona məlumat verilməmiş və işə onun iştirakı olmadan baxılmaqla məhkəmə müdafiəsi hüququndan məhrum olmuşdur. Eləcə də, o, anadan olduğu gündən mübahisəli mənzildə yaşamış, 2017-ci ildə evlənmiş, anası ona qarşı evdə elə şərait yaratmış və haqsızlıq etmişdir ki, o, həyat yoldaşını da götürüb evi tərk etmişdir. Onlara aid qızıl zinət və cehiz əşyalarını anası mənimsəmişdir və hazırda geri ala bilmirlər. İddia tələbi əsassızdır. Cavabdeh2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh S.Carov məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, qətnamə ilə hər iki cavabdehin istifadə hüquqları itirilmiş olsa da, onlardan yalnız biri – Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq yalnız apelyatora aid hissədə qətnamənin əsaslılığını yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xətai Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi apelyatora aid hissədə ləğv olunmalı və həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospektindəki 61 saylı evin 3 otaqlı 6-cı mənzili daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına mülkiyyət hüququ üzrə qeydə alınmışdır. Onun mülkiyyət hüququ xx.xx.2019-cu ildə qeydiyyatdan keçmişdir. İddiaçı həmin mənzili xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən anası X1 hədiyyə olaraq qəbul etmişdir. İddiaçı və Cavabdeh2 bacı-qardaşdırlar. İddiaçı Cavabdeh2 uzun müddət mübahisəli mənzildə yaşamadığını əsas gətirərək hazırkı iddianı qaldırıb. Onun tələbi öncə cavabdehin mübahisəli mənzildən istifadə hüququnun itirilməsi barədə olsa da, sonradan o, tələbi dəyişdirərək cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən şahidlər cavabdehin 2015-ci ildən mübahisəli mənzildə yaşamadığını göstərmişlər. Birinci instansiya məhkəməsi iddiaçının tələbini Cavabdeh2 aid hissədə təmin etmiş və gəldiyi nəticəni xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 60, 87, 123-cü maddələri ilə əsaslandırmışdır. Cavabdeh2 birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşamayaraq apellyasiya şikayəti vermiş və uzun müddət yaşadığı və qeydiyyatda olduğu mənzildən istifadə hüququnun tanınmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə Cavabdeh2 anadan olduğu gündən mübahisəli mənzildə yaşamaqla həmin mənzilin yaşayış sahəsindən istifadə hüququ qazanmışdır, onun mübahisəli mənzildə yaşamaması ailə münaqişələri ilə əlaqədar olaraq müvəqqəti xarakter daşıyır, mübahisəli mənzil onun yeganə daimi yaşayış yeridir və başqa yaşayış yeri yoxdur. Apellyasiya şikayətində həmçinin göstərilir ki, birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş və işə onun iştirakı olmadan baxılmaqla məhkəmə müdafiəsi hüququ pozulmuşdur. Məhkəmə kollegiyası iş materiallarına əsasən müəyyən etdi ki, birinci instansiya məhkəməsində işə baxılarkən həqiqətən də Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş və işə onun iştirakı olmadan baxılmışdır. Azərbaycan Respublikası MPM-nin 387.2.2-ci maddəsinin tələbinə görə qeyd olunan hal şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin müəyyən etdi ki, birinci instansiya məhkəməsi işə baxarkən və qətnamə çıxararkən MPM-nin 218.3-cü maddəsinin tələbini də pozmuşdur. Həmin maddəyə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddənin məzmunundan da göründüyü kimi prosessual qanunvericilik iddia tələblərinin hüdudlarının (həcminin) müəyyən edilməsini iddiaçının dispozitiv hüququ kimi nəzərdə tutmuşdur. Qanunun tələbinə görə işə baxan məhkəmənin vəzifəsi iddianı əsaslı hesab etdiyi halda onu məhz iddia ərizəsində göstərilən həcmdə, yəni iddia tələbindən kənara çıxmamaqla təmin etməkdən və bu barədə qətnamə çıxarmaqdan ibarətdir. İşdən göründüyü kimi, iddiaçının cavabdehə qarşı ilkin tələbi mübahisəli yaşayış sahəsindən istifadə hüququnun itirilməsi barədə olsa da, o, sonradan iddia tələbini dəyişdirmiş və cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qətnamənin giriş hissəsində yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair işə baxdığını göstərsə də, qətnamənin nəticə hissəsində cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun itirilməsini qət etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən qətnamə məhkəmə baxışının predmeti olmayan tələb üzrə çıxarılmışdır. Məhkəmə kollegiyası qeyd olunun prosessual pozuntuları nəzərə alaraq hesab edir ki, qətnamə ləğv olunmalı və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası apellyasiya baxışı zamanı müəyyən etdi ki, Cavabdeh2 1978-ci ildə anadan olmuş və anadan olduğu gündən də mübahisəli mənzildə qeydiyyatda olmaqla orada yaşamışdır. Mübahisəli mənzilin iddiaçıdan əvvəlki mülkiyyətçisi həm iddiaçının, həm də cavabdehin anası olan X2 olmuşdur. Elmira Cabbarova xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən mənzili iddiaçıya, yəni qızı İddiaçı bağışlamışdır. İddiaçı mülkiyyət hüququ xx.xx.2019-cu ildə qeydiyyatdan keçmişdir. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2009-cu ilədək, yəni istifadə hüququ ilə bağlı mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54, 123-cü maddələrinə əsasən Cavabdeh2 mübahisəli mənzildən istifadə hüququ yaranmışdır. xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə, yəni əvəzsiz müqaviləyə əsasən mənzilin iddiaçıya - cavabdehin bacısı İddiaçı bağışlanması, yəni mülkiyyətçinin dəyişməsi Mülki Məcəllənin 158.3-cü maddəsinin tələbinə müvafiq olaraq Cavabdeh2 mübahisəli mənzildən istifadə hüququnun xitamına səbəb olmur. Mülki Məcəllənin 158.3-cü maddəsinin tələbinə görə əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən cavabdehin mübahisəli mənzili daimi yaşamaq üçün tərk etməsinə istinad etmişdir. İddia ərizəsində konkret müddət göstərilməsə də, cavabdehin uzun müddət mübahisəli mənzildə yaşamadığı qeyd edilmişdir. Şahid kimi ifadə verən qonşular isə cavabdehin 2015-ci ildən mübahisəli mənzildə yaşamadığını bildirmişlər. Cavabdeh özü isə apellyasiya baxışı zamanı göstərdi ki, o, 2017-ci ildə ailə qurduqdan sonra həyat yoldaşı ilə anası yola getmədiklərinə görə 2019-cu ildə mübahisəli mənzildən çıxmaq məcburiyyətində qalmış və hazırda kirayədə yaşayır. Məhkəmə kollegiyası cavabdehin izahatını inandırıcı saymaqla mötəbər sübut kimi qəbul edir. Məhkəmə kollegiyası eyni zamanda cavabdehin 2015-ci ildən mübahisəli mənzildə yaşamaması ilə bağlı şahidlərin ifadələrini və uzun müddət yaşamaması, daimi yaşamaq üçün başqa yerə köçməsi barədə iddiaçının izahatını mötəbər sübut kimi qəbul etmir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehin uzun müddət mübahisəli mənzildə yaşamaması və daimi yaşamaq üçün başqa ünvana köçməsini göstərsə də, bununla bağlı, yəni cavabdehin başqa daimi yaşayış yerinin (mənzilinin) olmasını təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 1999-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Beləliklə, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı, hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh2 aid hissədə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi həmin hissədə rədd olunmalıdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququna Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş qaydada müvafiq kompensasiya verilməklə xitam verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh2 aid hissədə ləğv olunsun. İddiaçı Cavabdeh2 qarşı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospektindəki 61 saylı evin 6-cı mənzilindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar